Məhkəmə qərarları › İş №2-1(103)-4094/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4094/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4094/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin xx.xx.2025-cü il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdehin üzərinə ona "müharibə veteranı" vəsiqəsinin verilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması tələbi”nə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Naxçıvan Muxtar Respublikasının Şərur Rayonunda Yaycı və Cağazir sərhəd zonasında döyüşlərdə iştrak etmişdir (hərbi biletdə öz təsdiqini tapıb). Buna görə iddiaçıya xx.xx.1995-ci ildə Azərbaycan Respublikası Vətən X1 295 nömrəli vəsiqəsi verilib. Həmçinin 1990- 1995-ci ilə kimi Şərur Rayon Xalq Deputatları Məclisinin Milli Müdafiə Komissiyasının sədri olmuşdur. Buna görə Şərur Rayon Xalq Deputatları Məclisi tərəfindən iddiaçıya 16 nömrəli vəsiqə verilib. 2000-ci ilə qədər Azərbaycan RespubiiKası vətən müharibəsi veteranları üçün nəzərdə tutulan imtiyazlardan istifadə etmişdir. 2000-ci il tarixində vəsiqələrin yenilənməsi ilə bağlı qərar qəbul olunmuşdur. İddiaçı da vəsiqənin yenilənməsi üçün Səfərbərlik Xidmətinin Şərur Rayon idarəsinə müraciət etmişdir. Lakin vəsiqə yenilənməmişdir. İddiaçı vəsiqənin yenilənməsi üçün həm Müdafiə Nazirliyinin müvafiq komissiyasına, həm də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini Naxçıvan Muxtar Respublikası üzrə Şərur Rayon İdarəsinə müraciət etmişdir. Lakin hər iki qurumdan da imtina cavabı almışdır.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl olan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir.

5. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl olan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

7. Qərardan narazı qalan iddiaçı xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. II. Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir.

III. Tərəflərin izahatları:

9. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM –nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

IV. Məhkəmənin mövqeyi

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir.

11. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.

12. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.

13. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.

14. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (24.2)

15. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (24.3) Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5)

16. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. (24.6)

17. Sadalanan normalardan görünür ki, iddiaçı buraxılmış prosessual müddətin bərpasına dair “ərizə” ilə müraciət etməli, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.

18. Hazırda iddiaçı apellyasiya şikayəti ilə birlikdə buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini məhkəməyə təqdim etməmişdir.

19. İş materiallarından göründüyü kimi Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən imzalanaraq qəbul edilmiş, bu barədə müvafiq poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir.

20. İddiaçı isə yalnız xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir.

21. Beləliklə, iddiaçı qərarı aldıqdan təqribən 2 aya yaxın müddətdən sonra apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

22. Qeyd edilən halları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.

Nəticə hissəsi

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.4, 89, 90.1-90.2 və 94.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3559/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar