Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-411/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «kompensasiya ödənilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-576/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qala bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 1-2/01 nömrəli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və bildirilmişdir ki, ona 1200 kv.m torpaq sahəsinin Qala bələdiyyəsi tərəfindən ayrılması barədə bələdiyyədə heç bir məlumat yoxdur. Bu səbəbdən də həmin torpaq sahəsinin Qala bələdiyyəsi tərəfindən ayrılmasını müəyyən etmək mümkün olmadığından tələbinin təmin edilməsi imkan xaricindədir.
2. Əzizbəyov rayonu Qala bələdiyyəsinin 126 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.
3. Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Qala bələdiyyəsinin 126 saylı qərarı əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, yeni massiv küçəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi iddiaçıya satılmışdır.
4. Qala bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 407965 nömrəli kassa mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı torpaq alqı-satqısı üçün 10.560.000 (on milyon beş yüz altmış min) AZM pul ödəmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6853/2021 saylı 01 noyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin iş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin iddiası təmin edilmiş, Əzizbəyov (indiki Xəzər) rayon Qala Bələdiyyəsinin 126 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamının etibarsızlığının tanınmışdır.
6. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 19/2022 saylı saylı 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(003)-3287/2018 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə-iddia tələbinin Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.metr torpaq sahəsinin qaytarılmasının təmin edilməyən hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı ilə Xəzər rayon Qala Bəldiyyəsi arasında bağlanmış bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında 24 iyun 2005-ci il tarixli alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmaqla etibarsız hesab edilmiş, Xəzər rayon Qala Bəldiyyəsindən 2100 (iki min yüz) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli. 1(103)- 19/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(003)- 3287/2018 saylı qətnaməsi iddia tələbinin Xəzər rayonu Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin dəyərinin ödənilməsinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmiş, iddiaçıya Xəzər rayonu Qala Bələdiyyəsinin 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin dəyərinin ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilmişdir.
8. DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli sorğuya cavab məktubunda mütəxəssislər tərəfindən ünvana baxış keçirildiyi, baxış zamanı torpaq sahəsinin sərhədlərinin şərti olduğu, faktiki sahənin 1200.0 kv.metr təşkil etdiyi, sözügedən ərazinin "xxxx" MMC tərəfindən avtodayanacaq kimi istifadə olunduğu, vahid elüktron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olduğu bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 24 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamı ilə ev tikmək üçün ona verilmiş 1200 kv.m torpaq sahəsinin əvəzinə, başqa yerdə bugünki bazar qiymətinə uyğun olaraq torpaq sahəsi ilə təmin edilməsi və ya ona verilmiş torpaq sahəsinin bazar qiymətinə uyğun olaraq əvəzinin pulla qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 iyun 2005-ci ildə Qala Bələdiyyəsinin 126 nömrəli sərəncamı ilə iddiaçıya ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.Torpağın dəyəri Bələdiyyələrin BUSB Əzizbəyov rayon şöbəsinə ödənilmişdir. Həmin əraziyə hasar çəkmiş, sonradan 2010-cu il tarixindən həmin ərazi özəl yol şirkəti olan Az.VİRT MMC-in bir sahəsi tərəfindən zəbt olunmuşdur. Həmin şirkətlə aparılan danışıqlardan sonra məlum olmuşdur ki, SOCAR ərazini yol çəkilib qurtarana qədər şirkətin müvəqqəti istifadəsinə vermişdir. İddiaçı qeyd olunan ərazinin ona məxsus olduğunu şirkətə bildirmiş, onun icazəsi olmadan torpağı zəbt etdiklərini qeyd etmişdir. İddiaçı Qala Bələdiyyəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Bildirilmişdir ki, yol idarəsi getdikdən sonra iddiaçı torpağına sahiblik edə biləcək. Həmin yol inşaatı bitsə də, yenə qeyd etdiyi yol şirkəti ona məxsus olan ərazini boşaltmamışdır. Ona görə də iddiaçı xx.xx.2018-ci ildə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmadığından qətnamədən apelliyasiya şikayəti vermiş, onun şikayəti əsasında SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Qala Bələdiyyəsi tərəfindən iddiaçıya verilən sərəncamin etibarsızlığı haqqında iddia qaldırdığından məhkəmə işi dayandırmışdır. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi işi tam araşdırdıqdan sonra Sərəncamın etibarsızlığı haqqında qərar qəbul etmişdir. İddiaçının müraciəti əsasında Bakı Apelliyasiya Məhkəməsi yenidən işə baxmış qərardad və qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin və Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar, qətnamə və qərardaddan göründüyü kimin Cavabdeh başqasının əmlakı haqqında qeyri-qanuni sərəncam verərək iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. Məhkəmə əmtəəşünaslıq ekspertiziyasının rəyinə əsasən hazırkı torpaq sahəsinin orta bazar qiyməti təxmini olaraq 30000 (otuz min) müəyyən edilir. Hansı ki, bu qiymət bazar qiymətindən üç dəfə aşağıdır
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-576/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsii qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə alır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Qala Bələdiyyəsi ilə bağladığı torpağının mülkiyyətə verilməsi haqqında 24 iyun 2005-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödədiyi vəsaitin Qala bələdiyyəsindən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
13. İddiaçı üçün zərərin nədə ifadə olunması, başqa sözlə, cavabdeh inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona zərərin dəyməsi barədə sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilmədiyindən iddia əsassızdır və təmin edilməməlidir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 576/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirr.
c) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etməyəcəkdirsə, o zaman məhkəməmühəndis texniki ekspertiza təyin olunmasına nə zərurət vardı?.Odur ki, 150 manat ekspertiza xərcinin iddiaçı tərəfindən ödənilməli olması da qanunsuzdur.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
18. İş üzrə digər tərəf məhkəmə iclsında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : 43-cü maddəsinin: 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir. 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur. 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. 65-ci maddəsinin: 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
23 Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir.
26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
27. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçıya Qala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə Qala qəsəbəsi ərazisində 1200 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. Həmin torpaq sahəsinə dair bələdiyyə ilə iddiaçı arasında eyni tarixli alq-satqı müqaviləsinə bağlanmış və torpağın müqavilə üzrə dəyəri bələdiyyənin kassasına mədaxil edilmişdir. Sonradan “Azneft” İB-nin iddiası əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6853/2021 saylı 01 noyabr 2021-ci il tarixli qərarına əsasən Cavabdeh 126 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamının etibarsızlığının tanınmış və qərar qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı Cavabdeh 126 saylı xx.xx.2005-ci il tarixli Sərəncamının etibarsız hesab edilməsi əsası ilə ev tikmək üçün ona ayrılması qərara alınmış 1200 kv.m torpaq sahəsinin dəyərini hesab etdiyi zərərin əvəzi kimi cavabdehdən tələb edir.
28. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, torpaq sahəsinə dair hüququn qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edə bilməməsi və həmin inzibati aktın hüquqi qüvvəsini itirməsi şəxsə kompensasiya verilməsindən imtina edilməsi üçün əsas olmasa da, istər yuxarıda istinad olunan məhkəmə aktlarından, istərsə də hazırkı məhkəmə araşdırmasında iddiaçının Qala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə ona ayrılması qərara alınmış torpaq sahəsindən hansısa formada istifadə etməsi ilə bağlı sübutlar müəyyən olunmur.
29. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İddiaçı yalnız Qala bələdiyyəsinin torpaqayırma sərəncamının etibarsız hesab edilməsi faktına istinad edərək iddia qaldırmışdır ki, bu hal cavabdehə qarşı dəymiş ziyanın ödənilməsini tələb etmək üçün yetərli sayıla bilməz.
30. Məhkəmə həm də onu nəzərə alır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Qala Bələdiyyəsi ilə bağladığı torpağının mülkiyyətə verilməsi haqqında 24 iyun 2005-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödədiyi vəsaitin Qala bələdiyyəsindən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bu haldan çıxış edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı üçün zərərin nədə ifadə olunması, başqa sözlə, cavabdeh inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona zərərin dəyməsi barədə sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilmədiyindən iddia əsassızdır və təmin edilməməlidir.
31. Məhkəmə Kollegiyası iddia tələbinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür.
32. Əlavə olaraq məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində məhkəmənin tətbiq etdiyi hüquq normalarını sadalamış, məhkəmə araşdırmasından kənarda qalan hansı sübutların tədqiq edilmədiyini, qiymətləndirilmədiyini konkred olaraq göstərməmişdir.
33. Müəyyən olunur ki, birinci instansiya məhkəməsi işin obyektiv araşdırılması üçün aidiyyəti qurumlara müvafiq sorğular etmiş, cavablar almış, həmçinin əldə olunmalı sübutun təqdim edilməsi üçün hər hansı vəsatətin təmin olunmasından imtina olunmamışdır.
34. Apellyasiya baxıı zamanı da Qala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə ona ayrılması qərara alınmış torpaq sahəsindən hansısa formada istifadə etməsi ilə bağlı (hasarlamasına, tikili inşa etməsinə, vergi ödəyicisi kimi qeydiyyata alınmasına və sairə) hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmiş, həmçinin konkret ünvan bildirməklə əlavə sübutların toplanması ilə bağlı təşəbbüskarlıq göstərməmişdir.
35. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
36. İddiaçı yalnız Qala bələdiyyəsinin torpaqayırma sərəncamının etibarsız hesab edilməsi faktına istinad edərək iddia qaldırmışdır ki, bu hal cavabdehə qarşı dəymiş ziyanın ödənilməsini tələb etmək üçün yetərli sayıla bilməz ona görə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Qala Bələdiyyəsi ilə bağladığı torpağının mülkiyyətə verilməsi haqqında 24 iyun 2005-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödədiyi vəsaitin-2.100,0 (iki min yüz) manatın Qala bələdiyyəsindən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
37. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Apellyasiya şikayətinin dəlili olaraq həmçinin göstərilmişdir ki, məhkəmə iddianı təmin etməyəcəkdirsə, o zaman məhkəmə-əmtəəşünaslıq ekspertiza təyin olunmasına nə zərurət vardı?.Odur ki, 150 manat ekspertiza xərcinin iddiaçı tərəfindən ödənilməli olması da qanunsuzdur.
39. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə icraatının gedişində torpağın bazar dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi obyektiv, ədalətli məhkəmə araşdırmasının tərkibini təşkil edir.Belə ki, iddia uğurlu, yaxud qismən olduğu halda məhkəmə torpağın dəyərini müəyyən etmədən iddianın təmin, yaxud qismən təmin olunması barədə nəticəyə gələ bilməz.
40. Təsadüfü deyildir ki, Qanunvericilik məhkəmə xərclərinin, o cümlədən ekspertiza xərcinin iş üzrə məhkəmə icraatının hansı tərəfindən tutulmalı olmasını iddianın uğurlu olub-olmaması ilə şərtləndirmişdir.
41. Müəyyən olunur ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/558-10/700 №li ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir.
42. Məhkəmə Kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən qeyd olunan pul vəsaiti iddiaçıya aid edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulmalıdır.
43. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
44. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasəm prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
46. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-576/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-576/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.