Məhkəmə qərarları › İş №2-1(103)-4089/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4089/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4089/2025 18.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7231/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona vurduğu mənəvi zərərə görə 100000 manat (bir yüz min) pulun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)- 5043/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş və İddiaçı əmək kitabçasına əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-cı ıl tarixdən xx.xx.1989-cu il tarixədək, 16 06 1997- ci il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Neft sənayesində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-551/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-l(82)- 5043/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2- 1(102)- 1122/2018 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-551/2018 nömrəli nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-1927/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-5043/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 500 (beş yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(103)-1076/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1371 /2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(103)-1076/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə cavabdeh yeni açılmış hallarla bağlı ərizə ilə müraciət etmişdir. Bakı inzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (82)-5043/2017 saylı qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə mümkün sayılmaması qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-4181 /2024 saylı qərardadı ilə apelyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(102)-778/2025 saylı qərarı ilə kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir (vahid məhkəmə təcrübəsi mövcud olduğu üçün). İddiaçı hazırkı iddia ilə məhkəməyə ona görə müraciət edir ki, cavabdeh ona qarşı qanunsuz hərəkətlər edir, qanunla müəyyən edilmiş hüquqlardan onu qanunsuz şəkildə məhrum etmiş və bu az imiş kimi onun xeyrinə qəbul edilmiş məhkəmə qərarlarından şikayətlər verərək işi əsassız olaraq uzatmışdır və məhkəmə qərarlarını icra etmir. Bu kimi iddianın qaldırılmasına səbəb isə bundan sonra cavabdehin bu kimi qanunsuzluqlara yol verməməsi üçündür. O, cavabdehin əməllərindən ciddi şəkildə izdirablar keçirir, onların qanunsuz pensiyanı dayandırmasına görə uzun uzadı məhkəmə proseslərinə cəlb edilmişdir. Burada sual yaranır ki, niyə görə o, cavabdeh tərəfindən edilmiş qanunsuzluqlara görə əzab əziyyətlər çəkməlidir? Ona görə də bu kimi qanunsuz hərəkətlər edərək vətəndaşı incidən ona qarşı əsassız və qanunsuz mövqe nümayiş etdirərək heç bir sübut, fakt, əsas olmadan pensiyanı dayandırması nəticəsində cavabdeh ona maddi və mənəvi təzminat ödəməlidir. İddiaçı vəkilə müraciət etmişdir, hüquqşünaslara ərizələr yazdırmışdır, 4 ildir ki, məhkəmələrdə vaxt itirmişdir, banklara olan kreditləri gecikib faizlər üzərinə gəlmişdir, səhhəti ilə bağlı aldığı müalicələr pensiyanın dayandırılması nəticəsində vaxtı vaxtında aparılmamışdır və sair.

3. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7231/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

5. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

IV. Məhkəmə icraatı iştirakçılarının izahatları:

7. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi.

8. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Əsaslandırıcı hissə

V. İş materiallarında olan:

9. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-5043/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş və İddiaçı əmək kitabçasına əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-cı ıl tarixdən xx.xx.1989-cu il tarixədək, 16 06 1997-cı il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Neft sənayesində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)- 551/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 5043/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-1122/2018 nömrəli qərarı ilə cavabdehin kassasıya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)- 551/2018 nömrəli nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)- 1927/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 5043/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Qərar icra edilmədiyindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-5043/2017 saylı, qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 500 (beş yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)- 1076/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-1371/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1076/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(82)-5043/2017 nömrəli qərardadı ilə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)- 4181/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(82)-5043/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(102)-778/2025 nömrəli qərarı ilə cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-4181/2024 nömrəli qərardadından verilmiş kassasiya şikayəti mümkün hesab edilməmişdir.

VI. Tətbiq olunan hüquq

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

11. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

12. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X1rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X3rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).

VII. Məhkəmənin mövqeyi

13. Hazırkı işin hallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-5043/2017 nömrəli qərarı ilə İddiaçı pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli 2- 1(103)-1927/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-5043/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2018-ci il tarixdən iddiaçıya aylıq 488,75 manat olmaqla ödənişinə başlanmışdır. xx.xx.2020-ci il tarixədək ödənişi davam etdirilmiş, araşdırma ilə əlaqədar həmin tarixdən ödəniş dayandırılmışdır. Cavabdehə qərarın icra edilməməsinə görə məhkəmə tərəfindən 500 manat miqdarında cərimə tətbiq edilmiş, bu məhkəmə aktı da Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1371/2023 nömrəli qərarı ilə yekun olaraq qüvvəsini saxlamışdır. Bundan sonra cavabdeh tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə verilmiş, həmin ərizə məhkəmə tərəfindən mümkün sayılmamış, bu da öz növbəsində qanuni qüvvəsini almışdır.

14. Hazırda iddiaçı cavabdehin pensiyanın yenidən hesablanması tələbi ilə bağlı digər icraat çərçivəsində ona mənəvi zərər vurduğunu və bu zərərin əvəzini ödəməli olduğunu iddia edir. O, tələbini cavabdehin qanunsuz mövqe nümayiş etdirib onun xeyrinə olan məhkəmə aktlarından yuxarı instansiyalara şikayətlər verərək onun 4 il ərzində məhkəmələrdə vaxt itirməsi, kreditlərinin üzərinə faiz gəlməsi, vəkilə müraciət etməli olması ilə əsaslandırmışdır.

15. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.

16. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair 2002-ci il 31 may tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

17. Göründüyü kimi iddiaçı cavabdehdən mənəvi ziyanın əvəzinin ödənilməsini tələb etməsinə baxmayaraq tələbi əsasən maddi olaraq məruz qaldığı ziyanla əlaqələndirmişdir. Məhz bu halda mənəvi ziyanın yaranmasından söhbət getməsi üçün maddi ziyan öz təsdiqini tapmış olmalıdır. Bu isə hazırkı iş materialları ilə müəyyən edilmir. Mənəvi ziyanla bağlı olmasa da, məhkəmə iddiaçının dəlillərinə hər bir halda münasibət bildirərək qeyd edir ki, məsələn, iddiaçı vəkillə müqavilə bağladığı üçün zərərə məruz qalmışdırsa, onu həmin icraat çərçivəsində prosessual xərclərin ödənilməsi haqqında məsələnin məhkəmə tərəfindən qəbul edilmiş qərardadla həll edilməsinə nail ola bilərdi.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin məhkəmə aktlarından şikayət verməsi, yeni açılmış hallarla bağlı ərizə verməsi kimi hərəkətlərinin nəticəsində illərlə məhkəmələrdə vaxt itirməyinə səbəb olmasından narazıdır. Lakin yuxarıda göstərilən normaya əsasən orqanın fiziki şəxsə ziyan vurması üçün qanuna və ya digər hüquqi akta uyğun gəlməyən akt qəbul etmiş olmalıdır ki, heç bir halda tərəfin prosessual hüququndan istifadə etməsi qeyri-qanuni hesab edilə bilməz.

20. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin müddəalarına əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər (81.2, 90.2), qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər (100). Məcəllədə şəxsin müəyyən edilmiş müddət ərzində şikayət vermək hüququnun və ya yeni açılmış hallarla bağlı ərizə ilə müraciət etmək hüququnun məhdudlaşdırılması ilə bağlı müddəa yer almır.

21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 21.5-ci maddəsinə əsasən əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş tərəf yüz on manatadək cərimə edilə bilər. 174.5-ci maddəsinə əsasən məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər.

22. Göründüyü kimi qanunvericilik bəzi hallarda tərəflərin haqsız olaraq prosesi ləngitmək cəhdlərinin qarşısını almaq üçün müəyyən məhdudiyyətin tətbiq edilməsini və tədbir görülməsini nəzərdə tutmuşdur. Lakin heç bir halda tərəfin onun ziyanına olan məhkəmə aktından yuxarı instansiya məhkəməsinə şikayət verməsi, yeni açılmış hallarla bağlı ərizə ilə müraciət etməsi hüququ məhdudlaşdırılmamış və buna görə preventiv tədbir nəzərdə tutulmamışdır.

23. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, 4.Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 11. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirabının səbəbi kimi cavabdehin prosessual hüquqlarından istifadə etməsi çıxış edə bilməz. Cavabdehin digər formada qəsd və ya ehtiyatsızlığı isə iddiaçı tərəfindən əsaslandırılmamışdır.

25. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7231/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.

Nəticə hissəsi

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7231/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar