Məhkəmə qərarları › İş №2-1(103)-4070/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4070/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4070/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10149/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respubliklası Dövlət Miqrasiya Xidmətinin məktubları əsasında onlara qarşı tələbinin və həmin tələbdən irəli gələn imtinasının əsassız sayılması, X4, Sultanı Yasamin, Sultani İddiaçı4, İddiaçı5, İlyas Qurbani, Donya İmami, Yusif İmami, Hamid Mohammadi, Madina Mohammadi, Atifi Rana, Nazari İlyas və Ezatullahi Saranın vətəndaşlıq mənsubiyyətlərinin müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respubliklası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-10149/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı1 apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar 2000-ci illərdə Əfqanıstandan Azərbaycan Respublikasına gəlmiş və burada sığınacaq tapmış Əfqanıstan vətəndaşlarıdır, Azərbaycan Respublikası ərazisində 30 may 2014-cü il tarixə qədər dünyaya gəlmiş övladlarının vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə göstəriş verilməsinə dair xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə kollektiv iddia ərizəsi ilə müraciət etmişlər. Lakin Bakı İnzibati Məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Bakı İnzibati Məhkəməsi kollektiv iddianın mümkün sayılmamasını onunla əsaslandırmışdır ki, “iş materiallarından görünür ki, iddiaçılar uşaqlarının Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasını tələb edərək cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən hər birinə ayrıca icraatda baxılaraq qərar qəbul edilmişdir. Belə ki, iddiaçıların hüquqi maraqları mübahisə predmeti baxımından müştərək olmamaqla, eyni (yaxud uyğun) faktiki və hüquqi əsasa söykənmir. Göründüyü kimi, iddiaçıların qohum və ya başqa cür əlaqəli olmaları Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması barədə iddia irəli sürməkdə onların birgə iddiaçı qismində inzibati məhkəmədə icraatında iştirak etməsinə əsas vermir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.”. Lakin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmçinin Azərbaycan Respublikas! İnzibati Prosessual Məcəlləsinin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Bu səbəbdən hesab edirlər ki, Bakı İnzibati Məhkəmənin həmin qərardadı əsassız və qanunaziddir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, «İş materiallarından görünür ki, iddiaçılar uşaqlarının Azərbaycan Respublikasınln vətəndaşlığına mənsubiyyətinin tanınmasını tələb edərək cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən hər birinə ayrıca icraatda baxılaraq qərar qəbul edilmişdir. Belə ki, iddiaçıların hüquqi maraqları mübahisə predmeti baxımından müştərək olmamaqla, eyni (yaxud uyğun) faktiki və hüquqi əsasa söykənmir. Göründüyü kimi, iddiaçıların qohum və ya başqa cür əlaqəli olmaları Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması barədə iddia irəli sürməkdə onların birgə iddiaçı qismində inzibati məhkəmə icraatında iştirak etməsinə əsas vermir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır». Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələblərinə birlikdə baxılmasına imkan verən qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olub-olmamasını araşdırmamış, iddiaçıların hüquqi maraqlarının mübahisə predmeti baxımından müştərək olmamaqla, eyni (yaxud uyğun) faktiki və hüquqi əsasa söykənməməsini ümumi şəkildə yazmaqla kifayətlənmişdir. Məhkəmə müvafiq əsasların mövcud olub-olmamasını müəyyən etməli və hər bir əsasla bağlı ayrıca qiymətləndirmə aparmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 56.1. Məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Qanunvericiliyin tələbindən göründüyü kimi, məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. Buna əsasən qeyd edilməlidir ki, məhkəmə birgə baxılması mümkün olmayan hallarda bir icraatı müstəqil işlər üzrə ayrı-ayrı icraata ayırmaq səlahiyyətinə malikdir. Lakin iddiaçıların tələbinə birlikdə baxılması mümkün olmadığı halda məhkəmə icraatını müstəqil işlər üzrə ayrı-ayrı icraata ayırmaqla hər bir işə ayrıca baxılmasının mümkünlüyü də məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən göstərilən hallar araşdırmalı və bundan sonra iddianın mümkünlük məsələsinə qiymət verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv olunmalı, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10149/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar