Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4075/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Arzu israfil qızı Hüseynovanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 13 saylı, xx.xx.1991-ci il tarixli Qərarından görünür ki, Bakı şəhəri, Əzizbəyov küçəsi, 13 nömrəli edə yaşayan, Birləşmiş təsərrüfat hesablı komission mağazasında müdir vəzifəsində işləyən X3 Mərdəkan qəsəbəsində 3/914 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.metr torpaq sahəsi ayrılmışdır.
2. Xəzər rayon İcra Hakimiyyəti tərəfindən Əzizbəyov Rayon XDS İKnin 13 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinə dair yerləşmə sxemi tərtib edilmişdir.
3. 03.10.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 750 kv.m, faktiki sahəsi isə 680 kv.metdir, torpaq sahəsi mişar daşı ilə hasara alınıb. Yaşayış evi və həyət tikilisi mövcuddur.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “3/914” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Buzovna bağ massivində yerləşməklə, çox hissəsi “Buzovna” qəsəbəsinin ərazisi olsa da, Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 13 nömrəli Qərarında torpaq sahəsinin yerləşdiyi ünvan olaraq Mərdəkan qəsəbəsi qeyd olunmuşdur. Həmçinin, qeyd olunan torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir. Bundan başqa, qeyd olunan torpaq sahəsinin sənəd üzrə ölçüsü 750.0 kv.m, faktiki isə 680.0 kv.m təşkil edir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 13 saylı, xx.xx.1991-ci il tarixli Qərarı ilə onun qanuni istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “3/914” saylı torpaq sahəsi üzərində, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında, yerləşmə sxemində göstərilən 680 kv.metr ölçüdə olmaqla, mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı bildirir ki, Xəzər Rayon İcra hakimiyyəti tərəfindən tərtib edilən cizgidə 680 kv.m. sahə göstərilmişdir. Torpaq sahəsinin az olması iddiaçını qane etmədiyi təqdirdə, cizgi mübahisələndirilərdi. Əlavə olaraq, iddiaçı torpaq sahəsinin azalması ilə bağlı 680 kv.m. ölçüyə dair qeydiyyatın aparılmasına razıdır və adətən qeydiyyat orqanı bu səbəblə ərizənin icrasından imtina etmir, ərizəçiyə əlavə olaraq notarial təsdiqli razılıq ərizəsi verməyi təklif edir. Bundan əlavə, vətəndaş torpaq sahəsinin məhz hansı ərazidən ayrılmasına görə məsul deyil. Səlahiyyətli dövlət qurumu olaraq keçmiş Əzizbəyov Rayon XDS İcraiyyə Komitəsi sözügedən torpaq sahəsini qərarla ayırmışdır. İnzibati akt sayılan bu qərar ləğv edilməmiş və mübahisələndirilməmişdir. İnzibati aktın mötəbərliyi ilə bağlı qanunvericiliyin mövqeyi də bəllidir. Belə olan halda, yalnız hüquqların qeydiyyatını aparmalı olan cavabdehin səlahiyyəti, təqdim edilən sənədlərin həqiqiliyinin yoxlanılması ilə bağlı ola bilər. Həmçinin imtina səbəbi kimi torpaq sahəsinin “çox hissəsinin Buzovna” ərazisi olması ilə bağlı cavabdehin mövqeyinə inanılsa, məntiqlə torpaq sahəsinin “az hissəsi” Mərdəkan qəsəbəsi ərazisinə düşür. Belə olan halda, həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəddə ünvan olaraq Buzovna qəsəbəsi göstərildiyi halda torpağın “az hissəsi”nin Mərdəkan qəsəbəsinə düşdüyü səbəb göstəriləcəkdi. Həm Mərdəkan, həm də Buzovna qəsəbələri eyni rayonun inzibati ərazisinə daxil olduğundan, inzibati orqan həmin qəsəbələrə dair torpaq ayırmaqda səlahiyyətli olmuşdur.
8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Buzovna bağ massivində yerləşməklə çox hissəsi “Buzovna” qəsəbəsinin ərazisi olsa da, Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 13 nömrəli Qərarında torpaq sahəsinin yerləşdiyi ünvan olaraq Mərdəkan qəsəbəsi qeyd olunmuşdur. Həmçinin, ərazi 66-67 nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəlir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
10. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan faktiki hallara hüquqi qiymət verməmiş və tam araşdırma aparmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
13. Məhkəmədə iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkləməsinin qərarının qüvvədə saxlanması, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
15. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
19. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 13 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə ona ayrılmış həmin 680 kv.metr torpaq sahəsinə hüququnun qeydə alınmasını tələb edir.
20. Cavabdeh orqan isə elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin çox hissəsinin “Buzovna” qəsəbəsinin ərazisi olmasını, lakin Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 13 nömrəli Qərarında torpaq sahəsinin yerləşdiyi ünvanın Mərdəkan qəsəbəsi qeyd olunduğunu, həmçinin, həmin ərazinin 66-67 nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəldiyini bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.
21. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.
22. Belə ki, Daşınmaz Əmalkın Dövlət Kadastr və X4 Şəxsi Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin 27 noyabr 2024-cü il tarixli məktundan görünür ki, 1990-1991-ci illərdə Xəzər rayonunun Buzovna və Mərdəkan qəsəbəsi arasında olan sərhədləri əks tdirən xəritə aşkar edilməmişdir.
23. Bakıl şəhər İcra Hakimiyyətinin 25 noyabr 2024-cü il tarixli 3-52/2-4055/2024 saylı məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilən icarə müqavilələri Bakı şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
24. Daşınmaz Əmlakın Dövlət Kadastr və X4 şəxsin 1 saylı Bakı Ərazi İdarəsində məhkəmənin sorğusuna əsasən təqdim etdiyi və iddiaçının qonşuluğunda olan 66 və 67 nömrəsi ilə başlayan bağ sahələrinin ilkin və sonrakı mülkiyyət hüququnu müəyyən edən sənədlərdən məlum olur ki, qeyd olunan torpaq sahələri Buzovna qəsəbəsinin ərazində yerləşir. 2016-cı ildə Buzovna və Mərdəkan qəsəbələrinin sərhədlərini müəyyən edən xəritədən görünür ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən 67 b bağ sahəsinində bir hissəsi Mərdəkan qəsəbəsinin əraziniə düşür və cavabdeh təşkilat tərəfindən bir neçə dəfə 67 b saylı bağ sahəsinə mülkiyyət hüququnu müəyyən edən çıxarış verilib.
25. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir.
27. Qanunvericiliyin tələbinə əsasən kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən edilməli, yerli icra hakimiyyəti orqanlarının aktları bu əsaslardan birinə aid edilməlidir. Göründüyü kimi, iddiaçı bu əsası – ev tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 13 saylı, xx.xx.1991-ci il tarixli qərarını cavabdehə təqdim etmişdir.
28. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində “qərarda torpaq sahəsinin yerləşdiyi ünvan olaraq Mərdəkan qəsəbəsi qeyd olunsa da, Buzovna bağ massivində yerləşməsinə” münasibətdə məhkəmə kollegiyası bildirir ki, işdə olan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə - Tədqiqat İdarəsi tərəfindən 2016-cı ildə hazırlanmış, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş xəritəyə əsasən Buzovna qəsəbəsi ilə Mərdəkan qəsəbəsi arasında olan sərhəd vətəndaş İddiaçı ayrılan torpaq sahəsinin diaqonal xətt üzrə mərkəzindən keçir və Mərdəkan qəsəbəsinin inzibati ərazisindən Buzovna qəsəbəsinin inzibati ərazisinə 1991-ci ildən sonra hər hansı torpaq sahəsi verilməmişdir.
29. Göründüyü kimi cavabdeh təşkilat qeyd olunan torpaq sahəsinin 66-67 nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəlməsini ilə gətirdiyi arqumentləri əsassız edir.
30. Odur ki, kollegiya torpaq sahəsinin ayrıldığı dövrdə koordinat sisteminin olmadığını, sərhədlərin şərti olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsinin Mərdəkan qəsəbəsinin qonşuluğuna yerləşən Buzovna qəsəbəsinin ərazisinə düşməsində iddia hər hansı bir məsuliyyət daşımır.
31. Cavabdehin digər dəlili olan “göstərilən ərazinin 66-67 nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəlməsinə” münasibətdə kollegiya bildirir ki, iddiaçıya ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məsqədilə ayrılmış torpaq sahəsidir və bununla bağlı Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. Göründüyü kimi, həmin torpaq sahəsi ayırma səlahiyyətinə malik qurum tərəfindən ayrılmışdır.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
33. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.