Məhkəmə qərarları › İş №2-1(103)-4087/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4087/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4087/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (X11 və X12 üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X7 ibarət tərkibdə, Arzu israfil qızı Hüseynovanın katibliyi, 3-cü şəxs X8 iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8615/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 və X9 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, ünvan 1 ünvanında yerləşən “A” və “B” saylı fərdi yaşayış evləri iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslər mübahisə predmeti olan ünvanda qeydiyyatdadır. Həmin şəxslərin qeydiyyatda qalması iddiaçının hüquqularını pozur. Onların qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət olunsa da, təmin edilməmişdir.

3. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmiş və iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8615/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin şəxslərin iddiaçının mülkiyyətində qeydiyyatda qalması gələcəkdə mülkiyyətin idarə olunmasına və sərəncam verilməsində ciddi problemlər yarada bilər.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

8. Məhkəmədə 3-cü şəxs X11 izahat verərək, bildirmişdir ki, İddiaçı qohumluq münasibəti yoxdur. Qeyd olunan mənzilin üzərində səhvən mülkiyyət hüququ Tofiqin adına qeydə alınıb. Hal-hazırda İddiaçı adına verilən mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi iddiasına Bakı İnzibati Məhkəməsində baxılır. Qeyd olunan mənzildə anadan olub və həmin ev ona atasından qalıb. Ona görədə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi.

9. İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər (nümayəndəsi) iclasda iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

11. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun: 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə görə vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

18. Belə ki, iddiaçı üçüncü şəxslərin (X11 və X9) onun mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb etmişdir.

19. İş materiallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 121,4 kv.m olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir.

20. İş materiallarına əlavə edilmiş 09 avqust 2024-cü il tarixli 3-21-3-02/2--9965/2024 saylı məlumatdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin rekvizitləri təkrarlanır.

21. Məhkəməninin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan məlum oldu ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması üçün əsas olan sənədlərin məhf edilməsi səbəbindən R.İsmayılovanın və İ.Abbasovun 135,8 kv.m yoxsa 121,4 kv m. mənzildə pasport qeydiyyatına alınması haqqında məlumatı təqdin etmək mümkün deyil.

22. Eyni zamanda işin apellyasiya baxışı zamanı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş sorğuya cavab məktubundan görünür ki, ümumi sahəsi 135,8 kv.m olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Eyni zamanda, ümumi sahəsi 135,8 kv.m ola evin mübahisə predmeti olan ümumi sahəsi 121,4 kv.m olan fərdi yaşayış evindən 51.0 m məsafədə yerləşir.

23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanı kimi göstərilmiş fərdi yaşayış evi A və B tikilisindən ibarətdir. A tikilisi 1890-cı ildə, B tikilisi isə 1956-cı ildə inşa edilmişdir və həmin tikililər 0.07871 ha torpaq sahəsinin üzərində yerləşirlər. DƏDRX-nin inventar nömrəsi 04/7479 saylı xx.xx.2023-cü il tarixli texniki pasportda A tikilisinin həmin torpaq sahəsində iki yerdə, yəni iki A tikilisinin və bir B tikilisin olması müəyyən edilir.1963-cü ildə tərtib edilmiş X5 adına olan texniki pasportda 1890-cı ildə inşa edilmiş yaşayış evinin 5 mənzildən ibarət olması, ümumi sahəsinin 248,7 kv. m olması, 1956-cı ildə inşa edilmiş yaşayış evinin 1 mənzildən 59,2 kv.m ibarət olması göstərilmişdir. X20 vəfat etdikdən sonra onun fərdi yaşayış evi vərəsəlik qaydasında X2, X15 və X14 adına keçmiş və onlara verilən mülkiyyət hüququna dair xx.xx.2019-cu il tarixli çıxarışda fərdi yaşayış evinin ölçüsü 121.4 kv.m kimi göstərilmişdir. Sonradan qeyd olunan fərdi yaşayış evi vərəsəlik qaydasında İddiaçı adına rəsmiləşdirilərək müvafiq mülkiyyət hüququna dair çıxarış verilmişdir. Eyni zamanda həmin həyətdə olan mənzillərdən digərinə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 dekabr 2005-ci il tarixli qətnaməsi ilə X6 adına ümumi sahəsi 135,8 kv.m ibarət olan fərdi yaşayış evinə mülkiyyət hüququna dair çıxarış verilmişdir. Şahin Hüseynov həmin fərdi yaşayış evini X1 və hal-hazırda həmin fərdi yaşayış evinə dair Xuraman Məhərrəmovanın mülkiyyət hüququ tanınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti qeyd olunan fərdi yaşayış evinədə eyni ünvanı vermişdir. Göründüyü kimi ünvan 1 ünvanı kimi göstərilmiş ərazidə bir neçə fərdi yaşayış evi var və həmin yaşayış evlərindən ikisinə eyni ünvan verilib. X8 və X9 qeyd olunan ünvanda yerləşən hansı mənzillərdə qeydiyyatda olmasını arxiv sənədlərinin müddətin keçməsi ilə bağlı yandırılması səbəbindən müəyyən etmək mümkün olmadı. Başqa sözlə desək 3-cü şəxslərin məhz İddiaçı məxsus olan fərdi yaşayış evində pasport qeydiyyatında olması öz təsdiqini tapmır. Rəna İsmayılovanın və İsrafil Abbsovun həmin həyətdə yerləşən digər fərdi yaşayış evlərində pasport qeydiyyatında olmasıda istisna deyil.

24. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilə bilməz.

25. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

26. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir.

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

28. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı).

29. Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

30. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

31. Nəzərə alınmalıdır ki, mənzillərin rekvizitlərinin təkrarlanması, yəni iki bir birindən ayrı istiqamətlərdə yerləşən fərdi yaşayış evlərinə eyni ünvanın verməsi səbəbindən 3-cü şəxslərin hansı ünvandan qeydiyyatdan çıxarılmalı olmalısını müəyyə etmək mümkün olmur.

32. İlkin olaraq o, müəyyən olunur ki, iddiaçının subyektiv hüququnun olmaması səbəbindən iddia tələbi mümkünsüz hesab edilməlidir. Lakin ümumi sahəsi 121,4 kv.m olan fərdi yaşayış evinin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olması səbəbindən iddia mümkünsüz deyil təmin edilməməlidir.

33. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi faktlar özüözlüyündə üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsas təşkil etmədiyindən cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

35. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8615/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8615/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar