Məhkəmə qərarları › İş №2-1(103)-4103/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4103/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4103/2025 20.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: iddianın mümkünlüyünə düzgün hüquqi qiymət verilməməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinə qarşı “sərəncamın ləğv edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2-1(112)-10466/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən 12401011 ******* və ******* 11570002 nömrəli icazələrə əsasən 01 iyun 2024-cü il tarixdən yayım etmədiyi reklama görə cavabdeh Azərbaycan Respublikasının Dövlət X6 Hüquqi Şəxsi Bakı şəhəri Reklam İdarəsi tərəfindən ondan 683,21 manat məbləğində ödənişin tələb edilməsinin qanunsuz hesab edilməsi və həmin icazələr üzrə ona hesablanmış 683,21 manat məbləğin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkarlıqla məşğul olmaq üçün icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, bina 69b ünvanında yerləşən ümumi sahəsi 99,9 kv.m olan qeyri yaşayış sahəsini icarə götürmüş, həmin obyekti vergi orqanında qeydə alaraq, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 01 may 2024-cü ildə həmin mağazanın üzərində reklam lövhəsi yerləşdirmiş və buna görə də mənə cavabdeh Azərbaycan Respublikasının Dövlət X6 Hüquqi Şəxsi Bakı şəhəri Reklam İdarəsi tərəfindən 01 may 2024-cü il tarixdən 12401011 ******* və **********70002 nömrəli icazə sənədləri verilmişdir. Həmin icazə sənədlərinə əsasən 1 ay müddətinə ödəniş etmiş, lakin həmin ilin iyun ayından sahibkarlıq fəaliyyətini dayandıraraq, obyektdən çıxdığına görə aylıq ödəniş etməmişdim. Belə ki, sahibkarlıq fəaliyyətini dayandırıb, icarə obyektindən çıxdıqdan sonra reklam lövhəsini də çıxarmış, bundan sonra isə mülkiyyətçi icarə obyektini 19 iyul 2024-cü il tarixdən başqa şəxsə icarə vermiş, həmin obyektə gələn şəxs həmin obyektdən onun reklam lövhəmi çıxararaq öz reklam lövhəsini yerləşdirmiş və özünə məxsus reklam üçün 01 avqust 2024-cü il tarixdən cavabdeh Azərbaycan Respublikasının Dövlət X6 Hüquqi Şəxsi Bakı şəhəri Reklam İdarəsindən ayrıca icazə sənədi almışdır. Yəni cavabdeh artıq reklam lövhəsinin yerinə başqa şəxsə reklam lövhəsi yerləşdirərək reklam yayımına icazə verdiyinə görə cavabdehin onun adına açıq məkanda yerləşdirilməsinə verilmiş icazələrin artıq ləğv edilməsini düşünmüş, ona görə bu barədə cavabdehə müraciət etməmişdir. Lakin 2025-ci ilin aprel ayının əvvəllərində cavabdeh ona bildiriş göndərərək, onda yayım haqqının ödənişi üçün 683,2 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmiş, yalnız bundan sonra mən cavabdeh tərəfindən ona verilən icazənin hələ də ləğv edilməməsini bilmişdir. Bunu bildikdən sonra o cavabdehə müraciət edərək, ona hesablanmış borcun silinməsini və ona verilən icazənin ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdeh ona 24 aprel 2025-ci il tarixli məktub ünvanlayaraq, ona verilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən **********70001 və **********70002 nömrəli icazələrin Bakı Şəhəri Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli 11-3-1/3-3-630/2025 nömrəli qərarı ilə 10 aprel 2025-ci il tarixdən ləğv edilməsini bildirmiş və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən **********70001 və **********70002 nömrəli icazələr üzrə 578,99 manat yayım haqqı və 104,22 manat ƏDV, cəmi 683,21 manat məbləğində borcun ödənilməsini tələb etmişdir. Göründüyü kimi cavabdeh onun reklam lövhəsi yerləşdirdiyi bir obyektdə artıq başqa şəxsin reklam lövhəsini yerləşdirməsinə və həmin şəxsdən reklam yayımına görə ödəniş almasına, həmçinin ona verilmiş icazəni artıq ləğv etməsinə baxmayaraq, ondan da yayımlamadığı bir reklama görə bütün dövr üzrə ödəniş etməyini tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə 1743 nömrəli təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.19-ci maddəsinə əsasən Reklam yayıcısı açıq məkanda reklam yayımına görə müvafiq quruma haqq ödəyir. Haqqın məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Bu qaydadan da görünür ki, reklam yayıcısı tərəfindən olan ödəniş açıq məkanda reklam yayımına görə ödənilir. Yəni reklam yayımı yoxdursa artıq belə bir ödəniş etməyə lüzum yoxdur. Bu baxımdan da belə hesab edir ki, cavabdeh tərəfindən onun tərəfindən yayılmamış reklama görə 683,21 manat məbləğində borcun tələb edilməsi qanunsuz hesab edilməli, həmin məbləğ silinməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən İ**********0001 və İ**********0002 nömrəli icazələr üzrə 578,99 manat yayım haqqı və 104,22 manat ƏDV, cəmi 683,21 manat borcun ödənilməsinin qanunsuz hesab edilməsi və həmin icazlər üzrə ona hesablanmış 683,21 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsinə etiraz edir: 1. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən onun tərəfindən yayımlanmamış reklama görə 683,21 manat məbləğində borcun tələb edilməsi qanunsuzdur və həmin məbləğ silinməlidir. Bildirilmişdir ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərən ona məxsus "Əcəmi X5” adlı obyektin üzərində xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövr üzrə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə Bakı Şəhəri Reklam İdarəsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Reklamların sahəsi ölçülmüş və 2 ədəd reklamın sahəsinin ayrıayrılıqda 4.10 və 1.28 kv.m olmaqla ümumilikdə 5.38 kv.m. ölçüdə olduğu müəyyən edilmişdir. Müraciətin reklam haqqında qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmış və ona açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli M**********0001 nömrəli bildiriş təqdim edilmişdir. Qeyd edilən reklamların açıq məkanda yerləşdirilməsinə icazələrin verilməsi üçün 66,55 manat məbləğində dövlət rüsumu xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumu ödənildiyi üçün ona xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən İ**********0001 və İ**********0002 nömrəli "Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə"lər verilmişdir. İcazələr üzrə ödənilməli yayım haqqının məbləği ƏDV ilə birlikdə 683,21 manat olmuşdur. Lakin reklam yayıcısı tərəfindən icazələr üzrə hesablanmış yayım haqqından (ƏDV ilə birlikdə) hər hansı ödəniş edilməmişdir. Həmin icazələr üzrə ödənilməmiş 683,21 manat borcun 5 gün ərzində tam həcmdə ödənilməsi məqsədi ilə İddiaçı xx.xx.2025-ci il tarixli 11-3-1/2- 2867/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, borclu İddiaçı tərəfindən hər hansı yayım haqqı (ƏDV ilə birlikdə) üzrə borc ödənilməmişdir. Göründüyü kimi, İddiaçı iddia tələbi iddianın mümkünlüyü şərtlərinə uyğun olmamaqla yanaşı, nəzərə alınmalıdır ki, İddiaçı öz müraciəti əsasında ona verilmiş icazələr üzrə hesablanmış borcun qanunsuz hesab edilməsi və silinməsi üçün hər hansı qanuni əsas mövcud deyil. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndində görə isə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci bəndində görə İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 9-cu bəndinə görə məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 2. İddiaçı iddia ərizəsində qeyd edir ki, icazə sənədləri üzrə 1 aylıq ödəniş etmiş, lakin həmin ilin iyun ayından o, sahibkarlıq fəaliyyətini dayandırmış və obyektdən çıxdığına görə artıq ödəniş etməmişdir. Bildirilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş 66,55 manat pul reklam yayımına görə aylıq haqq deyil, reklamların açıq məkanda yerləşdirilməsinə icazələrin verilməsi üçün ödənilməli olan dövlət rüsumudur. Nəzərə alınmalıdır ki, reklam yayımının dayandırılması barədə məlumat vermək vəzifəsi məhz icazə sahibi olan İddiaçı daşıyır ki, şəxs bu barədə yalnız xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə müraciəti etmiş və onun müraciəti əsasında Bakı Şəhəri Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli 11-3-1/3-3- 630/2025 nömrəli qərarı ilə 10 aprel 2025-ci il tarixdən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən İ**********0001 və İ**********0002 nömrəli icazələr ləğv edilmişdir. Belə ki, "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1.1-ci maddəsinə əsasən lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə icazə ləğv olunur. Beləliklə, qeyd olunanlardan görünür ki, İddiaçı iddiası əsassızdır və rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət X6 hüquqi şəxsi Bakı şəhəri Reklam İdarəsinə qarşı "ödəniş tələb edilməsinin qanunsuz hesab edilməsi” barədə iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə Qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2-1(112)-10466/2025 nömrəli (sədrlik edən hakim G.A.Sevdimalıyeva) qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-10466/2025 saylı qərardadını ləğv edərək iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, sahibkarlıq fəaliyyətini dayandırıb, icarə obyektindən çıxdıqdan sonra reklam lövhəni də çıxarmış, bundan sonra isə mülkiyyətçi icarə obyektini 19 iyul 2024-cü il tarixdən başqa şəxsə icarə vermiş, həmin obyektə gələn şəxs həmin obyektdən onun reklam lövhəsini çıxararaq öz reklam lövhəsini yerləşdirmiş və özünə məxsus reklam üçün 01 avqust 2024-cü il tarixdən cavabdeh Azərbaycan Respublikasının Dövlət X6 Hüquqi Şəxsi Bakı şəhəri Reklam İdarəsindən ayrıca icazə sənədi almışdır. Yəni cavabdeh artıq onun reklam lövhəsinin yerinə başqa şəxsə reklam lövhəsi yerləşdirərək reklam yayımına icazə verdiyinə görə o cavabdehin onun adına açıq məkanda yerləşdirilməsinə verilmiş icazələrin artıq ləğv edilməsini düşünmüş, ona görə bu barədə cavabdehə müraciət etməmişdir. Lakin 2025ci ilin aprel ayının əvvəllərində cavabdeh ona bildiriş göndərərək, ondan yayım haqqının ödənişi üçün 683,2 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmiş, yalnız bundan sonra o, cavabdeh tərəfindən ona verilən icazənin hələ də ləğv edilməməsini bilmişdir. Bunu bildikdən sonra o, cavabdehə müraciət edərək, ona hesablanmış borcun silinməsini və ona verilən icazənin ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdeh ona 24 aprel 2025-ci il tarixli məktub ünvanlayaraq, ona verilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən **********70001 və **********70002 nömrəli icazələrin Bakı Şəhəri Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli 11-3-1/3-3-630/2025 nömrəli qərarı ilə 10 aprel 2025-ci il tarixdən ləğv edilməsini bildirmiş və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən **********70001 və **********70002 nömrəli icazələr üzrə 578,99 manat yayım haqqı və 104,22 manat ƏDV, cəmi 683,21 manat məbləğində borcun ödənilməsini tələb etmişdir. Göründüyü kimi cavabdeh onun reklam lövhəsi yerləşdirdiyi bir obyektdə artıq başqa şəxsin reklam lövhəsini yerləşdirməsinə, yəni bu barədə yeni qərar qəbul etməsinə və həmin şəxsdən reklam yayımına görə ödəniş almasına, həmçinin ona verilmiş icazəni artıq ləğv etməsinə baxmayaraq, ondan da yayımlamadığı bir reklama görə bütün dövr üzrə ödəniş etməyini tələb edir. Məhkəmə isə onun reklam yerləşdirilməyinə icazə verilməsinə dair inzbati aktın (İ**********0001 və **********70002 nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazələr”) ləğv edilənə qədər hüquqi qüvvəsini saxlamasını göstərmişdir. Halbuki, məhkəmə nəzərə almalı idi ki, əgər eyni obyektə dair Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə barədə köhnə qərarın icra müddəti bitmədən, bu barədə başqa şəxsin adına eyni obyektə dair yeni qərar qəbul edilirsə, artıq bu zaman köhnə qərar öz qüvvəsini itirir. Çünki bir obyektə dair ayrı-ayrı şəxslərə ayrı-ayrı reklam yerləşdirməyə icazə verilməsi mümkün deyil. O da iddiasını bu halla əsaslandırmış, 01 avqust 2024-cü il tarixdən cavabdeh həmin obyektə görə başqa şəxsə reklam yerlşdirməsini icazə verdiyinə görə həmin tarixdən sonra ondan reklam pulu tələb etmək hüququn olmamasını əsas gətirmişdir. Belə olduqda isə məhkəmə işə mahiyyəti üzrə baxmalı, eyni obyektə görə, ayrı-ayrı şəxslərə reklam yerləşdirilməsi barədə icazənin verilib-verilməsi məsələsini araşdırmalı idi. Azərbaycan Respublikası Prezidentinin 2017ci il 19 dekabr tarixli Fərmanı ilə 1743 nömrəli təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.19-ci maddəsinə əsasən Reklam yayıcısı açıq məkanda reklam yayımma görə müvafiq quruma haqq ödəyir. Haqqın məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Bu qaydadan da görünür ki, reklam yayıcısı tərəfindən olan ödəniş açıq məkanda reklam yayımına görə ödənilir. Yəni reklam yayımı yoxdursa artıq belə bir ödəniş etməyə lüzum yoxdur. Bu baxımdan da belə hesab edir ki, onun iddiası mümkün hesab edilməli, işə mahiyyəti üzrə baxılmalıdır. Prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-10466/2025 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 36.1. müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli və işə yenidən baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Birincisi, iddia tələbindən müəyyən olunur ki, iddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən 12401011 ******* və ******* 11570002 nömrəli icazələrə əsasən 01 iyun 2024-cü il tarixdən yayım etmədiyi reklama görə cavabdeh Azərbaycan Respublikasının Dövlət X6 Hüquqi Şəxsi Bakı şəhəri Reklam İdarəsi tərəfindən ondan 683,21 manat məbləğində ödənişin tələb edilməsinin qanunsuz hesab edilməsi və həmin icazələr üzrə ona hesablanmış 683,21 manat məbləğin silinməsindən ibarətdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirmə haqqında iddiaya aid etmiş və iddia müddətinin ötməsi əsası ilə ilə iddianı qeyri-mümkün hesab etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin açıq məkanda reklam yerləşdirilməsinı verilmiş icazələrin ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixli 11- 3-1/3-3-630/2025 nömrəli qərara əsasən fərdi sahibkar İddiaçı ərizəsi təmin edilmiş və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən İ**********0001 və İ**********0002 nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazələr” 10 aprel 2025-ci il tarixdən ləğv edilmişdir. Göründüyü kimi, iddia qaldırılan dövrdə artıq qüvvədə olan hər hansı bir inzibati akt mövcud olmamışdır. Başqa sözlə, iddiaçının hüquqi marağının məzmunu və mahiyyəti baxımından hazırkı tələbə dair iddianın mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilə bilməsi mümükün deyil. Belə ki, bu hal mübahisələndirmə haqqında iddianın predmeti baxımından da mümkün deyil. Nəzərə almaq lazımdır ki, İPM-in 32.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddianın predmeti yalnız əlverişsiz inzibati aktlar ola bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş anlamda inzibati orqanın təşəbbüsü ilə qəbul edilmiş və maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt əlverişsiz (yükləyici) inzibati akt sayılır. Ümumiyyətlə, açıq məkanda reklam yerləşdirilməsinə dair icazənin iddiaçıya münasibətdə əlverişli və ya əlverişsiz hüquqi nəticə yaratması məsələsi də ayrıca hüquqi təhlil olunmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, işə yenidən baxacaq birinci instansiya məhkəməsi vaxtilə qüvvədə olmuş icazələrin iddiaçı üçün əlverişsiz hüquqi nəticə yaratması qənaətinə gələrsə, bu zaman İPM-in 36-cı maddəsində nəzərdə tutulmuş “inzibati aktın qanunsuzluğunun tanınmasına dair” iddia nəzərdən keçirilə bilər. Digər tərəfdən, mümkündür ki, iddiaçının hüquqi marağı cavabdehin inzibati aktına deyil, məhz faktiki xaarakterli hərəkətlərinin qanunsuzluğunun mübahisləndirilməsinə (İPM 2.2.3 və 2.2.7-ci maddələri) yönəlsin. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair 17 sentyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd mahiyyət və məzmun baxımından məhkəmə tərəfindən dəqiq müəyyən olunmamış, onun hüquqi marağına və çatmaq istədiyi məqsədə cavab verən münasib iddia növündən istifadə olunmasında məhkəmə tərəfindən yardım etmə vəzifəsi çərçivəsində müvafiq yardım göstərilməmişdir. İkincisi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması ilə bağldır. İPM-in 12-ci maddəsinin tələbinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh onun reklam lövhəsi yerləşdirdiyi bir obyektdə artıq başqa şəxsin reklam lövhəsini yerləşdirməsinə, yəni bu barədə yeni qərar qəbul etməsinə və həmin şəxsdən reklam yayımına görə ödəniş almasına, həmçinin ona verilmiş icazəni artıq ləğv etməsinə baxmayaraq, ondan da yayımlamadığı bir reklama görə bütün dövr üzrə ödəniş etməyini tələb edir. Məhkəmə isə onun reklam yerləşdirilməyinə icazə verilməsinə dair inzbati aktın (İ**********0001 və **********70002 nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazələr”) ləğv edilənə qədər hüquqi qüvvəsini saxlamasını göstərmişdir. Halbuki, məhkəmə nəzərə almalı idi ki, əgər eyni obyektə dair Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə barədə köhnə qərarın icra müddəti bitmədən, bu barədə başqa şəxsin adına eyni obyektə dair yeni qərar qəbul edilirsə, artıq bu zaman əvvəlki qərar öz qüvvəsini itirir. Göründüyü kimi, iddiaçının şikayətindən belə məlum olur ki, iddiaçının vaxtı ilə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyekt sonradan başqa bir şəxs tərəfindən icarə götürülərək istifadə edilmiş, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən isə sonradan icarə götürmüş şəxsin müraciətinə əsasən ona qeyd olunan obyektdə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmişdir. Yəni cavabdeh faktiki olaraq iddiaçının icazəsi qüvvədə ola-ola həmin obyektdə açıq məkanda reklam yerləşdirilməsinə dair başqa bir şəxsə icazə vermişdir. İşə yenidən baxacaq birinci instansiya məhkəməsi qeyd olunan halı, yəni iddiaçının icazənin qüvvədə olduğu müddətdə həmin obyektdə açıq məkanda başqa şəxsə reklam yerləşdirilməsinə icazə verilib-verilməməsini araşdırmalı, eyni zamanda ötən müddət ərzində cavabdeh tərəfindən yayım haqqının iddiaçıdan tələb edilməməsinin səbəbləri öyrənilməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddianın mümkünlüyü düzgün hüquqi qiymət verməmişdir. Belə ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2-1(112)-10466/2025 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2-1(112)-10466/2025 nömrəli qərardadı ləğv edilsin. İşə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar