Məhkəmə qərarları › İş №2-1(103)-4113/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4113/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4113/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3646/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qərarının iddiaçıya aid hissədə ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya ilk dəfə xx.xx.2016-cı il tarixdə 5 illik müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmin əlillik qiymətləndirilməsinə əsasən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci ilə qədər həmin ödənişlər həyata keçirilmişdir. Bundan sonra iddiaçının təkrar müraciəti əsasında xx.xx.2022-ci ildə ona təkrar 2-ci dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik xx.xx.2026-cı ilə kimi təyin edilmişdir. Daha sonra iddiaçıya xx.xx.2022-ci ildə təyin edilmiş əlilliyin müddəti bitməmiş ona təyin edilmiş əlillik qiymətləndirilməsinin yoxlanılması ilə əlaqədar inzibati icraat aparılmış həmin inzibati icraat üzrə guya iddiaçıya bildiriş göndərilmiş və həmin bildirişə görə vətəndaş əyani müayinəyə dəvət edilmişdir. İddiaçı əyani müayinədə iştirak etmədiyinə görə onun əlilliyi ləğv edilmişdir. Bundan sonra vətəndaşa cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-4/2- R-702/2023 saylı məktub ünvanlanmışdır. Məktubda qeyd edilmişdir ki, Barənizdə aparılmış yoxlamanın nəticəsinə uyğun olarq əlillik dərəcəsinin ləğvi barədə qərar qəbul edilmişdir. Cavabdeh orqanın apardığı bu yoxlama və yoxlamanın nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar ləğv edilməlidir. Cavabdeh inzibati orqan iddiaçının əlillik qiymətləndirilməsini ləğv edərkən düzgün qənaətə gəlməmişdir. İş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən 5 il müddətinə əlillik təyin edilmişdir. Həmin əlillik təyin olunan zaman cavabdeh inzibati orqan tərəfindən qanunvercilikdə nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuşdur. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən hər hansı bir mötəbər və əsaslı sübut göstərilmədən qanunverciliklə ona verilmiş səlahiyyətindən sui-istifadə etməklə iddiaçının əlillik qiymətləndirilməsinin ləğvinə yönələn hərəkətlər etməsi əsassızdır. İddiaçıya ilk növbədə 2016-cı ildə əlillik təyin olunmuş, daha sonra təyin edilmiş əlilliyin müddəti bitdikdən sonra, yəni 2022-ci ildə ona təkrar əlillik təyin edilmidir. Bundan sonra iddiaçıya 2022-ci ildə təyin edilmiş əlillik ləğv edilmişdir. Cavabdeh orqan inzibati icraat aparmaqla iddiaçınm əlilliyini ləğv etmək üçün həmin Qaydaların 3.7-ci bəndini rəhbər tutmuşdur. Cavabdeh orqan həmin normanı düzgün şəkildə başa düşməmişdir. Belə ki, həmin normaya diqqət yetirsək şəxsin əyani müayinəyə cəlb edilməsi üçün yalnız bir əsas şərt olaraq qoyulmuşdur. O da əlillik qiymətləndirilməsi barədə TSEK in qərarının düzgün şübhə altına alan əsaslı sübutların təqdim edilməsi. Lakin istər aparılmış inzibati icraat zamanı qeyd edilən əsaslı sübutlar maraqlı şəxs olaraq iddiaçıya təqdim edilməmiş, məlumat verilməmiş və ya elan edilməmişdir. Göründüyü kimi inzibati orqan diskresion səlahiyyət kimi ona verilmiş hüquqdan sui-istifadə edərək vətəndaş barəsində əsassız olaraq inzibati icraata başlamış onu əyani müayinəyə dəvət etmədən yekunda inzibati aktın forma və məzmununa zidd olan qərar qəbul etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli X3 göndərişi əsasında Agentliyə müraciət etmiş və ona xx.xx.2022-ci il tarixində “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Lakin iddiaçı iddia müddəti çərçivəsində inzibati orqanın qərarını mübahisələndirməmişdir. “İnzibati İcraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 (altı) ay müddətində şikayət verilə bilər. İddia müddətinin 3 (üç) il ötürülməsinin üzrlü səbəbi ola bilməz. Məhkəmənin 2-1(112)-3646/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavabdehin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi” kimi icraat qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3646/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3646/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM2.2.2, 33, 35.1, 38.2). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materialları ilə müəyyən olunmuşdur ki, cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan iddiaçının daha əvvəl məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məcəllənin 24.4-cü maddəsinə görə isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin dəlillərə yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3646/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3646/2025 saylı, 02 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar