Məhkəmə qərarları › İş №2-1(103)-411/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-411/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-411/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2350/2022 saylı, 09 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Mərkəzi Rayon Xəstəxanasında 5 il 1 ay 16 gün, "xxxx" MMC-də 3 il 1 gün, "xxxx" MTK-da 9 ay 7 gün və 9 ay 15 gün (cəmi 1 il 6 ay 23 gün), "xxxx" MMC-də 9 ay 7 gün işlədiyi müddətlərin nəzərə alınması ilə iddiaçıya birinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu ildə doğulmuşdur, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilə qədər Astara RMX-də kiçik tibb işçisi, xx.xx.2005-ci ildən xx.xx.2008-ci ilə qədər "xxxx" MMC-də xadimə, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilə qədər, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilə qədər “Lalə" MTK-da xadimə, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər "xxxx" MMC-də dezinfektor işləmişdir. Dövlət Sosial Sığorta Şəhadətnaməsinə malikdir. xx.xx.2020-ci ildə iddiaçıya “Paranoid şizofreniya. Şizofreniya paranoid forma. Fasiləsiz gedişli, psixi qüsur halı” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısının 97 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və bacısı X4 onun üzərində qəyyum təyin edilmişdir. Cavabdehə müraciət edilərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi xahiş edilsə də, müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi sığorta stajının tələb olunan 8 il 8 aydan az olaraq 7 il 9 ay təşkil etməsi göstərilmişdir. Halbuki onun tələb olunan 8 il 8 ay əmək stajı vardır. Belə ki, İddiaçı Astara MRX-da 5 il 1 ay 16 gün, "xxxx" MMC-də 3 il 1 gün, "xxxx" MTK-da 9 ay 7 gün və 9 ay 15 gün (cəmi 1 il 6 ay 23 gün) “San-Prof’ MMC-də 9 ay 7 gün işləmişdir. Ümumi iş stajı 10 il 10 ay 16 gün təşkil edir. Halbuki həmin MMC-də İddiaçı işləməyini və əmək haqqı almağını həm əmək kitabçası, həm də "xxxx" MMC-nin 38 nömrəli, xx.xx.2007-ci il tarixli, MMC-nin direktor müavini və baş mühasibi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş arayışı təsdiq edir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edlməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra-TSEK) xx.xx.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi – “Ümumi xəstəliklə əlaqədar” olmaqla müddətsiz İ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Daha sonra İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan isə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. Qanunun tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 41 il (yaş) – 15 il (əmək qabiliyyətli olmadığı yaş dövrü) = 26 il (əmək qabiliyyətli yaş dövrü); 26 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 104 ay; 104 ay: 12 ay=08 il 08 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanunamüvafiq olaraq tələb olunan sosial sığorta stajı 08 il 08 aydır. İş materiallarına əlavə edilən İddiaçı məxsus ******* №-li əmək kitabçasından göründüyü kimi iddiaçının əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi bütün dövrlər nəzərə alındıqda onun sosial sığorta stajı ümumilikdə 10 il 10 ay 11 gündür. İddiaçı sosial sığorta stajı ilə bağlı işin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir: İddiaçı xx.xx.1999-xx.xx.2004 (05 il 01 ay 15 gün), xx.xx.2012-xx.xx.2012 (09 ay 06 gün), xx.xx.2013-xx.xx.2014 (09 ay 14 gün), xx.xx.2017-xx.xx.2018-ci (01 il 02 ay 06 gün) illər ərzində işlədiyi dövrlər. İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 07 il 10 ay 11 gündür. İddiaçı sosial sığorta stajı ilə bağlı işin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir: İddiaçı xx.xx.2005-xx.xx.2008-ci (03 il) illər ərzində "xxxx" MMCdə işlədiyi dövr. İddiaçı mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 03 ildir. İddiaçı xx.xx.2005-xx.xx.2008-ci illərdə "xxxx" MMC-də işlədiyi dövr ərzində onun əldə etdiyi gəlirdən müvafiq icra hakimiyyətinə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Belə olan halda sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə ziddir. Bununla yanaşı müvafiq qurumlara lazımi sorğular ilə müraciət edilmiş, AR Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli, 4/2426 nömrəli cavab məktubunda "xxxx" MMC-nin arxiv sənədlərinin Dövlət Arxivinə və Bakı filialına təhvil verilmədiyi, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********152700 nömrəli cavab məktubunda "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alındığı, həmçinin fəaliyyət dövrü ərzində məcburi dövlət sosial sığorta haqqının, işsizlikdən sığorta haqqı üzrə ödənişlərin müəyyən edilmədiyi qeyd edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2350/2022 saylı, 09 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: H.Ağalarov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının qanuni nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə doğulmuşdur. İş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabaçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilə qədər Astara RMX-də kiçik tibb işçisi, xx.xx.2005-xx.xx.2008-ci illərdə "xxxx" MMC-də xadimə, xx.xx.2012xx.xx.2012, xx.xx.2013-xx.xx.2014-cü illərdə "xxxx" Mənzil Tikinti Kooperativində xadimə, xx.xx.2017-xx.xx.2018-ci illərdə "xxxx" MMC-də dezinfektor işləmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 12 dekabr 2007-ci il tarixli arayışından görünür ki, İddiaçı 15 dekabr 2005-ci il tarixdən xadimə peşəsində işləyir və aylıq əmək haqqı 80,00 (səksən) AZN təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə elektron çıxarışın surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 09 avqust 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1999-cu il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən sığorta stajı 7 il 9 ay olmaqla tələb olunan müddətdən (8 il 8 aydan) azdır. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********152700 nömrəli məktubunda qeyd edilmişdir ki, qurumun qeydiyyat qovluğunda olan xx.xx.2007-ci il tarixli nizamnaməsinə əsasən xx.xx.2007-ci ildə 1107-T27-4408 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2005-ci ildə 0105-P160-4420 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. Cəmiyyətin təşkilatı-hüquqi formasını dəyişməsi və ləğv olunması barədə məlumat aşkar edilməmişdir. Şəxsi hesab vərəqəsinə əsasən Cəmiyyət tərəfindən fəaliyyət dövrü ərzində vergilər üzrə 65619,80 manat ödənişin həyata keçirildiyi müəyyən edilmiş, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı üzrə ödənişləri müəyyən edilməmişdir. xx.xx.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən Cəmiyyətin fəaliyyəti xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək dayandırılmış, lakin vergi ödəyicisi tərəfindən xx.xx.2008-ci il və xx.xx.2009-cu il tarixlərdə təqdim edilmiş “Əlavə dəyər vergisi bəyannamə”lərinə əsasən müvafiq olaraq xx.xx.2008-ci il və xx.xx.2009-cu il tarixlərdə fəaliyyəti aktivləşmişdir. Təkrar olaraq vergi ödəyicisinin müraciəti əsasında fəaliyyəti xx.xx.2010-cu il tarixdən dayandırılmış və xx.xx.2010-cu il tarixdə vaxtı çatdığı üçün bərpa edilmişdir. Eyni zamanda vergi ödəyicisinin müraciəti əsasında fəaliyyəti xx.xx.2011-ci il tarixdən dayandırılmış və xx.xx.2015-ci il tarixdə vaxtı çatdığı üçün bərpa edilmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. İş materiallarında olan DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 01 noyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Tibbi-Sosial Ekspert Komissiyasının arayışının surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixindən müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən xx.xx.1979-cu il təvəllüdlü vətəndaşa hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı 8 il 8 aydır ((41 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 26il) x 4 ay = 104 ay/12 = 8 il 8 ay). İddiaçı təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi dövr nəzərə alınmaqla sığorta stajı xx.xx.2006-cı il tarixə 5 il 1 ay 15 gün təşkil edir. Sözügedən əmək kitabçası üzrə vətəndaşın xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci tarixədək əmək fəaliyyəti dövrləri Qanunun 1.0.2-ci maddəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’’nın 3.1.2-ci bəndinə müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi üçün sosial sığorta stajına daxil edilməmişdir. Vətəndaşın əmək kitabçasına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altisteminə əsasən xx.xx.2012-xx.xx.2012-ci illər; xx.xx.2013- xx.xx.2014-cü illər və xx.xx.2017-xx.xx.2018-ci illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən sonra sosial sığorta stajı cəmi 2 il 8 ay, sığorta kapitalı 1550,49 manat təşkil edir. Beləliklə, İddiaçı sığorta stajı cəmi 7 il 9 ay 15 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən azdır. Bu səbəbdən vətəndaşa 1-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Vətəndaşa xx.xx.2020-ci il tarixdən proaktiv qaydada İ qrup əlilliyə görə sosial müavinət və İ qrup əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 08 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Müraciətdə adıçəkilən müəssisə haqqında dövlət əmlakının Registrinə heç bir məlumat təqdim edilməmiş və həmin müəssisə barədə məlumat qeydə alınmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********758100 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən, "xxxx" MMC xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Cəmiyyətin şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən vergi ödəyicilərinin dövlət sosial sığorta haqlarına dair müvafiq saldo məlumatları DSMF-dən vergi orqanına köçürülərkən Cəmiyyət üzrə xx.xx.2018-ci il tarixə “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə ümumilikdə 0,65 manat artıq ödəmə məbləği köçürülmüşdür və xx.xx.2018-ci il tarixdən cari tarixədək vergi ödəyicisi tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********179100 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəmiyyətin fəaliyyəti və vergi tutulan digər əməliyyatları xx.xx.2007-ci il tarixli “Hüquqi şəxsin fəaliyyətinin dayandırılması” ərizəsinə əsasən, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək dayandırılmış, xx.xx.2007-ci il tarixdən etibarən yenidən aktivləşmiş, xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli ərizələrinə əsasən, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək dayandırılmış, xx.xx.2008-ci il tarixdən etibarən təqdim edilmiş bəyannaməyə əsasən yenidən aktivləşmiş, xx.xx.2010-cu il tarixli ərizəsinə əsasən; xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək dayandırılmış, xx.xx.2010-cu il tarixdən etibarən yenidən aktivləşmiş, xx.xx.2011-ci il tarixli ərizəsinə əsasən isə xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək dayandırılmış və xx.xx.2015-ci il tarixdən etibarən yenidən müəssisənin şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən vergi ödəyicilərinin dövlət sosial sığorta haqlarına dair müvafiq saldo məlumatları DSMF-dən vergi orqanına köçürülərkən Cəmiyyət üzrə xx.xx.2018-ci il tarixə “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə ümumilikdə 0,65 manat artıq ödəmə məbləği köçürülmüşdür və xx.xx.2018-ci il tarixdən cari tarixədək vergi ödəyicisi tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. İş materiallarında olan DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubu ilə sığortaedən, "xxxx" MMC (SUN: **********6) tərəfindən 1 oktyabr 2005-ci il tarixindən 1 yanvar 2009-cu il tarixinədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat təqdim edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə 1 yanvar 2006-cı il tarixdən başlandığı üçün, həmçinin sığortaedən tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində 2006 - 2008-ci illər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında hesabatlar təqdim edilmədiyindən sığortaedən tərəfindən sığortaolunan İddiaçı (SSN: **********344) xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır. Məktuba əlavə edilmiş həmin məlumatlara əsasən, "xxxx" MMC (SUN: **********6) tərəfindən 2006-cı il üzrə 1236,98 manat, 2007-ci il üzrə 8627,04 manat, 2008-ci il üzrə 6918,74 manat məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. İşdən görünür ki, iddiaçı Astara Mərkəzi Rayon Xəstəxanasında 5 il 1 ay 16 gün, "xxxx" MMC-də 3 il 1 gün, "xxxx" MTK-da 9 ay 7 gün və 9 ay 15 gün (cəmi 1 il 6 ay 23 gün), "xxxx" MMC-də 9 ay 7 gün işlədiyi müddətlərin nəzərə alınması ilə iddiaçıya birinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (iddiaçının hüququnun yarandığı xx.xx.2020-ci il tarixdə qüvvədə olan redaksiya): 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. İddiaçının hüququnun yarandığı xx.xx.2020-ci il tarixdə qüvvədə olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər.... Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının xx.xx.1979-cu il tarixdə doğulduğu və ona xx.xx.2020-ci il tarixdə İ dərəcə əlillik təyin edildiyi nəzərə alındıqda, onun 8 il 8 ay sığorta stajı (41 il (yaş) – 15 il = 26 il (əmək qabiliyyətli yaş dövrü); 26 il x 4 ay = 104 ay (8 il 8 ay)) olduqda “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası almaq hüququ yaranır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən, əmək kitabçasında qeyd olunan sığorta stajı 07 il 10 ay 11 gündür: xx.xx.1999-xx.xx.2004 (05 il 01 ay 15 gün), xx.xx.2012xx.xx.2012 (09 ay 06 gün), xx.xx.2013-xx.xx.2014 (09 ay 14 gün), xx.xx.2017-xx.xx.2018-ci (01 il 02 ay 06 gün). Cavabdeh inzibati orqanın mübahisə etdiyi yeganə məsələ, İddiaçı xx.xx.2005xx.xx.2008-ci (03 il) illər ərzində "xxxx" MMC-də işlədiyi dövr ərzində onun əldə etdiyi gəlirdən müvafiq icra hakimiyyətinə məcburi dövlət sosial sığorta haqları ödənilməməsi əsası ilə həmin dövrün sığorta stajına daxil edilməməsidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlilləri əsassız hesab etmişdir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı sözügedən müəssisənin mübahisələndirilən dövrdə mövcudluğu və dövlət qeydiyyatına alınması öz təsdiqini tapmışdır. Digər tərəfdən, iddiaçının "xxxx" MMC-də işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək olan hissəsinin iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə qeyd etmişdir ki, yuxarıda istinad olunan “Qaydalar”da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisələrin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Məhkəmə iddiaçının "xxxx" MMC-də işlədiyi dövrün 2006-cı il yanvarın 1-dən sonrakı hissəsi ilə bağlı isə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı "xxxx" MMC (SUN: **********6) tərəfindən 1 oktyabr 2005-ci il tarixindən 1 yanvar 2009-cu il tarixinədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat əldə edilmişdir ki, həmin məlumata əsasən, müəssisə tərəfindən 2006-cı il üzrə 1236,98 manat, 2007-ci il üzrə 8627,04 manat, 2008-ci il üzrə 6918,74 manat məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Belə olan halda, yəni 2006 - 2008-ci illər üzrə ümumilikdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi təsdiq olunduğu halda, sığortaedən tərəfindən sığortaolunanlar haqqında adbaad hesabatların təqdim edilməməsinin iddiaçının həmin müəssisədə rəhbər vəzifədə deyil, xadimə işləməklə aşkar surətdə iradəsindən və müdaxilə imkanından kənar olması, üstəgəl onun əmək haqqından müvafiq tutulmaların həyata keçirilməsi nəzərə alındıqda, cavabdehin üstündə durduğu “konkret olaraq iddiaçının xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın olmaması” iddianın əsaslılığına təsir edə bilməz. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2005-xx.xx.2008-ci illər ərzində "xxxx" MMC-də işlədiyi dövr sığorta stajına daxil edilməlidir. Əks yanaşma, şəxsin hüquqlarının məhdudlaşdırılmasına münasibətdə heç də ədalətli hesab edilə bilməz. Şərh olunanlara əsasən, məhkəmə qeyd etmişdir ki, qanunvericiliklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri imtinanın, eləcə də etirazın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2350/2022 saylı, 09 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar