Məhkəmə qərarları › İş №2-1(103)-4080/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4080/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4080/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı “qərarın və torpaq sahəsinin satılmasına dair aktın etibarsız sayılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X7 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı “qərarın və torpaq sahəsinin satılmasına dair aktın etibarsız sayılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1460/2024 saylı 27 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Bakı şəhəri Nizami Bələdiyyəsi və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında 500 kv.m. torpaq sahəsinin ayrılmasına dair Cavabdeh 27 oktyabr 2006-cı il tarixli, 35 nömrəli qərarının, həmin bələdiyyə tərəfindən X4 500 kv.m. torpaq sahəsinin satılmasına dair tarixsiz aktın və X5 və X3 adına həmin torpaq sahəsinə dair verilmiş mülkiyyət hüquqları barədə müvafiq sənədlərin etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.metr olan torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmişdir. Bununla bağlı onunla Bakı şəhəri Nizami Bələdiyyəsi arasında 15 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, daha sonra həmin müqavilə eyni müddətə uzadılmışdır. O, qanunla nəzərdə tutulmuş qaydada icarəsində olan torpaq sahəsinə görə vaxtlı-vaxtında icarə haqqını ödəmiş və müqavilə üzrə üzərinə düşən vəzifələri yerinə yetirmişdir. X5 və X9 onun icarəsində olan torpaq sahəsinə dair Bakı şəhəri Nizami Bələdiyyəsinin saxta 27 oktyabr 2006-cı il tarixli, 35 nömrəli qərarını hazırlamış, daha sonra torpaq alqı-satqısına dair tarixsiz saxta akt hazırlayaraq, bu sənədlər əsasında sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etmişlər. Həmin qərar və akt Faiq Hüseynovun adına saxta yolla hazırlanaraq DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş, həmin qərar və akt əsasında icarəsində olan torpaq sahəsini əhatə edən Faiq Hüseynovun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra X5 və X9 Bakı şəhəri 52 saylı notariat kontorunda həmin torpaq sahəsinin alqı-satqısına dair 21 noyabr 2016-cı il tarixli AN-İ seriyalı ******* nömrəli müqavilə bağlamış, bu müqavilə əsasında Nahirə Süleymanlının iddiaçının icarəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış və ona bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Onun şikayəti əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli, 29481 nömrəli və 29 yanvar 2019-cu il tarixli, 939 nömrəli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarındaki imza birbaşa əllə icra olunmamış, hər hansı eyni növ sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. İcarəsində olan torpaq sahəsi saxta bələdiyyə aktı əsasında qanunsuz olaraq ələ keçirildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-94/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında 500,0 kv.metr torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarı, həmin bələdiyyə tərəfindən X4 500,0 kv.metr torpaq sahəsi satılmasına dair tarixsiz aktı və onların adına həmin torpaq sahəsinə dair verilmiş mülkiyyət hüquqları barədə müvafiq sənədlər ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-260/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-94/2021 saylı qətnaməsi Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarının, həmin bələdiyyə tərəfindən X4 torpaq sahəsinin ayrılmasına dair tarixsiz aktın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması hissəsində ləğv edilmiş və həmin iddia tələblərinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilmiş, izah olunmuşdur ki, həmin tələblə bağlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Hazırda Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarının, həmin bələdiyyə tərəfindən X4 torpaq sahəsinin ayrılmasına dair tarixsiz aktın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mövcudluğu iddiaçının qanunla nəzərdə tutulan əmlak hüquqlarını pozur. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə elektron qaydada məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər sırasından X5 və X3 çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, cavabdehlər sırasından X5 və X9 xaric edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 və xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1460/2024 saylı 27 avqust 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nizami bələdiyyəsi ilə aramızdakı icarə müqaviləsinin15 dekabr 2021-ci il tarxidən sonrakı müddətə uzadılması və ya hazırda qüvvədə olması Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatında olan 2(103)-260/2022 nömrıli iş materialları arasında olan Nizami bələdiyyəsinin 18 may 2022ci il tarixli, 01/312 nömrəli məktubu ilə də təsdiq olunub. Belə ki, icarəçi – İddiaçı icarə müqaviləsinin 4.1-ci bəndində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək icarə müqaviləsinin uzadılması haqqında rəsmi ərizə ilə Nizami bələdiyyəsinə müraciət etmiş, Bələdiyyə isə həmin müqavilənin uzadılmasna etiraz etməmiş və bununla bağlı icarəçiyə rəsmi məktub yollamışdır. (Bu məktub apellyasiya şikayətinə əlavə olunur) Məhkəmə hər bir halda bələdiyyənin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməli, onun tərəfindən icarə müqaviləsinin uzadılıb-uzadılmaması və ya müqavilənin hazırda qüvvədə olub-olmaması ilə bağlı ziddiyyətli məqamlara aydınlıq gətirməli idi. Yaxud da məhkəmə bu məsələni bələdiyyəyə sorğu verməklə aydınlaşdırmalı idi. Lakin məhkəmə bunu etməmişdir. Bundan başqa, məhkəmə hazırkı iddia ilə müraciət etməkdə iddiaçının subyektiv hüququnun olub-olmamasını qiymətləndirərkən iddia ərizəsində qeyd edilən və iş materialları arasında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2293/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında əks olunan hüquqi mövqeyi və müəyyən edilmiş halları nəzərə almamışdır. Ali Məhkəmənin adı çəkilən qərarı hazırkı mübahisənin bir hissəsi ilə bağlı olmaqla İddiaçı cavabdehlər X1, Bakı şəhəri Nizami Bələdiyyəsinə, X4, Bakı şəhəri 52 saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hasarın və ağacların bərpa olunması” tələbinə dair hazırkı işdə də iddiaçı olan İddiaçı kassasiya şikayəti əsasında qəbul olunub. İddiaçı kassasiya şikayəti verdiyi aprel 2023-cü ildə, (yəni bələdiyyə ilə arasındakı icarə müqaviləsinin müddətinin bitməsindən - 15 dekabr 2021-ci il sonrakı müddətdə) həmin torpaq sahəsinə hüququ olmayıbsa, yaxud da həmin mübahisə üzrə iddia irəli sürməyə subyektiv hüququ olmamşdırsa, onda kassasiya instansiyası necə onun şikayətini təmin etmişdir? Daha yuxarı kassasiya instansiyası məhkəməsi mülkiyyət hüquqlarının pozulması ilə bağlı İddiaçı kassasiya şikayətini icraatına qəbul edib baxıb və sonda da şikayətini təmin edibsə, bu mövqe o deməkdir ki, İddiaçı 2023-cü ildə də icarəsində olan torpaq sahəsinə hüquqları olub və o, məhkəmə tərəfindən müdafiə olunmuşdur. Məhkəmə Mülki Məcəllənin 719.2-ci maddəsini tətbiq etməmişdir. Belə ki, icarəçi ilə icarəyəverən arasında olan icarə müqaviləsi ən azı üç ildən çox müddətə bağlanmış, müddətin sonunda isə icarəçi həmin maddədə göstərilən qaydada müqavilənin uzadılması ilə bağlı təklif vermiş və təklifi qəbul olunmuşdur. Məhkəmə habelə AR MM-nin 720.4-720.8-ci bəndlərinin tələblərini pozaraq nəzərə almamışdır ki, icarəyə verən Nizami Bələdiyyəsi iddiaçının icarə müqaviləsini uzatmaq barədə yazılı təkilfinə müsbət cavab vermiş, xüsusi məktubla (apellyasiya şikayətinə əlavə olunur) bildirmişdir ki, icarə münasibətlərinin uzadılmasına etiraz etmir, habelə müqavilənin bitməsindən sonrakı illər – 2022-2024-cü illər üzrə icarə haqqlarını da qəbul etmişdir. Qeyd edilən AR TM-nin 75-ci maddəsinin 2-ci bəndinə görə qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. Məhkəmə AR Torpaq Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndini tətbiq etməmiş, nəzərə almamışdır ki, iddiaçı ilə arasındakı 15 dekabr 2006-cı il tarixli müqavilənin ləğvi barədə Nizami Bələdiyyəsinin qərarı yoxdur. Məhkəmə habelə AR Torpaq Məcəlləsinin 75.6-cı maddəsini də tətbiq etməmiş, nəzərə almamışdır ki, iddiaçı icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı AR Mülki Məcəlləsinin 719.2-ci maddəsinin tələblərinə riayət etmişdir. Məhkəmə qeyd edilən maddələrin tələblərini pozaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, o cümlədən bələdiyyənin eyni hala dair müxtəlif məzmunlu məktublar təqdim etməsini, işdə olan kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən hüquqi mövqeyi və sair araşdırmamış, habelə öz təşəbbüsü ilə etibarsız hesab edilməsi xahiş edilən bələdiyyə qərarının saxtalığı barədə sübutları toplamamışdır. Tərəflərin izahatları xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və 3-cü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkili işə cavabdeh və 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apllyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı tələbi “Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında 500 kv.m. torpaq sahəsinin ayrılmasına dair Cavabdeh 27 oktyabr 2006-cı il tarixli, 35 nömrəli qərarının, həmin bələdiyyə tərəfindən X4 500 kv.m. torpaq sahəsinin satılmasına dair tarixsiz aktın və X5 və X3 adına həmin torpaq sahəsinə dair verilmiş mülkiyyət hüquqları barədə müvafiq sənədlərin etibarsızlığının tanınması” barədədir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən icarə qanunvericiliyi İcarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir; 11-ci maddəsinə əsasən icarə müqaviləsində müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası nəzərdə tutulmalıdır; 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir; 719.2-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 56.5-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir; 66-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir; 73-cü maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; .... İşin faktiki hallarına görə, “İcarəyeverən” Bakı şəhəri Nizami Bələdiyyəsi ilə “İcarəçi” İddiaçı arasında bağlanan 15 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsi “İcarəçi” İddiaçı 15 il müddətinə istifadəyə verilmişdir. Müqavilənin şərtlərinə əsasən “İcarəçi”nin vəzifələrindən biri də icarəyə götürülmüş torpaq sahəsinin müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaqdır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq: - Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m. olan torpaq sahəsinin İddiaçı icarəyə verilməsinə dair xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsinin müddəti uzadılmamışdır. - Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m. olan torpaq sahəsinə dair İddiaçı ilə torpaq icarə münasibətləri faktiki olaraq davam etdirilir, onun tərəfindən 2024-cü il daxil olmaqla torpaq icarə haqqı ödənilmişdir və faktiki olaraq həmin torpaq sahəsi onun istifadəsindədir. Beləliklə, yuxarıda qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olur ki, tərəflər arasında icarə müqaviləsi 15 dekabr 2006-cı il tarixdə 15 il müddətinə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “İcarəçi” İddiaçı icarəyə götürülmüş torpaq sahəsini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmalı idi. Lakin müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsinin müddətinin 15 dekabr 2021-ci il tarixdə bitməsinə baxmayaraq tərəflər yenidən icarə hüquq münasibətlərinin davam etdirilməsi üçün yenidən müqavilə bağlamamış və ya müqavilənin şərtləri dəyişdirilməmişdir. Bununla əlaqədar sübutlar nə birinci, nə də ki apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçının Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən 500 kv.m. torpaq sahəsinə dair qanunla müəyyən olunan subyektiv hüququ mövcud deyildir. Ona görə də iddiaçının həmin torpaq sahəsinə dair Nizami Bələdiyyəsinin başqa şəxsin adına verdiyi qərarın, həin qərarın icrası ilə bağlı tərtib olunmuş sonrakı müvafiq sənədlərin etibarsızlığının tanınmasını da tələb etmək hüququ yoxdur. İnzibati prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdə iddiaçının müvafiq iddia növü üzrə subyektiv hüququnun mövcudluğu sübuta yetirilmədiyindən və bu hal onun özü tərəfindən yetəri qədər əsaslandırılmadığından məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər əsassızdır və iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2 e-2-1(112)-1460/2024 saylı 27 avqust 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1460/2024 saylı 27 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar