Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4115/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Arzu israfil qızı Hüseynovanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1884/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-yə məxsus yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində 97 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir.
2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanda yerləşən yaşayış binasının istismarına icazə verilməsinə dair sənəd İdarədə aşkar edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən binanın 97 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı anası ilə birlikdə ünvan 3 ünvanda yaşayırmış. Həmin bina plana düşdüyünə görə xx.xx.2018-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsi əsasında satılmışdır. Satıldıqdan sonra "xxxx" MMC ilə xx.xx.2018-ci il tarixində yaşayış binasının mənzil tikintisi haqqında müqavilə bağlayaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 sayılı ünvandakı 558 məhəllədə yerləşən binanın 97 nömrəli mənzilini almışdır. Qeyd olunan mənzilin alınmasını təsdiq edən müqavilə və maliyyə arayışı vardır. Qeyd olunan mənzili təmirsiz şəkildə almışdır, 2018-ci ilin may ayınadək yüngül təmir etdikdən sonra həmin mənzilə köçmüşdür. Həmin mənzilə köçəndə artıq binanın bir neçə sakinində mənzillərin çıxarışlarının olması ilə bağlı məlumat əldə etmişdir, o cümlədən binanın 128 nömrəli mənzilin çıxarışı məhkəmə qərarı əsasında verilmişdir. Mənzilə çıxarışın alınması ilə bağlı “ASAN xidmət” mərkəzinə müraciət edəndə bildirilmişdir ki, bina istismara qəbul olunmadığına görə çıxarış verilməsi mümkün deyil. Artıq 7 ildir ki, faktiki mövcud olmayan binada qeydiyyatdadır və yaşadığı mənzilə çıxarış ala bilmədiyinə görə həmin mənzilə qeydiyyata alına bilmir. Cavabdeh orqana çıxarışın verilməsi ilə bağlı onun adından anası tərəfindən müraciət olunmuşdur. Müraciətə xx.xx.2023-cü il tarixində imtina məktubu ilə cavab verilmişdir və imtina məktubunda. imtinaya səbəb kimi qeyd edilmişdir ki: “Aparılan araşdırma zamanı qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair tikintisi başa çatmış obyektin istismarına icazə sənədinin “Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 sayılı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir”. Tikintisi başa çatmış obyektin istismarına icazə sənədin qanuna əsasən cavabdehə təqdim edilməsi faktiki olaraq "xxxx" MMC-nin öhdəliyinə düşür. Lakin, binanın digər sakinləri mənzillərinə çıxarış almış və obyektin istismarına icazə sənədi olmadan vətəndaşlar 7 ildir ki, həmin mənzillərdə yaşayır və istifadə edirlər. Həmin mənzildə yaşamağını və istifadə etdiyini təsdiq edən su, qaz, işıq kommunal xətlərin qəbzləri mövcuddur.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Bundan başqa, qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasında yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş Mənzil Tikinti Kooperativi üzvlərinin iclas protokoldan çıxarış və maliyyə arayışı təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin sənəd üzrə sahəsi 99,4 kv.m qeyd edilsə də, faktiki 97,2 kv.m təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1884/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə faktiki olaraq, bir neçə çıxarış təqdim olunaraq, bildirilmişdir ki, qeyd olunan binada həm qeyri-yaşayış, həm də yaşayış sahələri üzrə mülkiyyətin qeydə alınması ilə bağlı çıxarışlar cavabdeh tərəfindən digər şəxslərə təqdim edilmişdir. Eyni zamanda, həmin binada faktiki olaraq uzun müddətdir ki, yaşayış vardır. Kommunal xidmətlərdən istifadə olunur və əmlakın qeydə alınması ilə bağlı digər mənzillərə və obyektlərə çıxarışlar verilmişdir. Lakin, birinci instansiya məhkəməsi qeyd olunan faktiki hallara hüquqi qiymət verməmiş və tam araşdırma aparmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
12. «Daşınmaz«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Maddə 88.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının sayı qanunvericiliklə müəyyənləşdirilmiş həddi keçməməlidir. Əks halda o, bir il ərzində səhmdar cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onun iştirakçılarının sayı azaldılıb qanunla müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir. Maddə 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Maddə 109-2.1. Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
19. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı "xxxx" MMC ilə xx.xx.2018-ci il tarixində yaşayış binasının mənzil tikintisi haqqında müqavilə bağlayaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 sayılı ünvandakı 558 məhəllədə yerləşən binanın 97 nömrəli mənzilini almışdır.
20. İddiaçı cavabdeh 1 saylı ünvan 2 ünvanında yerləşən binanın 97 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir.
22. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.
23. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin təşkilati-hüquqi formasının dəyişməsi barədə məlumat müəyyən edilməmişdir.
24. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli 5-21/2- 1629/2024 nömrəli sorğuya cavab məktubuna əsasən ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının inşa edilməsinə icazə verilməsi barədə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam və ya qərar verilmədiyindən hər hansı sənədlər aşkar edilməmişdir.
25. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən 2 ədəd, 1 girişli, 16 mərtəbəli (A və B blokları) yaşayış binalarının tikintisi aparılmışdır. Adı gedən MMC tərəfindən inşa edilmiş “A” blokuna Agentlik tərəfindən “istismara hazırlıq aktı” verilməmişdir.
26. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolleqiyasının xx.xx.2024-cü il tarixli 1 (103)- 829/2024 saykl qərarından məlum olur ki, "xxxx" MMC-nin qanuni təmsilçisi olan X4 qeyd olunan çoxmənzilli yaşayış binasının yerləşən eyni mənzilləri müxtəlif şəxslərə satmaqla, etibardan sui istifadə edərək onlara külli miqdarda ziyan vurmaqda təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin həmin qərarda (bax qərarın 13-cü vərəqinə) göstərilmişdirki, "xxxx" MMC ilə zərəçəkmiş şəxslər arasında mülki mühakimə icraatı qaydasında iddia tələblərinə baxılmış və bu mübahisələr ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri icraya yönəldilmişdir.
28. Qanunvericiliyin tələbinə əsasən kollegiya qeyd edir ki, həm 01 yanvar 2013-cü il tarixinə qədər inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün, həm də 01 yanvar 2013-cü ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə olmalıdır. Nəzərə alınmalıdır ki, qeyd olunan qaydanın tətbiq edilməsi şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması məqsədi ilə həyata keçirilir. Şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
29. Nəzərə alınmalıdır ki, çoxmənzilli yaşayış binası "xxxx" MMC tərəfindən inşa edilmiş və həmin hüquqi şəxs yarandığı vaxtdan hal-hazıradək təşkilati hüquqi formasını dəyişməmişdir. Lakin buna baxmayaraq "xxxx" MMC inşa etdiyi çoxmənzilli yaşayış binasının tərkib hissəsi olan 97 saylı mənzillə dair payçı adlandırdığı İddiaçı ilə 14 fevral 2018-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə” bağlamış və sonuncuya borcun olmaması barədə “maliyyə arayışı” təqdim etmişdir. Qeyd olunan müqavilənin başlığı podrat müqaviləsinin elementlərinə uyğun gəlsədə sonrakı bəndlər həmin müqavilənin MTK ilə payçılar arasında bağlanılan pay haqqının alqı-satqı müqaviləsinin elementlərini özündə əks elətdirilir. Qanunvericiliyin tələbləri baxımından təşkilat hüquqi forması MMC olan hüquqi şəxs inşa etdirdiyi çoxmənzilli yaşayış binasına mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyesterində qeydiyyatdan keçirməli və sonradan həmin çoxmənzilli yaşayış binasının tərkib hissəsini istənilən şəxsə notarial qaydada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında satmalıdır. Koopetarivlər tərəfindən inşa edilən çoxmənzilli yaşayış binalarının tərkib hissələrinə isə sahiblik hüququnun yaranması üçün kooperativin üzvləri hesab edilən şəxslərə onların ödədiyi pay haqqının nisbətində kooperativin ümumi yığıncağın qərarı əsasında əmələ gəlir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından (bax bənd 13) bəlli olur ki, MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binalarının daşınmaz əmlakın dövlət reyesterində qeydə alınması üçün çoxmənzilli yaşayış binasının altında yerləşən torpaq sahəsinin mülkiyyət və ya istifadə sənədinin mövcud olması, o cümlədən həmin çoxmənzilli yaşayış binasının müvafiq icra hakimiyyəti orqanlarının rəyi və aktı əsasında qəbul edilməsi qanunvericiliyin imperativ normasıdır. Əks tədqirdə MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binalarının daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasına zərurət yaranmaz. Bu isə yuxarıda sadalanan maddi hüquq normalarına zidd olmaqla yanaşı qanunun imperativ normalarının əhəmiyyətsizliyinə səbəb ola bilər. Başqa sözlə desək, MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binalarının tərkib hissələrinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zamanı MTK tərəfindən inşa edilmiş binaların tərkib hissələrinə mülkiyyət hüququnun qeydə alınması qaydalarının tətbiq edilməsi düzgün deyil.(bax 12ci bəndddə qeyd olunmuş 8.0.6 və 8.0.9.2 maddələrə)
30. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, qeyd olunan çoxmənzilli yaşayış binasının inşa etmiş "xxxx" MMC-nin direktoru X4 Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-829/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluqda ittiham olunmuşdur. Həmin qərarda bir mənzilin bir neçə şəxsə yuxarıda qeyd olunan mənzil tikintisi haqqında müqavilə əsasında satılması göstərilmişdir. Qeyd olunan hal bir daha ona dəlalət edir ki, "xxxx" MMC-nin müxtəlif şəxslərlə bağladığı “mənzil tikintisi haqqında müqavilə” dövlət nəzarətindən kənarda qalmış və bunanlada müxtəlif şəxslərin hüquqları haqlı olaraq pozmuşdur.
31. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində (bax apellyaisya şikayətinin 5-ci bəndinə) “çoxmənzilli yaşayış binasının digər mənzillərinin üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi zamanı yaşayış binasının istismara qəbul edilib edilməsi nəzərə alınmadan çıxarışın verilməsinin ayrı-seçkilik kimi qeyd edilməsi”nə münasibətdə məhkəmə kollegiyası bildirir ki, cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilmiş mülkiyyət hüququna dair müvafiq çıxarışlar iddiaçıya verilmiş 2-ci binadan deyil 1-ci binada yerləşən mənzillərə verilmişdir ki, həmin mənzillərin hamısına mülkiyyət hüququna dair çıxarışlar DƏDRX-nin 1 saylı ərazi idarəsinin iradə ifadəsinə uyğun olmadan məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən verilmişdir. Oda nəzərə alınmalıdır ki, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binası 2 giriş ibarətdir və 1-ci binaya FHN tərəfindən istismara hazırlıq aktı verilmiş, sonradan inşa edilmiş 2-ci binaya isə istismara hazırlıq aktı verilməmişdir.
32. Bu baxımdan kolleqiya hesab edir ki, binada yerləşən mənzillərin dövlət reyestrində qeydiyyatının aparılması üçün tikintisi başa çatmış yaşayış evinin müvafiq icra hakimiyyəti tərəfindən istismara qəbul edilməsi və ya ən azından FHN Nazirliyi tərəfindən binanın dayanıqlığı ilə bağlı istismara hazırlıq aktının verilməsi vacib amillərdən biri kimi qəbul edilməlidir.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1884/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1884/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.