Məhkəmə qərarları › İş №2-1(103)-407/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-407/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-407/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-3363/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999-cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınmasının və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin 23 oktyabr 1999-cu il tarixində Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportu var. Həmin texniki pasportda mənzil A tikili olaraq göstərilməklə yanaşı, mənzilin yerləşdiyi torpaq sahəsinin ölçüləri yazılmış hüdudları da göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) əmlak üzərində hüquqların əldə olunmasını təsdiq edən sənəd olaraq qəbul edilir. O, yuxarıda sadalananlara əsaslanaraq cavabdehə müvafiq sənədlərin qoşma edildiyi 12 avqust 2020- ci il tarixli yazılı ərizə ilə müraciət edərək mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinin (texniki pasportda göstərilən ölçülər daxilində) mülkiyyət hüquq üzrə adına qeydiyyata alınmasını və ona hər iki əmlaka münasibətdə vahid əmlaka dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tələbini təmin etməmiş və ona 22 oktyabr 2020-ci il tarixli imtina məktubunu göndərərək həmin imtinasında mənzil altında yerləşən torpağın özəlləşdirilməsinin nəzərdə tutulmadığını bildirmişdir. Halbuki onun müraciəti mənzilin deyil, fərdi tikilinin yerləşdiyi torpaq sahəsinə aiddir. Bu isə o deməkdir ki, cavabdeh ümumiyyətlə ona həvalə olunan işlərə məsuliyyətsiz yanaşır və qanunsuz hərəkətlər nümayiş etdirir. O ki qaldı zəbt qeydinə, o, texniki sənəddə göstərilən ərazi hüdudları daxilində özəlləşdirilməni tələb etmişdir və edir. O, imtinanı əsassız hesab etdiyi üçün və cavabdehin hərəkət və hərəkətsizliyindən müdafiə oluna bilməsi, eləcə də tələbinin icrasının cavabdehin üzərinə bir öhdəlik olaraq qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin imtinası əsassızdır Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə ünvanlanmış iddiaya etirazda göstərmişdir ki, qanunvericilikdə mənzilin altındakı torpaq sahəsinin özəlləşdirilməsi nəzərdə tutulmamışdır. Bundan başqa əlavə 123.0 kv.m torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilərək istifadə edilməkdədir və arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya, perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, torpaq sahəsi və üzərində inşa edilmiş əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq elektrik xəttinin mühafizə zolağında yerləşir. Müvafiq mənzilə dair Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 22 sentyabr 1999-cu il tarixli 1950 nömrəli sərəncamda torpaq sahəsi deyil, yalnız mənzilin X5 adına rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. X9 ilə İddiaçı arasında bağlanan xx.xx.2018-ci il tarixli 4Ə-120 nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilə dair İddiaçı adına ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-3363/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, ona məxsus, mənzil adlanan bu əmlak faktiki olaraq ayrıca tikilidən-digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarətdir və bu tikilinin təkbaşına mülkiyyətçisi də odur, eləcə də mənzil adlanan bu əmlaka xidmət edən torpaq sahəsinin də təkbaşına mülkiyyətçisi yenə də özüdür. Bundan başqa, həm cavabdehə ünvanlanan ərizəsində, həm də məhkəməyə təqdim etdiyi iddia ərizəsinə ünvan 1 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunu qoşma etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********86 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, ev 1, 2 nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli ********** nömrəli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qanunvericilikdə mənzilin altındakı torpaq sahəsinin özəlləşdirilməsi nəzərdə tutulmadığından həmin mənzil dövlət reyestrində fərdi yaşayış evi kimi qeydiyyata alındığı təqdirdə müraciətinizə yenidən baxıla bilər. Bundan başqa əlavə 145.0 kv.m torpaq sahəsi zəbt edilərək tərəfinizdən istifadə edilməkdədir və arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya, perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq 35.0 kV-luq elektrik xəttinin mühafizə zolağında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxanda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********44 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, ev 1, 2 nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli ********** nömrəli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qanunvericilikdə mənzilin altındakı torpaq sahəsinin özəlləşdirilməsi nəzərdə tutulmadığından həmin mənzil dövlət reyestrində fərdi yaşayış evi kimi qeydiyyata alındığı təqdirdə müraciətinizə yenidən baxıla bilər. Bundan başqa əlavə 123.0 kv.m torpaq sahəsi zəbt edilərək tərəfinizdən istifadə edilməkdədir və arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya, perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq elektrik xəttinin mühafizə zolağında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********09 saylı məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Serebrovski (indiki Qaraçuxur) qəsəbəsi, Üzümlük (indiki T.Şirinov) küçəsi, ev 1, mənzil 2 ünvanına Suraxanı rayon XDS tərəfindən X3 adına xx.xx.1992-ci il tarixli 015806 nömrəli order verilmişdir. Həmin sənədlərdə olan xx.xx.1997-ci il tarixli 011523 nömrəli müqaviləyə əsasən X8 ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Üzümlük (indiki T.Şirinov) küçəsi, 1 saylı evin 2 saylı mənzilini X1. Həmin sənədlərdə olan Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 1950 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi ev 1, 2 nömrəli mənzilin X5 adına rəsmiləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. Həmin sənədlərdə olan xx.xx.2000-ci il tarixli 068073 nömrəli müqaviləyə əsasən X10 ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, 1 saylı evin 2 saylı mənzilini X2. Həmin sənədlərdə olan xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X9 ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsi, 1 saylı evin 2 saylı mənzilini İddiaçı bağışlamışdır. Həmin sənədlərdə olan xx.xx.1999-cu ildə X5 adına tərtib edilmiş Texniki pasportda da Bakı şəhəri, ünvan 7 ünvan mənzil kimi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir və iddiaçı onun altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən hər hansı birini təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»na əsasən:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı; 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Kollegiya qeyd edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin 23 oktyabr 1999-cu il tarixində Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportu var. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) əmlak üzərində hüquqların əldə olunmasını təsdiq edən sənəd olaraq qəbul edilir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin tələbinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanunu istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin. fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fıziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafıq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi ev mənzil kimi qeydiyyata alınsa da, həmin mənzil ayrıca təcrid olunmuş fərdi yaşayış evi olduğundan, həmin evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu nəzərə alınaraq, iddiaçının həmin evin altındakı sərhədlər daxilində torpağın əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin ünvan 1 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999-cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-3363/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

Nəricə hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-3363/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 05 dekabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, 23 oktyabr 1999-cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar