Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4110/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “sertifikatın təsdiqlənməsi və ixtisas üzrə iş icazəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1020/2025 saylı, 11 iyun 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının xarici ölkədə aldığı təhsil haqqında diplomun təsdiqi barədə müraciətinə baxıllmış və cavab olaraq bildirilmişdir ki, təqdim olunan əmək kitabçasındaki Rusiya Federasiyasında praktik tibb fəaliyyəti ilə bağlı qeydlərə dair Səhiyyə Nazirliyinin rəsmi sorğusuna cavab olaraq onun O.K.Skobelkin adına “X7-Praktik Mərkəzi”ndə fəaliyyət göstərmədiyi aşkarlanmışdır. İddiaçının internaturada keçdiyi hazırlığa uyğun olaraq “Pediatriya” ixtisası üzrə kurs və sertifikasiyadan keçməsi mümkündür.
2. -AB-İ seriyalı 020024 №-li şəhadətnamədən görünür ki, İddiaçı 2011-ci ildən 2012-ci ilədək ƏPT DBTM X5 Akademiyasında internaturada hazırlıq keçmiş və “Nevrologiya” ixtisası üzrə tam kursu bitimirşdir.
3. -Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1988-xx.xx.1989-cu il tarixlərdə “Əyirmə-boyama kombinatı”nda toxuculuq sahəsində ikinci dərəcəli təmizləyici, xx.xx.1992-ci il tarixdə Uşaq yoluxucu xəstəxanasında tibb bacısı qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə Şəhər xəstəxanası “Ana və uşaq” 2 №-li uşaq poliklinikasına sahə həkim-pediatr qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə “Pediatriya” ixtisası üzrə birinci ixtisas dərəcəsi verilmiş, xx.xx.2012-ci il tarixdə 2 №-li uşaq poliklinikasının təhsil müəssisələrində uşaqlara tibbi yardımın təşkili şöbəsinin daxili əvəzçilik üzrə həkimnevroloqu və xx.xx.2012-ci il tarixdə iş yerinin dəyişməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.2013-xx.xx.2017-ci il tarixlərdə aşağı intensiv lazer terapiyası şöbəsinə həminnevroloq vəzifəsində işləmişdir.
4. -X6 Akademiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2011- ci il tarixindən (xx.xx.2011-ci il tarixli, 224 nömrəli daxilolma haqqında əmr) xx.xx.2012-ci ilə qədər (xx.xx.2012-ci il tarixli, 202 nömrəli çıxarılma haqqında əmr) X1 “Nevrologiya” ixtisası üzrə büdcədənkənar əsaslarla internatura keçmişdir.
5. -X5 Akademiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, RF Səhiyyə və Sosial İnkişaf Nazirliyinin xx.xx.2009-cu il tarixli, 210n saylı “Rusiya Federasiyasının səhiyyə sektorunda ali və aspirantura tibb və əczaçılıq təhsili olan mütəxəssislərin ixtisaslarının nomenklaturası haqqında” və xx.xx.2009-cu il tarixli, 415 n №-li “Səhiyyə sahəsində ali və ali təhsildən sonraki tibb və əczaçılıq təhsili olan mütəxəssislər üçün ixtisas tələblərinin təsdiq edilməsi” haqqında əmrlərində “Uşaq nevrologiyası” ixtisası yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X3 Ratner adına “uşaq nevroloji xəstəlikləri” kafedrasında “nevrologiya” ixtisası üzrə keçdiyim internaturanı təsdiq edən AA0066683 saylı Sertifikatın təsdiq edilməsi öhdəliyini AR Səhiyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən iddia tələbinin “İddiaçı “Uşaq nevrologiyası” ixtisası üzrə tibbi fəaliyyətlə məşğul olmağa buraxılması barədə şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995–ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsini bitirmişdir. 1995-1996 ci illərdə “pediatriya” ixtisası üzrə ET Pediatriya istitutunda internatura keçmişdir. 1996-1998 ci illərdə Bakı şəhəri 12 saylı uşaq xəstəxanasında, 2000-2012-ci illərdə Rusiya vətəndaşı kimi Rusiya Federasiyası Nijnevartovsk şəhəri uşaq xəstəxanasında pediatr işləmiş və 1dərəcəli həkim səviyyəsini almışdır. 2010–cu ildə Rusiya Federasiyasında Səhiyyədə kadr islahatları ilə əlaqədar verilən qərarə əsasən gənc kadrlarin ixtisaslaşmasına büdcədən ayrılan vəsait hesabına işlədiyi xəstəxananın rəhbərliyinin təşəbbüsilə yeni tədris ilində (qərar ilin sonunda təsdiq edildiyi üçün), yəni 2011–2012-ci ildə X3 Ratner adina Uşaq nevroloji xəstəlikləri kafedrasında internatura keçərək “nevroloq” ixtisasına yiyələnmişdir. 2012 – ci ilin avqust ayından nevroloq ixtisası üzrə 0,5 ştat çalışmağa başlamışdır. Müqaviləyə əsasən 2013–cu ilin yanvar ayından tam 1,0 ştatda işləməli olmuşdur. Lakin ailə vəziyyəti ilə əlaqədar, oğlunun ağır bronxial astma tutmaları (hormon asılı) yenidən başladığı üçün, baxmayaraq ki, Kazan şəhərində yaşamışdırlar, 1 ilmüddətində tam hormonsuzremissiyaya nail olmuş, həkimlərin məsləhətilə yaşayış yerlərini məcburi dəyişməli olmuşdurlar. 2013-2017-ci illərdə RF Moskva şəhəri reablitasiya mərkəzində nevroloq işləmişdir. 2019 – ci ildən halhazırki dövrə kimi Bakı Tehran klinikasında nevroloq işləmişdir. Bu dövrdə həm də klinikada xəstələrin nevroloji (16 yaşadək) müayinəsini keçırən Təbriz Tibb Universitetinin Uşaq nevrologiyası kafedrasının müdiri, professor Məhəmməd Bərzügarinin assistenti kimi də çalışmışdır. Bakı Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 01.20xx-xx.2019- cu ildə “Uşaqlıq dövründə rast gəlinən əsas nevroloji patologiyalar”, 04.20xx-xx.2019-cu ildə “Nevrologiyada müayinə üsülları (EEQ, EMQ, dopler)”, 01.20xx-xx.2021-ci ildə “Sinir xəstəlikləri”, xx.xx.2022-xx.xx.2022-ci il tarixində ”Sinir sisteminin irsi xəstəlikləri” mövzularında təkmilləşdirmə kursları keçmişdir. RF-da ona verilmiş diplomun təsdiq edilməsi ilə bağlı AR Səhiyyə Nazirliyinə mürciət etmişdir. AR Səhiyyə Nazirliyi xx.xx.2024-cü il tarixli, 3-28/2-P-4-1250-2024 saylı cavab məktubu ilə onun aldığı diplomla bağlı müsbət cavab verməmişdir. Qeyd edilən cavab məktubu ona xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. İddiaçı hesab edir ki, həmin cavab məktubu əsassız olmuş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur.
10. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbinin əsasında onun 2012-ci ildə Rusiya Federasiyasında keçdiyi internaturanı təsdiq edən sənədin təsdiq edilməsi dayanır. Halbuki “Təhsil haqqında” AR Qanununun, eləcə də, AR Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın müddəalarının təhlili iddia tələbinin əsassız olduğunu təsdiq edir. Belə ki, “Təhsil haqqında” AR Qanununun təhsilin pillələrinə həsr olunmuş 17-ci maddəsindən göründüyü kimi, ölkəmizdə internatura pilləsi deyil, rezidentura pilləsi nəzərdə tutulmuşdur. Adıkeçən qanunun qüvvəyə mindiyi tarixdən etibarən internatura təhsili ölkəmizdə tanınmır və təsdiq edilmir. “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”ndan göründüyü kimi rezidentura təhsilinin müddəti ixtisaslara uyğun olaraq 2-5 il müəyyən olunursa iddiaçının internatura təhsili cəmi 1 il təşkil etməkdədir ki, bu da həmin pillələrin kəmiyyət etibarilə eyniyyət təşkil etmədiyini göstərir. Həm kəmiyyət, həm də keyfiyyət aspektindən internatura rezidenturaya bərabər hesab oluna bilməz və “Təhsil haqqında” AR Qanunu qüvvəyə mindikdən sonra internatura pilləsi üzrə alınmış təhsil ölkəmizdə təsdiq oluna bilməz. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1020/2025 saylı, 11 iyun 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr məsələləri üzrə Komissiyasının xx.xx.2023-cü il tarixdə keçirilən iclasının 55 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı 2011-ci ildən sonra Rusiya Federasiyasında “nevrologiya” ixtisası üzrə aldığı internatura təhsili ilə uyğun ixtisas üzrə Azərbaycan Respublikasındakı rezidentura təhsilinin müddəti və proqramları arasında uyğunsuzluq olduğu üçün o tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə ilə təmin edilməməsi qərara alınmışdır.
13. Göründüyü kimi, cavabdeh inzibati orqan işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə (məsələn, tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və s.) malik olduğu hala əsaslanaraq iddiaçının xaricdə aldığı təhsilə dair sənədlərinin, keçdiyi tədris plan və proqramlarının, həmçinin təhsilin dövlət standartlarına uyğunluğunu araşdırmış və onun tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılmasını məqbul hesab etməmişdir.
14. Hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuzluğu üzrə xüsusatlar müəyyən edilməmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1020/2025 saylı, 11 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz faktiki hallarına əsasən İddiaçı 2011-ci ilin sentyabr ayının 1-dən Kazan Universitetində internatura təhsilinə başlamışdır. Aydın olduğu kimi iddiaçı bu təhsil pilləsinə başlayarkən Azərbaycan Respublikasında rezidenturaya qəbulla bağlı imtahan keçirilməmiş, buna dair qaydaların icrası mexanizmi isə hələ formalaşmamışdı. Tədris ili başlanandan sonra rezidenturaya qəbul imtahanın keçirilməsi bunun bariz nümunəsidir. Əks halda bu tarixdən bir neçə ay öncə, tədris ili başlanmamış Azərbaycanda həmin imtahan keçirilsəydi, iddiaçı buna baxmayaraq yenə də Azərbaycanda rezidentura deyil, xaricdə internatura təhsilinə başlasaydı, o zaman yeni praktikanın ona aid edilməsindən danışmaq olardı. Məhkəmə aktının qanunsuz və əsassız olmasına gətirib çıxaran digər mühüm məsələ cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə bərabərlik prinsipini pozmasına dair mötəbər dəlillərə məhkəmənin düzgün hüquqi qiymət verməməsidir. Belə ki, məhkəmə iddiaçının eyni faktiki və hüquqi hallar əsasında başqa şəxsə tibbi fəaliyyətlə məşğul olmaq məqsədilə sertifikasiyadan keçmək üçün icazə verilməsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, “hüquqda bərabərlik prinsipi qanunauyğun davranışlar arasında bərabərlik tələb edir və fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.” Məsələ burasındadır ki, özlüyündə doğru olan bu yanaşmanı məhkəmə işə düzgün şəkildə tətbiq edə bilməmişdir. Çünki hazırki işdə iddiaçı məhz qanunauyğun davranışa münasibətdə bərabərlik tələb edir və eyni zamanda iddiaçının etimadı da qanuni hərəkətə əsaslanır. Belə ki, iddiaçı ilə eyni situasiyada olan digər həmkarlarının internatura təhsilinin cavabdeh inzibati orqan tərəfindən tanınması və tibbi fəaliyyətlə məşğul olmaq məqsədilə sertifikasiyadan keçmək üçün icazənin verilməsi tamamilə qanuni əsasa söykənmişdir. Bu əsas birbaşa olaraq X4 Musayevin daxili əmridir. Həmin hüquqi əsas məhkəməyə təqdim edilmişdir və iş materiallarında da mövcuddur. Belə ki, Səhiyyə Nazirinin 29 aprel 2022-ci il tarixli MİHO/1.3-3.1-2022-106 saylı əmrilə ölkədə 2011-ci ildən rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə interatura ve klinik ordinatura təhsilialmış şəxslərin ixtisasları üzrə Azərbaycan Respublikası ərazisində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması ilə əlaqədar Səhiyyə Nazirliyinə edilmiş çoxsaylı müraciətlərini nəzərə alaraq qəbul edilmişdir. Əmrdə müvafiq şəxslərin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçirilməsi nəzərdə tutulur. Məhz bu əmr əsasında iddiaçı ilə eyni vaxtlarda internatura və ordinatura təhsili almış yüzlərlə həkimə tibbi fəaliyyətə başlamaq haqqında şəhadətnamə verilib. Göründüyü kimi iddiaçının istinad etdiyi bərabərlik prinsipi və inzibati orqanın praktikasına olan etimadı qanuni və hüquqi əsasa söykənir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.
19. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanundan: -2. Əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdən ibarətdir. -46. Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. - 48-ci maddəsinin sonuncu abzasına əsasən tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra yol verilir. - 49-1-ci maddəsinə əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir.
21. “Təhsil haqqında” Azərbaycan Qanunun: -1.0.38. rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkimmütəxəssis hazırlığı forması; -1.0.50. həkim - əsas (baza ali) tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi; -1.0.51. həkim-mütəxəssis - müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; -22.6. Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin (Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası) tələblərinə əsasən: -1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. -2. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. -3. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. -4. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən: -1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən hazırlanmışdır və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir, rezidentlərin attestasiya şərtlərini müəyyən etməklə, həkimmütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır. -1.4. Rezidenturada təhsil dövlət təhsil standartı və proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nda qeyd olunan həkimmütəxəssis ixtisasları üzrə aparılır. -5.12. Rezidentlər təhsil aldıqları dövrdə əsas (baza ali) tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”ndan: -1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. -1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. -1.4. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. -2.1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. -2.10.3. Tibb təsdiqi ilə sertifikatsiyadan keçmək üçün Nazirliyə ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və onun surəti rəsmi qaydada təqdim edilir. -2.14. Sertifikasiya imtahanı Nazirlik tərəfindən müəyyən edilmiş tibb və əczaçılıq ixtisasları üzrə keçirilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
29. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr məsələləri üzrə Komissiyasının xx.xx.2023-cü il tarixdə keçirilən iclasının 55 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı 2011-ci ildən sonra Rusiya Federasiyasında “nevrologiya” ixtisası üzrə aldığı internatura təhsili ilə uyğun ixtisas üzrə Azərbaycan Respublikasındakı rezidentura təhsilinin müddəti və proqramları arasında uyğunsuzluq olduğu üçün onun tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə ilə təmin edilməməsi qərara alınmışdır.
30. Göründüyü kimi, cavabdeh inzibati orqan işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə (məsələn, tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və s.) malik olduğu hala əsaslanaraq iddiaçının xaricdə aldığı təhsilə dair sənədlərinin, keçdiyi tədris plan və proqramlarının, həmçinin təhsilin dövlət standartlarına uyğunluğunu araşdırmış və onun tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılmasını məqbul hesab etməmişdir.
31. Hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuzluğu üzrə xüsusatlar müəyyən edilməmişdir.
32. İşin hallarından göründüyü kimi, iddiaçı 1995-ci ildə Azərbaycan Tibb Universitetinin “Pediatriya” fakültəsini bitirərək “Pediatriya” ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi almışdır. İddiaçının rezidentura səviyyəsində təhsil almaması işin mübahisəsiz halıdır. Odur ki, iddiaçının təhsili əsas (baza ali) tibb təhsilidir və onun ixtisas dərəcəsi “pediatriya” ali peşə ixtisas dərəcəsi olmuşdur. İddiaçı müxtəlif tibb müəssisələrində idarələrdə həkimpediatr, həkim-nevroloq olaraq fəaliyyət göstərməsi onun ixtisasının dəyişdirilməsinə dəlalət etmir.
33. Belə ki, 2011-ci ildən etibarən Azərbaycan Respublikasında internatura təhsil forması ləğv edilmiş, onun əvəzinə beynəlxalq standartlara uyğun olan rezidentura sistemi tətbiq olunmuşdur. Müvafiq normativ hüquqi aktlara əsasən, həkim-mütəxəssis kimi sertifikatlaşdırılmaq və tibbi fəaliyyət hüququ qazanmaq üçün şəxsin məhz rezidentura pilləsini başa vurması zəruridir. İnternatura təhsilinin hüquqi baxımdan rezidentura ilə ekvivalent hesab olunmaması tibb sahəsində peşəkar fəaliyyətin yüksək standartlarda təşkilini təmin etmək məqsədi daşıyır və insan sağlamlığı kimi ali dəyərin qorunması kimi çıxış edir. Bu, peşəkar biliklərin praktiki təcrübə ilə möhkəmləndirilməsini təmin edilməsinə yönəlmişdir.
34. Məhkəmə Kollegiyası iddiaçının eyni faktiki və hüquqi hallar əsasında başqa şəxsə tibbi fəaliyyətlə məşğul olmaq məqsədilə sertifikasiyadan keçmək üçün icazə verilməsi ilə bağlı dəlilinə münasibətdə 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tibb sahəsi insan sağlamlığının qorunması və həyat keyfiyyətinin təmin olunması baxımından ali ictimai əhəmiyyət daşıyan bir sahə olmaqla, bu sferada olan hər bir mübahisəyə fərdi yanaşma tələb edən məsələdir. Bu sahədə fəaliyyətin həyata keçirilməsi yalnız xüsusi təhsil mərhələlərinin uğurla tamamlanması və müvafiq ixtisas dərəcələrinin əldə edilməsi əsasında mümkün ola bilər. Bu baxımdan, hər mübahisədə oxşar faktlara istinad edərək bərabərlik prinsipinin pozulmasını iddia etmək əksər halda məqsədyönlü hesab edilə bilməz.
35. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı ilə eyni situasiyada olan digər həmkarlarının internatura təhsilinin cavabdeh inzibati orqan tərəfindən tanınması və tibbi fəaliyyətlə məşğul olmaq məqsədilə sertifikasiyadan keçmək üçün icazənin verilməsi tamamilə qanuni əsasa söykənmişdir. Bu əsas birbaşa olaraq X4 Musayevin daxili əmridir. Həmin hüquqi əsas məhkəməyə təqdim edilmişdir və iş materiallarında da mövcuddur. Belə ki, Səhiyyə Nazirinin 29 aprel 2022-ci il tarixli MİHO/1.3-3.1-2022-106 saylı əmrilə ölkədə 2011-ci ildən rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə interatura ve klinik ordinatura təhsilialmış şəxslərin ixtisasları üzrə Azərbaycan Respublikası ərazisində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması ilə əlaqədar Səhiyyə Nazirliyinə edilmiş çoxsaylı müraciətlərini nəzərə alaraq qəbul edilmişdir. Əmrdə müvafiq şəxslərin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçirilməsi nəzərdə tutulur. Məhz bu əmr əsasında iddiaçı ilə eyni vaxtlarda internatura və ordinatura təhsili almış yüzlərlə həkimə tibbi fəaliyyətə başlamaq haqqında şəhadətnamə verilib. Göründüyü kimi iddiaçının istinad etdiyi bərabərlik prinsipi və inzibati orqanın praktikasına olan etimadı qanuni və hüquqi əsasa söykənir.
36. Məhkəmə Kollegiyası bununla bağlı yuxarıda qeyd olunanlardan əlavə bildirir ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, Səhiyyə Nazirinin 29 aprel 2022-ci il tarixli MİHO/1.3-3.1-2022-106 saylı əmrilə ölkədə 2011-ci ildən rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə interatura ve klinik ordinatura təhsilialmış şəxslərin ixtisasları üzrə Azərbaycan Respublikası ərazisində tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması ilə əlaqədar Səhiyyə Nazirliyinə edilmiş çoxsaylı müraciətlərini nəzərə alaraq qəbul edilmişdir.Həmin əmrin verilməsi o dövr üçün yaranmış keçid zərurətdən irəli gəlmişdir.Daha sonra isə belə zərurət olmamışdır.
37. Məhkəmə Kollegiyası bir daha diqqətə çəkir ki, tibb sahəsi insan sağlamlığının qorunması və həyat keyfiyyətinin təmin olunması baxımından ali ictimai əhəmiyyət daşıyan bir sahə olmaqla, bu sferada olan hər bir mübahisəyə fərdi yanaşma tələb edən məsələdir.
38. Odur ki, məhkəmə Kollegiyası iddiaçının Samirə Nəsibovaya hansı əsasla “uşaq endokrinologiya” ixtisası üzrə sertifikat verildiyinin araşdıraşdırılması və sənədlərinin Səhiyyə Nazirliyindən tələb edilməsi barədə vəsatətini təmin etməmişdir.
39. Beləliklə, məhkəmə belə qənaətə gəlinir ki, cavabdeh inzibati orqanın iddiaçının “Uşaq nevrologiyası” ixtisası üzrə sertifikasiyadan keçmək hüququnun tanınmasından imtina etməsi əsaslı olmuşdur.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1020/2025 saylı, 11 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1020/2025 saylı, 11 iyun 2025-ci il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.