Məhkəmə qərarları › İş №2-1(103)-41/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-41/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-41/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)-6650/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzi İdarəsinə qarşı əmək kitabçasında göstərilən xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixədək, eləcə də xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək stajını, həmin stajın 15 il 7 ay 14 gününün güzəştli şərtlərlə əmək pensiyasına çıxmağına əsas verməyini nəzərə almaqla, onun güzəştli şərtlərlə əmək pensiyasına çıxarılmağı və pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixdən hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq, birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının 52 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Müxtəlif yerlərdə və müxtəlif peşələrdə olmaqla ümumi stajı 25 ildən çox təşkil edir. Bu illərin tam olaraq 15 ildən çoxunu zərərli sayılan peşələrdə və yerlərdə çalışmışdır. Hazırda 60 yaşı var. Artıq xeyli müddətdir ki, pensiya hüququdan istifadə edə bilmir. Belə ki, bununla əlaqədar əvvəllər ƏƏSMN-nin DSMF-nun Yasamal rayon şöbəsinə, hazırda da cavabdehə dəfələrlə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmiş, hər dəfə müxtəlif növ bəhanələrlə onun pensiya hüququndan istifadə etməyinə maneə yaradılmışdır. Sonuncu dəfə isə iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr ərzində "xxxx" MMC-də əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə göndərilərkən həmin müəssisənin rekvizitləri (SUN və ya VÖEN) qeyd olunmaması səbəbindən əmək stajını dəqiqləşdirə bilmədikləri üçün ona imtina cavabı vermişlər. Halbuki, onun həmin dövrdə həmin müəssisədən gələcəkdə pensiyaya çıxmağı ilə əlaqədar olaraq VÖEN və SUN tələb etmək öhdəliyi olmamışdır. Hər-hansı köçürmələr isə onun tərəfindən deyil, müəssisə tərəfindən aparılmış, aparılmadığı halda da məsuliyyəti iddiaçı daşımamışdır. Həmçinin, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajına mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti; hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti; ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti daxil edildiyindən iddiaçının pensiya hüququ yarandığı 52 yaşında, yəni xx.xx.2011-ci il tarixədək 25 ildən çox ümumi iş stajı olmuşdur ki, bu stajın 15 il 07 ay 14 gününü güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olmuşdur. İddiaçının tələb olunan ümumi stajı 25 ildən çox təşkil edir. Onun 15 ilindən çoxu güzəştli şərtlərlə müəyyən olunmuş vəzifələrə aiddir. Bu hallar iş yerindən ona verilən arayışda da aşkar şəkildə əks olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbələrinə etdiyi müraciətinə müsbət cavab verilməmişdir. Əsassız olaraq neçə illərdir onu bu hüququndan məhrum etmişlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahısında göstərilən işlərə aid olmuşdur. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərinə əməl edilməmişdir. 1) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə iddiaçının zəruri staja sahib olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan qadınlar - 52 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin, iddiaçının əmək kitabçasından qeyd olunan xx.xx.1995 - xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi müddəti yoxlamaq mümkün olmadığından, həmin müddəti sığorta stajına daxil etmək olmaz. Beləliklə, xx.xx.2006-cı il tarixədək iddiaçının topladığı ümumi iş stajı da 20 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” tətbiq edilə bilməz. 2) Bundan başqa, iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarındakı peşələr ilə üst-üstə düşmür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin X5 işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2- 1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsaslı olmalıdır”. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər. Göründüyü kimi, Azərbaycan Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarının Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)-6650/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə yenidən baxan hakim iddianı təmin etmədi. Təmin etmədiyinin səbəbi kimi onun 1995-2005-ci il tarixədək olan əmək stalıjını nəzərə almaması olmuşdur. Lakin bununla razı deyildir. Bunu ədalətsizlik hesab edir. Onun 60 yaşı var. Pensiyaya çıxmalı olsam da əvvəl Pensiya fondu indi də məhkəmələr onu hüququndan məhrum edirlər. Yəqin ölməyini gözləyirlər. O, 1995-ci il tarixdən əvvəl zərərli işdə işləmişdir. Lakin bronxlarında yaranmış problemlə əlaqədar həmin iş yerində fəaliyyətini davam etdirə bilməmişdir. Buna görə tanışımız vasitəsi ilə 28 may metrostansiyasının yanında yerləşən bir ofisdə xadimə işləmişdir. Həmin iş yerindən əmək haqqımı almaqla əmək kitabçama da qeydlər vurdular. Lakin hakim deyir ki, həmin iş yeri vergi verməyib. O, işini görüb aylığını almışdır. Həmin müəssisənin vergi verib-vermədiyi onun səlahiyyətinə aid olan məsələ olmamışdır. Buna görə də bu əsasla onu hüquqlarından məhrum etmək düzgün deyil. İş yerini təsdiq edən sənəd əmək kitabçasıdır. Həmin əmək kitabçamın da qeydi, möhürü yerindədir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.1979-cu il tarixdən (əmr 240, xx.xx.1979-cu il) Bakı Kimya-Əczaçılıq Zavodunda məlhəm və pasta sexində şagird kimi, xx.xx.1980-ci il tarixdən (əmr 46, 4.03.1980-ci il) həmin sexdə 1-ci dərəcəli qablaşdırıcı, xx.xx.1995-ci il tarixdən işdən azad edilmiş (əmr 60, xx.xx.1995), xx.xx.1995-ci il tarixdən (əmr № 321 xx.xx.1995) xx.xx.2005-ci il tarixə qədər (əmr № 07 xx.xx.2005) "xxxx" MMC-də xadimə işləmişdir. xx.xx.1994-cü il tarixdə X2 nikahı ləğv edildikdən sonra Axundova soyadını qəbul etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 32 saylı xx.xx.2019-cu il tarixli əmək haqqında arayışından görünür ki, iddiaçı 1979-cu ilin dekabr ayı, 1980-1983 illər, 1984- cü ilin yanvar, fevral, aprel, iyul ayları, 1985-ci ilin mart, avqust-dekabr ayları, 1986-cı ilin mart, aprel ayları, 1987-ci ilin avqust-dekabr ayları, 1988-ci il, 1989-cu ilin yanvar, aprel-oktyabr, dekabr, 1990-cı ilin yanvar-avqust, oktyabr-dekabr ayları, 1991-1994-cü illər, 1995-ci ilin yanvar-iyul ayları üçün DSMF-na hesablanmış ayırmalar ödənmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2019-cu il tarixli **********8 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı “ASAN xidmət” mərkəzi tərəfindən İdarəyə daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, 25 dekabr 1979-cu il tarixində açılmış İT-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan xx.xx.1995 - xx.xx.2005-ci il tarixləri arasındakı dovr ərzində "xxxx" MMC-də əmək stajınızın dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorgu göndərilmiş, cavab olaraq həmin müəssisənin rekvizitlərinin (SUN və ya VÖEN) qeyd olunmaması səbəbindən müvafiq məlumat uçot bazasında müəyyən edilmədiyi bildirilmişdir. Bu səbəbdən sizin əmək stajınızı dəqiqləşdirmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir”. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 İdarəsinin xx.xx.2019-cu il tarixli **********8 saylı məktubundan görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 idarəsində olan reyestrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı hüquqi şəxs müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********12 saylı məktubu ilə bildirilmişdir ki, məhkəmə işi ilə əlaqədar "xxxx" MMC-nin dövlət reyestri məlumatları (dövlət qeydiyyatına alınıbalınmaması, təsisçisi, hüquqi varisi) haqqında məlumatların təqdim edilməsi barədə müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının Reyistrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11- ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixə qədər 10 ildən yuxarı güzştli iş stajının olduğunu müəyyən edərək, iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, cavabdeh orqan iddiaçının hazırkı iddia üzrə müaraciətini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin etmək üçün xx.xx.2006-cı il tarixə qədər tələb ümumi iş stajı tələb olunan 20 ildən artıq stajının qarşılığında cəmi 15 il 7 ay 15 gün təşkil edir. Buna görə də, cavabdeh tərəfindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməməsi qanuni və əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 21.2.3-ci maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (qadınlara): - 50 yaşdan pensiya təyin edilməsi üçün şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997ci il avqustun 1-dək qazanmış olmalıdır; həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 İdarəsinin 11 fevral 2022-ci il tarixli məktubundan görünür ki, idarədə olan reyestrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı kommersiya qurumu aşkar edilməmişdir. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 07 sentyabr 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki,Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 və 422 nömrəli Fərmanları ilə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də hesabatların qəbulu xx.xx.2019-cu il tarixdən Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya cavab olaraq DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 05 oktyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” AR Qanunun tətbiqinə xx.xx.2006-cı il tarixindən başlandığı üçün xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların verilməsi Filial tərəfindən mümkün olmamışdır. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Azərbaycan Respublikasınn Dövlət Statistika Komitəsinin 17 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1996-cı il tarixdə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" MMC-yə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır. Həmin əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. İddiaçının əmək kitabçasında olan qeydlərin mötəbərliliyini şübhə altına alan hərhansı bir əsasın mövcud olması müəyyən edilməmişdir. Göstərilən hal, isə cavabdehin iddiaçının sığorta stajının mötəbər sayılmaması ilə bağlı dəlillərini əsassız etmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı ilə qədər 20 ildən artıq ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2017-ci il tarixli 75 saylı güzəştli arayışından görünür ki, xx.xx.1959-cu ildə anadan olan İddiaçı verilir ondan ötrü ki, o "xxxx" Açıq Səhmdar Cəmiyyətində (keçmiş Bakı Kimya-Əczaçılıq Zavodunda) aşağıdakı vəzifələrdə işləmişdir: 1) xx.xx.1979-cu il tarixdən Məlhəm və pasta sexində qablaşdırıcı mərhələsində şagird. 2) xx.xx.1980-ci il tarixdən siyahı №2, bölmə 18 (Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı) punkt 18.8 (a) fəhlələr: açıq preparatları, çəkib bükməklə məşğul olan bükücü-qablayıcılar, tıxaclama ilə məşğul olan qablaşdırıcılar. xx.xx.1980-ci il tarixdən həmin sexdə 1-ci dərəcəli qablaşdırıcı. 3) xx.xx.1995-ci il tarixdən siyahı №2, Bölmə 18 (Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı) punkt 18.8 (a) fəhlələr: açıq preparatları, çəkib bükməklə məşğul olan bükücü-qablayıcılar, tıxaclama ilə məşğul olan qablaşdırıcılar. Məlhəm və pasta sexində aşağıda adları göstərilən dərman preparatları istehsal olunur: Naftalan məlhəmi, Solidol məlhəmi, Yod, Kükürd məlhəmi, Sink məlhəmi, Ammiak, İxtiol məlhəmi, Teymurov pastası.Viprosal «B» məlhəmi, Kamfora yağı, Kamfora spirti, Kseroform məlhəmi, Balzamlı liniment, Salisil məlhəmi, Leyner məlhəmi və s. 18-ci bölmədə göstərilən preparatlardan həmin sexdə kükürdün üzvü birləşmələrdən - Kükürd məlhəmi, Metal üzvi birləşmələrdən,qurğuşun asetat birləşmələrindən və sink oksidindən-Teymurov pastası, Sink məlhəmi, Viprosal «B» məlhəmi - ilan zəhərindən (gürzə) istifadə olunub. İddiaçı 15 il , 7 ay, 14 gün zərərli iş stajına malikdir. Siyahı №2, Bölmə 18 (Dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı) punkt 18.8 (a) Fəhlələr: açıq preparatları, çəkib bükməklə məşğul olan bükücü-qablayıcılar, tıxaclama ilə məşğul olan qablaşdırıcılar. Azərbaycan Respublikası Nazirlər Kabineti «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı»nın 23 yanvar 2007-ci il tarixində təsdiq edilməsi barədə 12 saylı Qərar. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2001-ci il 307 saylı Əmrinə əsasən Bakı Kimya - Əczaçılıq Zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Beləliklə, iddiaçının işlədiyi “açıq preparatları, çəkib bükməklə məşğul olan bükücüqablayıcılar, tıxaclama ilə məşğul olan qablaşdırıcılar” peşələri "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 75 saylı güzəştli arayışında qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğundur, iddiaçının, ümumilikdə, güzəştli iş stajı 10 ildən artıq təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 08 saylı 23 may 2023-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı (xx.xx.1959-cü il təvəllüdlü şəx.vəs. AZE0*******) xx.xx.1979-xx.xx.1980-ci illərdə Məlhəm və Pasta sexində qablaşdırıcı mərhələsində şagird və xx.xx.1980-xx.xx.1995-ci illərdə həmin sexdə qablaşdırıcı vəzifələrində işləyib. Nəzərinizə çatdırırıq ki, həmin sexdə aşağıda adları göstərilən dərman preparatları istehsal olunur: Naftalan məlhəmi, Solidol məlhəmi,Yod,Kükürd məlhəmi,Sink məlhəmi,Ammiak, İxtiol məlhəmi,Teymurov pastası,Leyner məlhəmi, Viprosol ”B” məlhəmi,Kamfora yağı,Kamfora spirti,Kseroform məlhəmi, Balzamlı liniment və s. Yuxarıda göstərilən preparatların istehsalında aşağıda göstərilən xammal-kimyəvi maddələr istifadə olunur: Kükürdün üzvü birləşmələri, metal üzvi birləşmələrindən, qurğuşun asetat, sink oksidi, yod. Viprosol “B” məlhəmində-ilan zəhərindən (gürzə) istifadə olunur. Yuxarıda göstərilən preparatlar hazırlanıb çəkilir və şüşə qablara doldurulur, doldurulandan sonra ağzı tıxaclanıb bağlanır. Bu proses qablaşdırıcılar tərəfindən aparılır. Odur ki, İddiaçı həmin proseslərdə iştirak edib. O dərman preparatların çəkilib, flakonlara doldurulub ağızları tıxaclanıb bağlanması ilə məşğul olub. Bunlar qablaşdırıcı vəzifəsinə aid olan işlərdi və gün ərzində qablaşdırıcılar tərəfindən həyata keçirilir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən imtina məktubunda və apellyasiya şikayətinə etirazda iddiaçının xüsusi stajla bağlı şərti ödəməsi mübahisələndirilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 52 yaşdan (8 sentyabr 2011-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddia tələbinin-“xx.xx.2011-ci il tarixdən yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi” hissəsinə münasibətdə kollegiya qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 30 avqust 2019-cu il tarixli məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 24 iyun 2019-cu il tarixində müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Bu halda iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (24 iyun 2019-cu il) əvvəlki illər üçün, yəni 24 iyun 2016-cı il tarixindən hesablanaraq ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)-6650/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 08 sentyabr 2011-ci il tarixdən təyin olunması və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2019-cu il) əvvəlki üç il üçün, yəni xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(112)-6650/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 08 sentyabr 2011-ci il tarixdən təyin olunması və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2019-cu il) əvvəlki üç il üçün, yəni xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar