Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-407/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1955-ci il tarixdə Ağdam rayonunun Şelli kəndində anadan olmuş, Ağdam ray., X3, Şelli kəndində qeydiyyatdadır) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti) “torpaq sahəsinin ayrılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-906/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün torpaq sahəsinin ayrılmasının cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə məlum hadisələrlə bağlı Ağdam rayonundan məcburi köçkün düşüb və məcburi köçkün kimi ünvan 1 ünvanda məskunlaşıblar. Onun üç övladı var, ailəlidirlər və azyaşlı uşaqları vardır. Onun və övladlarının şəxsi evləri yoxdur. Onun ailəsinin yaşayış səviyyəsi çox aşağıdır. Yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün onların ailəsinə torpaq sahəsi ayrılmalıdır. Həmin torpağı əkib-becərib ərzaq bolluğu yaradaraq ailə vəziyyətlərini yaxşılaşdırmaq olar. O, uzun müddət təhsil sistemində işləyib, 43 (qırx üç) illik iş stajı var. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak edib. Qarabağ müharibəsi veteranıdır. Həmçinin müharibədə şəhid, əlil olmuş, “Milli Qəhraman” adı almış qohumları vardır. Onlar hal-hazırda yaşadıqları ərazidə istifadəsiz torpaq sahələri mövcuddur, həmin torpaq sahələrindən onların ailəsinə ayrılması mümkündür və belə olan təqdirdə ayrılmış sahədə torpağı əkib-becərərək həyat şəraitlərini yaxşılaşdırmaq mümkündür. Məcburi köçkün olmasına baxmayaraq, o da Azərbaycan Respublikasının vətəndaşıdır. Vətəndaşlar üçün Konstitusiyada təsbit edilmiş hüquqlardan istifadə etmək və yararlanmaq arzusundadır. Sabunçu rayon İcra hakimiyyəti təsərrüfat şöbəsinin müdiri tərəfindən onun adına Pirşağı qəsəbəsi, Pirşağı Məmmədli yolunun sol kənarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün təklif olunan torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Həmçinin ona Sabunçu rayon İcra hakimiyyəti başçısının birinci müavini tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş cavabda Pirşağı qəsəbəsində yaşadığı evin yaxınlığında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün torpaq sahəsi ayrılması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə müraciət etməsi tövsiyyə olunmuşdur. Lakin indiyədək Sabunçu rayon İcra hakimiyyətindən torpağın tam olaraq ona verilməsi və rəsmiləşdirilməsi üçün hər hansı bir nəticə edə bilmədiyindən, bu inzibati orqanın fəaliyyətsizliyindən narazıdır və Bakı şəhər İcra hakimiyyətini cavabdeh orqan kimi məhkəməyə cəlb etmək məcburiyyətində qalıb. xx.xx.2020-ci il tarixdə iddiaçı ərizə təqdim edərək, ona 10 sot torpaq sahəsi ayrılması barədə qərar çıxarılmasını və Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-906/2020 saylı , xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim N.Abıyev) Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-906/2020 nömrəli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpaq sahəsinin ayrılması barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-906/2020 nömrəli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, 1.2-ci bəndini, 16-cı maddənin 1-ci bəndini, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin statusu haqqında Azərbaycan Respublikası Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş qayda və qanunlara əməl olunmamış onun konstitusiya hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı və üçüncü şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İddiaçının hazırkı iş üzrə ilkin tələbi ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün torpaq sahəsinin ayrılmasının cavabdehə həvalə olunması barədə qərar qəbul olunması olmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, ona 10 sot torpaq sahəsi ayrılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə münasibət bildirilməmişdir. Belə ki, iş materiallarında həmin ərizənin icraata qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə qərardad və ya bu barədə məhkəmə iclas protokolunda qeyd mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən işin yenidən birinci instansiya icraatı zamanı iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə münasibət bildirilməlidir. Həmçinin, işin birinci instansiya icraatı materiallarında olan xx xxxx 2020-ci il tarixli məhkəmə iclası protokolundan görünür ki, iddiaçı izahatında ona ayrılmış torpaq sahəsinə sərəncam verilməsi ilə bağlı dəqiqləşmiş ərizəsini məhkəməyə təqdim edəcəyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı iddiaçıya iddia tələbini dəqiqləşdirib-dəqiqləşdirməməsi, iddia növünün münasibləri ilə əvəz olunubolunmaması təklif edilməli, onun bu barədə münasibəti aydın şəkildə məhkəmə iclası protokolunda öz əksini tapmalıdır. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2- 1(112)-906/2020 nömrəli qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-906/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün torpaq sahəsinin ayrılmasının cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-407/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-407/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver