Məhkəmə qərarları › İş №2-1(103)-411/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-411/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-411/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçının diplom üzrə ixtisasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1544/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən verilmiş xx xxxx 2016cı il tarixli B16 159436 nömrəli diplom üzəri ixtisasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1994-cü il tarixdə anadan olmuşdur. 2001 – 2012-ci illərdə Bakı şəhərində 14 saylı orta məktəbdə orta təhsil almışdır. 2012-ci ildə o, S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinə daxil olmuş və 2016-cı ildə həmin təhsil müəssisəsini bitirmişdir. O, həmin Universitet tərəfindən verilmiş diplom üzrə ixtisasının ölkə ərazisində tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir. Nazirlikdə keçirilən müsahibə zamanı Ekspert Qrupu tərəfindən onun ixtisas biliyinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Lakin o, ruhdan düşmədən ali təhsilli mütəxəssis kimi çalışıb vətənə gərəkli bir vətəndaş olmaq arzusundadır. Yenidən müsabiqədə iştirak etmək istəyir. İddiaçı məhkəmədən diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli qərarı ilə «Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» təsdiq edilmişdir. Bu müddəa Qaydaların 1.1-ci bəndində də öz əksini tapmışdır. Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Ekspert rəyindən göründüyü kimi, komissiya iddiaçının aldığı ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığını müəyyən etmişdir. Qeyd olunanlarla əlaqədar, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 148, 151-ci maddələrinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.43, 11.1-ci maddələrinə, Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın müddəalarına, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsi (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26, 27-ci paraqraflarına, İPMin 47.2, 68.2, 73.3-cü maddələrinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.43, 11.1 maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.4, 1.5, 2.2, 3.6, 3.7-ci bəndlərinə əsaslanaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1544/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçışı oğluna Ukraynanın Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli 159436 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin yazılı etirazının məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının ixtisas üzrə bilik səviyyəsi qənaətbəxş deyildir. İddiaçının ixtisas üzrə bilik səviyyəsi ekspert komissiyası tərəfindən yoxlanılmışdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, iddia tələbinin məzmununa uyğun izahat verdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə məhkəmə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı 2012-2016-cı illərdə X4 adına Xarkov Milli İqtisadiyyat Universitetində təhsil almış və ona həmin Universitet tərəfindən xx xxxx 2016-cı il tarixli B16 159436 nömrəli bakalavr dərəcəsi üzrə diplom verilmişdir. Onun diplomu Ukraynada səlahiyyətli orqan tərəfindən apostil olunmuşdur. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir və cavabdeh orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir və “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İİİ.1.2-ci maddəsini, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Məyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsini və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq Ukrayna Respublikası S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən iddiaçının adına verilmiş xx xxxx 2016-cı il tarixli B16 159436 nömrəli diplom üzrə ixtisasın ölkə ərazisində tanınmasından imtina etmişdir.İddiaçı həmin imtina ilə razılaşmayaraq məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, İddiaçı Ukraynanın Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli 159436 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək hazırkı mübahisəyə aşağıdakı qanunvericilik normalarının tələbləri baxımından qiymət verilməsini zəruri hesab edir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsidir. "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" xx.xx.1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Qanunu 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin bu konvensiyanın təsdiq edilməsi barədə qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında xx.xx.2000-ci il tarixli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2003-cü il tarixli, 64 saylı Qərar ilə“Xarici dövlətlərin Ali Təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları" təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Eyni zamanda, Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir; Həmin Sazişin 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Məhkəmə kollegiyası qeyd edir ki, milli təhsil qanunvericiliyi təhsil sahəsində normativləri konkret müəyyənləşdirmiş, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası və Ukrayna arasında bağlanmış sazişdə isə yalnız qeyd olunan normativlərə, yəni təhsil müddətinə və təhsilin məzmununa uyğun gələn təhsil sənədlərinin qarşılıqlı tanınması təsbit olunmuşdur. İşin araşdırılan hallarından aydın olunur ki, komissiya tərəfindən iddiaçının aldığı təhsilin məzmununun qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğunluğu yoxlanılmış və müvafiq uyğunluq müəyyən olunmadığından iddiaçının müraciəti təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş ekspert rəyindən göründüyü kimi, İddiaçı xx.xx.2017-ci il tarixində nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibəyə dəvət edilmişdir. Ekspert qrupu tərəfindən İddiaçı aldığı ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən Sazişin tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır. Lakin Sazişdə təsbit edilmiş bu meyarlar iddiaçının xarici universitetdə aldığı ali təhsil üzrə ixtisas diplomunun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi üçün kifayət deyildir. Bakalavr təhsilinin məzmununu tədris prosesinin planlaşdırılmasına, onun həyata keçirilməsinin forma və metodlarına, tədris yükünün həcminə, tədris mərhələlərinin (semestrlərin) müddətinə, tədris növlərinə (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcminə və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələblər əhatə edir ki, hazırkı iş üzrə məhkəmə araşdırması ilə iddiaçının qeyd olunan tələblərə cavab vermədiyi müəyyən olunmuşdur. Bu hal isə iddiaçının təhsil aldığı ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməsinin mümkünsüz olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, Təhsil Nazirliyində yaradılmış Komissiya tərəfindən qanunvericiliyin tələblərinə əsasən diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar aşkar olunduğundan və bu hallar məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapdığından cavabdeh inzibati orqan olan nazirliyin iddiaçının bakalavr diplomunun tanınmasından imtinası qanuna uyğun olmaqla onun hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsas olmamışdır. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1544/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarıləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçının diplom üzrə ixtisasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar