Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4064/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: müvafiq iş illərinin sığorta stajına daxil edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “müvafiq iş illərinin sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2-1(112)-7832/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “müvafiq iş illərinin sığorta stajına daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “iddiaçıya 65 yaşdan pensiyanın təyin edilməsi və ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Lakin iddiaçı bunu əsassız hesab edir və belə qənaətə gəlir ki, onun əmək fəaliyyəti ilə məşğul olduğu illər əmək kitabçasında əks olunduğundan, həmin dövrlər sığorta stajına daxil edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh orqana müraciət edərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və səbəblərini ona ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-44744/2024 nömrəli məktubda izah etmişdir. Belə ki iddiaçının yalnız 20 il 08 ay 21 gün (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) mübahisələndirilməyən sosial sığorta stajı vardır. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının surətinə əsasən qeyd edilmiş iki dövr staja daxil edilməmişdir: xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “BİS KO” kiçik müəssisəsində; xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək Respublika X1 əmək fəaliyyəti. Qeyd edək ki, hər iki dövrün staja daxil edilməməsi səbəbləri əmək kitabçasının doldurulma qaydasının pozulmasıyla yaranan mötəbərliyə dair şübhələr və bu şübhələrin əsaslılığını təsdiq edən aparılmış inzibati araşdırma zamanı əldə edilmiş yeni sübutlardır.Cavabdeh orqanın araşdırması zamanı xx.xx.2024-cü il tarixli akta əsasən “BİS KO” kiçik müəssisəsinin hüquqi və faktiki ünvanı, o cümlədən arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr üzrə, həmçinin xx.xx.2024-cü il tarixli akta əsasən Respublika X6 Klubunun arxiv sənədləri (əmrlər kitabı və əməkhaqqı cədvəlləri) “Hərbi vətənpərvərlik və X4" MMC-yə təhvil verilmədiyi üçün xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr üzrə iddiaçının əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən, sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi cavabdeh orqan tərəfindən mümkün hesab edilməmişdir. Əlavə olaraq qeyd edək ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 19 il 21 gün sığorta stajına uyğun olaraq 17650,81 manat (2023-cü il tarixinə indeksləşdirilmiş), xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 2134,34 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) olmaqla ümumilikdə 19785,15 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2-1(112)-7832/2024 saylı saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə araşdırmanı müvafiq müəssisənin mövcud olub-olmadığı istiqamətində aparmışdır. Halbuki cavabdeh orqanın mübahisələndirdiyi məsələ müvafiq müəssisəinin fəaliyyətinin olub-olmaması, eləcə də iddiaçının həmin dövrlərdəki fəaliyyətinə dair əlavə sənədlərin əldə edilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi məhkəmə araşdırması zamanı əldə edilmiş sübut cavabdeh orqanın mübahisəsinə adekvat əks-arqument kimi çıxış edə bilməz. Yuxarıda, eləcə də məhkəmənin qərarında qeyd edilmiş normativ əsaslardan da aydın olur ki, əmək kitabçasındakı mötəbər olmayan qeydlər əlavə sənədlərlə sübut edilməlidir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
11. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək qablaşdırıcı; xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək satıcı; xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək satıcı; xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək satıcı; xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək maşın operatoru; xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək yükləyici; xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək operator; xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək DOSAF-da; xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək usta; xx.xx.1987ci il tarixdən xx.xx.1988-ci il tarixədək usta; xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək satıcı; xx.xx.1990-ci il tarixdən xx.xx.1992-ci il tarixədək satıcı; xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək inspektor; xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək anbardar; xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək sürücü və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək modelçi-maketçi vəzifələrində işləmişdir.
12. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab aşağıdaki məzmunda bildirilmişdir: -“ Təqdim etdiyiniz sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) ümumi sığorta stajınız 20 il 8 ay 21 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 21 gün sığorta stajına uyğun olaraq 17650,81 manat (2023- cü il tarixinə indeksləşdirilmiş), xx.xx.2019cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 2134,34 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) olmaqla ümumilikdə 19785,15 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyiniz əmək kitabçanızda qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək “BİS KO” kiçik müəssisəsində və xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək Respublika X6 Klubunda əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”na əsasən təqdim etdiyiniz əmək kitabçanızda qeyd edilmiş xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək (işdən çıxma tarixində düzəliş olunub) və xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək (işdən çıxma qeydində həm latın, həm də kiril qrafikalı əlifbadan istifadə olunub) olan dövrlərin doldurulma qaydası pozulub. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli aktına əsasən “BİS KO” kiçik müəssisəsinin hüquqi və faktiki ünvanı, o cümlədən arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövr üzrə, həmçinin Mərkəzi Filialın 25.01,2024-cü il tarixli aktına əsasən Respublika X6 Klubunun arxiv sənədləri (əmrlər kitabı və əməkhaqqı cədvəlləri) “Hərbi vətənpərvərlik və X4” MMC-yə təhvil verilmədiyi üçün xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr üzrə əməkhaqqı alıbalmadığınızı müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir.”
13. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və X4” MMC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Respublika X6 Klubu Azərbaycan Respubliası Könüllü Hərbi X3 Cəmiyyətinin (DOSAAF) tabeliyində fəaliyyət göstərmişdir. Azərbaycan 14 iyun 2012-ci il tarixdə KHVTİC özünün növbədənkənar X qurultayında ictimai statusundan imtina edərək əmlakını dövlətə vermişdir. Cəmiyyət tam ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli, 681 nömrəli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X4” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Ləğv edilən KHVTİC-nin əmlakı HVMHM” MMC-yə verilmişdir. KHVTİC ləğv olunarkən Modelçilik Klubunun sənədləri Klub tərəfindən saxlanması üçün "xxxx" MMC-yə verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2023-cü il tarixli, 2353 nömrəli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X4” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmişdir.
14. Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Respublika X6 Klubu və “BİS Ko” kiçik müəssisəsi müvafiq olaraq 31 iyul və 16 sentyabr 1996-cı il tarixlərində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da,qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
15. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.
16. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
17. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Cavabdehin imtina məktubundan və məhkəmə icraatı zamanı təqdim etdiyi izahatdan da göründüyü kimi, cavabdeh iddiaçının müraciəti üzrə imtina əsası kimi iki hala istinad etmişdir: -iddiaçının ümumi iş stajının 25 ildən az olması; -xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasıdır.
19. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən 1-ci və 2-ci əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir.
20. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.
21. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
22. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2ci bəndinə əsasən 01 iyul 2023-cü il tarixdən 31 iyun 2024-cü il tarixədək kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir.
24. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, qadınların yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır.
25. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1958-cı il tarixdə doğulması və xx.xx.2023cü il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir.
26. Ümumi iş stajı ilə bağlı isə Məhkəmə aşağıdakiların qeyd edilməsini zəruri hesab edir.
27. Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır
28. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır.
29. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən;
31. Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası əsasında yoxlanılmasını nəzərdə tutmuş, əmək kitabçası olmadığı təqdirdə isə işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında aparılmasının mümkünlüyünü təsbit etmişdir.
32. Qeyd olunmalıdır ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək mübahisə doğurmayan iş stajının cəmi 19 il 21 gün olması qənaətindədir. Cavabdeh iddiaçının əmək kitabçasında əks olunan xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək “BİS KO” kiçik müəssisəsində və xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək Respublika X6 Klubunda əmək fəaliyyətini sığorta stajına daxil etməkdən imtina edir və bu halı onunla əsaslandırır ki, əmək kitabçası müvafiq Qaydalara uyğun olaraq doldurulmamış, həmçinin iddiaçının Respublika X6 Klubunda işlədiyi müddət ərzində əmək haqqı alması müəyyən olunmamışdır.
33. Məhkəmə araşdırılması zamanı iddiaçı verdiyi izahatda “BİS KO” kiçik müəssisəsində işlədiyi dövrün nəzərə alınmasına zərurətin olmadığını, ümumiyyətlə həmin müəssisədə işləyən hər hansı şəxsə pensiya təyin olub-olunmamasını müəyyən etməyinin imkan xaricində olduğunu bildirirək, həmin dövr nəzərə alınmadan iş üzrə qiymətləndirmənin aparılmasını xahiş etmişdir.
34. Məhkəmə iddiaçının əmək kitabçasında əks olunan xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək Respublika X6 Klubunda əmək fəaliyyətinə münasibət bildirir.
35. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı (1999-2005-ci illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir.
36. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur.
37. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
39. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir.
40. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur.
41. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
42. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.
43. Məhkəmə kollegiyası qeyd edir ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olub-olmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır.
44. Yuxarıda göstərilənlər əsasında birinci instansiya məhkəməsi inzibati orqanlara sorğular vermiş, Respublika X6 Klubunun mövcud olub-olmaması, özəlləşdirilməsinin həyata keçirilib-keçirilməməsi, ləğv edilib-edilməməsi, hüquqi varisinin mövcud olub-olmaması, ümumiyyətlə həmin müəssisənin özəlləşdirilməsi həyata keçirilmişdirsə özəlləşdirilmə ilə bağlı barədə məlumatların, iddiaçının həmin müəssisədə çalışmasını müəyyən edə biləcək məlumatların təqdim olunması xahiş olunmuşdur.
45. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X6 Klubu və “BİS Ko” kiçik müəssisəsi müvafiq olaraq 31 iyul 1996-cı il tarixlərində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınmış, Respublika X6 Klubu Azərbaycan Respubliası Könüllü Hərbi X3 Cəmiyyətinin (DOSAAF) tabeliyində fəaliyyət göstərmişdir. Azərbaycan 14 iyun 2012-ci il tarixdə KHVTİC özünün növbədənkənar X qurultayında ictimai statusundan imtina edərək əmlakını dövlətə vermişdir. Cəmiyyət tam ləğv edilmişdir. Göründyü kimi müəssisənin 31 iyul 1996-ci il tarixdən statik vahidlərin dövlət reyestrində qeydiyyatda olduğu, həmçinin daha sonra sərəncamla özəlləşdirməyə açıq olduğu, başqa sözlə fəaliyyətdə olmuş müəssisə olduğu müəyyən edilmişdir. Bu zaman müəssisənin məhz iddiaçının işlədiyi ildən fəaliyyətdə olub-olmaması ilə bağlı araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal müəssisənin həqiqətən də fəaliyyətdə olmuş müəssisə olmasıdır ki, 1996-cı il tarixdən əvvəlki məlumatların arxiv və vergi orqanlarında saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. Formalaşmış məhkəmə təcrübəsi də göstərir ki, statik vahidlərin reyestrində müəssisələr barədə məlumatlar məhz 1996-cı il tarixdən sonrakı tarixlərə qeydiyyata alınmışdır və həmin tarixdən əvvəlki tarixlərdə qeydiyyata almalarla bağlı məlumatlar oxşar işlərin heç birində verilmiş sorğulara cavablarda müəyyən edilmir. Qeyd olunanlardan da müəyyən edilir ki, həmin müəssisə həqiqətən də mövcud olmuşdur.
46. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi (əmək haqqı cədvəlləri, əmrlər və s.) hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hər nə qədər də iddiaçının işlədiyi müəssisə tərəfindən arxiv sənədlərinin təhvil verilməsi təmin olunmasa da, həmin müəssisənin 1999- 2005-ci illər ərzində mövcud olması təsdiq olunur. Həmçinin, qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2- 1(102)- 594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının Respublika X6 Klubunda işlədiyi illəri onun sığorta stajına daxil edir.
47. Digər tərəfdən nəzərə alınmalıdır ki, müəssisə tərəfindən xx.xx.2006-cı il tarixədək məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsinə münasibətdə qeyd edir ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
48. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1992-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-xx.xx.2006-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının Respublika X6 Klubunda işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi mühim rol oynamır.
49. Cavabdehin istinad etdiyi dəlil (əmək kitabçasının düzgün doldurulmaması) ilə bağlı isə məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına istinad edir. Belə ki, Qaydaların: 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən aparılır. 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
50. Göründüyü kimi qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirmək, işdən çıxma barəsində səhv və qeyridəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əmək kitabçasında olan məlumatlara görə isə məhz işəgötürənin özü cavabdehlik daşıyır.
51. Başqa sözlə desək iddiaçının əmək kitabçasında işdən çıxma qeydində həm latın, həm də kiril qrafikalı əlifbadan istifadə olunması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir. Bu səbəbdən də iddiaçının istinad etdiyi həmin əsas imtina əsası kimi qiymətləndirilmir.
52. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir.
53. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 24 dekabr 2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir.
54. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir.
55. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir.
56. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.
57. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir.
58. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
60. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
61. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
62. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2-1(112)-7832/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov