Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-410/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X18 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X14 cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərdə və həmin qeydlər əsasında tərtib edilmiş sənədlərdə dəyişiklik edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1382/2023 nömrəli, 14 iyun 2023-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 22 saylı evin 40 saylı mənzilinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X5 adına aparılmış qeyddə dəyişiklik edilərək mənzilin ümumi sahəsinin 76 kv.m göstərilməsi və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci ildə X12 rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onlar toy günlərindən sonra həyat yoldaşının valideynlərinə məxsus olan Bakı şəhəri Səbail rayonu, Vəli Məmmədov (keçmiş Qersen) küçəsi 22 nömrəli binanın 40 saylı mənzilində birgə yaşamağa başlamışlar. O, 1983-cü ildən qeyd edilən mənzildə qeydiyyatdadır. Həyat yoldaşı Şahin Məmmədovla birgə nikahlarından dünyaya gələn övladları - xx.xx.1983-cü il təvəllüdlü X15 1983-cü ildən, xx.xx.1986-cı il təvəllüdlü X16 isə 1986-ci ildən qeyd edilən mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Gəlin gəldiyi dövürdə mənzil 3 otaq olmaqla 60 kv.m yaşayış sahəsindən ibarət idi. Qeyd edilən mənzilə dair kirayə müqaviləsi mərhum qaynanası X6 adına rəsmiləşmişdir. Sonradan keçmiş Bakı Komissarları (hazırkı Səbail) rayon İcraiyyə Komitəsinin xx.xx.1989- cu il tarixli, 31/3350 nömrəli qərarına əsasən 16 kv.m sahədən ibarət olan boş qalmış 2 (iki) otaqda mərhum qaynanası X9 verilməklə, ümumilikdə həmin qərarla 76 kv.m yaşayış sahəsi mərhum qaynanası X9 verilmişdir. Lakin, qısa müddət sonra qonşuların köçməsi nəticəsində boşalan digər sahələrdə onların istifadələrinə keçdiyinə görə mənzilin ümumi sahəsi təxminən 200 kv.m-ə yaxın olmuşdur. Qeyd edilən mənzil xx.xx.1996-cı ildə keçmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mərhum qaynanası X6 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş və qaynanası X17 mənzili vəfat etmədən öncə bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. xx.xx.2009- cu il tarixində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanın DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov (keçmiş Qersen) küçəsi 22 nömrəli binanın 40 saylı mənzili 76 kv.m hissəsinə mülkiyyət hüququ tanınmış, digər sahələr, o cümlədən otaqların qalan sahələri onun faktiki sahibliyində və istifadəsində qalmışdır. Hazırda Bakı şəhər Nizami Rayon Prokurorluğunun icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Türkiyə Respublikasına qaçıb gizlənmiş X19 "xxxx" ASC-dən xx.xx.2014-cü il tarixli, 09 saylı kredit müqaviləsi bağlayaraq 36 ay müddətinə qaytarmaq şərtilə 250.000 manat məbləğində pulu götürərkən etibarından suiistifadə etməklə dələduzluq yolu ilə onu aldadaraq mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Vəli Məmmədov (keçmiş Qersen) küçəsi 22 nömrəli binanın 40 saylı mənzilini (76 kv.m hissəsini) həmin müqavilənin təminatı kimi yüklü elətdirmişdir. Belə ki, aralarında olan münasibətə görə X13 inanaraq onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09 saylı kredit müqaviləsinin təminatı kimi onunla "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov (keçmiş Qersen) küçəsi 22 nömrəli binanın 40 saylı mənzili (76 kv.m hissəsi) "xxxx" ASC-ni xeyrinə yüklü edilmişdir. Ancaq qeyd etdiyi kimi X19 250.000 manat pul "xxxx" ASC-dən götürdükdən sonra hamını dəluzluq yolu ilə aldadaraq Azərbaycan Respublikasından qaçıb getmişdir. Bundan sonra "xxxx" ASC ona qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2017- ci il tarixli 2(009)-236/2017 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin olunaraq X7 "xxxx" ASC-nin xeyrinə 142.503,46 manat əsas və 48.896,43 manat faiz borcu olmaqla, cəmi 191.399,89 (yüz doxsan bir min üç yüz doxsan doqquz manat, səksən doqquz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması, ipoteka predmeti olan, ona məxsus, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin ilkin satış qiyməti 320.000 manat müəyyən edilməklə, tutmanın həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələbləri ödənilməsi və "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin ona qaytanlması qət edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-236/2017 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-9782/2017 saylı qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-2100/2018 qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-236/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi icraya yönəldildikdən sonra mənzil (76 kv.m hissəsi) "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-432 saylı protokola əsasən 204.000 manata "xxxx" ASC-yə satılmış və Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin 76 kv.m sahəsi RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşmmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Qısa müddət öncə iddiaçı X14 mənə qarşı "evdən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən X5 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin həmin şəxsin mülkiyyətində olan ümumi sahəsinin 161.05 kv.m olduğu göstərilmişdir ki, bu da, tamamən qanunsuzdur. Belə ki, o, "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanan zaman Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin 76 kv.m sahəsini yüklü etmiş və qeyd etdiyi hadisələrdən sonra RX seriyalı, ******* nömrəli çıxanşa əsasən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin yalnız 76 kv.m sahəsi hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Həmçinin "xxxx" ASC ona qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi üzrə 2(009)-236/2017 saylı mülki işə Bakı şəhər Səbail Rayon Məhkəməsində hakim Zaur Əliyevin sədrliyi ilə baxılan zaman iş üzrə təyin edilmiş ekspertiza üzrə "xxxx" MMC-nin təqdim etdiyi hesabatda Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin 76 kv.m sahəsi qiymətləndirilmişdir. Həmin dövrdə evlərinə gələn əməkdaşlarda yalnız 76 kv.m sahəyə baxış keçirərək qalan sahələri qiymətləndirmədiklərini bildirdilər. Halbuki, onun yaşadığı mənzilin ümumi sahəsi 200 kv.m-ə yaxındır. Bundan başqa, Bakı şəhər 9 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə X14 arasında bağlanmış və reyestrdə 4Ə-679 nömrə ilə qeydə alınmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən də, görünür ki, alıcı X3 "xxxx" ASC-dən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin 76 kv.m sahəsini 234.000 manata satın almışdır. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən X5 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin həmin şəxsin mülkiyyətində olan ümumi sahəsinin 161.05 kv.m olduğu göstərilməsi tamamən qanunsuzdur. Bununla bağlı tərəfindən xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət olunaraq Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinə hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X5 adına aparılmış qeydiyyatın ləğv edilməsini və bununla bağlı reyestrdə və evin texniki pasportunda dəyişiklik edilərək X5 adına aparılmış qeydə mənzilin ümumi sahəsinin 76 kv.m göstərilməsini xahiş edilmişdir. Lakin, cavabdeh tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, **********82 №-li cavab məktubunda (məktub xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə rəsmi təqdim olunubdur) ərizəsinin təmin olunmasından imtina olunaraq məhkəmə qaydasında mübahisələndirməsi tövsiyyə olunmuşdur. Məhz bu səbəbdən o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9551/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1382/2023 saylı 15 fevral 2023-cü il tarixli qərardadı ilə X14 inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı müvafiq tələbi xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli **********69 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, iddia tələbində qeyd olunan **********92-05101-093005 reyestr nömrəli Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin, 40 saylı mənzili 26 Bakı Komissarı Xalq Deputatları Sovetinin 31/3350 saylı, xx.xx.1989-cu il tarixli qərarı əsasında X6 adına ilkin qeydiyyatdan keçmişdir. Daha sonra mənzil xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı, "xxxx"nin Hərracın nəticələri haqqında yekun xx.xx.2018-ci il tarixli, Y-432 nömrəli protokolu əsasında "xxxx" ASC-nin, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında isə hazırki mülkiyyətçi X5 adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və AR İPM-nin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1-ci və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, № 5 Qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1- ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1382/2023 nömrəli, 14 iyun 2023-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin sözügedən daşınmaz əmlak barədə 3-cü şəxsin xeyrinə etdiyi dəyişikləri (çıxarışda mənzilin ümumi sahəsinin artırılmasının qeyd edilməsi) hansı hüquqmüəyyənedici sənəd əsasənda qeydiyyata aldığı məhkəmə tərəfindən araşdırılmamışdır və cavabdeh tərəfindən heç bir sübut əlavə edilməmişdir. Hesab edir ki, Əmlak Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuzdur, hüququmüəyyənedici sənədlər olmadan 3-cü şəxsin xeyrinə mülkiyyət hüquqlarını (mənzilin ümumi sahəsini artıq yazaraq) qeydiyyata alıb və iddiası təmin edilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Həmçinin, məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, gəlmməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İşin hallarından görünür ki, iddiaçı məhz cavabdeh inzibati orqanın qanunsuz fəaliyyəti nəticəsində 3-cü şəxsə məxsus çıxarışda mənzilə dair ipoteka predmeti olmamış, hərraca çıxarılmamış hissəsinin qeydiyyatını mübahisələndirir. İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. -23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. -23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. -23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. -8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; -9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********08 nömrəli və xx.xx.2022-ci il tarixli **********94 nömrəli məktublarla təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ev 22, 40 saylı mənzilin özəlləşdirilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki: - 03 sentyabr 2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X17 ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 76 kv.m olan 5 otaqdan ibarət mənzili İddiaçı Səməd qızına bağışlamışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı ÖM seriyalı, 251616 nömrəli qeydiyyat vəsiqəsi verilərək, onun Bakı şəhəri, Səbail rayonu, V.Məmmədov küçəsi, 22 saylı evin 76.0 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 40 saylı mənzilə tam payda mülkiyyət hüququ 583 saylı reyestr kitabında 57803-cü səhifədə, 30/22985 qeydə alma nömrəsi, xx.xx.2005-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-236/2017 saylı 20 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər X19, İddiaçı və X4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, X7 "xxxx" ASC-nin xeyrinə 142.503,46 manat əsas və 48.896, 43 manat faiz borcu olmaqla, cəmi 191.399,89 (yüz doxsan bir min üç yüz doxsan doqquz manat, səksən doquz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetləri olan, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinn ilkin satış qiyməti 320.000 manat, X4 məxsus, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 70 saylı evin 108 saylı mənzilinin ilkin satış qiyməti 32.000 manat müəyyən edilməklə tutmanın həmin mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilməsi tələblərinin ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzili və Sumqayıt şəhəri, 10- cu mikrorayonda yerləşən 70 saylı evin 108 saylı mənzili satıldıqdan 1 ay sonra boşaldılması (iddiaçıya satıldığı təqdirdə), "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlər İddiaçı və X4 qaytarılması qət edilmişdir. - “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” Müqaviləyə əsasən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzil "xxxx" ASC tərəfindən alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi ölçüsü 76.0 kv.m mənzilə dair "xxxx" ASC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən "xxxx" ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi ölçüsü 76.0 kv.m mənzili X1. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi ölçüsü 161.05 kv.m mənzilə dair X5 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2021-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquq subyekti İddiaçı olan mənzilə dair xx.xx.2009-cu il tarixli texniki pasport tərtib edilmişdir. Texniki pasportda mənzilin yerləşdiyi mərtəbə 3, otaqlarının sayı 5, ümumi sahəsi 161.05, yaşayış sahəsi 76.0 kv.m göstərilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seiryalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində istifadədə olan 0.04481 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 3 mərtəbəli binada – kv.m ümumi, 76 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 40 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1024 nömrəli reyestr kitabının 92140 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən mənzil əvvəllər iddiaçının qaynanası X6 mülkiyyətində olmaqla, mənzilin yaşayış sahəsi 76 kv.m, otaqlarının sayı 5 olmuşdur. Sonuncu tərəfindən həmin mənzil 03 sentyabr 2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddaçıya bağışlanmışdır. Həmin müqavilədə, mənzil yaşayış sahəsi 76 kv.m, otaqlarının sayı 5 göstərilmişdir. Sonradan Bakı şəhər icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi və cavabdeh tərəfindən iddiaçının adına verilmiş xx.xx.2005-ci il qeydiyyat tarixli, xx.xx.2009-cu il qeydiyyat tarixli qeydiyyat vəsiqəsi və çıxarışda mübahisəli mənzilin yaşayış sahəsi 76 kv.m göstərilmişdir. Sözügedən mənzil "xxxx" ASC-də ipoteka predmeti olduğundan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-236/2017 saylı 20 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə keçirilmiş hərrac nəticəsində hərracın qalibi "xxxx" ASC olmaqla sözügedən mənzil "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, cavabdeh tərəfindən mənzilə dair "xxxx" ASC-nin adına qeydiyyat hərəkətləri aparılan zaman yaşayış sahəsi 76.0 kv.m olan mənzilin ümumi sahəsi 76.0 kv.m göstərilmişdir. Bunun əsasında da, 3-cü şəxs X14 ilə "xxxx" ASC arasında bağlanmış alğı-satqı müqaviləsində də, mənzilin ümumi ölçüsü 76.0 kv.m göstərilmişdir. Lakin mənzilə dair X5 mülkiyyət hüquqlarının qeydiyyata alınması zamanı cavabdeh tərəfindən verilmiş çıxarışda mənzilin ümumi sahəsi düzgün olaraq 161.05 kv.m göstərilmişdir. Həmin ölçünün düzgünlüyü, hələ mənzilin iddiaçının xüsusi mülkiyyətində olan zaman, xx.xx.2009-cu il tarixə mövcud olan vəziyyətinə uyğun tərtib olunmuş texniki pasportdakı mənzil haqqında məlumatlarla öz təsdiqini tapmışdır. Texniki pasportda mənzil haqqında məlumat bölməsində mənzilin yerləşdiyi mərtəbə 3, otaqlarının sayı 5, ümumi sahəsi 161.05 kv.m, yaşayış sahəsi 76.0 kv.m göstərilmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər ilə işin faktiki halları uzlaşmır. İddiaçının göstərdiyinin əksinə, ünvan 4 ünvanında yerləşən mənzilin 76.0 kv.m (yaşayış sahəsi) hissəsi deyil, mənzilin özü ipoteka predmeti olmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mənzilin hər hansı bir hissəsinin deyil, özünün tam şəkildə açıq hərracda satılması qət edilmişdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, X10 məxsus çıxarışdan da müəyyən edilir ki, 161,05 kvm mənzilin ümumi sahəsidir, 76 kvm hissəsi isə yaşayış sahəsidir. Məhkəmə araşdırmaları zamanı iddiaçının verdiyi izahatlardan da müəyyən edilir ki, sözügedən 85,05 kvm hissə köməkçi sahədir (artırılmış aynabənddir). İpoteka qoyulan zamanı həmin artırılmış hissə mövcud olmuş, sadəcə iddiaçının çıxarışında qeyd edilmədiyindən bank sənədlərində yalnız çıxarışda qeyd edilmiş yaşayış sahəsi hissəsi əksini tapmışdır. Lakin bu o anlama gəlmir ki, inzibati orqan tərəfindən 3-cü şəxsə çıxarış verilən zamanı hüquq normalarının tələbləri pozulmuşdur. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1382/2023 nömrəli, 14 iyun 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-410/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-410/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver