Məhkəmə qərarları › İş №2-1(103)-4082/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4082/2023

01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4082/2023 01.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, X2 iştirakları ilə, İddiaçı X3 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) məhkəmə qərarının icra edilməsi ilə bağlı ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X4 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “məhkəmə qərarının icra edilməsi” tələbinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə cavabdehə cərimə ediləcəyi barədə xəbərdarlıq edilərək bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surəti icra edilməsi üçün təkrarən göndərilir və qərarın icra edilməsi barədə xx.xx.2023-cü il tarixədək sübutlar təqdim edilmədiyi təqdirdə 50000 manatadək məbləğdə cərimə olunacağı barədə cavabdehə xəbərdarlıq olunur. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 500 (beş yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, şikayətdə məhkəmə qərarının icra olunduğu, birinci instansiya məhkəməsi tərəfindən əsassız cərimə olunduqları qeyd edilmişdir.Apellyasiya şikayətlərinin təmin edilməsini, mübahisələndirdikləri qərardadın ləğv edilməsini xahiş etmişlər. Həmçinin cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2- 1(112)-79/2023 nömrəli qərarının nəticə hissəsindən göründüyü kimi məhkəmə cavabdeh kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə iki vəzifə qoymuşdur. X1 şəxsi hesab vərəqəsində yaranmış 97009,17 manat artıq ödənilmiş məbləğin geri qaytarılmasına görə rəyin verilməsi vəzifəsi, ikincisi isə qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilməsi vəzifəsi qoyulmuşdir. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 nömrəli qərarının nəticə hissəsindən göründüyü kimi məhkəmə qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 %-i məbləğində faizin ödənilməsi vəzifəsini cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoymaqla düzgün nəticəyə gəlməmişdir. Bununla da məhkəmə İnzibati Prosessual Məcəllənin 12.1-ci və 58.7-ci maddələrinin, Vergi Məcəlləsinin 87.4-cü maddəsinin və Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 4.9-cu bəndinin tələblərini pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə X3 şəxsi hesab vərəqəsində yaranmış 97009,17 manat artıq ödənilmiş məbləğin geri qaytarılmasına görə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilməsi cavabdeh Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərar alınmışdır. Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 saylı qərarının qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 saylı qərarından verilən apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin edilmiş, apellyasiya şikayəti geri qaytarılmış, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 saylı qərarından cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətlə bağlı icraata xitam verilmişdir. Daha sonra, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəyə minmiş və 17 may 2023-cü il tarixli məktubla icra olunması üçün cavabdehə göndərilmişdir. Qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının icra edilməməsindən narazı qalan iddiaçı qeyd edilən qərarın icrasının təmin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə cavabdehə cərimə ediləcəyi barədə xəbərdarlıq edilərək bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 79/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surəti icra edilməsi üçün təkrarən göndərilir və qərarın icra edilməsi barədə xx.xx.2023-cü il tarixədək sübutlar təqdim edilmədiyi təqdirdə 50000 manatadək məbləğdə cərimə olunacağı barədə cavabdehə xəbərdarlıq olunur. Bundan sonra Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərardadı ilə cavabdeh 500 manat cərimə edilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “.....məhkəmə qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 %-i məbləğində faizin ödənilməsi vəzifəsini cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoymaqla düzgün nəticəyə gəlməmişdir”. Kollegiya cavabdehin qeyd edilən dəlilinə münasibətdə bildirir ki, cavabdehin bəhs etdiyi qərar birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərarıdır, hansı ki həmin qərarı icra etmədiyinə görə cavabdeh cərimə olunmuşdur. İş materiallarından görünür ki, sözügedən qərar cavabdeh tərəfindən ilk öncə mübahisələndirilsə də, daha sonra cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayətinin geri qaytarılması xahiş edilmişdir. Buna uyğun olaraqda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin edilmiş, apellyasiya şikayəti geri qaytarılmış, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 saylı qərarından cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətlə bağlı icraata xitam verilmişdir. Göründüyü kimi, sözügedən qərar artıq qanuni qüvvəyə mindiyindən, onun qanuniliyi deyil, hazırda həmin qərarın icra edilməməsinə görə birinci instansiya məhkəməsi tərəfindən cavabdehin cərimə edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 79/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının qanuniliyini yoxlanılır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının: - 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. - 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. - 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. - 28-ci bəndinə əsasən cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. İş materiallarından görünür ki, məhkəmə tərəfindən cavabdeh dəfələrlə xəbərdar olunmasına baxmayaraq bugünədək birinci instansiya məhkəməsinin 2-1(112)- 79/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı icra edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının xəbərdarlıq edilmələrinə baxmayaraq icra edilməməsinə görə, cavabdehi 500 manat cərimə etməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin: - 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses ştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. - 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. .... Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar