Məhkəmə qərarları › İş №2-1(103)-409/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-409/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-409/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X8, Cavabdehin nümayəndələri X10, X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ( hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4751/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 10-cu Cənub küçəsi 136 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi yerləşən 10-cu cənub küçəsi, 136 saylı bağ sahəsi 26 Bakı Komissarı adına mətbəənin nəzdində yaradılmış Xalq bağçılıq yoldaşlığının iclasının xx.xx.1998-ci il tarixli, 2 nömrəli protokolu ilə onun istifadəsinə verilmişdir. Belə ki, sözügedən protokolun siyahısı üzrə 27-ci yerə onun adı qeyd edilmiş, bununla da Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi yerləşən 10-cu cənub küçəsi 136 saylı bağ sahəsinin istifadəsinə verilməsi faktı öz təsdiqini tapmışdır. Onu da qeyd edir ki, protokol üzrə siyahıda qeyd olunan mətbəə işçilərinin vəziyyətinin yaxşılaşdırılması üçün onlara torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. İddiaçı müvafiq olaraq bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz sayır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin, iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim olunmamışdır. Bundan əlavə, göstərilən sahənin çox hissəsi elektron kadastr baza məlumatlarına əsasən qaz xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4751/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin bir hissəsinin qaz xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı cavabdeh inzibati orqanın imtina əsası məhkəmə aradşırması zamanı aradan qalxsa da, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərinin olmaması dəlili əsaslıdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 26 Bakı komissarı adına mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının iclasının 2 №-li 06 may 1988-ci il tarixli protokolunda 48 nəfərin adı, ata adı və soyadı və hər bir ad, ata adı və soyadın qarşısında onlara ayrılmış torpaq sahəsinin ünvanı qeyd edilmişdir. 06 may 1988-ci ıl tarixli 2 №-li protokol üzrə ona ayrılmış Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində 10-cu Cənub küçəsi 136 saylı bağ sahəsində yerləşən torpaq sahəsi hazırda onun istifadəsindədir. Qonşular, həmin faktı təsdiq edə bilərlər. Bağ sahələri üzərində mülkiyyət hüquqlarının əldə edilməsi üçün, məhkəməyə təqdim etdiyi 26 Bakı komissarı adına mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının iclasının 2 №-li 06 may 1988-ci il tarixli protokolu kifayət edir və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Həmçinin, 06 may 1988-ci il tarixli 2 №-li protokol üzrə digər 47 (qırx yeddi) nəfərə ayrılmış torpaq sahələri hazırda onların istifadədələrindədir, mülkiyyətlərindədir və yaxud kimlərəsə alqı-satqı ediblər. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) apellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq, sözügedən torpaq sahəsində hər hansı tikilinin olmadığını, orada yaşamadıqlarını, əvvəllər torpaq sahəsi tərəflərindən hasara (setkaya) alınsa da sonradan oğurlandığını bildirmiş, həmin bağa dair digər sənədlərinin yandığını, olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müraciətinə imtina məktubu almışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10.1. Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlili ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarının təhlilindən görünür ki, bağ sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsi üçün aşağıda sadalanmış sənədlərdən biri olmalıdır: icarə müqavilələri; sərəncamlar; orderlər; kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki, məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə, buna dair heç bir səlahiyyətı olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. İş materiallarındakı sənədlərdən görünür ki, Bakı şəhər XDS İK-nın xx.xx.1987-ci il tarixli, 20/396 №-li qərarına əsasən 26 Bakı Komissarlar rayonu nəzdində olan müəssisələrinin 95 üzvünə torpaq sahəsinin ayrılması qərara alınmışdır. Lakin iş üzrə həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmalar zamanı sözügedən qərar ilə ayrılmış bağ sahələrindən birinin İddiaçı ayrılması hər hansı sənəd əsasında müəyyən edilməmişdir. Belə ki, ümumiyyətlə bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçaları və Dübəndi bağ massivi 10-cu Cənub küçəsi, 16 saylı bağ sahəsinə dair sənədlər (üzvlük kitabası, protokoldan çıxarış və s.) arxiv sənədləri Arxiv İdarəsində aşkar olunmamışır. İş üzrə məhkəmə araşdırmaları zamanı iddiaçı tərəfindən təqdim edilən yeganə sənəd 26 Bakı Komissarı adına mətbənin nəzdində yaradılmış “Capçı” bağçılıq yoldaşlığının iclasının 06 may 1988-ci il tarixli 2 N-li protokoludur. Hansı ki, həmin sənəd arxivdə aşkar edilməmişdir. Həmçinin, iddiaçı apellyasiya şikayətində 2 №-li protokol üzrə digər 47 (qırx yeddi) nəfərə ayrılmış torpaq sahələrinin onların mülkiyyətində olması və ya digər şəxslərə alqı-satqı edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavablar göstərilən dəlili təkzib edir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının vəsatəti əsasında onun tərəfindən təqdim edilmiş sözügedən protokolda adları qeyd edilmiş bir neçə şəxsin həmin ərazidə sözügedən bağ sahələrinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat, həmçinin, inzibati icraat materialları tələb edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********26 nömrəli məktubuna əlavə edilmiş sözügedən siyahıda adları qeyd olunmuş X2, X1 və X3 adına qeydiyyata alınmış bağ sahələrinə dair sənədlərin təsdiq edilmiş surətindən müəyyən olunur ki, X4 xx.xx.1988-ci il tarixli 2 №-li protokola əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və Dübəndi kəndi, Cənub küçəsində ümumi sahəsi 500 kv.m olan 151 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün ona verilmişdir. Həmçinin, Məmmədova (Ələskərova) Şəhrəbanı Böyükağa qızı 1988-ci il tarixdə Bakı şəhər X12 İcraiyyə Komitəsinə üzv qəbul edilmiş, 26 dekabr 1988-ci il tarixdə üzvlük kitabçası verilmiş və ona 1 №-li Mətbəənin “Çapçı” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1993-cü il tarixli protokolu əsasında 15 №-li order əsasında bağ sahəsi ayrılmışdır. X5 1 №-li Mətbəənin “Çapçı” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1993-cü il tarixli protokolu və həmin tarixli 33 №-li order əsasında Dübəndi kəndində 142 N-li 500 kvm sahəsi olan bağ sahəsi ayrılmışdır. Göründüyü kimi, iddiaçının təqdim etdiyi Protokolda adları qeyd edilən 3 nəfərin digər hüququmüəyyənedici sənədlər əsasında bağ sahələrinə dair mülkiyyət hüquqları qeydiyyata alınaraq, çıxarışlar verilmişdir. Yəni ki, inzibati icraat zamanı iddiaçının təqdim etdiyi protokola istinad olunmamışdır. Eyni zamanda, apellyasiya araşdırması zamanı məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqanın təqdim etdiyi arxiv qovluğuna baxış keçirilmiş, bağçılıq yoldaşlıq üzvlərinin siyahısında iddiaçının adı və ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış) aşkar olunmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, iddiaçının məhkəmə icraatı zamanı təqdim etdiyi protokoldan çıxarış həmin dövrdə, yəni 1988-ci ilə uyğun olaraq kiril əlifbası ilə tərtib olunsa da, protokoldan çıxarışda “Чапчы багчылыг йолдашлыгынын сэдри” ifadəsinin qarşısında latın əlifbası ilə olan möhürlə təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi protokolda şübhə doğuran halların mövcudluğuna rast gəlinir. Məhkəmə kollegiyası həmçinin, diqqət yetirir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsində sənədlərin həmin dövrdə uyğun əlifba ilə yazılmasına xüsusi önəm verilir ( Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2282/2021 №-li, xx.xx.2021-ci il tarixli qərarı). Beləliklə, təkcə iddiaçının təqdim etdiyi sənədlərin (protokoldan çıxarış) bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda və ya arxivdə aşkar edilməməsi, həmin sənədlərin təsdiqi ilə bağlı heç bir məlumatın müəyyən edilməməsi, eyni zamanda məhkəmə sorğusuna əsasən təqdim edilən bağ sahələrinin ayrılmasına aid digər sənədlər də iddiaçının bağ sahəsinə dair məhkəməyə təqdim etdiyi sənədlərin (protokoldan çıxarışın) mötəbərliyinə şübhə yaradır. Göstərilənlər onu deməyə əsas verir ki, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi və torpaq sahəsinin qeydiyyatdan keçirilməsindən cavabdeh inzibati orqanın bu əsasla imtinası əsaslı olmuşdur. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4751/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar