Məhkəmə qərarları › İş №2-1(103)-409/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-409/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-409/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyə görə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1373/2023 nömrəli, 12 iyun 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əlilliklə bağlı pensiyasının xx.xx.2021ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, yekunda cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz sayılmasını, əmək funksiyasının pozulmasının 40 faiz olması nəzərə alınmaqla həmin tarixdən ona 3- cü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2-ci qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona əmək pensiyası təyin edilmiş, o, xx.xx.2016-cı il tarixdən xx.xx.2021ci il tarixə kimi əlilliyə görə pensiya almışdır. Lakin xx.xx.2021-ci il tarixdən onun pensiyası dayandırılmışdır. O, dəfələrlə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək pensiyasının bərpa edilməsini xahiş etmişdir. xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərində cavabdeh onun ərizəsi ilə əlaqədar imtina cavabı vermişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, artıq əlillik dərəcəsi mövcud deyil və göndəriş natamam doldurulmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti 19 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10- E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: Şəkərli diabet İİ tip, orta aörı gedişli insulin tələbli. diabetik polineyropatiya, retinopatiya." “Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: şəkərli diabet." səbəbi ilə bir il müddətinə verilmişdir. 19 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik, X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => Е10 - İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: Şəkərli diabet İİ tip, orta ağır gedişli insulin tələbli. Hipertoniya xəstəliyi İİ mər.diabetik, retinopatiya, ongiopatiya., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: şəkərli diabet” səbəbi ilə bir il müddətinə verilmişdir. 19 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik, X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: Şəkərli diabet İİ tip, orta ağırı gedişli insulin tələbli. Hipertoniya xəstəliyi İİ mər.diabetik.retinopatiya.ongiopatiya., Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə." səbəbi ilə bir il müddətinə verilmişdir. Elektron Təyinat xx.xx.2016-cı il tarixli göndəriş əsasında “Səbəbi: Ümumi xəstəlik. X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10- E14 - Şəkərli diabet => Е10 - İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: Şəkərli diabet tip,orta ağır gedişli insulin tələbli. Hipertoniya xəstəliyi İİ mər.diabetik, retinopatiya, ongiopatiya., Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksionallergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə." səbəbi ilə beş il müddətinə verilmişdir. Bakı 19 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr -> E10-E14 - Şəkərli diabet => Е10 - İnsulindən asılı şəkərli diabet, Diqnozun mətni: İnsulindən asılı olamayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma insulin tələbli İnsulindən asılı olamayan şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə., Diabetik nefropatiya Proterik mər. Nevrogen hipertenziya İnsulindən asılı olmayan şəkərli diabet, Nevrolojı ağırlaşmalarla., Diabetik ensefalopatiya. Diabetik polineyropatiya İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Diabetik ətrafların dianetik mikroangiopatiya Öd kisəsinin digər xəstəlikləri, Öd kisəsinin polipi, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir.” səbəbi ilə imtina verilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, “X2: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14-Şəkərli diabet => E11 – İnsulindən asılı olmayan şəkərli diabet, Diaqnozun mətni: E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet ağır forma insulin tələbli çoxsaylı ağırlaşmalar ilə Ağırlaşma H28.0* Diabetik katarakta (E10-E14 ümumi dördüncü.3+işarəsi ilə), OUBaşlanğıc katarakta Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), ), OU- Qeyri profilerativ diabetik retinopatiya. Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: Xəstəliyin ağırlaşmasını təsdiq edən diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun.” səbəbi ilə imtina verilmişdir. İddiaçı aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurulduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1373/2023 nömrəli, 12 iyun 2023-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır və qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1 uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşdə olan “Əlillik” altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə ümumi xəstəlik səbəbindən “Şəkərli diabet İİ tip, orta ağır gedişli insulin tələbli, polineyropatiya, retinopatiya” diaqnozu ilə 1 il müddətinə üçüncü dərəcə əlillik təyin olunmuş, xx.xx.2014-cü ildə əlilliyin müddəti bir il olmaqla uzadılmışdır. xx.xx.2015-ci il tarixdə iddiaçıya ümumi xəstəlik səbəbindən “Şəkərli diabet İİ tip, orta ağır gedişli insulin tələbli, hipertoniya xəstəliyi, İİ mər, diabetik, retinopatiya, ongiopatiya” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. İddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunmuş və ona təyin edilmiş əlillik elektron təyinat əsasında 5 il müddətinə uzadılmış, növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, əlavə ixtisaslaşmış müalicəyə ehtiyacın olması səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə təkrar göndəriş verilmiş, xx.xx.2022-ci il tarixli müayinə əsasında “göndərişin natamam doldurulması, xəstəliyin ağırlaşmasını təsdiq edən diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” əsası ilə yenidən iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9519/2022 saylı qərardadı ilə əyani müayinəyə cəlb etməklə İddiaçı əlilliyinin müəyyən olunması barədə müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı sonuncu dəfə əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci ildə elektron qiymətləndirilmiş və həmin dövr üçün qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq göndərişin natamam doldurulması səbəbindən tibb müəssisinə geri qaytarılmışdır. Həmin dövrdən sonra “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş daxil olmamışdır. Birinci instansiya məhkəməsinin qərardadına əsasən vətəndaş xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Aparılan əyani müayinələrin və təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən diaqnozların araşdırılması nəticəsində sonuncu qiymətləndirmə zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’yə müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, xx.xx.2022-ci il tarixli “göndərişin natamam doldurulmasana dair yekun nəticənin qüvvədə saxlanılması barədə qərar verilir. Lakin xəstənin real vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qəran ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”n 11.2.5.1. bəndinə uyğun olaraq orqanizmin funksiyasının 40% pozulmasının təyininə imkan verir. Bununla əlaqədar İddiaçı dövlət tibb müəssisəsində ətraflı müayinə olunduqdan sonra həyat fəaliyyətinin əsas kriteriyalarının məhdudlaşma dərəcəsi və xəstəliyin ağırlaşmaları dəqiqləşdirilərək X1 müvafiq olaraq kodlaşdırılmaqla yeni göndəriş (Forma-088) rəsmiləşdirildiyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun qiymətləndirilə bilər. Beləliklə, işin istinad olunan hallarından görünür ki, cavabdeh özü iddiaçının hazırkı vəziyyətini qiymətləndirərək, ona orqanizmin funksiyasının 40% pozulmasının təyininin mümkünlüyünü bildirmiş, buna baxmayaraq iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Cavabdeh bu zaman yeni göndəriş verilməsini şərt kimi qoymuşdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. İşin hallarından görünür ki, iddiaçı barəsində əlillik müddəti bitdikdən sonra iki dəfə, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə göndərişlər verilmiş, həmin göndərişlərdə iddiaçıya qoyulan diaqnoz daha əvvəl əlillik təyin edilmiş xəstəliyin diaqnozuna uyğun olmuş (şəkərli diabet), iddiaçının sağlamlıq vəziyyətində hər hansı bir yaxşılaşma olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən: - 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1 uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. İşdən görünür ki, cavabdeh sonuncu dəfə xx.xx.2022-ci il tarixdə iddiaçı barəsində tərtib edilmiş göndərişdə xəstəliyin ağırlaşmasını təsdiq edən diaqnostik müayinələrin dəqiqləşdirilməsi və ətraflı qeyd edilməsini tələb etsə də, iddiaçının xəstəliyi nəzərə alınmaqla məhz hansı diaqnostik müayinələrin zəruri olmasını göstərməmiş, ümumi ifadələrdən istifadə etməklə iddiaçıya imtina cavabı vermişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərar ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, Agentlik iddiaçını əyani müayinəyə cəlb etməklə sağlamlıq vəziyyətini özü qiymətləndirmək iqtidarında olsa da, bu normaların tələblərinə əməl etməmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3542/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə İddiaçı xx.xx.2022-ci il tarixli göndərişdə qeyd edilənlər nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən inzibati icraat aparılması üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilmiş, lakin, sonuncu məhkəmə iclasınadək (xx.xx.2024cü il tarixədək) inzibati orqan tərəfindən məhkəməyə məlumat təqdim edilməmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli tibbi göndərişdəki xəstəliklərin təsnifat kodları 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında ağırlaşma N08.3-diabetik nefropatiya onun üçüncü dərəcə əlillik dərəcəsi təyinatına əsas verir. Qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasla birinci instansiya məhkəməsinin iddiaçıya xx.xx.2022-ci il tarixindən 3-cü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1373/2023 nömrəli, 12 iyun 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1373/2023 nömrəli, 12 iyun 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar