Məhkəmə qərarları › İş №2-1(103)-410/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-410/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-410/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(112)-459/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.09.1979-cu idən 12.11.1980-ci ilədək, 18.02.1983-cü ildən 01.11.2001-ci ilədək "xxxx" trestində və “Xəzərdənizneftsosialtikinti” trestində işlədiyi peşələr Azərbayacan Respublikası Nazilər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu fəslində (mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular) qeyd edilən peşəyə uyğunlaşdırılaraq, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 10.06.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə İsmayıllı rayonu, Talıstan kəndində doğulmuşdur. Əmək fəaliyyətinə 02.03.1979-cu ildə başlamışdır. Həmin tarixdən 12.11.1980-ci ilədək "xxxx" trestinin Mənzil-Kommunal Kontorunda işləmişdir. 14.11.1980-ci ildən 30.11.1982-ci ilədək Sovet ordusunda hərbi xidmət keçmişdir. 18.02.1983-cü ildən 02.04.1990-cı ilədək "xxxx" trestinin Mənzil Kommunal Kontorunda yumuşaq dam örtüyü üzrə 2-ci dərəcəli fəhlə işində işləmişdir. 01.07.1992-ci ildən 01.11.2001-ci ilədək “Xəzərdənizneftsosialtikinti” trestinin Mənzil- Kommunal Kontorunun 3-nömrəli Təmir Tikinti sahəsindən köçürülmə yolu ilə 4-cü, 5-ci, 6- cı dərəcəli yumuşaq dam ötürücüsü ustası peşəsində işləmişdir. Onun işlədiyi peşə Azərbayacan Respublikası Nazilər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 29-cu fəslində (mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular) öz əksini tapmışdır. Qeyd edir ki, o 25 il ümumi stajı və 12 il 06 aylıq xüsusi stajı 01.01.2006-cı ilədək toplamışdır. İddiaçıya 10.06.2018-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, cavabdeh 13.09.2019-cu il tarixli **********6 saylı məktubla müraciət edərək bildirmişdir ki, onun təqdim etdiyi sənədlərdə qeyd olunan "xxxx" trestində və “Xəzərdənizneftsosialtikinti” trestində işlədiyi yumşaq dam ortücü ustası və fəhləsi peşəsi Azərbayacan Respublikası Nazilər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, onun işlədiyi peşə Azərbayacan Respublikası Nazilər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nda 29-cu fəslinə (mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular) uyğundur. Sadəcə əmək kitabçasında rus dilində yazıldığından və hərfi mənada tərcümə olunduğuna görə yumşaq dam ortücü ustası və fəhləsi kimi tərcümə olunub. Halbuki, onunla eyni yerdə və eyni peşədə işləyən iş yoldaşlarından bəzilərinin əmək kitabçalarında sonradan əmək kitabçasına azərbaycan dilində yazılaraq həmin peşə - taxtapuşçu kimi qeyd olunmuşdur. Onun gördüyü işlərdə qır-mastikadan iştifadə edirdi. Hətta ona işlədiyi yerdən zərərli işdə işlədiyinə görə 6 (altı) gün əlavə məzuniyyət günləri verilir. Ona görə də, onun işlədiyi peşə Azərbayacan Respublikası Nazilər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu fəslində (mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular) qeyd olunan peşəyə uyğunlaşdırılmalıdır. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh İdarəyə qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair iddiasını qəbul etmirlər. İddiaçı iddia edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq əmək pensiyası hüququnun yarandığı 10.06.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının dəlili yersizdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən stehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. 1) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə İddiaçının zəruri staja sahib olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər- 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin, 01.01.2006-cı il tarixədək İddiaçının topladığı güzəştli (zərərli) iş stajı 12 il 6 aydan azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. İddiaçının işləmiş olduğu peşələrin ağır və ya xüsusilə ağır (güzəştli) peşələr olubolmaması əmək kitabçasındakı qeydlərin və iş yerindən təqdim edilmiş arayışların Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına uyğunluğu ilə müəyyən edilir. İddiaçının əmək kitabçasından görünür ki, işləmiş olduğu peşənin adı rus dilində “рабочий по мягкой кровле”, azərbaycan dilində isə “yumuşaq dam örtüyü üzrə fəhlə”-dir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 27-ci bölməsində (Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) peşənin adı tamamilə başqa cürdür və burada söhbət fərqli peşələrdən gedir (kod 2290000а—13201 mastika və astarlama tətbiqi isləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə-taxtapuşçular). Analoji iş üzrə AR Ali Məhkəməsinin X1 işi üzrə qəbul etdiyi 30.04.2019-cu il tarixli, 2-1(102)- 283/2019 saylı qərarından çıxarış: “Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər”. Göründüyü kimi, AR Ali Məhkəmənin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir, (əlavənin 2.4-cü bəndi). Lakin, göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. İddia ərizəsinə qoşma hissəsində qeyd edildiyi kimi “güzəştli staj barədə arayış” yox, “arxiv arayışı” əlavə edilmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(112)-459/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya məxsus İT-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətidən görünür ki, iddiaçı 01.03.1979-cu ildə "xxxx" trestinin Mənzil-Kommunal Kontoruna fəhlə işinə işə qəbul edilmişdir. 14.09.1979cu ildə yumuşaq dam örtüyü üzrə əsaslı təmir qrupuna fəhlə işinə keçirilmişdir. 12.11.1980-ci ildə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. 18.02.1983-cü ildə "xxxx" trestinin Mənzil-Kommunal Kontoruna yumşaq dam örtüyü üzrə 2-ci dərəcəli fəhlə işinə işə qəbul edilmişdir. 02.04.1990-cı ildə “Xəzərdənizneftsosialtikinti” trestinin nəzdində açılan Təsərrüfat hesablı tikinti sahəsinə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. 15.01.1991-ci ildə Briqadir dülgər təyin edilərək 4-cü dərəcəli dülgər vəzifəsinə təyin olunmuşdur. 02.01.1992-ci ildə “Xəzərdənizneftsosialtikinti” trestinin Mənzil - Kommunal Kontoruna 3 №-li Təmir Tikinti sahəsindən köçürülmə yolu ilə 4-cü dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə qəbul edilmişdir. 01.07.1992-ci ildə 4-cü dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə keçirilmişdir. 01.06.1993-cü ildə 5-ci dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə keçirilmişdir. Azərbaycan Dövlət Neft Şirkəti yanında Kapital tikinti üzrə Baş İdarəsinin 25.05.1993-cü il tarixli 30 №li Əmrinə əsasən MKK “XDNSİ” tresti balansından “Azərdəniznefttikintiinşaat” trestinin balansına keçirilmişdir. 02.02.1998-ci ildə 6-cı dərəcəli yumuşaq dam örtücü ustası peşəsinə keçirilmişdir. 01.11.2001-ci ildə əməyin mühafizəsi və təhlükəsizlik üzrə mühəndis vəzifəsinə keçirilmişdir. 24.06.2003-cü ildə “Azneft” İB-nin Sosial Xidmətlər İdarəsinin 2 saylı əsaslı təmir sahəsinə köçürülmə yolu ilə 6-cı dərəcəli kafelçi peşəsinə işə qəbul edilmişdir. 31.03.2006-cı ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğv olunması ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmiş və tutduğu peşədən azad olunmuşdur. 03.04.2006-cı ildə ARDNŞ-nin Sİİ-nin Mənzil Kommunal Xidmətlər İdarəsinin bina və tikililər üzrə briqadasına mühəndis-texniki qurğular üzrə briqadasına 6-cı dərəcəli kafelçi peşəsinə işə qəbul edilmişdir. 01.08.2006-cı ildə 2 saylı TİS-nin bina və tikililər üzrə əsaslı təmir briqadasına 5-ci dərəcəli üzləyici-piltəçi peşəsinə keçirilmişdir. 01.06.2007-ci ildə 2 saylı TİS-nin TTS adlandırılmışdır. 02.07.2007-ci ildə 2 saylı TTS-nə 6-cı dərəcəli rəngsaz peşəsinə keçirilmişdir. 02.07.2012-ci ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və tutduğu peşədən azad olunmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş 13 sentyabr 2019-cu il tarixli, ******* saylı imtina məktubundan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-cı maddəsinə əsasən axırıncı ış yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xususılə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarıxınədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü ıl tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan “Azərdənızneftinşaat” trestində və “Xəzərdənizneftsosialtikinti” trestində işlədiyi yumşaq dam örtücü ustası və fəhləsi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Buna görə də onun güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının Qanunla nəzərdə tutulan müddətdən az olduğundan iddiaçının müraciətinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01.08.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin birinci instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının 01.01.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajı və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajının mövcud olması ona məxsus əmək kitabçası ilə öz təsdiqini tapır və həmin iş dövrləri cavabdeh tərəfindən mübahisələndirilmir. Başqa sözlə iddiaçının əmək kitabçası ilə təsdiqini tapan ümumi iş stajı 25 ildən artıqdır və bu hal tərəflər arasında mübahisələndirilmir. Hazırkı işin mübahisələndirilən yeganə halı iddiaçının işlədiyi peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 12 il 06 ay güzəştli iş stajı olmalıdır. Cavabdeh imtinasında və apellyasiya şikayətində iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının Qanunla nəzərdə tutulan müddətdən az olmasına, “yumşaq dam örtücüsü” işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahıda qeyd olunan “fəhlə”, “mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular” sahəsi ilə üst-üstə düşməməsinə, fərqli sahə olmasına istinad etmişdir. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması dövründə iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu fəslində göstərilən mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular peşəsinə uyğun olub-olmaması, uyğun olduğu təqdirdə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün əsas olan güzəştli iş stajının hansı müddəti təşkil etməsi barədə güzəştli arayışı “SOCAR”ın Baş Ofisinin Mərkəzi Arxivindən sorğu əsasında tələb edilmişdir. “SOCAR”ın Baş Ofisi tərəfindən 12 fevral 2020-ci il tarixdə sorğuya cavab olaraq birinci instansiya məhkəməsinə ünvanladığı arayışda qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən 01.03.1979-cu ildə (əmr № 23/k, 01.03.1979-cu il) "xxxx" trestinin Mənzil-Kommunal Kontoruna fəhlə işinə işə qəbul edilmişdir. 14.09.1979-cu ildə (əmr № 106/k, 14.09.1979-cu il) yumuşaq dam örtüyü üzrə əsaslı təmir qrupuna fəhlə işinə keçirilmişdir. 12.11.1980-ci ildə (əmr № 174/k, 13.11.1980-ci il) Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. 18.02.1983-cü ildə (əmr № 14/k,14.02.1983-cü il) "xxxx" trestinin Mənzil-Kommunal Kontoruna yumşaq dam örtüyü üzrə 2-ci dərəcəli fəhlə işinə işə qəbul edilmişdir. 02.04.1990-cı ildə (əmr № 26, 13.04.1990-cı il) “Xəzərdənizneftsosialtikinti” trestinin nəzdində açılan Təsərrüfat hesablı tikinti sahəsinə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. 01.07.1992-ci ildə (əmr № 37, 15.07.1992-ci il) “Xəzərdənizneftsosialtikinti” trestinin Mənzil-Kommunal Kontoruna 3 №-li Təmir Tikinti sahəsindən köçürülmə yolu ilə 4-cü dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə qəbul edilmişdir. 01.06.1983-cü ildə (əmr № 27, 03.06.1993-cü il) 5-ci dərəcəli yumuşaq dam örtüyü ustası peşəsinə keçirilmişdir. Haqq-hesab cədvəlində olan qeydə əsasən 1998-ci ilin aprel ayında 6-cı dərəcəli yumuşaq dam örtücü ustası peşəsinə keçirilməsi göstərilmişdir. 01.11.2001-ci ildə (əmr № 28/k, 29.10.2001-ci il) əməyin mühafizəsi və təhlükəsizlik üzrə mühəndis vəzifəsinə keçirilmişdir. 24.06.2003-cü ildə (əmr № 37/k, 24.06.2003-cü il) “Azneft” İB-nin Sosial Xidmətlər İdarəsinin 2 saylı əsaslı təmir sahəsinə köçürülmə yolu ilə 6-cı dərəcəli kafelçi peşəsinə işə qəbul edilmişdir. 31.03.2006cı ildə (əmr № 07/k, 31.03.2006-cı il) Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğv olunması ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmiş və tutduğu peşədən azad olunmuşdur. 03.04.2006-cı ildə (əmr № 15/k, 03.04.2006-cı il) ARDNŞ-nin Sİİ-nin Mənzil Kommunal Xidmətlər İdarəsinin bina və tikililər üzrə briqadasına mühəndis-texniki qurğular üzrə briqadasına 6-cı dərəcəli kafelçi peşəsinə işə qəbul edilmişdir. 01.08.2006-cı ildə (əmr № 120/k, 01.08.2006-cı il) 2 saylı TİS-nin bina və tikililər üzrə əsaslı təmir briqadasına 5-ci dərəcəli üzləyici-piltəçi peşəsinə keçirilmişdir. 01.06.2007-ci ildə (əmr № 140, 01,06.2007-ci il) 2 saylı TİS-nin TTS adlandırılmışdır. 02.07.2007-ci ildə (əmr № 152/k, 02.07.2007-ci il) 2 saylı TTS-nə 6-cı dərəcəli rəngsaz peşəsinə keçirilmişdir. 02.07.2012-ci ildə (əmr № 1096/k, 02.07.2012-ci il) Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğvi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmiş və tutduğu peşədən azad olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının işlədiyi “mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçu” vəzifəsinin zərərli peşə olmasına dair qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş Arayışdan da göründüyü kimi, iddiaçının işlədiyi “yumşaq dam örtücüsü” peşəsi həmin Siyahıda qeyd olunan “mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə-taxtapuşçular” peşəsinə bərabər tutulmalıdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında mütəxəssis qismində dəvət olunmuş Memarlıq və İnşaat Universitetinin “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması” kafedrasının dosenti, t.ü.f.d X2 məhkəməyə təqdim etdiyi yazılı ifadəsində göstərdiklərinə uyğun izahat verərək bildirmişdir ki, müasir tikinti şəraitində müxtəlif mühafizəedici inşaat materialları dam örtüklərində,o cümlədən rulon, mastika, asbestsement, taxta, polad vərəqələri, metal-kiramit, kiramit və s. istifadə olunur. Tikintidə bu növ dam örtük işləri taxtapuşçu peşəsi olan fəhlələr tərəfindən yerinə yetirilir. Çox çeşidli dam örtüklərinin düzəldilməsi ümumiləşdirilmiş “taxtapuşçu” termini əmək fəaliyyətində iştiraketmə dərəcəsini məhdudlaşdırır. Digər tərəfdən ağac (taxta) yükdaşıyıcı konstruktiv elementlərin (mauerlat, çatıayağı, tir şəbəkəsi) dam hissəsində keçmişdə və müasir dövrdə ədədi dam örtük işlərində istifadəsi “taxtapuşçu” peşəsi terminini əsaslandırmağa məqam yaradır. Dam örtüyü işlərində başğa növ peşə fəhlələri də (dülgər, şüşəçi, tənəkəçi, bənna, izolyasiya və s.) iştirak edə və ya bu işləri attestasiya keçmiş taxtapuşçu peşə manqası (briqadası) yerinə yetirə bilər. Dünya praktikasında dam örtük işləri peşə fəhləsinin gördüyü işi tam xarakterizə etmir. Belə ki, çatıçı (türkcə), krovelşik (rusca), krovelşik- izolirovşik (çexcə), taxtapuşçu, dammazçı və dam örtük ustası (azərbaycança) peşələri layihəyə uyğun istənilən növ dam örtük işlərini yerinə yetirə bilər. Dam örtüyü öz konstruksiyasının təyinatına görə iki növə bölünür: çardaqlı və çardaqsız. Örtük tətbiq olunan materialına görə yumşaq və ədədi materiallardan dam örtüyü növünə bölünür. Bu hal üçün daha xarakterik yumşaq materiallı dam örtükləri sayılır. Belə ki, bir qrupa ayrılmış sukeçirməyən materiallı - rulon (ruberoid, tol, izol, brizol və s.), mastika (bitum pastaları, bitum-polimer, rezin-bitum, qatran-polimer, bitum-emulsiya və s. kombinə edilmiş və başqa növ hidroizolyasiya materiallı dam örtükləri yumşaq dam örtüklərinə aiddirlər. Bitumların tərkibinə bir sıra karbohidrogenlər aiddirlər. Metan və naften sıra karbohidrogenlər, aromatik karbohidrogenlər. Bunlardan başqa bitumların tərkibində azotlu, oksigenli, kükürdlü, dəmirli, nikelli törəmələr də ola bilər. Bitumların qrup tərkibinə aşağıdakı maddələr daxildir: asfaltenlər, yağlar, qatranlar, karbenlər və karboidlər. Dam örtüyündə işlədilmə üsuluna görə bitum mastikaları qaynar (isti) və soyuq növlərə bölünür. İşə istifadə olunmazdan əvvəl isti bitum mastika -160-180 °C, rezin- bitumu -170-180 °C, qatran və hidrokam mastika - 70 °C-yə qədər qızdırılır. Soyuq mastika iş yerində havanın temperaturu +5 °C-dən az olmadıqda, qızdırılmadan, daha aşağı temperaturlarda isə 60 - 70° C-yə qədər qızdırılaraq işlədilir. Dam örtük işlərinin düzəldilməsi potensial olaraq çox təhlükəli iş sayılır. Ona görə ki, iş müxtəlif yüksəklikdə (çoxmərtəbəli bina və qurğuların dam örtük işləri), müxtəlif konfiqurasiyalı dam örtüklərin düzəldilməsində (biryamaclı, ikiyamaclı, mansardlı, valımlı, çatıvari, çox dik yamaclı və s.) və müxtəlif yamaclı və yamacsız (cədvəl 1) dam örtüklərinin tikintisində aparıla bilər. Praktiki olaraq səthə çilənmiş mastika qatı bərkiyərək sukeçirməyən pərdə örtüyü (8 -15 mm) əmələ gətirir. Yumşaq dam örtüklərinin inşası taxtapuş fəhlələrin sağlamlığı üçün neqativ (mənfi) təsirli sayılır, yəni uzun müddətli iş fəaliyyəti tələb edir. Odur ki, iş istehsalatının layihəsinə (İİL), texnoloji xəritələrə (TX), əmək proseslərinin xəritəsinə (ƏPX) və təşkilatın daxili qanunqaydaya əsaslanaraq dam örtük işləri fəhlənin dərəcəsindən (İ - Vİ) və iş yerində bölüşdürülməsindən asılı olaraq işin icrasının aparılması və təhlükəsizlik texnikasına riayət olunmalıdır. Attestasiya keçmiş İ-Vİ dərəcəli taxtapuşçu peşəli fəhlələr ədədi və yumşaq materiallı dam örtüyünü briqadirin rəhbərliyi altında inşa edə bilər. Mütəxəssis rəyindən müəyyən edilmişdir ki, müasir tikinti şəraitində müxtəlif mühafizəedici inşaat materialları dam örtüklərində, o cümlədən rulon, mastika, asbestsement, taxta, polad vərəqələri, metal-kiramit, kirəmit və s. istifadə olunur. Tikintidə bu növ dam örtük işləri taxtapuşçu peşəsi olan fəhlələr tərəfindən yerinə yetirilir. Dam örtüyü öz konstruksiyasının təyinatına görə iki növə bölünür: çardaqlı və çardaqsız. Örtük tətbiq olunan materialına görə yumşaq və ədədi materiallardan dam örtüyü növünə bölünür. Bu hal üçün daha xarakterik yumşaq materiallı dam örtükləri sayılır. Belə ki, bir qrupa ayrılmış sukeçirməyən materiallı - rulon (ruberoid, tol, izol, brizol və s.), mastika (bitum pastaları, bitum-polimer, rezinbitum, qatran-polimer, bitum-emulsiya və s. kombinəedilmiş və başqa növ hidroizolyasiya) materiallı dam örtükləri yumşaq dam örtüklərinə aiddirlər. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin əvvəlki qərarlarında ifadə edilmiş mövqeyinə uyğun olaraq qeyd edir ki, əgər iddiaçı işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. Hazırki iş üzrə iddiaçının 01.01.2006-cı il tarixədək "xxxx" Trestinin MKK-də KEM ASC-də, “Xəzərdənixneftsosialtikinti” Trestinin MKK-də işlədiyi yumşaq dam örtüyü üzrə fəhlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı XXVİİ bölməsinin 22900000- 13201 kod nömrəli güzəştli iş stajı verən mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrə taxtapuşçular peşəsinə uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 12 il 06 aydan artıqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” ilə iddiaçının vaxtilə işləmiş olduğu vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının təqdim etdiyi güzəştli arayışdan onun 01.01.2006-cı il tarixədək olan dövr ərzində 4-cü, 5-ci, 6-cı dərəcəli yumşaq dam örtücüsü peşəsində 12 il 6 aydan artıq işləməsi təsdiq olunur. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. Beləliklə də, iş materiallarında mövcud olan sübutlarla iddiaçının 12 il 06 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 10.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 10.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(112)-459/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səaədət Bəktaşi Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar