Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4067/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8935/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 40A ünvanında yerləşən ikimərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 162,6 kv.m yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Cavabdehnə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 40A ünvanında yerləşən ikimərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 162,6 kv.m yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında ərizə və qoşma sənədlərlə birgə müraciət etmişdir. xx.xx.2024-cü ildə cavabdeh müraciətinə baxaraq, Mənzil Məcəlləsinə uyğun olaraq tam sənədlər toplusu təqdim edildikdən sonra məsələyə yenidən baxılacağını bildirmişdir. O, cavabdehə mənzil qanunvericiliyində nəzərdə tutulan bütün tələblərə riayət etməklə qanuna və hüquqa uyğun formada müraciət etmişdir. Buna baxmayaraq, cavabdeh onun müraciətini əsassız və qanunsuz şəkildə baxılmamış saxlamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-8935/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mübahisə predmeti sahənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş hissəsi - otağı və ya yardımçı sahəsi olması, strukturca ayrıca sahəsi olmaması və fərdi yaşayış evinin daxilində sturukturca ayrıca yaşayış və qeyri-yaşayış sahələri ola bilməz nəticəsinə gəlməsi və Mənzil Məcəlləsinin 20.2-ci maddəsinə istinad edərək iddianı rədd etməsi qanunsuzdur. Məhkəmə gəldiyi bu nəticəni əsaslandıran zamanı hüquq norması kimi ancaq yaşayış evinin anlayışını təsbit edən Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə istinad etmişdir. Həmin hüquq norması da daxil olmaqla qüvvədə olan qanunvericilik aktlarında məhkəmənin bildirdiyi kimi, fərdi yaşayış evinin daxilində sturukturca ayrıca yaşayış və qeyri-yaşayış sahələri ola bilməz məzmunlu imperativ xarakterli norma və ya tələb müəyyən edilməmişdir. Əvvəla, məhkəmə hansı hüquqi əsasa söykənərək bu cür nəticəyə gəlməsinə aydınlıq gətirmir və ancaq ümumi mülahizə əsasında öz qərarına qanuni don geydirməyə çalışır. Eyni zamanda, məhkəmənin gəldiyi bu nəticə işin faktiki halları ilə tam ziddiyyət təşkil etməklə, hətta məhkəməyə təqdim edilmiş yaşayış evinin faktiki texniki göstəricilərini və struktur quruluşunu özündə əks etdirən texniki pasportu ilə də təkzib edilir. Qeyd edilən texniki pasportdan da müəyyən edilir ki, iddiaçının qeyri-yaşayış sahəsinə keçirmək istədiyi 162.6 kv.m sahə ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşməklə yanaşı məhz ayrıca gediş-gəlişi olan strukturca ayrıca bir hissəsidir. Ümumiyyətlə, məhkəmənin bu nəticəyə gəlməsinə əsas səbəb işin bu hissəsi ilə bağlı hər hansı araşdırma aparmaması və buna cəhd etməməsi ilə bağlıdır. Məhkəmə nəzərə almamışdır ki, yaşayış evinin birinci mərtəbəsinə giriş ancaq birbaşa küçədən, ikinci mərtəbəsinə isə giriş ancaq evin həyətindən və yalnız ikinci mərtəbəyə giriş üçün nəzərdə tutulmuş pilləkənlərlə mümkündür. Yaşayış evinin birinci və ikinci mərtəbələrə ayrıca girişlərin olması, birinci və ikinci mərtəbə arasında hər hansı əlaqə, keçid və girişin olmaması texniki pasportda da öz əksini tapmışdır. Məhkəmə Mənzil Məcəlləsinin 20.2-ci maddəsinə istinad edərək belə bir nəticəyə gəlmişdir ki, guya qanunvericilikdə yaşayış evinin və ya mənzilin bir hissəsinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qadağanedici norma mövcuddur. Məhkəmə bu mövqeyini xüsusilə qabartmaq üçün qərarında sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda qara şriftrlərlə versə də nəzərə almamışdır ki, qanunun tətbiqində ciddi pozuntuya yol verməklə qeyd edilən normanın məzmununu səhv təfsir edir. Əvvəla, məhkəmənin hazırkı iş üzrə istinad etdiyi Mənzil Məcəlləsinin 20.2-ci maddəsinin mənzillə bağlı müəyyən edilmiş tələbə dair hissəsini hazırkı iş üzrə tətbiq etməsi açıq-aşkar pozuntudur. İşin digər hallarından asılı olmayaraq qanunvericilikdə mənzillə bağlı müəyyən edilmiş norma yaşayış evi ilə bağlı mübahisəyə tətbiq edilə bilməz. Çünki qanunvericilik yaşayış sahələrini, o cümlədən yaşayış evi və mənzillər olmaqla müxtəlif növlərə bölür və fərqləndirir. Hətta qanunvericilikdə yaşayış evi ilə mənzilin anlayışı ayrı-ayrılıqda verilməklə bir-birindən fərqləndirilib. İşin faktiki hallarından və məhkəmənin özünün əsaslandırmasından da görünür ki, iddiaçı mənzilin yox, yaşayış evinin birinci mərtəbəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini istəyir. Yaşayış evinin (mənzilin) bir hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin, ümumiyyətlə, qadağan edilməsi ilə bağlı məhkəmənin mövqeyinə gəldikdə, bir daha bildirir ki, qüvvədə olan qanunvericilikdə belə bir məhdudiyyət mövcud deyildir. Əksinə, qanunvericilikdə nəinki yaşayış evinin, hətta mənzilin bir hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkünlüyü təsbit edilib. Məhkəmənin, ümumiyyətlə, bu işdə yol verdiyi ciddi qanun pozuntularından biri də, “yaşayış sahəsi” anlayışının qanunvericilikdə nə anlama gəlməsini və nəyi ifadə etməsini nəzərə almaması və bununla bağlı qanunu kobud şəkildə yanlış təfsir etməsidir. Məhkəmə ilk növbədə iddia tələbini araşdıran zaman hüquqi baxımdan qiymətləndirməli olduğu hal iddiaçının qeyri-yaşayış sahəsinə keçirmək istədiyi 1-ci mərtəbəni sahənin “yaşayış sahəsi” anlayışına uyğun olub-olmamasını müəyyən etməli idi. Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, sanki, qanunvericilikdə “yaşayış sahəsi” dedikdə ancaq iki anlamda yaşayış evi və mənzil başa düşülür. Ancaq bu, yanlış nəticədir və qanunda yaşayış evinin hissəsi də, hazırkı işdə yaşayış evinin hissəsi olan 1-ci mərtəbəsi də ayrılıqda yaşayış sahəsi hesab edilir. Qanunvericilikdə yaşayış sahəsinə yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi, otaq və s. daxildir. Hazırkı işdə də iddiaçı məhz mülkiyyətində olan, qanunvericiliyə əsasən yaşayış sahəsi hesab edilən, ikimərtəbəli yaşayış evinin hissəsi olan 1-ci mərtəbəsini qeyri-yaşayış sahəsinə keçirilməsini tələb edir. Ancaq məhkəmə belə bir nəticəyə gəlmişdir ki, iddiaçının qeyriyaşayış sahəsinə keçirmək istədiyi birinci mərtəbədəki sahə ayrılıqda yaşayış sahəsi kimi nəzərdə tutula bilməz və buna qanunvericilik qadağa qoymuşdur. Baxmayaraq ki, hətta qanunvericilikdə yaşayış evinin və mənzilin otağı da ayrılıqda yaşayış sahəsi hesab edilir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə sahəsinə keçirilməsi şərtləri dəqiq şəkildə Mənzil Məcəlləsinin 20.2-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. Hazırkı işdə qeyd edilən hüquq norması ilə müəyyən edilmiş hal mövcud olmadığı halda məhkəmə qanunsuz olaraq iddiaçının iddia tələbini rədd etmişdir. Məhkəmənin «iddiaçının hazırkı tələbi, yəni fərdi yaşayış evinin bir hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi, onun məntiqi davamı olaraq həmin sahənin daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydiyyatına və ayrı ünvan verilməsinə yönəlir ki, bu da faktiki olaraq fərdi yaşayış evinin çoxmənzilli yaşayış binasına çevrilməsi deməkdir» - əsaslandırması qanunsuz və qeyri-ciddi yanaşmadır. Əvvəla, məhkəmə nəzərə almamışdır ki, yaşayış evinin 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsinə keçirildiyi halda ona ayrıca ünvan və həmin qeyri-yaşayış sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatına alınması qanunvericiləyə və məntiqi ardıcıllığa uyğundur və burada ziddiyyətli məqam yoxdur. Digər tərəfdən, məhkəmənin həmin sahənin daşınmaz əmlakın dövlətreyestrində ayrıca qeydiyyatına və ayrı ünvan verilməsinin fərdi yaşayış evinin çoxmənzilli yaşayış binasına çevrilməsi nəticəsinə gəlməsi anlaşılmaz olmaqla yanaşı heç bir hüquqi əsası yoxdur. Belə ki, məhkəmənin bu nəticəyə gəlməsinin əsassızlığını “çoxmənzilli yaşayış binasının” anlayışının hüquqi məzmunu və hazırkı işdəki müəyyən edilən hallarla qarşılıqlı hüquqi təhlilinin aparılması kifayət edir. xx.xx.2021-ci il tarixdə hüquqi aktların dövlət reyestrinə daxil edilən, hüquqi aktların dövlət reyestrinin qeydiyyat nömrəsi **********0003 olan Yaşayış binaları, Layihələndirmə normalarının 3-cü bəndinə əsasən çoxmənzilli yaşayış binası dedikdə - iki və daha çox mənzildən ibarət, mənzillərinin ümumi istifadə sahələri və mühəndis sistemləri olan yaşayış binası başa düşülür. Göründüyü kimi, binanın çoxmənzilli yaşayış binası hesab edilməsi üçün binada ən azı iki və da çox mənzil olması, həmin mənzillərin ümumi istifadə sahələri və mühəndis sistemlərinin olması şərtdir. İddiaçının tələbinin təmin edilməsi yaşayış evində iki və daha çox mənzilin yaranmasına gətirib çıxarması qeyri-mümkün haldır və məhkəmənin bu cür nəticəyə gəlməsinin məntiqi və hüquqi izahı yoxdur. Məhkəmə iddiaçının mülkiyyət hüququnu və iddia tələbinin əsaslı olmasını təsbit edən maddi hüquq normalarının tələbini pozub. İddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21-ci maddəsini əsas tutaraq, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi 40A ünvanda yerləşən ikimərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 162,6 kv.m yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi üçün yazılı qaydada cavabdehə müraciət etmişdir. Ərizəyə qeyd edilən hüquq norması ilə müəyyən edilmiş zəruri sənədləri əlavə etmişdir. Cavabdehin imtina məktubunda məhkəmənin qeyd etdiyi əsaslarla bağlı hər hansı mövqe bildirilmədiyi, iddia tələbinə dair hər hansı formada münasibət bildirilmədiyi, ümumiyyətlə, məhkəmədə iştirak edilmədiyi halda işə baxan aşağı instansiya məhkəməsi qanunsuz olaraq iddiaçının tələbini təmin etməmişdir. Hazırkı işdə məhkəmə tərəfindən, ümumiyyətlə, iddiaçının qeyri-yaşayış sahəsinə keçirmək istədiyi 1-ci mərtəbədəki sahəyə gediş-gəlişin (giriş-çıxışın) evin 2-ci mərtəbəsində yerləşən yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olub-olmadığının və ya belə gediş-gəlişi qurmağa texniki imkanın olub-olmadığının, keçirilən sahənin 2-ci mərtəbədə yerləşən yaşayış sahəsinin tərkib hissəsi kimi qalıb-qalmadığının müəyyən edilməsi üçün hər hansı tədbir görülməmiş, bununla bağlı hər hansı araşdırma aparılmamışdır. Qeyd edilən hallarla bağlı araşdırma aparılmadan və hər hansı sübut əldə edilmədən məhkəmə yalnız əsası olmayan özünün ümumi mülahizələri əsasında qanunsuz qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ona məxsus yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi barədə müraciətinə baxılmış, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq tam sənədlər toplusu Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra məsələyə yenidən baxılacaqdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi (Yeni qaydalarla: ünvan 1 ünvanda olan fərdi yaşayış evi (373.60 kv.m) və torpaq sahəsi (0.0268 ha) - 2-ci mərtəbə və mansard hissəsinə X2 (xx.xx.2023-cü ildə), qalan hissəsinə isə İddiaçı (xx.xx.2023-cü ildə) xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. 12.4. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. 13.5. Mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir. 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi (Yeni qaydalarla: ünvan 1 ünvanda olan fərdi yaşayış evi (373.60 kv.m) və torpaq sahəsi (0.0268 ha) - 2-ci mərtəbə və mansard hissəsinə X2 (xx.xx.2023-cü ildə), qalan hissəsinə isə İddiaçı (xx.xx.2023-cü ildə) xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçının qeyri-yaşayış sahəsinə keçirilməsini istədiyi yaşayış sahəsi həmin fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşir. Sadalanan normalardan görünür ki, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Hazırda mübahisə predmeti olan sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş hissəsi - otağı və ya yardımçı sahəsidir. Strukturca ayrıca sahəsi deyil və ola da bilməzdi. Çünki həmin daşınmaz əmlak çoxmənzilli bina deyil, fərdi yaşayış evidir. Göründüyü kimi, fərdi yaşayış evinin daxilində sturukturca ayrıca yaşayış və qeyri-yaşayış sahələri ola bilməz. Faktiki olaraq vəziyyətin başqa cür olması iş üçün əhəmiyyət kəsb etmir. Çünki hüquqi baxımdan həmin tikili reyestrdə bir ünvanı olan vahid əmlakdır. Bundan başqa, iddiaçının hazırkı tələbi, yəni fərdi yaşayış evinin bir hissəsinin qeyriyaşayış sahəsinə keçirilməsi, onun məntiqi davamı olaraq həmin sahənin daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydiyyatına və ayrı ünvan verilməsinə yönəlir ki, bu da faktiki olaraq fərdi yaşayış evinin çoxmənzilli yaşayış binasına çevrilməsi deməkdir. Lakin çoxmənzilli yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı tamamilə fərqli tələblər mövcuddur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.2-ci maddəsinin tələblərinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahə eyni zamanda mənzilin tərkib hissəsi kimi qaldıqda, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Göründüyü kimi, qanunvericilik yaşayış sahəsinin bir hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə (keçirilən sahə eyni zamanda mənzilin tərkib hissəsi kimi qaldıqda) yol vermir. Göstərilən şərtə riayət edilməməsi isə qanunvericilikdə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdedin imtinası əsaslıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8935/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4067/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4067/2025
25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver