Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4107/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7006/2025 nömrəli, 07 iyul 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 300 kv.m. torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin “plan və ölçüsünün” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Qənbərova) e-2-1(112)-7006/2025 nömrəli, 07 iyul 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, öhdəlik qoyulması haqqında iddialarda iddia müddəti tətbiq olunmur. Eyni zamanda işin hallarından (təqdim edilmiş etiraz və s.) məlumdur ki, cavabdehin iddiaçının müraciətinə 2021-ci ildə verdiyi imtinaya münasibəti hal-hazırda dəyişməmişdir. İşin mahiyyətinə uyğun hüquq münasibətlərində, qanunvericilik normalarında, digər faktiki hallarda hər hansı dəyişiklik olmadığı üçün məhkəmənin iddianı mümkünsüz saxlaması, yenidən cavabdeh orqana müraciət olunmasını tövsiyə etməsinin heç bir ağlabatan əsası yoxdur və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş “işin məhkəmədə ağlabatan müddətdə baxılması” tələbinə ziddir. Qeyd olunanlara əsasən iddianın mümkünsüz saxlanılması barədə məhkəmənin sözügedən Qərardadı qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələbləri nəzərə alınmadığı üçün ləğv edilməlidir. İnzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-nin 38-ci maddəsində digər iddia növləri üzrə iddia müddəti müəyyən olunsa da, öhdəlik qoyulması haqqında iddialarda müddət müəyyən olunmamışdır. Uzun müddətdir ki, məhkəmə təcübəsində formalaşan hüquqi mövqeyə görə öhdəlik qoyulması haqqında iddialarda iddia müddəti tətbiq olunmur və hal-hazırda mövcud praktika davam edir. Həmçinin məhkəmə qərardadda qeyd edir ki, hazırki iş üzrə iddiaçının inzibati orqana müraciəti müəyyən olunmur. Eyni zamanda qeyd edir ki, 4 il əvvəl iddiaçı cavabdeh orqana müraciət etsə də, bu, o demək deyil ki, iddiaçı cavabdeh orqana etdiyi müraciəti 10 il sonra məhkəmədə mübahisələndirə bilər. Məhkəmənin gəldiyi nəticədən belə çıxır ki, burada sui-istifadə halı mövcuddur, lakin həmin sui-istifadənin nədən ibarət olduğunu qeyd etmir. Həmçinin məhkəmə gəldiyi nəticəni əsaslandırakən qeyd edir ki, ictimai münasibətlərin, ona uyğunlaşan qanunvericilik aktlarının davamlı dəyişməsi, yeni faktiki hallar və ona tətbiq edilən yeni normaların yaranmasına səbəb olur. Lakin məhkəmə bələdiyyə qərarı əsasında torpaqların xüsusi mülkiyyətə alınması ilə əlaqədar vətəndaşların cavabdeh orqana müraciəti əsasında formalaşan ictimai münasibətlərdə və ona uyğunlaşan qanunvericilik aktlarında hansı dəyişikliklərin olmasını, hansı yeni faktiki halların və yeni hüquq normalarının yaranmasını qeyd etməmişdir. Məhkəmənin qeyd etdiyi ictimai münasibətlərdə və sözügedən faktiki hallara münasibətdə qanunvericilik aktlarında hər hansı dəyişiklik baş verməmişdir. Eyni zamanda, cavabdeh orqanın iddiaya qarşı təqdim etdiyi yazılı etirazından məlum olur ki, cavabdehin hazırkı işə münasibətdə mövqeyində hər hansı dəyişiklik yoxdur, yəni yeni faktiki hal yaranmamışdır. Məhkəmənin qeyd etdiyi kimi yenidən cavabdeh orqana müraciət edilməsi uzun vaxt itkisi və iddiaçının qanuni maraqlarının pozulması ilə nəticələnən formallıqdan başqa bir şey deyil. Odur ki, məhkəmənin hazırkı iddianı mümkünsüz saxlaması barədə qərardadının heç bir qanuni və hüquqi əsası yoxdur, yalnız formal mülahizələrə əsaslandığı və İPM-nin 38-ci maddəsinə zidd olduğu üçün ləğv edilməlidir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsinin qərardadı aşağıdakı kimi əsaslandırılmışdır: «… iş materiallarından iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Belə ki, iddiaçı 4 ilə yaxın müddət əvvəl cavabdehə etdiyi müraciət üzrə əldə edilmiş imtinanı mübahisənin məhkəməyə qədər həlli üçün etdiyi müraciətə cavab kimi məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə hesab edir ki, bu, hazırkı iddianın qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsi kimi qəbul edilə bilməz. Belə ki, öhdəliyin icrası ilə bağlı iddialarda iddia müddətinin olmaması şəxsin inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini tələb etməsinə müddətin şamil edilməməsi ilə bağlıdır. Yəni şəxs inzibati orqandan həmin hərəkətin edilməsini istənilən vaxt tələb edə bilər. Lakin bu o demək deyildir ki, şəxs inzibati orqana bu barədə etdiyi müraciəti 10 il sonra məhkəmədə mübahisələndirmək hüququna malikdir. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. İctimai münasibətlərin, ona uyğunlaşan qanunvericilik aktlarının davamlı dəyişməsi, yeni faktiki hallar və ona tətbiq edilən yeni normalar yaranmasına səbəb olur. İddiaçı 4 il əvvəl ona verilmiş imtina ilə məhkəməyə müraciət etsə də, hazırkı vaxta münasibətdə hüququn qeydə alınması tələb olunan əmlakın vəziyyəti, cavabdehin imtinasına əsas olan halların aradan qalxıb-qalxmaması məlum deyil, bu isə o deməkdir ki, iddiaçının hazırkı zamana münasibətdə mübahisəli əmlaka hüququnun qeydə alınması ilə bağlı inzibati orqan tərəfindən inzibati icraat aparılmamışdır». Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmə tərəfindən araşdırma aparılmış, müvafiq sorğular verilmiş, habelə cavabdeh tərəfindən xx.xx.2025-ci ildə iddia tələbinə etiraz verilmiş, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən hazırki iş üzrə inzibati icraat aparılmış, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci və xx.xx.2025ci il tarixli müayinə aktları, koordinatların əks olunduğu sxem, ərazinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Sadalanan normalardan göründüyü kimi, qanunvericilikdə öhdəliyin icrası haqqında iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddəti müəyyən edilməmişdir. Bu iddia növü üzrə tələb olunan mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh inzibati orqana eyni tələblə müraciət etmiş və cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Beləliklə, qanunvericilikdə öhdəliyin icrası haqqında iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddəti müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qərardadda qeyd olunan əsasla iddianı mümkün saymamaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv olunmalı, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7006/2025 nömrəli, 07 iyul 2025-ci il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-4107/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4107/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver