Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-410/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4377/2021 saylı 16 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Səfərbərli və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mirgəçevir şəhər şöbəsinin 19 saylı 06.05.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 11.08.1993-cü ildən 12.01.1998-ci ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, 11.08.1993-cü ildən 05.11.1993-cü ilə kimi N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə qeydlər iddiaçıya məxsus QP seriyalı 045186 saylı hərbi biletdə də əks olunmuşdur. MB seriyalı 013459 saylı 28.08.1984-cü il tarixli diplomdan görünür ki, İddiaçı 1979cu ildə M.Əzizbəyov adına X4 ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1984-cü ildə “eleltrik stansiyaları” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 01.10.1984-cü il tarixli əmək kitabçasından görünür ki, o, 1979-cu ildn 1984-cü ilədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, 01.10.1984-29.06.1987-ci illərdə təyinatla Ermənistan Atom Elektrik Stansiyasında Elektrik sexində xüsusi sərfiyyat üzrə növbətçi elektrik montyoru və böyük növbətçi elektrik montyoru vəzifələrində, 07.07.1987- 25.02.1991-ci illərdə Gürcüstan SSR -nin "Qruznerud" X1 Qeyri Fliz zavodunda növbətçi energetik vəzifəsində, 01.03.1991-01.12.1992-ci illərdə "Elektrosevkavmontaj" Sazlama İdarəsində sazlayıcı mühəndis və vəzifəsində, 02.12.1992- 05.12.1995 - ci illərdə Azərbaycan DRES - in Elektrik sexində 5 - ci dərəcəli elektrik montyoru vəzifəsində, 09.02.1998-15.04.1998-ci illərdə Azərbaycan DRES-in Elektrik sexində 6-cı dərəcəli elektrik montyoru vəzifəsində, 15.04.1998- 01.12.1999-cu illərdə həmin sexdə İ dərəcəli mühəndis vəzifəsində, 01.12.1999- 09.10.2003 - cü illərdə həmin sexdə İ dərəcəli usta vəzifəsində, 09.10.2003 - 27.11.2019 - cu illərdə həmin sexdə İ qrup böyük usta vəzifəsində, 27.11.2019 - cu ildən hal - hazıradək həmin sexdə rəis müavini vəzifəsində işləyir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı 26.01.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər (24B) bəndində qazanxana, turbin (qa turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları və turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş İT-l seriyalı ******* saylı 01.10.1984-cüi il tarixli əmək kitabçasında onun 15.04.1998-01.12.1999-cu il tarixləri arasındakı dövr ərzində "Azərbaycan DRES”-in Elektrik sexində mühəndis, 01.12.1999- 01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində isə həmin sexdə usta və böyük usta vəzifəsində işləməsi qeyd edilmişdir. Göründüyü kimi, onun işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan yəni 20.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 01.10.1984-cü il tarixdən 29.06.1997-ci il tarixədək, 07.07.1987-ci il tarixdən 25.02.1991-ci il tarixədək, 02.12.1992ci il tarixdən 05.12.1995-ci il tarixədək, 09.02.1998-ci il tarixdən 15.04.1998-ci il tarixədək və 01.12.1999-cu il tarixdən hal - hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının 24-cü bölməsinin "a" və "b" bəndlərinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Hal - hazıradək onun 40 ildən çox ümumi əmək stajı var, 01 yanvar 2006-cı ilədək isə 26 ildən çox ümumi iş stajı var ki, bunun da 15 ildən çoxu əmək şəraiti xüsusi zərərli və ağır olan güzəştli işlərdə çalışmağa aiddir. Yəni, onun 01.01.2006-cı il tarixinə 26 il 8 gün iş stajı var. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əmək kitabçasında, işəgötürənlər tərəfindən iddiaçının işlədiyi peşələrin güzəştli peşələr olması barədə hər hansı qeydlər aparılmamışdır. İddiaçı özünün güzəştli peşələrdə işləməsini təsdiq etmək məqsədi ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş 15.05.2020-ci il tarixli işin xarakteri haqqında arayış təqdim etmişdir. Orada iddiaçının 02.12.1992-05.12.1995-ci il arasında Azərbaycan DRES-in elektrik sexinin elektrotexniki laboratoriyasında rele mühafizəsi və avtomatikasının aparatlarının təmir edən 5-ci dərəcəli elektrik montyoru, 09.02.1998-15.04.1998-ci illərdə həmin sexdə 6-cı dərəcəli elektrik montyoru; 15.04.1998- 01.12.1999-cu il tarixlərində həmin sexdə 1-ci dərəcəli mühəndis, 01.12.1998-09.10.2003-cü il tarixdək həmin sexdə birinci qrup usta, 09.10.2003cü27.11.2019-cu il tarixədək həmin sexdə böyük usta vəzifəsində işlədiyini bildirmişdir. Həmçinin, iddiaçının həmin arayışda iddiaçının işlədiyi peşələrin Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 24-ci bölməsinin “a” və “b” bəndlərində əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququnun olması bildirilmişdir. Bununla əlaqədar onu qeyd edirlər ki, iddiaçı ona pensiyanın 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliklə təyin edilməsini istədiyinə görə, onun işlədiyi peşələrin güzəştli peşələr olub-olamasını da məhz həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na əsasən müəyyən edilməlidir. İddiaçının istinad etdiyi 12 saylı qərarın 24-cü bölməsinə baxdıqda müəyyən edilir ki, iddiaçının arayışda qeyd edilən elektrik-mantyoru peşəsi həmin qərarda qeyd edilən peşələrdən fərqli peşədir. Belə ki, həmin qərarda ancaq aşağıda işlədiyi sahələr qeyd edilən elektrik montyoru peşələri güzəştli peşələr kimi göstərilmişdir:- gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan), -qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları, - gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan). İddiaçının həmin arayışda və əmək kitabçasında qeyd edilən usta peşəsi isə 12 saylı qərarın 24-cü bölməsində qeyd edilməmişdir. Həmçinin, arayışdan göründüyü kimi, iddiaçının həmin peşələrdə elektrik sexində işləmiş, elektrik sexi isə Qərarda qeyd edilən qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexinə uyğun deyil. Onu da qeyd etmək istərdik ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və arayışda göstərilən peşələr, həmçinin hal-hazırda qüvvədən düşmüş Nazirlər Kabinetinin 3250 saylı qərarında da qeyd edilməmişdir. Odur ki, iddiaçının güzəştli iş stajı yoxdur. “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə ƏPQ- dan əvvəl qüvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin ƏPQ-nu qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların pensiya təminatı haqqında” qanunla tənzimləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinə (b) bəndinə görə, Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir- 2006-cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edillər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən- Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.(əlavənin 2.4-cü bəndi). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4377/2021 saylı 16 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 26.01.2021-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə 16.02.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 57 yaşdan yəni 20.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən çox olmasına baxmayaraq, tələb olunan güzəştli iş stajının 12 il 6 aydan az olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil barədə sənədini (diplomu), hərbi biletini, əmək kitabçasını, işləməsi barədə arxiv arayışlarını və güzəştli iş stajına dair arayışları təqdim etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya məxsus hərbi biletdən, Azərbaycan Respublikası Səfərbərli və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mirgəçevir şəhər şöbəsinin arayışından və diplomdan müvafiq olaraq görünür ki, o, 11.08.1993-cü ildən 12.01.1998-ci ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, 11.08.1993-cü ildən 05.11.1993-cü ilə kimi N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, 1979-cu ildə M.Əzizbəyov adına X4 ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1984-cü ildə “elektrik stansiyaları” ixtisası üzrə tam kursu bitirmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndində də öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus 01.10.1984-cü il tarixli əmək kitabçasından görünür ki, o, 26.08.1985-ci ildə əmək fəaliyyətinə başlamış və hazırki vaxta kimi müxtəlif peşələrdə çalışmış və onun ümumi iş stajı təhsil aldığı dövr (5 il), hərbi xidmətdə olduğu dövr və əmək kitabçasındakı məlumatlar nəzərə alınmaqla 25 ildən artıq təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Bu məqsədlə apellyasiya baxışı zamanı verilmiş məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası “Azərenerji “ ASC "xxxx" MMC-nin 07-6 saylı 27.12.2021-ci il tarixli işin xarakteri haqqında arayışından görünür ki, İddiaçı 02.12.1992-ci il tarixdən 05.12.1995-ci il tarixədək "xxxx"-nın Elektrik sexinin Elektrotexniki laboratoriyasına rele mühafizəsi və avtomatikası aparatlarını təmin edən 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmişdir (Əmr 507, 03.12.1992). O, elektrik stansiyasının Qazan – Turbin avadanlıqlarının yerləşdiyi yerdə onun işini təmin edən rele mühafizəsi və avtomatikası aparatlarının təmir işləri ilə məşğul olmuşdur. 09.02.1998-ci il tarixdən 15.04.1998-ci il tarixədək (hərbi qulluqdan təxris olundudan sonra) yenidən “Azərbaycan “DRES” Elektrik sexinə 6-cı dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmişdir (Əmr 193\k, 06.12.1995). 15.04.1998-ci il tarixindən 01.12.1999-cu il tarixədək həmin sexdə İ-ci dərəcəli mühəndis vəzifəsində (Əmr 31\k, 15.04.1998). 01.12.1999-cu il tarixdən 09.10.2003-cü il tarixədək həmin sexdə İ-ci qrup usta vəzifəsində (Əmr 107\k, 06.12.1999). 09.10.2003-cü il tarixdən 27.11.2019-cu il tarixədək həmin sexdə böyük usta İ qrup vəzifəsində (Əmr 1214, 03.10.2003). 27.11.2019-cu il tarixdən hal–hazıradək Elektrik sexinin “Ümumi heyətində” sex rəisinin müavini vəzifəsində işləyir (Əmr 252\ş, 26.11.2019-cu il). İddiaçı 02.12.1992-ci il tarixdən 05.12.1995-ci il tarixədək və 09.02.1998-ci il tarixdən hal – hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində CO-dəm qazı, CO-2 karbon qazı, təhlukəlilik sinfi 2, səs – küy, titrəmə, nisbi rütubət, havanın cərəyan surəti, elektromaqnit sahəsinin, işıqlanma, əməyin ağırlığı, yeknəsəkliyi, (monotorluğu) əsəb, emosional və intellektual gərginlik, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Onun işlədiyi müddət ərzində tam iş günü ərzində enerji bloklarında, Qazan – Turbin avadanlıqlarının yerləşdiyi yerlərdə, yanacaq ötürmə avadanlıqlarının yerləşdiyi yerlərdə, 330\500 kv APQ sahəsində, Kimya sexində kommutasiya avadanlıqlarının birbaşa yerində quraşdırılması, sazlanması və təmir işlərini yerinə yetirmişdir. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 02.12.1992-ci il tarixdən 05.11.1995-ci il tarixədək və 09.02.1998-ci il tarixdən 15.04.1998ci il tarixədək 12% miqdarında, 15.04.1998-ci il tarixdən hal – hazıradək aylıq məvacibinin 08% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Onun çalışdığı yuxarıda qeyd edilmiş sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatçılara, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) a)“Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “a” bəndinin 28-ci abzasına əsasən “2140000a – 18455 – qazanxana, turbin (buxar - qaz turbin) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vəsaitləri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri”, b) “Elektrik sransiyaları, enerjiqatarı, buxar güc təsərrüfatı, adlı 13-cü bölməsinin “b” bəndinin 2-ci abzasına əsasən “2140000b – 23362 – avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar – qaz turbin) yanacaq ötürmə, tozhazırlama bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın a) “Elektrik stansiyaları, enerjiqatarları, buxar və güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” bəndinin 26-cı abzasına əsasən “qazanxana, turbin (buxar – qaz turbin) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri”, b) “Elektrik stansiyaları, enerjiqatarları, buxar və güc təsərrüfatı, adlı 24-cü bölməsinin “b” bəndinin 4 və 5-ci abzasına əsasən “avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar – qaz turbin) yanacaqötürmə, tozhazırlama bəndlərinə uyğundur. Bu Qərara əsasən İddiaçı güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verilir. "xxxx" ASC-nin 25.04.2003-cü il tarixli AÜ\091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli AÜ\002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının 01.10.1984- 29.06.1987-ci il tarixədək (2 il 8 ay 28 gün) Ermənistan Atom Elektrik Stansiyasında işlədiyi elektrik montyoru, 02.12.1992-ci il tarixdən 05.12.1995-ci il tarixədək (3 il 3 gün), 09.02.1998-ci il tarixdən 15.04.1998-ci il tarixədək (2 ay 6 gün) işlədiyi elektrik montyoru, 01.12.1999-cu il tarixdən 09.10.2003-cü il tarixədək (3 il 10 ay 8 gün) İ-ci qrup usta, 09.10.2003-cü il tarixdən 01.01.2006-cı il tarixədək (2 il 2 ay 22 gün) böyük usta vəzifələri işəgötürənən verdiyi arayışa əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağa imkan verən peşələr olub, zərərli və müvafiq Siyahıda əksini tapan sahələrdə icra olunduğu üçün 12 il 6 aydan artıq təşkil edən həmin müddətlər iddiaçının xüsusi stajına aid edilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı 02.12.1992-05.12.1995-ci il, 09.02.1998- 15.04.1998-ci il, 01.12.1999-09.10.2003-cü il, 09.10.2003-01.01.2006-cı il tarixədək olan dövr üzrə işlədiyi müəssisə (işəgötürən), 01.10.1984-29.06.1987-ci il tarixədək olan dövr isə hazırda həmin işlədiyi müəssisədən belə arayışın alınması mümkün olmadığı üçün oxşar müəssisədə oxşar sahədə işlədiyi həmin peşəyə dair güzəştli arayışı verən işəgötürən müəssisə Azərbaycan Respublikası “Azərenerji “ ASC "xxxx" MMC tərəfindən təsdiq olunur. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4377/2021 saylı 16.09.2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçıya 57 yaşdan, yəni 20.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4377/2021 saylı 16 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 20.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-410/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-410/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver