Məhkəmə qərarları › İş №2-1(103)-408/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-408/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-408/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X24 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X13 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7926 nömrəli qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2-1(112)-5763/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7926 nömrəli qərarın ləğv olunması iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsi operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 005302№ aktı əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7926 №-li Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hesab olunaraq, barəmdə 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməyim qərara alınmışdır. 10.000 manat məbləğin xx.xx.2022-ci ilədək ödənilməsinin tələb olunmasına dair **********7927 № Tələbnamə verilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirəm ki, cavabdeh vergi orqanının xx.xx.2021-ci il tarixli **********7926 №-li Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, fizki şəxs kimi fərdi sahibkarlıq fəaliyyətilə (ictimai iaşə) məşğuldur. Fəaliyyət sahəsi Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslan k., ev 2 yanında yerləşən “Arpaçay” kafesində əhaliyə xidmət göstərilməsi ilə bağlıdır. Fərdi sahibkar olaraq işəgötürən kimi 5 nəfər fiziki şəxslə əmək müqaviləsi (kontraktı) bağlanmaqla, 8 nəfər fiziki şəxslə isə qanunvericiliyin tələbinə uyğun olaraq xidmət müqaviləsi bağlanılmaqla fəaliyyət göstərir. 17 noyabr 2021-ci il tarixdə saat 14:00 da DVX-nın Bakı Şəhəri X22 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyətimi həyata keçirdiyim ünvan 1 ünvanında olan kafedə (“Arpaçay" kafesi) operativ vergi nəzarəti həyata keçirilmişdir. Sözügedən operativ vergi nəzarəti yoxlaması ilə vergi orqanının əməkdaşları tərəfindən sahibkarlıq fəaliyyətimi həyata keçirtdiyim obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən olaraq tərəfimdən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib-edilməməsi halları yoxlanılmış və bu yoxlama ilə əlaqədar DVX seriyalı, ******* №-li, 17 noyabr 2021-ci il tarixli akt, eləcə də eyni tarixli digər akt, eləcə də barəmdə Azərbaycan Resbuplikasının İXM-nin 602.4 maddəsi ilə MN 087419 №- li, 17 noyabr 2021-ci il tarixli “inzibati xəta haqqında protokol" tərtib edilmişdir. Nizami rayon məhkəməsinin (hakim R.Əhmədov) xx.xx.2021-ci il tarixli qərarı ilə barəmdə Azərbaycan Resbuplikası İXM-nin 602.4 maddəsi ilə MN 087419 №-li, 17 noyabr 2021-ci il tarixli “inzibati xəta haqqında protokol” üzrə icraata xitam verilmişdir. Yoxlamaya gəldikləri andan dövlət məmuruna yaraşmayan davranışlara yol verən vergi əməkdaşları qərəzli və qeyriobyektiv hərəkətlərə yol verməklə sahibkarlıq hüquqlarını kobud şəkildə pozmuşlar. Yoxlamaya hər cür şərait yaradılmasına baxmayaraq, vergi əməkdaşları ona və obyektdə əmək müqaviləsi və xidmət müqaviləsi ilə işləyən şəxslərə qarşı kobud rəftar etmişlər, buna etiraz etdikdə isə əraziyə polis dəvət etmişlər. O da eyni zamanda, vergi əməkdaşlarının qanunsuz hərəkətləri barədə polisə müraciət edib. Belə ki, Vergi əməkdaşları obyektdə hər hansı fəaliyyət göstərməyən kənar şəxsləri - su kranını təmir üçün gəlmiş şəxsi, obyektin bayırında suvaq işi görən şəxsi, obyektdə işləyən anasının yanına gəlmiş yetkinlik yaşına çatmayan uşağı, guya, obyektdə işləyən şəxs kimi aktlaşdıracaqlarını bildirəndə o buna qəti etiraz edib. Sonradan həmin şəxsləri guya, müqavilə olmadan işə cəlb etməyi ilə bağlı akt tərtib etmişlər. Halbuki fərdi sahibkar olaraq 5 işçi ilə əmək müqaviləsi, 8 (səkkiz) nəfər şəxslə isə digər müqavilə bağlamaqla, ümumilikdə 13 nəfər şəxsin obyektdə çalışdığını izahatında göstərib, buna uyğun aktın tərtib edilməsi tərəfimdən vergi orqanının əməkdaşlarından xahiş edilsə də, onlar buna əməl etmədilər və hər hansı bir sənədi imzalamaq üçün ona təqdim etmədən, eləcə də yazılı izahat tələb etmədən çıxıb getmişlər. Onların şifahi sualları onun tərəfindən bütünlüklə cavablandırılmış, əmək müqaviləsi və digər şəxslərin xidmət müqavilələri yoxlayıcılara təqdim olunmuş, lakin yoxlayıcılar qərəzli mövqe nümayiş etdirərək bu sualları üzrə cavablarının onları qane etmədiklərini bildirdilər. Hesab edir ki, hazırki iddia tələbi ilə ləğvi xahiş olunan Qərarın - inzibati qərarın qəbul edilməsinə əsaslar olmadığı halda, cavabdeh vergi orqanı tərəfindən qanunsuz və əsassız olaraq belə qərar qəbul olunmuş, bununla onun üzərində əsassız maliyyə sanksiyası ödənilməsi vəzifəsi yaradılmağa cəhd göstərilməklə fərdi sahibkar olaraq qanuni maraq və mənafeləri pozulmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********4324 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021 -ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Az 1031 Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslanov 2-in yanında yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005302 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair aktın tərtib edilmiş, lakin vergi ödəyicisi heç bir əsas göstərmədən aktı imzalamaqdan imtina etmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 10:12:26-da oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********7926 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 10000 (on min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********672100 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 21:42:25-də oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, vergi orqanı obyektdə hər hansı fəaliyyət göstərməyən kənar şəxsləri- su kranının təmiri üçün gəlmiş şəxsi, obyektin çölündə suvaq işi görən şəxsi, obyektdə işləyən anasının yanına gəlmiş yetkinlik yaşına çatmayan uşağı əmək müqaviləsi bağlanmadan işə cəlb edilmiş işçilərim kimi aktda qeyd etmişdir. X1 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 2021-ci ilin sentyabr ayından İddiaçı tərəfindən işə götürüldüyünü bildirmişdir. İzahatda olan “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti sizə təqdim edilib?” sualına işçi tərəfindən qeyri-obyektiv cavab verilərək bildirişin ona təqdim edildiyi qeyd olunmuşdur. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən İddiaçı ilə X7 arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixində isə həmin əmək müqaviləsinə xitam verilmişdir. X2 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən İddiaçı tərəfindən “Arpaçay” obyektində xadimə vəzifəsinə işə götürüldüyünü, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X11 xx.xx.2021-ci il tarixli etirafedici izahatında 1 həftədir ki, İddiaçı tərəfindən ofisiant köməkçisi vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X5 xx.xx.2021-ci il tarixli etirafedici izahatında su sistemini düzətmək üçün İddiaçı tərəfindən işə cəlb olunduğunu, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X3 heç bir səbəb göstərmədən yazılı izahat verməkdən imtina etmişdir. Qeyd olunan işçilərin heç biri yetkinlik yaşına çatmayan şəxs deyildir. Göründüyü kimi, iddiaçı dürüst olmayan, ümumi ifadələrdən istifadə edərək məhkəmənin ədalətli qərar çıxarmasına mane olmağa çalışmış və operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: Müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; -bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; -tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; -tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; -yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7926 nömrəli qərarına əsasən X21 (VÖEN: **********) Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2-1(112)-5763/2022 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7926 nömrəli qərarının İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın təmin edilmiş hissədə ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, AZ1031, ünvan 2 ünvanında yerləşən “Arpaçay” kafesində operativ vergi nəzarəti keçirilmiş, cavabdeh tərəfindən operativ vergi nəzarətinin təyinatı üçün əsas olaraq Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar qeyd edilmişdir İddiaçıya aid kafedə aparılmış vergi yoxlaması zamanı tərtib edilmiş xx.xx.2021-ci il tarixli DVX№005302 aktda həmin restoranda 5 nəfər şəxsin əmək müqaviləsi olmadan işləmələri qeyd olunmuşdur. Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. Həmin Məcəllənin 58.10-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Yoxlama materialları ilə müəyyən edilir ki, vergi müfəttişi tərəfindən qeyd edilmişdir ki, X8 izahatda qoyulmuş suallara qeyri-obyektiv cavablandırmaqla sonadək qoyulmuş suallara cavablandırmaqdan və imza etməkdən imtina etmişdir. X14 izahatında qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixindən Nizami rayonu Keşlə ŞTQ Davud Aslan küçəsi 2 ünvanında yerləşən “Arpaçay” restoranında (Fariz tərəfindən) xadimə qismində sınaq müddətinə işə götürülmüşdür. X16 izahatında qeyd etmişdir ki, xarab olan su sistemini düzəltmək üçün 90 dəqiqəlik X19 tərəfindən dəvət olunmuşdur, iş müqabilində 10 manat alacaqdır. X20 izahatında qeyd etmişdir ki, bir həftədir ki, İddiaçı tərəfindən ofisiant köməkçisi vəzifəsinə işə götürülüb. Vergi müfəttişləri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda X4 hər hansı əsas göstərmədən izahat verməkdən imtina etdiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim olunan yoxlama materiallarına əsasən müəyyən olunur ki, X8 (VÖEN **********) fərdi yaşayış evlərində və mənzillərində ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi, iaşə obyektlərində ofisiant xidməti və digər analoji işlər fəaliyyət növü üzrə xx.xx.2021-ci il tarixdən Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmişdir. Eləcə də iş materiallarına əsasən müəyyən olunur ki, X8 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqələrinə əsasən dövlət büdcəsinə 240 manat vergi, 198 manat məcburi dövlət sosial sığorta haqqı, 132 manat icbari sığorta haqqı ödənilmişdir. Belə olan təqdirdə, həmin şəxsə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 58.10-cu maddəsinin dispozisiya şərtinə uyğun gəlmir. X10 izahatına əsasən iddiaçı ilə həmin şəxs arasında əmək münasibətlərinin mövcud olmadığı, xarab olan su sistemini düzəltmək üçün birdəfəlik xidmətin göstərilməsi üçün cəlb edildiyi müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edilən şəxslə iddiaçı arasında əmək münasibətlərinin mövcud olduğu qənaətinə gəlmək üçün əsas müəyyən etməmişdir. Aktda adı qeyd olunan, lakin vergi yoxlaması zamanı izahatı alınmayan X9 münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin şəxslə iddiaçının əmək münasibətlərinin olması hər hansı digər mötəbər dəlillə təsdiqini tapmır. Belə ki, iddiaçı həmin şəxslə əmək münasibətlərinin olmadığını, vergi orqanın nümayəndələri isə qeyd edilən halı müəyyən etdiklərini bildirirlər. Həmin şəxsin izahat verməkdən imtinasına dair cavabdehin dəlilinə münasibətdə isə izahatı alınmış şəxslərdən heç biri orada X12 adlı şəxsin işləməsi barədə məlumat qeyd etməmişlər. Odur ki, qeyd edilən şübhə vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Vergi Məcəlləsinin 41.1-ci maddfəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, üç nəfərə münasibətdə (X16, X8, X12) cavabdeh qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2-1(112)-5763/2022 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar