Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4073/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:” iddiaçının şəhid ailəsinin üzvü kimi mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 22.02.2021-ci il tarixli, 002674 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvü statusu vardır;
2. Bakı şəhəri üzrə Təhsil İdarəsi 192 №-li tam orta məktəbin xx.xx.2025-ci il, 342 nömrəli arayışdan görünür ki, X6 192 №-li tam orta məktəbin 4b sinfində təhsil alır;
3. Bakı şəhəri üzrə Təhsil İdarəsi 192 №-li tam orta məktəbin xx.xx.2025-ci il, 343 nömrəli arayışdan görünür ki, X5 192 №-li tam orta məktəbin 1d sinfində təhsil alır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq:
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Beyləqan rayonu, Təzəkənd kəndində, xx.xx.2021-ci il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır;
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir;
6. Zığ Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı, X5 və X2 adına Zığ Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır;
7. Müdafiə Nazirliyinin Mənzil-İstismar xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X4 Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunması barədə məlumat yoxdur;
8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, kiçik çavuş X7 xx.xx.2009-cu il tarixdən xx.xx.2010- cu il tarixədək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi hərbi xidmət keçmiş və xx.xx.2014-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2016-cı il tarixdə təkrar həqiqi hərbi xidmətə çağırılaraq xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2019-cu il tarixdən 02.11,2020-ci il tarixədək N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi hərbi xidmət keçmiş və xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən açılan atəş nəticəsində həlak olmuşdur;
9. Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubuna İddiaçı mənzil növbəsinə qəbul edilməsi və çıxarılması ilə bağlı sənədlər əlavə edilmişdir:
10. Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 31 nömrəli sərəncamı ilə İddiaçı şəhid ailə üzvü kimi mənzil növbəsinə götürülmüşdür;
11. Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2024-ci il tarixli, 105 nömrəli sərəncamı ilə İddiaçı şəhid ailə üzvü kimi mənzil növbəsinə alınmış vətəndaşların siyahısından çıxarılmış və mənzil növbəliliyinin Bakı şəhəri Suraxanı rayonunda davam etdirilməsi üçün mənzil uçot sənədləri Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı şəhid ailəsi üzvü kimi mənzil növbəsinə qəbul edilməsi üçün cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024cü il tarixli məktubla iddiaçının Bakı şəhərində 5 il daimi qeydiyyatda olmadığını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir.
13. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1996- cı ildə Beyləqan rayonunda doğulmuşdur. Orta təhsilini Beyləqan rayonunda almışdır. 8 aprel 2014-cü ildə X7 ilə nikah bağlamışdır. Bu nikahdan Abbas və Tuncay adlı iki övladı doğulub. X3 xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə başlamışdır. 44 günlük Vətən Müharibəsi zamanı əri müharibəyə yola düşmüş, Cəbrayıldan Şuşayadək döyüşlərdə iştirak etmiş, böyük rəşadət və qəhrəmanlıq göstərmişdir. xx.xx.2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra əri Tural Əliyev, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli, 2364 nömrəli sərəncam ilə “Xocavəndin azad olunmasına görə”, 25 dekabr 2021-ci il tarixli, 3862 sayılı sərəncamla “Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli, 2714 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”medalla 24 iyul 2021-ci il tarixli 2722 nömrəli sərəncamı ilə “Vətən uğrunda medalları ilə təltif olunmuşdur. Onlar ailə qurduqdan sonra ərinin ailəsi ilə birlikdə yaşamışdır. Əri şəhid olduqdan sonra ilk aylar ailədə qayınatası və qayınanası ilə münasibəti normal olmuşdur. Lakin bir müddət sonra ailədə ona və uşaqlarına qarşı münasibətlər dəyişmiş, tədricən ailədaxili mübahisələr yaranmışdır. Vəziyyətin yaxşıya doğru getmədiyini görüb həmin evdən çıxıb Bakıda yaşayan valideynlərinin yanına qayıtmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Zığ Qəsəbəsi, Hövsan yolu ünvanında yaşayan qohumlarının evində qeydiyyata alınmışdır. Hazırda həmin ünvanda yaşayır. Bakıya köçməkdə məqsədi övladlarının sağlam böyüməsi və təhsil alması olmuşdur. Daimi yaşayış yerinin olmamasını nəzərə alaraq qeydiyyatda olduğu Suraxanı Rayon İcra Hakimiyyətinə şəhid ailələri üçün nəzərdə tutulan evlə təmin olunmağı üçün müraciət etmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətinə imtina verilmişdir. İcra Hakimiyyəti imtinanı Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndi ilə əsaslandıraraq qeyd etmişdir ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il Bakı şəhərində daim qeydiyyatda olmaqla yaşamış olsunlar. Həmçinin cavab məktubunun ikinci hissəsində İcra Hakimiyyəti fikrini Mənzil Məcəlləsinin 52-ci maddəsi ilə əsaslandırmağa çalışaraq qeyd edir ki,yaşayış sahəsinə ehtiyacı olan qismdə uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
15. Cavabdeh etirazında göstərmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Eyni zamanda bu qaydaların 17-ci bəndinin B hissəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaq istəyən vətəndaşın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin uçotda durub-durmadıqları haqda arayış tələb edilir və şəxsin digər yaşayış yeri üzrə uçotda oluduğu aşkarlanırsa müraciətə imtina cavabı verilir. İddiaçı isə Bakı şəhəri, Suraxanı rayonu rayonuna yaşayış yeri üzrə qeydiyyatda alınmamışdan əvvəl Beyləqan rayonunda yaşayış yeri üzrə qeydiyyatda olmuş və Beyləqan rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır. Mənzil qanunvericiliyinin tələblərinə əsasən imtyazından aslı olmayaraq şəxs yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində bir yer üzrə mənzil uçotunda olmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsində göstərilənlərə yəni Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülürlər. Yaşayış yeri və olduğu yer üzrə Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4453/2025saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mənzil növbəsinin köçürülməsi qanunvericilikdə tənzimlənməsə də, bunu qadağan edən hər hansı bir müddəa da yoxdur.
18. Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, iddiaçının Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtina edilməsi qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4453/2025 xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər
25. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ......
24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. ....
26. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; 48.2. qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3. vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Maddə
55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə;
27. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Maddə 8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli qaydası Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
28. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanına əsasən: 2.1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.5-ci maddəsinin birinci cümləsində, 49.6-cı, 103.2.1-ci, 146.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.3. həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən: Bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.
2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
34. Daha sonra məhkəmə Kollegiyası iddia tələbi və apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, işin hallarından müəyyən olunur ki, İddiaçı şəhid ailə üzvü statusu və vəsiqəsinə sahibdir. O, Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 31 nömrəli sərəncamı ilə şəhid ailə üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Hazırda Bakı şəhərinin Suraxanı rayonunda yaşadığından, yaşadığı yer üzrə mənzil növbəsinə götürülməsi tələbini irəli sürmüşdür.
35. Tətbiq olunan mənzil qanunvericiliyinin tələblərinə əsasən imtyazından aslı olmayaraq şəxs yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində bir yer üzrə mənzil uçotunda olmalıdır.
36. İddiaçı isə Bakı şəhəri, Suraxanı rayonu rayonuna yaşayış yeri üzrə qeydiyyatda alınmamışdan əvvəl Beyləqan rayonunda yaşayış yeri üzrə qeydiyyatda olmuş və Beyləqan rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır.
37. Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsində göstərilənlərə, yəni Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülürlər.
38. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Beyləqan rayonu, Təzəkənd kəndində, xx.xx.2021-ci il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır;
39. Yaşayış yeri və olduğu yer üzrə Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
40. Tətbiq edilən qanunvericilik aktlarının tələblərindən məlum olur ki, yerli icra hakimiyyəti orqanları qanunla müəyyən edilmiş tələblərə uyğun olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını həyata keçirməlidir.
41. Lakin işin hallarından görünür ki, İddiaçı isə Bakı şəhəri, Suraxanı rayonu rayonuna yaşayış yeri üzrə qeydiyyatda alınmamışdan əvvəl Beyləqan rayonunda yaşayış yeri üzrə qeydiyyatda olmuş və Beyləqan rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır.
42. Belə ki, Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 31 nömrəli sərəncamı ilə İddiaçı şəhid ailə üzvü kimi mənzil növbəsinə götürülmüşdür.
43. Beləliklə, məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
44. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
45. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.
46. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək iddia rədd olunmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.