Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4080/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Novruz qızı Kərimovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(112)- 12782/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sərbəst toplaşmaq azadlığını pozan cavabdehin iddiaçılara ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi və vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar ictimai siyasi fəallardır. Onlar həbsdə olan Qubad İbadoğlunun (X2) hüquqlarının müdafiəsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə piket keçirilməsi üçün müraciət etmişlər. Müraciət xx.xx.2023-cü tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmışdır. Müraciətdə piketdə 25 nəfərin iştirak edəcəyi, piketin 03 avqust saat 15:00-da Ədliyyə Nazirliyinin qarşısında keçiriləcəyi qeyd edilmişdir. Lakin Bakı Şəhər İcra Hakimiyyəti 31 iyul 2023-cü il tarixdə həmin ərazinin intenvis yol hərəkətinə yaxın olmasını və həmin yerdə piketin keçirilməsinin digər insanların sərbəst hərəkətində çətinliklər yaranmasını qeyd edib məqsədəuyğun hesab edilməmişdir. Həmin cavab-hərəkət qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(112)-12782/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. (6 və 7-ci bəndlər). İş materiallarından görünür ki, iddiaçılar 27 iyul 2023-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 03 avqust saat 15:00-da Ədliyyə Nazirliyinin qarşısında piketin keçirilməsinə şərait yaradılmasını xahiş etmişlər. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin müraciətə cavab olaraq, bildirilmişdir ki, piket keçirilməsi üçün qeyd edilmiş ərazi nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaqdır. Eyni zamanda, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsi nəzərə alınaraq, 03 avqust 2023-cü il tarixdə planlaşdırılan piketin keçirilməsi məqsədəmüvafiq hesab edilmir. Hazırda iddiaçılar iddia edirlər ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən onların İnsan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 11-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi ilə müəyyən olunmuş hüquq və azadlıqları pozulmuşdur. İddia ərizəsində iddiaçılar, onların planlaşdırdığı tədbirlə bağlı müraciət etdikləri cavabdeh İcra Hakimiyyətinin cavab məktubunda sonuncunun qaldırılan məsələ ilə mövqeyini həmin tədbirin qadağan edilməsinə yönəlmiş inzibati qərar kimi qiymətləndirmişlər. Belə ki, imtina məktubunun qanunsuz sayılması tələbi irəli sürülmüşdür. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 2.2.5-ci maddəsinə görə, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Bundan başqa hazırkı iş üzrə tərəflərin istinad etdikləri “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşınalığa münasibətə sədd qoymaq məqsədinə yönəlmişdir. Qanun hər kəsin azadlığını məlum çərçivədə məhdudlaşdırmaqla, onun öz hüquqlarından maneəsiz və sakit istifadə etməsini təmin edir, yəni bu hədlər daxilində azadlığına təminat verir. Hər bir insanın azadlığı məhz, digər insanların azadlığının başlandığı sərhədə qədər uzanır. Bu sərhədləri müəyyənləşdirməyə cəhd etməklə, qanun insanların gündəlik həyatında azadlığa əsaslanan qaydanın bərqərar olmasına köməklik göstərir Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(112)- 12782/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4080/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4080/2023
05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver