Məhkəmə qərarları › İş №2-1(103)-4070/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4070/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4070/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-650/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 (mansard) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə "xxxx" MTK ilə bağlanmış müqavilə əsasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini alıb. Həmin qeyri-yaşayış sahəsini xüsusi mülkiyyət kimi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Əmlakının Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirdikdən sonra öz adına xx.xx.2015-ci tarixli, RX seryalı, ******* nömrəli qeydiyyat nömrəsi **********1 olan çıxarış alıb. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(006)- 2842/2016 saylı qətnaməsi ilə əvvəllər qeydiyyatda olduğu ünvan 2 ünvanından istifadə hüququnu itirdikdən sonra sonra onun və ailə üzvlərinin faktiki yaşadığı yer üzrə qeydiyyata düşmək zərurəti yaranmışdır. O və ailə üzvlərinin faktiki yaşadığı yer üzrə qeydiyyata düşmək zərurəti yarandığı səbəbindən o, mülkiyyətində olan, sözügedən qeyri-yaşayış sahəsinin (mansardın) yaşayış sahəsinə keçirilməsi üçün tələb olunan sənədləri əlavə etməklə ərizə ilə, Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib. Lakin müraciətindən uzun müddət keçməsinə baxmayaraq Binəqədi Rayon İcra Hakimiyyəti ərizəsinə münasibət bildirməmişdir. Beləliklə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mülkiyyət hüququ ilə iddiaçıya məxsus və faktiki olaraq uzun illərdi ki mənzil kimi istifadə olunan qeyri-yaşayış sahəsinin (mansardın) yaşayış sahəsinə keçirilməsi ilə bağlı təqdim edilmiş ərizəyə münasibət bildirilmədiyi səbəbindən məsələnin məhkəmə müstəvisində həll edilməsinə zərurət yaranmışdır. Artıq 6 ilə yaxındır ki, yaşadığı qeyri-yaşayış sahəsi tam olaraq mənzil şəraitlidir, heç bir qonşulara maneəçilik yaratmır və sanitar qovşağı ilə təmin edilmişdir. İddiaçı hesab edir ki, faktiki olaraq yaşadığı mənzilin sənəd üzərində qeyri-yaşayış sahəsi olaraq qalması onun və ailə üzvlərinin mənafeinə ziddir və hüquqularını məhdudlaşdırır. Belə ki, cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçının faktiki olaraq mənzil kimi istifadə etdiyi və yaşadığı sahəyə yaşayış yeri üzrə daimi qeydiyyata düşmək imkanı və digər hüquqları məhdudlaşdırır. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışır ki, çoxmənzilli binada ümümi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Buna baxmayaraq, Dövlət Reyestr Xidməti tərəfindən iddia olunan texniki mərtəbəyə xx.xx.2015-ci il tarixdə çıxarış verməklə digər sakinlərin hüquqlarını pozmuşdur. Bundan əlavə, iddiaçı Mənzil Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan sənədləri tam əlavə etməmiş, bununla əlaqədar iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-650/2022 saylı, xx.xx.2022-cü il tarixli qərarı ilə (hakim Günel Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon İcra Hakimiyyəti aşağıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən qərarla razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarım ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Mənzil Məcəlləsinin 35.2-ci maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Mənzil Məcəlləsinin 35.3-cü maddəsinə müvafiq olaraq, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Mənzil Məcəlləsinin 35.4-cü maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Qanunvericiliyin tələblərindən göründüyü kimi çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Lakin, buna baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti iddia olunan texniki mərtəbəyə ******* saylı xx.xx.2015-ci il tarixli Çıxarış verməklə digər sakinlərin hüquqlarım pozmuşdur. Məhkəmə işi üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli 10/1695 №-li ekspert rəyində ünvana baxış keçirilən zaman mansard mərtəbəsində daxili konstruktiv işlərin görülərək dəyişikliklərin apardığı, arakəsmələrin yerinin dəyişdirildiyi və əlavə otaqların yaradıldığı, yaradılmış otaqlardan birinin təbii işıq ilə təmin olunmadığı, həmin otağa plastik materialdan nəfəsliyin quraşdırıldığı və bunun da Tikinti və Norma Qaydalarının 2.08.01.89-un 1.3-cü bəndinin tələblərinə zidd olduğu qeyd olunmuşdur. Həmçinin məhkəmə sözügedən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin qonşulara hər-hansı maneəçiliyin törədib-törətməməsini müəyyən etmək üçün qonşuları məhkəməyə dəvət etməmiş, binanın bütün sahə mülkiyyətçilərinin razılığını almadan iddianı təmin etmişdir. Halbuki, Mənzil Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Bundan əlavə, iddiaçı özü iddia ərizəsində Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan sənədlərin tələb olunduğunu qeyd edir. Buna baxmayaraq, iddiaçının xx.xx.2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətində qanunvericilikdə nəzərdə tutulan sənədlər tam əlavə edilməmişdir. İddiaçının müraciətinə 02/12-11-1 l/Ə-251-159 saylı xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. Cavab məktubunda vətəndaşa bir daha izah edilmişdir ki, Mənzil Məcəlləsinin 20-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası müəyyən edilmişdir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bunun üçün aşağıdakı sənədlər təqdim edilir: sahənin keçirilməsi haqqında ərizə; keçirilən sahə üzərində hüquqları müəyyənləşdirən sənədlər; keçirilən sahənin texniki təsviri göstərilməklə planı; keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Lakin, iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsində sadalanan sənədlər tam təqdim edilməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə iddiaçı tərəfindən etiraz apellyasiya instansiya məhkəməsinə daxil olmamışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 56/2024 saylı qərarı ilə (sədrlik edən Kamran Əkbərov, hakimlər Mirzə Tağızadə və Rəşid Səmədov) cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-650/2022 saylı qərarı ləğv edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-56/2024 saylı qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışddır ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normaların tələbini pozmuş, əsassız olaraq iddia tələbini rədd edən qərar qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, “iş üzrə birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin təyinatı ilə bağlı hər hansı araşdırma aparılmamışdır. ... iddiaçının hazırkı tələbi əsassız olmuş və cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. ... hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.4-cü maddəsinə əsasən, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Maddi hüquq normasının tələbindən də göründüyü kimi qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsini yolverilməz edən 3 hal müəyyən edilib: belə sahə müəyyən edilmiş tələblərə cavab verməməlidir; bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmamalıdır; bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmamalıdır. Məhz qeyd olunan bu 3 haldan biri olduğu halda qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Birinci və ikinci hal ilə bağlı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 21 sentyabr 2022-ci il tarixli 10/3731 №-li ekspert rəyində qeyd edilir ki: “Baxış zamanı müəyyən olundu ki, təqdim olunan tikilinin konfiqurasiyası, ümumi ölçüləri həmin qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş Texniki Pasporta uyğundur. Texniki pasportda qeyd olunan 1 saylı dəhliz, 2 saylı və 3 saylı otaqlar arasındakı arakəsmə divarlar sökülmüş, yeni arakəsmə divarlar hörülərək yeni otaqlar və mətbəx inşa edilmişdir. Faktiki vəziyyətdə tikili mənzil kimi istifadə olunmaqla iki yaşayış otağından, bir mətbəx, bir yardımçı otaq və bir sanitar qovşağından ibarətdir. Faktiki olaraq yaşayış otağı kimi istifadə olunan iki otaq təbii işıqla təmin olunur, sanitar qovşağı, dəhliz və yardımçı otağın isə təbii işıqlandırma ilə təchiz olunması üçün pəncərə boşluğu mövcud deyil”. Həmçinin, ekspert rəyində qeyd edilmişdir ki, “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərində göstərilir ki, Yaşayış otaqlarının hündürlüyü, döşəmədən tavana qədər məsafə 2,5 metrdən, yardımçı otaqların hündürlüyü 2,1 metrdən az olmamalıdır. Mənzillərdə aşağıdakı otaqlar nəzərdə tutulur: yaşayış - yataq və ümumi otaqlar. Yardımçı - mətbəx, hamam, tualet, dəhliz, şüşəbənd, təsərrüfan ambarı və s.. Yaşayış otaqlarının sahəsi 8,0 kv. metrdən az olmamalıdır. Yaşayış otaqlarının eni 2,2 metrdən az olmamalıdır. Ekspert rəyinin nəticəsi olaraq qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mansard) təbii işıqlandırma ilə təmin olunmayan otağının daxili hündürlüyünün 2,1 metrdən az olmamasını, təbii işıqla təmin olunmamasını nəzərə alaraq həmin otağın təyinatı üzrə yardımçı tikili olduğu və həmin otaqda təbii işıqlandırmanın olmamasının digər otaqlardan yaşayış sahəsi kimi istifadə olunmasına hər-hansı məhdudiyyət yaratmadığı müəyyən edilir”. Göründüyü kimi qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsini yolverilməz edən ilk 2 hal sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə mövcud deyil. Üçüncü hal ilə bağlı qeyd olunur ki, bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilməyib. Beləliklə, maddi hüquq normasının tələbləri baxımından sözügedən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsini yolverilməz edən hər hansı hal müəyyən edilməyib və işin hallarını maddi hüquq normasının tələblərinə uyğun nəzərə alan birinci instansiya məhkəməsi iddianı təmin edib. Lakin, işə baxan apellyasiya instansiyası məhkəməsi qərarda qeyd edib ki, “mübahisəli qeyri-yaşayış sahəsinə bitişik olan digər sahələrlə əlaqədar olaraq təqdim edilmiş müvafiq sənədlərə əsasən göstərilən mərtəbədəki sahələrin qeyri-yaşayış sahəsi olması öz təsdiqini tapmışdır. ... hazırkı iş üzrə iddiaçıya məxsus Bakı şəhəri, ünvan 1 (mansard) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi inzibati icraatın ümumi prinsiplərindən olan bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər. ... iş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 16 iyul 2021-ci il tarixli 10/1695 №-li ekspert rəyində qeyd edilmişdir ki, “... qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin hüquqmüəyyənedici və texniki sənədlərinin Mərkəzə təqdim edilmədiyi üçün 4-cü sual üzrə tədqiqat aparılmadı”. Göründüyü kimi, iş üzrə birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin təyinatı ilə bağlı hər hansı araşdırma aparılmamışdır. ... iddiaçının hazırkı tələbi əsassız olmuş və cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir”. İddiaçı hesab edir ki, apellyasiya instansiya məhkəməsinin bu mövqeyi əsassızdır. Birincisi, sözügedən məsələni tənzimləyən maddi hüquq norması qismində çıxış edən və yuxarıda da şərh edilən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci maddəsində qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsini yolverilməz edən hallar qismində qeyriyaşayış sahəsinə bitişik olan və başqa şəxslərə məxsus sahələrin təyinatının qeyriyaşayış sahəsi olduğu halda digər qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə çevrilməsini yolverilməz edən bir hal qeyd edilməyib. Digər tərəfdən, əgər şəxs sözügedən qeyriyaşayış sahəsindən ailəsi ilə birgə yaşayış sahəsi kimi istifadə edirsə və buna görə də həmin sahənin təyinatını dəyişdirməklə bağlı aidiyyatı orqana müraciət edirsə, lakin həmin əraziyə bitişik olan ərzisinin mülkiyyətçiləri onlara məxsus sahələrin təyinatını dəyişdirmək istəmirsə, bu hal niyə görə bərabərlik hüququnun pozulmasına səbəb olur ki? Bərabərlik hüququnun pozulması o halda olardı ki, eyni vaxtda 2 qonşu qeyri-yaşayış sahəsinin mülkiyyətçisi sahənin təyinatının dəyişdirilməsi ilə bağlı aidiyyəti orqana müraciət edir, lakin onlardan birinin tələbi təmin edilir, digərinin tələbi təmin edilmir. İndiki halda belə bir hal olmadığı üçün bərabərlik hüququnun pozulmasından söhbət gedə bilməz. Həmçinin, işə baxan apellyasiya instansiyası məhkəməsi qərarda qeyd etmişdir ki, “iş üzrə birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin təyinatı ilə bağlı hər hansı araşdırma aparılmamışdır. Belə olan halda ... iddiaçının hazırkı tələbi əsassız olmuş və cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir”. Cavabdeh orqanın iddiaçının müraciətinə verdiyi imtinada qeyd edilib ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin 21.2.4-cü, 21.2.3-cü bəndlərində nəzərdə tutulan sənədlər, sahənin texniki təsviri göstərilməklə planı və sahənin yerləşdiyi binanın mərtəbəli planının notarial qaydada təsdiq olunmuş surəti Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciəyətə yenidən baxıla bilər”. Göründüyü kimi, cavabdeh orqanın imtina səbəbi sözügedən qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin təyinatı ilə bağlı yox, məhz sözügedən qeyri-yaşayış sahəsinin təyinatının dəyişdirilməsi üçün təqdim olunan ərizəyə Mənzil Məcəlləsinin 21-ci maddəsində qeyd edilən sənədlərin əlavə edilməməsi olmuşdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə əsassız olaraq cavabdeh orqanın imtina əsaslarını sözügedən qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin təyinatı ilə əlaqləndirmiş və cavabdeh orqanın imtina əsaslarını ümumiyyətlə araşdırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2097/2024 saylı qərarı ilə (sədrlik edən Xəqani Məmmədov, hakimlər İlqar Hüseynov və Zakir Quliyev) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(103)-56/2024 saylı qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyası qərarında aşağıdakıları göstərmişdir: “ ... Hazırkı işin hallarından müəyyən olunur ki, ünvan 4 ünvanında mansarda mərtəbəsində yerləşən ümumi sahəsi 65,1 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış həmin qeydin ləğv edildiyi və etibarsızlığı işin hallarından müəyyən edilmir. İddiaçı qeyd edilən əmlakdan uzun müddətdir ki, yaşayış sahəsi kimi istifadə etdiyini və həmin ünvana qeydiyyata düşmək istədiyini qeyd edərək daşınmaz əmlakın növünün qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsini tələb edir. İddiaçının mübahisələndirilən sahədən yaşayış sahəsi kimi istifadə etməsi həm ekspert rəyləri, həm də apellyasiya instansiya məhkəməsində icraat zamanı yerində müayinə ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərini nəzərə almamış, işin tam, obyektiv və hərtərəfli araşdırılmasını hazırkı qərarın 23-cü bəndində qeyd edilən normaların tələbləri baxımdan təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin İİİ fəsli (20-22-ci maddələr) yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlıdır. Mənzil Məcəlləsində qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydaları və imtinanın əsasları konkret olaraq göstərilmişdir. Ona görə də, işə təkrar baxacaq apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı mübahisəni həll edərkən Mənzil Məcəlləsinin tələblərini rəhbər tutmalı, mübahisələndirilən daşınmaz əmlakın yaşayış sahəsi kimi istifadəyə dair tələblərə cavab verib-verməməsini, bununla bağlı, birinci instansiya məhkəməsində icraat zamanı əldə edilən ekspert rəylərinin mötəbərliyini və sübut kimi qəbul edilməsinin mümkünlüyünü, habelə, yaşayış sahəsinə keçirilmənin digər şəxslərin hüquqlarını məhdudlaşdıran nəticələr yaradıbyaratmamasını (işin hallarına əsasən hal-hazırda bu xüsusat öz təsdiqini tapmır) araşdırmalıdır. Bu zaman, Mənzil Məcəlləsinin 20.4-cü maddəsinin dispozisiya şərtlərinin ödənilib-ödənilmədiyi yoxlanılmalı, eləcə də cavabdehin 21.6-cı maddədən irəli gələn dəlillərə istinad etmədiyi nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi öz qərarında bərabərlik prinsipini mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, bərabərlik hüququnun tələblərinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. Eynilə, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İşin hallarından göründüyü kimi, iddiaçının qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsini tələb etdiyi daşınmaz əmlakın yerləşdiyi mansarda mərtəbəsində digər əmlaklar da qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçmişdir. Lakin həmin qeyriyaşayış sahələrinin mülkiyyətçilərinin özlərinə məxsus əmlakın yaşayış sahəsinə keçirilməsinə dair müraciətlərinin olması işin halları ilə müəyyən edilmir. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, mübahisələndirilən daşınmaz əmlakın qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsi Mənzil Məcəlləsinin tələblərinə uyğun olduğu halda, belə keçirilmə digər mülkiyyətçilərə münasibətdə bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Çünki Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi dedikdə binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə nəzərdə tutulur. Yəni, mansarda mərtəbəsində həm yaşayış, həm də qeyri-yaşayış sahəsinin olması qanunvericiliyin tələbləri və praktiki baxımından mümkündür”. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mansard mərtəbəsində yerləşən, ümumi sahəsi 65.1 m2 olan, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində xx.xx.2015-ci il tarixdə **********1 qeydiyyat nömrəsi ilə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Həmçinin iş materiallarına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********23-05301- 083009 reyestr nömrəli, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair texniki pasport və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 137 A saylı binaya aid planın təsdiq edilmiş surətləri əlavə olunmuşdur (cild 1, səh. 12-21). İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 4262/2021 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mansard) təyinatı nədir? 2. Həmin qeyri-yaşayış sahəsi (mansard) binanın mərtəbəli planına əsasən yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalarına cavab verirmi və ya bu sahənin yaşayış sahəsi kimi müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkündürmü? 3. Həmin qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin təyinatı nədir? 4. Həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qonşulara hər hansı maneəçilik törədirmi? 5. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə (mansard) texniki mərtəbə hesab olunurmu? Ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2021-ci il tarixli, 10/1695 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mansard) təyinatı, mərtəbəsi, daşınmaz əmlakın adı, ünvanı, mülkiyyət növü, qeyri-yaşayış sahəsi üzərində hüququn növü iş materiallarında olan **********23-05301-083009 reyestr nömrəli, seriya RX № 0640961, qeydiyyat nömrəsi ********** olan çıxarışda qeyd olunmuşdur. Mansard mərtəbəsinin yüksək hissəsində hündürlüyün 3.0 metr olduğu nəzərə alınarsa təbii işıq ilə təmin olunmayan yaşayış otağı təbii işıqla və havalandırma ilə təmin olunduqdan sonra yaşayış kimi istifadə edilməsi mümkündür. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 4262/2021 saylı qərardadından görünür ki, iş üzrə təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mansard) təbii işıqlandıma ilə təmin olunmayan otağın təyinatı nədir? 2. Həmin otaqda təbii işıqlandımanın olmaması digər otaqların yaşayış sahəsi kimi istifadə olunmasına mane olurmu? Ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2022-ci il tarixli, 10/3731 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (mansard) təbii işıqlandırma ilə təmin olunmayan otağının daxili hündürlüyünün 2.1 metrdən az olmamasını, təbii işıqla təmin olunmamasını nəzərə alaraq həmin otağın təyinatı üzrə yardımçı tikili olduğu və həmin otaqda təbii işıqlandırmanın olmamasının digər otaqlardan yaşayış sahəsi kimi istifadə olunmasına hər-hansı məhdudiyyət yaratmadığı müəyyən edilir. Həmçinin, rəydə qeyd olunur ki, təqdim olunan tikilinin konfiqurasiyası, ümumi ölçüləri həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2015-ci il tarixdə tərtib olunmuş Texniki Pasporta uyğundur. Texniki pasportda qeyd olunan 1 saylı dəhliz, 2 saylı və 3 saylı otaqlar arasındakı arakəsmə divarlar sökülmüş, yeni arakəsmə divarlar hörülərək yeni otaqlar və mətbəx inşa edilmişdir. Faktiki vəziyyətdə tikili mənzil kimi istifadə olunmaqla iki yaşayış otağından, bir mətbəx, bir yardımçı otaq və bir sanitar qovşağından ibarətdir. Faktiki olaraq yaşayış otağı kimi istifadə olunan iki otaq təbii işıqla təmin olunur, sanitar qovşağı, dəhliz və yardımçı otağın isə təbii işıqlandırma ilə təhçiz olunması üçün pəncərə boşluğu mövcud deyil. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2019-cu il tarixli, 7334 saylı ekspert rəyindən görünür ki, baxış zamanı tədqiq olunan mənzilin 3 yaşayış otağından, 1 sanitar qovşağından və 1 açıq tipli eyvandan ibarət olduğu müəyyən edildi. Mənzilə daxil olduqda dəhliz yerləşir və otaqlara giriş həmin dəhliz vasitəsiylə həyata keçirilir. Mənzildə yaşayış üçün şərait yaradılmış, hal-hazırda yaşayış vardır. Mənzil qaz, su və elektrik xətləri ilə təchiz olunmuş, telefon və kommunikasiya xətləri çəkilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı 2016-cı ildən mülkiyyətində olan qeyri-yaşayış sahəsində ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı ilkin olaraq Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə və "xxxx"MTK-ya qarşı Bakı şəhəri ünvan 6-ün (mansardın) qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsini cavabdeh Bakı şəhər Binəqədi rayon İcra hakimiyyətinə həvalə edilməsi, mübahisəli qeyri yaşayış sahəsinin yerləşdiyi binanın mərtəbəli planının "xxxx"MTK tərəfindən məhkəməyə təqdim edilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, sonradan iddiaçı iddia ərizəsinə dəyişiklik edilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh kimi göstərilmiş "xxxx" MTKnın üçüncü şəxs kimi işə cəlb edilməsini, və cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə olan tələbin “mülkiyyətində olan Bakı şəhəri ünvan 6-ün (mansardın) qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsini cavabdeh Bakı şəhər Binəqədi rayon İcra hakimiyyətinə həvalə edilməsi” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-235/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)- 3111/2019 saylı qərardadı ilə ləğv edilərək iddia mümkün sayılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3276/2020 saylı qərarı ilə iddiа tələbi təmin еdilmişdir. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1316/2020 saylı, qərarı ilə Bakı İnzibati Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2-1(112)-3276/2020 saylı iş üzrə qərarı ləğv edilərək iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh inzibati orqana təqdim edilməsi qanunvericiliklə tələb olunan sənədlərdən biri də keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planıdır. Lakin işdən məlum olur ki, iddiaçı bu planı cavabdehə təqdim etməmişdir. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planının cavabdehə təqdim olunmamasını iddiaçı da təsdiq etmiş və bunu "xxxx" MTK-nın həmin planı ona verməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə görə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə müvafiq olaraq, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Mənzil Məcəlləsinin 21.2-1-ci maddəsinə əsasən, bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Mənzil Məcəlləsinin 21.3-cü maddəsinə görə, sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Mənzil Məcəlləsinin 21.4-cü maddəsinə müvafiq olaraq, sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. Mənzil Məcəlləsinin 21.5-ci maddəsinə əsasən, sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. Mənzil Məcəlləsinin 21.6-cı maddəsinə görə, keçirilən sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Mənzil Məcəlləsinin 21.7-ci maddəsinə müvafiq olaraq, əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Mənzil Məcəlləsinin 21.8-ci maddəsinə əsasən, sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. Mənzil Məcəlləsinin 21.9-cu maddəsinə görə, bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Mənzil Məcəlləsinin 21.10-cu maddəsinə müvafiq olaraq, keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Mənzil Məcəlləsinin 22.1-ci maddəsinə görə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən, həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları qəti olaraq müəyyən olunmuşdur. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati-Prosessual Məcəllənin 12.2-ci maddəsinə görə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İnzibati-Prosessual Məcəllənin 14.1-ci maddəsinə müvafiq olaraq, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə müvafiq olaraq, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçıların arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqana Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsi ilə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün qəti olaraq müəyyən olunmuş sənədləri təqdim etmişdir. Cavabdeh orqanın apellyasiya şikayətində dəlil kimi mübahisənin predmeti olan sahənin çoxmənzilli binada ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olması və buna görə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən həmin sahəyə çıxarış verilərək digər mülkiyyətçilərin huquqların pozulması hazırkı məhkəmə araşdırmanın predmeti ola bilməz. Mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun Dövlət reyestrində qeydə alınması iddiaçının həmin daşınmaz əmlaka bütün hüquqların əmələ qəlməsinin və hazırda mövcüd olmasının göstəricisidir. Habelə, kassasiya instansiya məhkəməsi bu baradə qeyd etmişdir ki, ünvan 4 ünvanında mansarda mərtəbəsində yerləşən ümumi sahəsi 65,1 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış həmin qeydin ləğv edildiyi və etibarsızlığı işin hallarından müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair iddiaçının müllkiyyət hüquqlarının Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeyd olunması, həmin sahəyə verilmiş çıxarışın məhkəmə üçün mötəbərliyinin əsas göstəricisidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsi ilə mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə kimi müəyyən olunub. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mansarda mərtəbəsindəki sahələrin yaşayış sahəsi kimi istismar olunması qanunvericilikdə nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından və iş materiallarında olan ekspert rəylərindən görünür ki, mübahisənin predmeti olan qeyriyaşayış sahəsi hal-hazırda yaşayış sahəsi qismində istismar olunur və həmin qeyriyaşayış sahəsinin yaşayış sahəsi kimi istifadə olunmasına hər-hansı məhdudiyyətin olmaması müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2-1(112)-650/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2-1(112)-650/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Aytən Oruczadə Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar