Məhkəmə qərarları › İş №2-1(103)-409/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-409/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-409/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 qızının, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3432/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi yanında Dövlət Sosial Müdafiə Fondunu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya 04.11.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin olunacaq Əmək Pensiyasının “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa 01 iyul 2017-ci il tarixində edilmiş dəyişiklikliyə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri əsasında hesablanaraq birdəfəyə ödənilməsinin ƏƏSM-si Nazirliyi Yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. 27.06.1983-cü il tarixdən əmək fəaliyyətinə başlamış, 01.07.2017-ci il tarixə kimi onun 25 ildən artıq ümumi stajı, 12 il 6 aydan artıq zərərli əmək stajı olmuşdur. Qeyd edir ki, «Əmək pensiyaları Haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinə görə iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, 01.07.2017-ci il tarixə qədər o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən 12 il 6 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən artıq ümumi əmək stajı toplamışdır. O 57 yaşdan, 04.11.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmi ərizə ilə müraciət etmiş və həmin təşkilatdan 08.12.2020-ci il tarixli **********9 saylı cavab məktubu verilərək, həmin məktubda ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasının mümkünsüz olduğu bildirilmişdir. İddiaçı cavab məktubu ilə razılaşmır və hesab edir ki, onun 27.01.1983-cü il tarixdən 24.03.1989cu il tarixə kimi işlədiyi vəzifələr nəzərə alınmasa belə 24.03.1989-cu ildən 01.07.2017-ci il tarixə kimi işlədiyi vəzifələr güzəştli şərtlərlə pensiya hüququ verən peşə vəzifələrinə aiddir. 01.07.2017-ci il tarixə kimi onun 25 ildən çox ümumi, 12 il 6 aydan çox zərərli əmək stajı olmuşdur. Belə olan halda onun 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququmun yaranması təkzibedilməzdir. Ona görə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində birbaşa göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan siğortaolunanların:kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ona əmək pensiyası, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, tam əmək stajı toplamış olduğu dövrdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Onun tam əmək stajı toplamış olduğu dövrdə, 01.01.2006-cı ildən isə "Əmək pensiyaları Haqqında" Azərbaycan Respublikası Qanunun qüvvədədir ki, həmin Qanunun 9-cu maddəsinin tələblərinə müvafiq olaraq ona 57 yaşdan, 04.11.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalıdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfndən ona 04.11.2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunaraq, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 01.07.2017-ci il tarixli dəyişikliklərə qədər qüvvədə olmuş “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri əsasında hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3432/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu 04.11.2019cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, ödənilməmiş fərqin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 01 yanvar 2006-cı ilə qədər ümumi iş stajı 25 ildən az (24 il 09 ay 02 gün) təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada bildiriş göndərilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - iddiaçıya məxsus ПТ-İ № ******* saylı əmək kitabçasının azərbaycan dilinə tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 27.06.1983-cü il tarixdən 27.08.1983-cü il tarixədək 6 №li Azkəndtikintinin 65 saylı təsərrüfat hesablı tikinti montaj İdarəsinə İİ dərəcəli fəhlə, 11.03.1985-ci il tarixdən 15.07.1985-ci il tarixədək İstehsalat təcrübəsində 2-ci dərəcəli çilingər, 01.04.1986-cı il tarixdən 11.04.1988-ci il tarixədək Zəngilan rayonlararası ixtisaslaşdırılmış şöbədə mühəndis, 01.06.1988-ci il tarixdən 24.03.1989-cu il tarixədək Zəngilan şəhər Birləşmiş Qazanxana və İstilik Şəbəkələri sahəsində mühəndis, 24.03.1989-cu ildə X3 Donanmasının “STB-1” gəmisinə şagird matros peşəsinə işə qəbul edilmiş, 10.05.1989-cu ildə k/s “Titan-4” gəmisinə 2-ci dərəcəli matros, 01.07.1992-ci ildə d/e “M.Əliyev” gəmisinə 1-ci dərəcəli matros, 14.07.1993-cü ildə “Nefteqaz-58" gəmisinə kapitanın 3-cü köməkçisi vəzifəsinə, 11.01.1995-ci ildə həmin gəmiyə kapitanın 2-ci köməkçisi keçirilmişdir. 21.01.2002-ci ildə “Gen.Əsədov" gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə, 27.06.2003-cü ildən 14.12.2007-ci ilədək “Şirvan-2” gəmisində kapitanın 3-cü köməkçisi işləmişdir. - Bakı Baza Energetika texnikumu tərəfindən verilmiş ИT 027809 saylı iplomun surətindən görünür ki, İddiaçı 28 fevral 1986-cı il tarixə “Buxar generatorlu və turbin qurğulu İES” ixtisası üzrə texniki məktəbin tam kursunu bitirmiş, “texnik” ixtisası əldə etmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş 01 sentyabr 2020-ci il tarixli, 451 saylı Arxiv Arayışının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, arayış İddiaçı ona görə verilmişdir ki, o həqiqətən, 23 avqust 1980-ci il tarixində 227 saylı əmrlə Bakı Baza Energetika Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 16 aprel 1981-ci il tarixdə 73 saylı əmrlə hərbi xidmətə getdiyinə görə akademik məzuniyyət verilmişdir. 02 iyun 1983-cü il tarixdə 97 saylı əmrlə hərbi ximətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 04 mart 1986-cı il tarixdə 43 saylı əmrlə “Buxar generatorlu və turbin qurğulu İES” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “istilik texnikası üzrə texnik” ixtisas dərəcəsi ИT 027809 saylı diplom verilmişdir. Qeyd: Azərbaycan Respublikası Təhil Nazirliyinin 15.02.1997-ci il tarixli 101/s saylı əmrinə əsasən Bakı Texnikumu ilə Bakı Baza Energtika Texnikumu biləşdirilərək Bakı Neft- Energetika Kolleci yaradılmışdır. - ADNSU-nin nəzdində Bakı Neft Energetika Kolleci Texnikumunun Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 23 avqust 1980-ci il tarixli 227№li Əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı istilik «elektrik stansiyalarının buxar və turbin qurğuları» ixtisasına daxil olmuşdur. - "xxxx" QSC tərəfindən verilmiş EN01/02-779 saylı 20 dekabr 2020-ci il tarixli Arxiv Arayışından müəyyən edilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 24.03.1989-cu ildə X3 Donanmasının “STB1” gəmisinə şagird matros peşəsinə (24.03.1989-cu il tarixli 61-k nömrəli əmr) işə qəbul edilmişdir. 10.05.1989-cu ildə k/s “Titan-4” gəmisinə 2-ci dərəcəli matros (10.05.1989-cu il tarixli 91-k nömrəli əmr), 01.07.1992-ci ildə d/e “M.Əliyev” gəmisinə 1-ci dərəcəli matros (01.07.1992-ci il tarixli 219k nömrəli əmr), 14.07.1993-cü ildə “Nefteqaz-58" gəmisinə kapitanın 3-cü köməkçisi vəzifəsinə (14.07.1993-cü il tarixli 135-k nömrəli əmr), 11.01.1995-ci ildə həmin gəmiyə kapitanın 2-ci köməkçisi (11.01.1995-ci il tarixli 11-k nömrəli əmr) keçirilmişdir. 21.01.2002ci ildə “Gen.Əsədov" gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə (21.01.2002-ci il tarixli 14-k nömrəli əmr), 27.06.2003-cü ildə “Atlet-24" gəmisinə kapitan (27.06.2003-cü il tarixli 152-k nömrəli əmr), 14.12.2007-ci ildə “Şirvan-2” gəmisinə kapitanın 3-cü köməkçisi (14.12.2007-ci il tarixli 297-k nömrəli əmr), 20.05.2009-cu ildə “Nefteqaz-10" gəmisinə kapitan (20.05.2009-cu il tarixli 149-k nömrəli əmr), 16.05.2011-ci ildə “Nefteqaz-58" gəmisinə kapitan vəzifəsinə (16.05.2011-ci il tarixli 948-k nömrəli əmr) keçirilmişdir. 18.05.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (18.05.2012-ci il tarixli 156-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 25.05.2012-ci ildə “S.Quliyev” gəmisinə kapitan vəzifəsinə (25.05.2012-ci il tarixli 165-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda “Lütoqa" gəmisində kapitan vəzifəsində çalışır. Şəxsi iş: №

222. Onun tutduğu vəzifələr üzən heyətə və işlədiyi gəmilər XDND-nın gəmilərinə aiddir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b" yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əsas: kadr əmrləri, ştat cədvəli “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma" idarəsi 07.03.2007-ci ildən X3 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X3 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmununa əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, onun 24.03.1989-cu il tarixdən 01 yanvar 2006-cı il tarixədək işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının 23000000XXVİİİ saylı “Nəqliyyat” bölməsinin ********* (üzən heyət) kod nömrəli güzəştli iş stajı verən peşəyə uyğundur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. İş materiallarında olan "xxxx" QSC X3 Donanması tərəfindən verilmiş 20 dekabr 2019-cu il tarixli arxiv arayışından görünür ki, iddiaçı 24 mart 1989-cu ildən X3 Donanmasının müxtəlif tipli gəmilərində matros, kapitan köməkçisi, kapitan vəzifələrində işləmişdir. Hal-hazırda “Lütoqa” gəmisində kapitan vəzifəsində işləyir. İddiaçı tutduğu vəzifələr üzən heyətə və işlədiyi gəmilər XDND-nın gəmilərinə aiddir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b" yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Həmin arayış kadr əmrləri və ştat cədvəlləri əsasında tərtib edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən iddiaçıya verilmiş imtinanın əsası olan iddiaçının 25 il ümumi iş stajının olmaması ilə bağlı aşağıdakıları qeyd edir: Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarında olan AR Təhsil Nazirliyi Bakı Neft-Energetika Kollecinin 21.09.2020-ci il 451 saylı arxiv arayışından müəyyən olunur ki, iddiaçı 23 iyun 1983-cü il tarixində 227 saylı əmrlə Bakı baza Energetika texnikumunun əyani şöbəsinə qəbul olunmuş, 16 iyul 1981-ci il tarixində 73 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmiş, 02 iyun 1983-cü il tarixində 97 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 04 mart 1986-cı il tarixində 43 saylı əmrlə təhsil müddəti başa çatdığından diplom verilmişdir. Apellyasiya şikayətinin təhsil müddəti ilə bağlı dəlillərinə əsassız sayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 1980-cı ildən 1986-cı ilədək texnikumda təhsil aldığından, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən ali təhsil müddəti iş stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçının 57 yaşı tamam olana kimi 01 yanvar 2006-cı ilədək 25 ildən artıq ümumi əmək stajının olması iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3432/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar