Məhkəmə qərarları › İş №2-1(103)-41/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-41/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-41/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı diplom üzrə ixtisasın tanınması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-881/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-881/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı Cavabdehnə qarşı diplom üzrə ixtisasın tanınması tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təhsil Nazirliyinin Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiya təsdiq edilmişdir. Bu konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliiyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya"nın İİİ.1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafıq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş "Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr"in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, onun (ərizəçinin) ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. Göstərilənlər nəzərə alınaraq, ali məktəb tərəfindən iddiaçının adına verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçı apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti qərarın ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: xx xxxx 2009-cu il tarixli attestatdan görünür ki, iddiaçı 2009-cu ildə Kəngərli rayonu, Təzəkənd R.Rəhimov adına orta məktəbi bitirmişdir. X2 Dövlət Dağ Universiteti tərəfindən verilmiş 321-6 qeydiyyat nömrəli 106624 ******* saylı bakalavr diplomunun tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “heyəti idarəetmə” istiqaməti üzrə tam kursu tamamlayıb 2016-cı idə bakalavr dərəcəsini əldə etmişdir. İddaçı həmin diplomun ölkə ərazisində tanınması ilə bağlı xx.xx.2018-ci il tarixdə elektron ərizə ilə hazırkı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, lakin cavabdeh 23-04-635/ANİ saylı, xx xxxx 2018-ci ıi tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtinanın əsası kimi bildirilmişdir ki, İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Bundan sonra İddiaçı Cavabdehnə qarşı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-881/2019 saylı qərardadı ilə cavabdehə iddiaçının ixtisası üzrə yenidən müsahibə aparılması həvalə edilmişdir. Birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2019-cu il tarixli, 18- 18-100/12 saylı məktubla bildirilmişdir ki, “AR Təhsil Nazirliyi tərəfindən İddiaçı yenidən müsahibəyə dəvət edilmiş, sonuncunun ali təhsil ixtisasının və diplomunun tanınmaması və əvvəlki imtinanın qüvvəsində saxlanılması barədə yekun qərar qəbul edilmişdir.” Yekunda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iddia təmin edilərək, iddiaçının X3 Dövlət-Dağ Universiteti tərəfindən verilmiş x xxxx 2016-cı il tarixli 106624 ******* saylı bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır və hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən, Azərbaycan Respublikası qanunvericilik sisteminin tərkib hissəsi kimi tanınan “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsində qeyd edilir ki, ərizənin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, “təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtisasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər”. Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, “xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır”. Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, “ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Proqram elementlərinin müqayisəsinin aparılması nəticələrin və gələcək fəaliyyətə imkanın verilməsi səpkisində baxılmalıdır.” d) yarımbəndində qeyd edilir ki, “səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır.” Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Göstərilir ki, “bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarınm tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.” Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, “İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, labaratoriya işləri və.s) oxşar tələblər (tibb və təbiət elmində) və ya qeyri-akademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil edilməsi formasında ola bilər.” Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 №li qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Yəni, göründüyü kimi, bu Qaydalar məhz “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun və onun icrası məqsədilə hazırlanmışdır. Adı çəkilən Qaydaların 1.5-ci bəndində göstərilmişdir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.6-cı bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bu Qaydaların 2.2-ci bəndində qeyd edilir ki, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.4-cü bəndinə görə ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyanın nəticəsi. Həmin Qaydaların 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafıq strukturlarına qoyulan tələblərə uyğunluğudur. İşə baxılması zamanı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-382/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Həmin qərardadda kollegiya, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli imtina məktubunda Ekspert qrupu tərəfindən İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmamasının müəyyən edilməsinə istinad edilməsini, lakin ekspert qrupunun rəyi, eləcə də məhkəməyədək inzibati icraat materiallaprının təqdim olunmadığını, həmçinin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadının icrası ilə əlaqədar keçirilən təkrar müsahibənin nəticəsinə dair də məhkəməyə 18-18-100/12 saylı, xx xxxx 2019-cu il tarixli məktub ünvanlansa da, yenə də ekspert qrupunun rəyi, eləcə də məhkəməyədək inzibati icraat materialları təqdim olunmadığını qeyd edərək, cavabdeh AR Təhsil Nazirliyinə iddiaçının ixtisası üzrə yenidən müsahibə keçirilməsini həvalə etmişdir. İş materiallarına əlavə edilmiş AR Təhsil Nazirliyinin məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli, 181810/12 saylı məktubunda bildirilir ki, iddiaçının sənədləri ekspert komissiyası tərəfindən yenidən araşdırılmış, ilkin qərar dəyişdirilmədən saxlanılmışdır. Məktuba əlavə edilmiş rəydən görünür ki, ekspert qrupu iddiaçının tədris dili üzrə biliyini mənfi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən ilk növbədə qeyd edir ki, “Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə münasibət bildirməli idi. İşin sadalanan halları (təhsilin müddəti və məzmunu) ilə bağlı isə, cavabdeh inzibati orqan Cavabdeh tutarlı dəlillər gətirməmişdir.” Buna münasibətdə kollegiya qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Göründüyü kimi cavabdeh orqana təqdim edilən sənədlərə uyğun olaraq şəhadətnamənin verilməsinə əsas olan halların mövcudluğu yalnız ekspertiza keçirilməsi yolu ilə dəqiqləşdirilə bilər. Ekspert qrupunun mənfi rəyi isə diplom üzrə ixtisasın tanınmasından imtina üçün əsaslı dəlil hesab olunur. Həmçinin qanunvericiliyin tələblərindən görünür ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır. Yəni ekspert qrupunun rəyi iddiaçının aldığı təhsilin yalnız diplomda göstərilən müddətə və məzmuna uyğunluğunu deyil, göstərilən təhsilin keyfiyyətini də əhatə etməlidir. Birinci instansiya məhkəməsinin qərarı ikinci olaraq onunla əsaslandırılır ki, “iddiaçının məhkəmə icraatında təqdim etdiyi attestatının surətindən görünür ki, ona oxuduğu orta məktəbdə “rus dili” fənni tədris olunmuş və o, həmin fənn üzrə 5 (əla) qiymət almışdır. Buradan belə nəticə çıxır ki, iddiaçını cavabdeh inzibati orqan Cavabdeh tabeliyində olan təhsil ocağı “rus dili” fənnindən 5 (əla) qiymətləndirildiyi halda, inzibati orqanın nəzdində yaradılmış müvafiq komissiya onun “rus dili”ni bilməməsini müəyyən etmişdir.” Bu ziddiyəti əsas götürərək birinci instansiya məhkəməsi iddiaçının tədris dilini bilməsi qənaətinə gələrək iddianı təmin etmişdir. Lakin məhkəmə iddiaçının 2009-cu ildə rus dilini əla səviyyədə bilməsi faktı ilə 2018 və 2019 tarixlərində AR Təhsil Nazirliyinin müvafiq ekspert qrupları tərəfindən keçirilən təkrar müsahibələrdə rus dili biliklərinin mənfi qiymətləndirilməsi faktı arasındakı uyğunsuzluğu düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq müsahibə nəticələrini nəzərə almayaraq, yalnız attestat qiymətinə əsasən yekun qərar qəbul etmişdir. Keçirilən hər üç müsahibədə (2018, 2019, 2021) iddiaçının rus dili üzrə biliyinin qənaətbəxş hesab olunmaması, 2009-cu ilin attestatına əsasən onun həmin dili əla səviyyədə bilməsi və göstərilən universitetdə 2011-2016-cı illərdə bu dil üzrə uğurlu təhsil aldığı nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması müəyyən olunduğundan onun diploma əlavədə qeyd olunmuş fənləri mənimsəməsi, təcrübə keçməsi, yekun dövlət imtahanından keçməsi və ya diplom işi yazaraq müdafiə etməsinin mümkünlüyü qeyrirealdır. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin faktiki halları baxımından əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-881/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, cavabdehin apelyasiya şikayəti təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-881/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Emin Mehdiyev Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar