Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-409/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X6, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X7, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndələri X5, X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidməti “xxxx” MMC-nin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və qeyrilərinə qarşı “iddiaçının hesabına qoyulmuş sərəncamın ləğv edilməsi, iddiaçının hesabına yeni sərəncamların qoyulmasının qadağan edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3703/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiаçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2020-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı iddiа ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cəmiyyətin şəxsi hesabına qoyulmuş xx.xx.2020-ci il tarixli, **********2 nömrəli sərəncamın ləğv edilməsi və 22119,03 manat borca dair iddiaçının şəxsi hesabına yenidən sərəncamın qoyulmasının cavabdehlərə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3703/2020 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) iddiаçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin) Bakı şəhəri Lokal Gəlirlər Departamentinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Cəmiyyətin şəxsi hesabına qoyulmuş xx.xx.2020-ci il tarixli, **********2 nömrəli sərəncamın ləğv edilməsi və 22119,03 manat borca dair iddiaçının şəxsi hesabına yenidən sərəncamın qoyulmasının cavabdehlərə qadağan edilməsi barədə iddiası mümkün sayılmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3703/2020 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlərin həmin borc məbləğini ondan tələb etmək hüququnun olmadığını təsbit etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarından tərəflərindən kassasiya şikayəti verilmişdir. Hal-hazırda eyni borc məbləğinə dair 2 sərəncam vardır. Onlardan birinin icrası iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladığı təqdirdə icrası dayandırılmış sərəncam da icra ediləcək və nəticədə borc kimi göstərilmiş məbləğ onlardan iki dəfə tutulacaqdır. İşin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli, **********8№-li apellyasiya şikayətinə etiraz təqdim edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını və iddiaçının apellyasiya şikayətinin əsassız olduğu üçün rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixli, **********088700№-li apellyasiya şikayətinə dair etiraz təqdim edərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehlərin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “iddiaçının xx.xx.2020-ci il tarixli, **********2 nömrəli sərəncamı inzibati akt deyildir, belə ki, o, müəyyən hüquqi nəticələr yaradan hakimiyyət tədbiri deyildir, vergi qanunvericiliyinin yuxarıda sadalanan normalarından göründüyü kimi, iddiaçının ləğv edilməsini tələb etdiyi sərəncam icra sənədidir. İcra sənədi inzibati akt olmadığı üçün onun inzibati icraat cərçivəsində mübahisələndirilməsi kimi hüquq qanunvericilikdə nəzərdə tutulmamışdır. ” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə əsasən vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqlarıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində nəzərdə tutduğu xx.xx.2020-ci il tarixli **********2 saylı sərəncam vergi qanunvericiliyinə əsasən inzibati icraatın predmeti olan inzibati akt deyil, vergi orqanının hüquqlarının həyata keçirilməsinin təminatı kimi icra sənədi olduğundan, birinci instansiya məhkəməsinin iddia tələbini mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı materiallarından göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək, iddiaçının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində qeydiyyatda olduğunu nəzərə alaraq, Vergilər Nazirliyinin əsl cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşin xx xxxx 2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə - X8 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verilməsi təklif edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclas protokolunda sədrlik edənin “19 iyun tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Əhmədova iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi tövsiyyə edildiyini, lakin, bu günədək müvafiq ərizənin məhkəməyə verilmədiyini, iddia dəqiqləşdirilmədiyini qeyd etdiyi görünür. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbini cavabdehlər - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı qaldırmış, işin birinci instansiya icraatı zamanı iddiaçının nümayəndəsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməsi təklif edilsə də, belə bir ərizə iddiaçı tərəfindən təqdim edilməmiş və iş materiallarında mövcud deyildir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidməti “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3703/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-409/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-409/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver