Məhkəmə qərarları › İş №2-1(103)-4091/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4091/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4091/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Ərizəçi Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə ərizəçi Maraqlı şəxs məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi” barədə ərizəsinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3157/2022 saylı, 14 iyun 2024-cü il tarixli qərardadından ərizəçinin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasına” dair ərizəsinin icrasından xx.xx.2021-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin 2847 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı ilə Xəzər rayonu, Qala qəsəbəsi, 867 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinə dair cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3157/2022 nömrəli qərarına əsasən iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 867 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3157/2022 nömrəli qərarı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2022-ci il tarixli məktubla icra olunması üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Ərizəçi Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3157/2022 nömrəli iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3157/2022 nömrəli qərardadı ilə (hakim A.Əhədova) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iş üzrə Maraqlı şəxs “məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə, qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi” barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3157/2022 saylı, 14 iyun 2024-cü il tarixli qərardadından narazı qalan iş üzrə ərizəçinin nümayəndəsi və vəkili tərəfindən apelyasiya şikayəti, eyni zamanda apelyasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatət verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan müddətin cəmi bir gün olmaqla, onlardan asılı olmayan səbəblərdən, texniki səhv olaraq ötürüldüyü nəzərə alınıb, apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayəti vermək üçün müddətin bərpasına dair ərizəyə etirazını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, məktub göndərilərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3157/2022 saylı, 14 iyun 2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə ərizəçinin nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti ərizəçinin nümayəndəsi və vəkili Vəkil münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixdə başa çatmış, apelyasiya şikayəti isə 06 sentyabr 2024-cü il tarixdə elektron qaydada imzalanmaqla elektron məhkəmə sistemi vasitəsi ilə verilmişdir. Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsi və vəkili Vəkil “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, ərizə buraxılmış müddətin üzrlü olması barədə hər hansı əsas gətirilmədən ümumi sözlərdən istifadə etməklə əsaslandırılmışdır. Bu səbəbdən də qeyd olunanlar buraxılmış müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, ərizəçinin nümayəndəsi və vəkili Vəkil Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3157/2022 saylı, 14 iyun 2024-cü il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Ərizəçinin nümayəndəsi və vəkili Vəkil prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3157/2022 saylı, 14 iyun 2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmayaraq geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar