Məhkəmə qərarları › İş №2-1(103)-4081/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4081/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4081/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçın cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X5 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçın cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-5362/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2025-ci il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçın qaçqın statusu verilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə etdiyi müraciət, göstərilən səbəblərin “Qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmaması, həmçinin aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlməməsi əsası ilə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, İQ-71/1 nömrəli qərarla təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “qaçqın statusu verilməsi barədə” qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Pakistan İslam Respublikasının vətəndaşı hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.2001-ci il təvəllüdlü Waseem Muhammed (Pasport:№ EW6852911) avqust 2024-cü il tarixlərdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, İQ-71/1 saylı “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd edilən qərarı qanunsuz və əsassız hesab edir. İşin faktiki halı ondan ibarət olmuşdur ki, iddiaçı X3 İslam Respublikasının Pəncab vilayətinin Sargotha şəhərində doğulmuş, milliyətcə pəncablı, dini etiqad baxımdan müsəlman (sünni) olmuş, Sargotha şəhərində “Model School” adlı məktəbdə 9 il təhsil almış, daha sonra məktəbi tərk edərək “Cəmiyyətul-humiyə” adlı mədrəsədə Quran oxumağı öyrənmiş, 2017-2023-cü illərdə isə fərdi evlərdə rəngsaz olaraq işləmişdir. İddiaçının qaçqın statusunun verilməsi ilə bağlı müvafiq vəsatətlə müraciət etməsinin səbəbi onun Pakistan İslam Respublikasının Sargotha şəhərində yaşayan Atiya adlı bir qızı sevməsidir. Belə ki, Waseem Muhammed “mehr” (arain), həmin Atiya adlı qız isə “quccar” kastasına mənsub olduqları üçün ailələr arasında düşmənçilik yaranmışdır və bu səbəbdən də qızın ailəsi tərəfindən təqiblərə məruz qalmışdır. Həmin Atiya adlı qızın ailə üzvləri (atası və qardaşları), bütün qohumları Pakistan İslam Respublikasının hər yerində İddiaçı axtarmağa başlamış və hər kəsə onu harada görsələr öldürəcəklərini bildirmişlər. Həmin kastalarda qanuna zidd olmasına baxmayaraq bele halları milli mentalitet kimi qəbul etmişlər və bu hal adət-ənənə halına çevrilmişdir. Yuxarıda qeyd olunan səbəbdən İddiaçı öldürüləcəyini bildiyi üçün ölkəni tərk etməkdən başqa çıxış yolunun olmadığından ölkəsini tərk etmiş və 05 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Bundan başqa, Pakistan İslam Respublikasında dini mənsubiyyətinə görə də insanlar dini-radikal qruplar tərəfindən bir çox zorakılıqlara məruz qalırlar və hətta bir çox hallarda bu hadisələr insanların həyatını itirməsi ilə nəticələnir. Belə ki, rəsmi mənbələrdən verilən məlumata görə Pakistanda ifrat sağçı İslam siyasi partiyası olan Tehreek-e-Labbaik Pakistan (TLP) xristianları və hinduları İslamı qəbul etməyə məcbur edir (bununla bağlı olaraq sosial şəbəkələrdə kifayət qədər video və fotomaterillar yayılmışdır). Qeyd edilən partiyanın üzvləri zorakı şəkildə iddiaçının yaşadığı Pəncab ərazisində olan xristian və qeyrimüsəlman əhalini islam dinini qəbul etməyə zorla məcbur edirlər. X6 əyalətində bir neçə kilsə və xristian evlərinin küfr iddiaları ilə bir sıra qruplar tərəfindən yandırılmasından həftələr sonra naməlum şəxs tərəfindən keşiş güllələnib və yaralanmışdır. Feysəlabad dairəsinin Caranvala şəhərində Myong- Sang Naserth kilsəsində xidmət edən keşiş “Eleazar Vicky” belə sui-qəsd edilmişdir. Hazırda cavabdeh tərəfindən qəbul edilmiş qərarda əsassız olaraq qeyd edilmişdir ki, “işin materillarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə heç bir düşmənləri yoxdur və heç bir təqibə məruz qalmamışlar”. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənar düşmüşdür. Belə ki, o Pakistan İslam Respublikasına geri göndərilərsə yenidən “quccar” kastası tərəfindən təqib və təhdidlərə məruz qalacaqdır. Hətta yuxarda verilmiş misallardan da göründüyü kimi şəxsin ölüm təhlükəsi belə vardır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; 2. Təqib olunmasına dair hüquq-mühafizə orqanlarına müraciət etməmişdir; 3. Ölkənin daha stabil bölgələrinə getmə imkanı mövcud olmuşdur. Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5362/2025 saylı 13 iyun 2025-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanun normasının məzmunundan da göründüyü kimi şəxsin qaçqın statusu daşıması üçün onun bilavasitə iddiaçının qaçqın statusunun verilməsi ilə bağlı müvafiq vəsatətlə müraciət etməsinin səbəbi onun Pakistan İslam Respublikasının Sargotha şəhərində yaşayan Atiya adlı bir qızı sevməsidir. Belə ki, iddiaçı “mehr” (arain), həmin Atiya adlı qız isə “quccar” kastasına mənsub olduqları üçün ailələr arasında düşmənçilik yaranmışdır və bu səbəbdən də qızın ailəsi tərəfindən təqiblərə məruz qalmışdır. Həmin Atiya adlı qızın ailə üzvləri (atası və qardaşları), bütün qohumları Pakistan İslam Respublikasının hər yerində iddiaçını axtarmağa başlamış və hər kəsə onu harada görsələr öldürəcəklərini bildirmişlər. Bundan başqa bildirmək istəyir ki, Pakistan İslam Respublikasında dini mənsubiyyətinə görə də insanlar dini-radikal qruplar tərəfindən bir çox zorakılıqlara məruz qalırlar və hətta bir çox hallarda bu hadisələr insanların həyatını itirməsi ilə nəticələnir. Belə ki, rəsmi mənbələrdən verilən məlumata görə Pakistanda ifrat sağçı İslam siyasi partiyası olan Tehreek-e-Labbaik Pakistan (TLP) xristianları və hinduları İslamı qəbul etməyə məcbur edir (bununla bağlı olaraq sosial şəbəkələrdə kifayət qədər video və fotomaterillar yayılmışdır). Qeyd edilən partiyanın üzvləri zorakı şəkildə iddiaçının yaşadığı Pəncab ərazisində olan xristian və qeyrimüsəlman əhalini islam dinini qəbul etməyə zorla məcbur edirlər. X6 əyalətində bir neçə kilsə və xristian evlərinin küfr iddiaları ilə bir sıra qruplar tərəfindən yandırılmasından həftələr sonra naməlum şəxs tərəfindən keşiş güllələnib və yaralanmışdır. Konvensiyada göstərilən digər motivlərə əsaslanan təqib baş verdiyi hallarda tətbiq edilən standartlardan çıxış etsək, dini əqidəyə, dini identikliyə və ya həyat tərzinə insan şəxsiyyətinin fundamental aspektləri kimi baxmaq olar və insan təqibdən yaxa qurtarmaq üçün şəxsiyyətinin bu aspektlərini gizlətməyə, dəyişdirməyə və ya onlardan imtina etməyə məcbur edilməməlidir. Əgər Konvensiya təqib olunan şəxsin təqibçilərinin istəyinin əleyhinə getməmək üçün ağlabatan addımlar atmasını və ya hər hansı digər mümkün hərəkətlər etməsini himayə üçün şərt kimi irəli sürsəydi, əslində həmin şəxsi himayə ilə təmin etməmiş olardı. İnzibati orqan tərəfindən qəbul edilmiş qərarda qeyd edilmişdir ki, “ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı müəyyən edilmişdir ki, o və ailə üzvləri heç vaxt Pakistanda ciddi təhdidlə üzləşməmiş, bu barədə müsahibəsi zamanı heç bir konkret fakt bildirməmişdir”. Lakin inzibati orqan tərəfindən nəzərə alınmamışdır ki, bu kontekstdə əsaslı təqib qorxusunun “ərizəçinin öz başına gələn hadisələrlə əlaqədar olması vacib deyil”. Məsələn, onun dostlarının və qohumlarının, eyni dini qrupun digər üzvlərinin, yəni onunla analoji vəziyyətdə olan şəxslərin başına gələnlər "onun gec-tez təqib qurbanı olacağı ilə bağlı qorxusunun əsaslı olduğuna dəlalət edə bilər" (Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının qərarı, X1 üçün X2 Dair Təlimat və X4 Nəşr Cenevrə, Dekabr 2011-ci il tarixli Təlimat) Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənar düşmüşdür. Belə ki, o Pakistan İslam Respublikasına geri göndərilərsə yenidən öz dini etiqadına görə təzyiq, təqib və təhdidlərə məruz qalacaqdır. Hətta yuxarda verilmiş misallardan da göründüyü kimi şəxsin dini etiqadına görə ölüm təhlükəsi belə vardır. Göstərilənlərə əsasən hazırkı iş üzrə iddiaçı ““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunun birinci maddəsində verilmiş köçürülmüş şəxslərin) statusu haqqında” qanunun birinci maddəsində verilmiş “Qaçqın” anlayışını tələbləri ilə tam əhatə olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq, iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsindən görünür ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: EW6852911 nömrəli pasportdan görünür ki, Waseem Muhammed xx.xx.2001-ci il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşıdır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; ... Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”: Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında "Qaçqın" statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.

1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. ... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.

7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.

8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir.

9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-5362/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-5362/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar