Məhkəmə qərarları › İş №2-1(103)-407/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-407/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-407/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2617/2023 saylı, 25 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin **********7 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və onun əlillik dərəcəsinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi ilə bağlı iddiaçının müraciətinə baxılaraq müraciətinin təmin edilməməsi barədə qərar qəbul edilmiş, həmin qərar aşağıdakı kimi əsaslandırılmışdır: “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********7 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, iddiaçının müraciəti əsasında, xx.xx.2022-ci il tarixdə Nazirliyin tabeliyinə Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyası tərəfindən qəbul edilmişdir. Hərbihəkim komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 13290 nömrəli şəhadətnamədə qeyd olunmuş diaqnozun (partlayış travması (xx.xx.2020), sağ baldırın, sol ayağın, sol saidin və sarğı nahiyəsinin qəlpə yaralanmasına, sağ qamış sümüyünün diafizinin orta 1/3-nin açıq, çoxqəlpəli, yerdəyişmiş sınığına, sağ qamış sümüyünün medial topuğun açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezi, sol aşıq baldır oynağının gips longeti ilə immobilizasiyasından, yaraların ikincili-cərrahi işlənməsindən və aparatın demontajından (xx.xx.2021) sonrakı kafi bitmiş sınıqları, sağ aşıq baldır oynağnın çapıqvətər-əzələ kontrakturası, sol aşıq-baldır oynağının artrogen kontrakturası, çanaq nahiyyəsinin yumşaq toxumaların yad cisimləri (metal qəlpələri), partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020), xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədə eşitməsi ilə) səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədardır. Keçirilən qəbulda, hazırki obyektiv vəziyyətinizin müayinəsi zamanı əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktivlik və nevroloji ocaqlı əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmadığından həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun təyin etməməsi meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır”. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, “Hərbi xidmətlərə görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 17 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanmışdır. 13290 nömrəli, 26 may 2021-ci il tarixli xəstəlik haqda şəhadətnamədən məlum olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilir ki, iddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır. X10 Publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli xəstəlik tarixindən çıxarışlardan məlum olur ki, iddiaçı həmin tibbi müəssisəsində uzun müddət kəllədaxili travmadan nevrologiya şöbəsində müalicə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” tərəfindən təqdim olunmuş 5176 saylı, 23 iyun 2021-ci il tarixli rəyə əsasən iddiaçı üzvi mənşəli (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu F07.0, Postkommosion sindrom F07.2 xəstəliyindən əziyyət çəkir. Qərar qəbul edilərkən Mərkəzi Hərbi Həkim Komissiyasının, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”nin rəyləri, eləcə də uzun müddət müalicə olunması barədə sənədlər nəzərə alınmamışdır. Buna görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********7 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarı əsassızdır, qanunsuzdur, ləğv edilməlidir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi və onun əlillik dərəcəsinin müəyyən edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli müraciətində tələbinin sonuncu dəfə müayinə edildiyi xx.xx.2022-ci il tarixdən əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyətinə Bakı 11 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.0 - Hərbi əməliyyatlar nəticəsində hərbi...; Diaqnozun mətni:Partlayış travması (xx.xx.2020) sağ baldırin sol ayağın sol saidin və sağrı nahiyyəsinin qəlpə yaralanmasından sonra sağ qamış sümüyünün diafizinin orta 1/3 açıq, çoxqəlpəli, yerdəyişmiş sınığına, sol qamış sümüyünün medial topuğun açıq sınığına görə aparılmış BCİ sağ baldır sümüklərinin İlizarov üsulu ilə ostesintezi və aparatın demontajından (xx.xx.2021) sonrakı kafi bitişmiş sınıqları, hər iki aşıq baldır oynağının kontrakturası, yad cisimləri (metal qəlpələr), Sağ qamış sümüyünün diafizinin orta 1/3-nün çox açıq, çox qəlpəli yerdəyişmiş kafi bitişmiş sınığından sonrakı vəziyyət. İlizarov aparatın demontajı, hər iki aşıq baldır oynağının artrogen açıcı-bükücü kontrakturası ağrı sindromu ilə, yerişin pozulması ilə, Sağ baldırın, sol baldırın sol saidin sağrı nahiyəsinin bərkimiş dəri çapıqları, qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonra astenonevrotik. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Cavabdeh bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmçinin, iddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 22 aprel 2022-ci il tarixli protokola əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş "Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, İddiaçı əlillik təyinatının aparılmasından imtina edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2617/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilərək, İddiaçı sonuncu dəfə müayinə edildiyi xx.xx.2022-ci il tarixdən əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddiaya etirazın məzmunu ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarından görünür ki; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının müraciəti əsasında verilən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 2749003AAE1U nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası tərəfindən iddiaçı qəbul edilmiş, müəyyən olunmuşdur ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi hərbi-həkim komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 13290 nömrəli şəhadətnamə qeyd olunmuş diaqnozun (partlayış travması, sağ baldırın, sol ayağın, sol saidin və sarğı nahiyyəsinln qəlpə yaralanmasına, sağ qamış sümüyünün diafizinin orta 1/3-nin açıq, çoxqəlpəli, yerdəyişmiş sınığına, sol qamış sümüyünün medial topuğun açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezi, sol aşıq baldır oynağının gips longeti ilə immobilizasiyasından, yaraların ikincili-cərrahi işlənməsindən və aparatın demontajından (xx.xx.2021) sonrakı kafi bitişmiş sınıqları, sağ aşıq baldır oynağının çapıq-vətər-əzələ kontrakturası, sol aşıq-baldır oynağının artrogen kontrakturası, çanaq nahiyəsinin yumşaq toxumaların yad cisimləri (metal qəlpələr), partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma, xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə) səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədardır. Keçirilən qəbulda, hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktivlik və nevroloji ocaqlı əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmadığından, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı F.İsmayılov tərəfindən verilən xx.xx.2021-ci il tarixli 5176 №li göndərişə cavabdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə F.İsmayılov tərəfindən müayinə olunaraq ona üzvi mənşəli (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu F07.0 postkommosion sindromu F07.2 diaqnozu qoyulmuşdur. -26 may 2021-ci il tarixli, 13290 №li Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 1573 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. SHXÇDX-nin Bakı səhəri Sabunçu rayon idarəsi tərəfindən xx.xx.2020-ci ildə hərbi xidmətə çağırılmışdır (könüllü daxil olmuşdur). Boyu 171 sm. Bədən çəkisi 68 kq. Döş qəfəsinin çevrəsi (sakit vəziyyətdə) 97 sm. Şikayətləri: hər iki ayağında olan ağrılardan və hərəkət məhdudluğundandır. Anamnezi: xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə xəsarət almışdır (əsas: N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2785 nömrəli arayış), ilk tibbi yardım göstərildikdən sonra Füzuli RMX-na göndərilmiş, burada “Yaraların birincili-cərrahi işlənməsi” əməliyyatı icra edilərək Ağcabədi RMX-na təxliyə olunmuş. xx.xx.2020-xx.xx.2020-ci il tarixədək "Sağ qamış sümüyünün odlu silah yaralanmasından sonrakı açıq, qəlpəli sınığı, metal qəlpələr Sol saidin və sol budun çanaq oynağında xırda metal qəlpələr" diaqnozu ilə stasionar müalicədə olmuş, xx.xx.2020-ci il tarixdə “Sağ baldır sınığının Q.A.İlizarov üsulu ilə ocaqdankənar metaloosteosintezi, sol baldırın gips sarğısı ilə immobilizasiyası” cərrahi əməliyyatı icra edilmişdir (əsas: çıxarış epikrizi). xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədə şəhadətləndirilərək N (altmış) gün müddətinə məzuniyyət verilmişdir (əsas: 3518 nömrəli arayış). xx.xx.2021-ci il tarixdə MN MHP-da şəhadətləndirilərək 45 (qırx beş) gün müddətinə məzuniyyət verilmişdir (əsas: 5555 nömrəli arayış). N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. SQ baş nevroloqu, SQ BKH-nın travmatoloqu ilə konsultasiya olunmuşdur. xx.xx.2020-xx.xx.2020-Ağcabədi RMX-da; xx.xx.2020-N nömrəli hərbi hissədə; xx.xx.2021, xx.xx.2021-ci il tarixərdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Obyektiv müayinənin məlumatları: düzgün bədən quruluşludur. Dərialtı piy qatı izafi inkişaf etmişdir. Periferik limfa düyünləri böyüməmişdir. Dayaq-hərəkət sistemi normal inkişaf etmişdir. Perkussiyada ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. Nəbzi ritmik, dəqiqədə sayı 68 vurğudur, ATT 120/70 mm.c.st. Ürəyin nisbi kütlüyünün hüdudları norma daxilindədir. Ürək tonları aydındır. Dili nəm, təmizdir. Qarnı yumşaq, palpasiya zamanı ağrısızdır. Qaraciyər və dalaq böyüməyib. Bel nahiyəsində döyəcləmə simptomu hər iki tərəfdə mənfidir. Fizioloji aktlar sərbəstdir. Status lokalis: sağ baldırın, sol ayağın, sol saidin və sağrı nahiyələrinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları qeyd edilir. Palpasiyada ağrılıdır. Sağ və sol aşıq-baldır oynaqlarında hərəkət məhdudluğu, kontraktura müşahidə olunur. Nevroloji status: huşu aydındır, kəlləbeyin sinirləri normadadır. Pıçıltı nitqini eşitməsi hər iki qulaqda 4 metr məsafədəndir. Visus OU= 0,2, korrekisya ilə 0,6. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: Qanın ümumi kliniki analizi (xx.xx.2021): Hb-144 q/l, Leyk-8,9 x109/l, RBC-5,07 x1 mm/saat. Qanda (xx.xx.2021): HbsAg-mənfi (-). Anti- HCV İgG-mənfi (-), QİÇS-1HİV 1, Sifilis Screen mənfi (-). Sidiyin ümumi kliniki analizi (18.05 2021): xüsusi çəkisi-101, reaksiyası-turş. zülal-yox. şəkər-yoxdur. EKQ (18 05.2021): sinus ritmi, ÜEO normadadır. USM (xx.xx.2021): qaraciyər, mədəaltı vəzi, öd kisəsi, böyrəklər, dalaq patologiyasız, ürək, ağciyərlər normadadır. Sağ aşağı ətrafın R-sı (xx.xx.2021):sağ qamış sümüyünün diafizinin orta 1/3-də qəlpəli bitişmiş sınıq qeyd edilir. Sağ baldırın KT müayinəsi (xx.xx.2020): sağ tibial diafizndə parçalı, kompleks sınıq aşkar edilir. Baldır medialında yumşaq toxumalarda 2 ədəd metallik yad cisim izlənilir. Abdominal KT (xx.xx.2020): sol qluteal bölgədə yumşaq toxumalarda posttravmatik dəyişikliklər qeyd edilir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Partlayış travması (xx.xx.2020), sağ baldırın, sol ayağın, sol saidin və sağrı nahiyəsinin qəlpə yaralanmasına, sağ qamış sümüyünün diafizinin orta 1/3- in açıq, çoxqəlpəli, yerdəyişmiş sınığına, sol qamış sümüyünuin medial topuğun açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağ baldır sümüklərinin Q.A.İlizarov üsulu ilə osteosintezi, sol aşıq-baldır oynağının gips longetı ilə immobilizasiyasından, yaraların ikincili-cərrahi işlənməsindən və aparatam demontajından sonrakı kafi bitişmiş sınıqları, sağ aşıq-baldır oynağının çapıq-vətər-əzələ kontrakturası, sol aşıq-baldır oynağının artrogen kontrakturası, çanaq nahiyəsinin yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020), xroniki kolxear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı "Xəstəliklər cədvəli"nin 65b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. -Bakı 11 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.0 - Hərbi əməliyyatlar nəticəsində hərbi...;Diaqnozun mətni: Partlayış travması (xx.xx.2020) sağ baldırin sol ayağın sol saidin və sağrı nahiyyəsinin qəlpə yaralanmasından sonra sağ qamış sümüyünün diafizinin orta 1/3 açıq, çoxqəlpəli, yerdəyişmiş sınığına, sol qamış sümüyünün medial topuğun açıq sınığına görə aparılmış BCİ sağ baldır sümüklərinin İlizarov üsulu ilə ostesintezi və aparatın demontajından (xx.xx.2021) sonrakı kafi bitişmiş sınıqları, hər iki aşıq baldır oynağınıın kontrakturası, yad cisimləri (metal qəlpələr), Sağ qamış sümüyünün diafizinin orta 1/3-nün çox açıq, çox qəlpəli yerdəyişmiş kafi bitişmiş sınığından sonrakı vəziyyət. İllizarov aparatın demontajı, hər iki aşıq baldır oynağının artrogen açıcı-bükücü kontrakturası ağrı sindromu ilə, yerişin pozulması ilə, Sağ baldırın, sol baldırın sol saidin sağrı nahiyəsinin bərkimiş dəri çapıqları, qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonra astenonevrotik sindrom. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. -Bakı 11 saylı Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Beynəlxalq XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Təsnifatı: Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar. Qapalı kəllə beyin travması, partlayış travmasından (xx.xx.2020) sonrakı vəziyyət. Keçirilmiş qapali kəllə beyin travmasından (xx.xx.2020) sonrakı astenonevrotik sindrom yaddaş zəifləməsi ilə. Üzvi mənşəli şəxsiyyət pozğunluğu postkomasion sindrom, postravmatik ensefalopatiya, kəllə daxili hipertenziya vegetativ damar davamsızlığı, paroksizm ilə: - mətni: Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli koxlear nevrit, iki tərəfli üçüncü - dördüncü dərəcəli neyrosensor ağir eşitmə, barotravma. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ baldır sümüklərinin bitişmiş sınığı İlizarov aparatı ilə metalloosteosintezindən sonrakı vəziyyət. Sol saidin və sol budun çanaq oynağında, sağ baldırda xırda metal qəlpələr. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. -Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilməsi, müəyyən edilmiş xəstəlik və qüsurların ona hansı dərəcə əlillik verilməsinə əsas yaratması, ekspertiza tədqiqatının iddiaçının şəxsən müayinəsi və tibbi sənədlər əsasında aparılmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinə tapşırılmış, ekspertiza tədqiqatının iddiaçının ilkin müayinəsində iştirak etmiş DTSERA-nın həkimlərinin (mütəxəssislərinin) iştirakı olmadan keçirilməsi həvalə edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş T 42/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına 11 nömrəli Şəhər Poliklinikasında tərtib edilmiş 2749003AAE1U saylı göndərişdə qeyd edilmiş “Qapalı kəlləbeyin travması, partlayış travmasından (xx.xx.2020) sonrakı vəziyyət. Keçirilmiş qapali kəllə-beyin travmasından (xx.xx.2020) sonrakı asteno-nevrotik sindrom, yaddaş zəifləməsi ilə. Üzvi mənşəli şəxsiyyət pozğunluğu postkomasion sindrom, postravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya vegetativ damar davamsızlığı, paroksizm ilə. Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli koxlear nevrit. İkitərəfli üçüncü-dördüncü dərəcəli neyrosensor ağır eşitmə, barotravma. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ baldır sümüklərinin bitişmiş sınığı, İllizarov aparatı ilə metalloosteosintezindən sonrakı vəziyyət. Sol saidin və sol budun çanaq oynağında, sağ baldırda xırda metal qəlpələr” diaqnozunda olan xəstəliklər şəxsin əyani müayinəsində əlilik əlamətləri təyin etmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə olan xəstəliklərin əhatə dairəsinə düşmədiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, məhkəmə-tibbi ekspertizasının keçirilməsi barədə məhkəmənin qərardadında ekspertiza tədqiqatının iddiaçının ilkin müayinəsində iştirak etmiş cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA-nın) həkimlərinin (mütəxəssislərinin) iştirakı olmadan keçirilməsi barədə göstəriş olduğu halda, cavabdeh tərəfindən bu tələbə əməl edilməmiş və iddiaçının müayinəsində və rəyin tərtib edilməsində DTSERA-nın tibbisosial eksperti (X4) iştirak etmişdir. Məhkəmə bu səbəbdən hesab etmişdir ki, iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair T42/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekpert rəyi iş üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, həmin rəydə iddiaçının xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (2022-ci ilin iyulun 1-dən qüvvəyə minmişdir) nəzərdə tutulan xəstəliklərə uyğun gəlib-gəlmədiyi araşdırılmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2022-ci il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab etmişdir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur. Cavabdeh apellyasiya şikayətində qanunvericilik normalarını sadalayaraq sonda qeyd etmişdir ki, Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı müraciətinə münasibətdə onu əyani müayinə etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəaları nəzərə alınmaqla müvafiq inzibati aktı qəbul etmək üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddətin təyin olunması və bunun nəticəsi barəsində həmin müddət ərzində cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə məlumat verməsi qərara alınmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 09 fevral 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 11 nömrəli Şəhər Poliklinikasının 2749003AAE1U nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli, 2- 1(103)-3525/2023 nömrəli qərardada uyğun olaraq vətəndaş əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində yenidən Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq xx.xx.2022-ci il tarixli diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Yuxarıda qeyd olunan Qaydaların 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndi: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-N faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Əlavənin Sinir sistemi xəstəlikləri adlanan 6.1-ci bəndi: Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi (S06-T90): 6.1.1. ümumi beynin mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; 6.1.2. ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; 6.1.3. baş beynin əzilməsi, kontuziyası; 6.1.4. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası; 6.1.5. vegeto-damar mülayim pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası; 6.1.6. vegeto-damar təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə; 6.1.7. sinir və sümük-əzələ sisteminə aid simptomlar və əlamətlər; 6.1.7.1. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, o cümlədən yürüşün və durmanın pozuntuları; 6.1.7.2. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın təzahür edən pozuntusu, o cümlədən yürüşün və durmanın pozuntuları; 6.1.7.3. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli təzahür edən pozuntusu, o cümlədən yürüşün və durmanın pozuntuları. Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) əsasən: S06.8. Digər kəllədaxili travmalar Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əsas diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”nda Sinir sistemi xəstəlikləri bəndində (6-cı bənd) 6.1-ci bəndində Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi (S06-T90) əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı məhz yeni qaydaların qüvvədə olduğu vaxt ekspertlər tərəfindən əyani müayinə olunduğundan (xx.xx.2023-cü il tarixdə) və bu, onun əlillik vəziyyətinə (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə) təsir etdiyindən həmin hal nəzərə alınmalı idi. Bundan başqa, iddiaçının qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.3.9-cu yarımbəndində uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (FN.0-F62.9, F45-F45.9, F48-F48.9) şəxsə əlillik təyin edilməsi üçün əsas kimi nəzərdə tutulmuşdu. Göründüyü kimi aparılan tibbi müayinələrin əsasında iddiaçıya əsas diaqnoz olaraq qoyulmuş digər kəllədaxili travmalar, qapalı kəllə beyin travması, partlayış travmasından (xx.xx.2020) sonrakı vəziyyət (S06.8) və ağırlaşma olaraq digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, keçirilmiş qapalı kəllə beyin travmasından (xx.xx.2020) sonrakı astenonevrotik sindrom, yaddaş zəifləməsi ilə üzvi mənşəli şəxsiyyət pozğunluğu postkomasion sindrom (F48.8) uyğun kodları əks olunmuşdır ki, bu da iddiaçıda müəyyən olunan xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.1.8 və 2.3.9-cu bəndlərinə əsasən əlillik dərəcəsinin təyin edilməsini mümkün edir. İşin hallarına əsasən müəyyən edilir ki, cavabdeh inzibati orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2. qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətəuyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2617/2023 saylı, 25 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2617/2023 saylı, 25 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar