Məhkəmə qərarları › İş №2-1(103)-4117/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4117/2023

12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4117/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-4117/2023 (Açar sözlər: “sərəncamın ləğv edilməsi və sair.”) Bakı şəhəri 12 dekabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi X1 və vəkili Vəkil, İddiaçının nümayəndəsi X1 tərcüməçisi qismində X4 qızının iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8169/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, iddiaçı birinci qrup əlilliyi müəyyən edilmiş, daimi kənar şəxsin qulluğuna ehtiyacı olan şəxsdir.

2. 3 saylı DOST Mərkəzinin arayışından görünür ki, Y.Smolyaninova iddiaçıya qulluq etdiyinə görə müavinət almaqdadır.

3. Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, iddiaçı və bacısı Y.Smolyaninova Bakı ş, Sabunçu rayonu, 50 nömrəli küçədə yerləşən İİ mərtəbəli evin 1- ci mərtəbəsində 12a nömrəli mənzildə qeydiyyatdadır.

4. 08 avqust 2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının adına hər hansı daşnmaz əmlak mövcud deyildir.

5. Texniki vəziyyət haqqında xx.xx.2017-ci il tarixli rəydən görünür ki, adıçəkilən Bakı şəhəri, Sabunçu rayonu, 50 nömrəli küçədə yerləşən İİ mərtəbəli evin 1- ci mərtəbəsində 12 A nömrəli mənzil yaşayış üçün yararsızdır.

6. 13 fevral 2013-cü il tarixli sərəncamdan görünür ki, A.Smolyaninova 04 avqust 1992- ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə dayanmışdır. Nəvəsi olan iddiaçı İ qrup uşaqlıqdan əlilliyi müəyyən edilmiş şəxs olduğundan həmin mənzil növbəsindəki ailə tərkibi 2 nəfərə (özü və iddiaçı olan nəvəsi) dəyişdirilmişdir.

7. 13 avqust 2013-cü il tarixli sərəncamdan görünür ki, A.Smolyaninovanın mənzil uçot işi iş yerindən çıxarılmaqla yaşayış yeri üzrə qəbul edilmiş, mənzil növbəsi birləşdirilmiş, əvvəlki növbəyə götürülmə tarixi (09 sentyabr 1988) saxlanılmaqla 2 nəfər ailə üzvü (özü və nəvəsi) yaşayış yeri üzrə ümumi əsaslarla mənzil növbəsinə götürülmüşdür.

8. 17 fevral 2014-cü il tarixli sərəncamdan görünür ki, A.Smolyaninovanın mənzil növbəsi nəvəsinin birinci qrup əlilliyi nəzərə alınmaqla 13 fevral 2013-cü il tarixdən imtiyazlı siyahıya əlavə edilmişdir.

9. 20 fevral 2017-ci il tarixli sərəncamdan görünür ki, A.Y.Smolyaninovanın mənzil növbəsi 12 iyul 2017-ci il tarixdən gözdən əlillərin siyahısına əlavə edilmişdir. Növbəti 13 sentyabr 2017-ci il tarixli sərəncamdan görünür ki, Y.Smolyaninova A.Smolyaninova üzərində patron təyin edilmişdir.

10. 03 mart 2022-ci il tarixli sərəncamı ilə A.Smolyaninovanın vəfatı ilə əlaqədar onun mənzil növbəsi ailə tərkibi 1 nəfər olmaqla nəvəsi olan iddiaçının adına dəyişdirilmiş, iddiaçı 13 fevral 2013-cü il tarixdən İ qrup ümumi əlil kimi 1 nəfərə ailə tərkibi olmaqla mənzil növbəsində hesab edilmişdir.

11. Cavabdehin hazırda mübahisələndirilən 27 aprel 2023-cü il tarixli sərəncamından görünür ki, İddiaçı mənzil növbəsindən çıxarılmışdır.

12. Sərəncam onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 316 saylı 10 oktyabr 2006-cı il tarixli sərəncamı ilə iddiaçının anası L.Smolyaninova iş yeri üzrə olan mənzil növbəliliyində ailə tərkibi 4 nəfərə (özü, qızı, oğlu olan iddiaçı, anası) dəyişdirilərək 8-ci km, Əli Vəliyev küçəsi 11 saylı evin 3 otaqlı yaşayış sahəsi 48,0 kv.m olan 47 saylı mənzil verilmişdir. Həmin sərəncam əsasında order də verilmişdir. Lakin, həmin şəxslər köhnə mənzildən də çıxmamış, yeni mənzilə də köçməmiş, C.Şərifov küçəsi, ev 50, mənzil 12 və mənzil 12A ünvanlarda yerləşən köhnə mənzillərdə yaşamağa davam etmişlər. Bu barədə məlumat olmadığından da iddiaçı nənəsi ilə birlikdə mənzil növbəsində saxlanılmışdır. Hal-hazırda iddiaçı, anası və bacısının istifadəsində olan 3 mənzil mövcuddur. İddiaçı mənzillə təmin edildiyindən mənzil növbəsindən çıxarılmalıdır.

13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli Çıxarışından görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi (14.60 kv.m) L.Smolyaninova və O.Smolyaninovanın paylı mülkiyyətindədir.

14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, C.Şərifov küçəsi, ev 50, mənzil 12 ünvanda yerləşən yaşayış sahəsi (16.4 kv.m) L.Smolyaninova və O.Smolyaninovanın paylı mülkiyyətindədir.

15. Cavabdehin 13 oktyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin 10 oktyabr 2006-cı il tarixli sərəncamı ilə ailə tərkibi 4 nəfər olmaqla, həmçinin iddiaçı da ora daxil olmaqla anası L.Smolyaninova və nənəsi Aleksandra Smolyaninova mənzillə təmin edilmişdir. Evlə təmin edilən zaman öhdəlik götürülmüşdür ki, əvvəlki yaşayış sahəsi təhvil veriləcəkdir. Lakin köhnə mənzil də tərəfinizdən saxlanılmışdır ki, hal hazırda istifadənizdə olan mənzillər aşağıdakılardır. Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 11 saylı evin ümumi sahəsi 68,4 kv.metr, yaşayış sahəsi 45,8 kv.m olan 3 otaqlı 47 nömrəli mənzil, Bakı şəhəri, Sabunçu rayonu C.Şərifov küçəsi, 50 saylı evin 14,6 kv.m olan 12 a saylı mənzil, Bakı şəhəri, Sabunçu rayonu C.Şərifov küçəsi, 50 saylı evin 14,6 kv.m olan 12 saylı mənzil.

16. Nəsimi rayon İcra Hakimiyyətinin 10 oktyabr 2006-cı il tarixli sərəncamından görünür ki, L.Smolyaninova 4 nəfər ailə tərkibi, o cümlədən iddiaçı da daxil olmaqla 3 otaqlı mənzillə təmin edilmişdir.

17. Sərəncamın əsaslandırıcı hissəsindən görünür ki, həmin şəxsə mənzil verilərkən məhz oğlunun İ qrup əlilliyi nəzərə alınmış və mənzil növbədənkənar olaraq həmin şəxsə verilmişdir. Sərəncamda yeni mənzilə köçmə barədə notariat qaydada razılıq ərizələrinin mövcud olması da qeyd edilmişdir.

18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli Çıxarışından görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 68,4 kv.m olan 3 otaqlı yaşayış sahəsi iddiaçının anası L.Smolyaninovanın mülkiyyətindədir.

19. Cavabdehin 11 yanvar 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, C.Şərifovküçəsi 50 saylı iki mərtəbəli 17 saylı mənzilin bütün sakinləri təhlükəsiz şəraitdə mənzildə yaşamaqdadır. 12 A saylı mənzil isə MKİS və sakinlərin bildirdiyinə görə 30 ilə yaxın müddətdir ki, bağlı vəziyyətdə, istifadəsiz saxlanılmışdır.

20. 28 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, iddiaçının anası L.Smolyaninova yuxarıda adıçəkilən 3 otaqlı 47 nömrəli mənzildə yaşayır.

21. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli Çıxarışından görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 43 kv.m olan yaşayış sahəsi L.Smolyaninovanın mülkiyyətindədir.

22. Cavabdehin 16 noyabr 2022-ci il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, iddiaçının anası L.Smolyaninovaya yeni mənzil ailə üzvləri nəzərə alınmaqla verilmiş, lakin ailə üzvlərindən A.Smolyaninova və hazırkı iş üzrə iddiaçı köhnə mənzildə qeydiyyatda qalmışdır. Ailənin bir-neçə yerdə Bakıxanov qəs, M.Gəncəvi küçəsi, ev 23, mənzil 10, ünvan 4 ünvanda mənzilləri vardır. Eyni zamanda, O.Smolyaninovaya fərdi yaşayış evinin tikintisi üçün C.Şərifov küçəsində 322 kv.m torpaq sahəsi ayrılmışdır.

23. Sabunçu Bələdiyyəsinin 25 aprel 2006-cı il tarixli sərəncamından görünür ki, həqiqətən də C.Şərifov küçəsində 322 kv.m torpaq sahəsi O.Smolyaninovaya ayrılmışdır.

24. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

25. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçının bacısı X2 mənzil növbəsinə daxil edilməsi barəsə sərəncama dəyişiklik edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadı ilə həmin iş məhkəmənin icraatında olan iddiaçı L.Smolyaninova və O.Smolyaninovanın mərhum analarına mənzil verilməsinə dair 2-1(112)-6525/2022 nömrəli inzibati işlə bir icraatda birləşdirilmişdir.

27. Məhkəmənin 02 mart 2023-cü il tarixli qərardadı ilə icraat ayrılmış, hazırkı işə 2- 1(112)-8169/2023 saylı nömrə verilmişdir.

28. Məhkəmənin qərardadı ilə Sosial Xidmətlər Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.

29. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

30. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 27 aprel 2023-cü il tarixli sərəncamın ləğv edilməsini və onun 2 nəfər ailə tərkibi (bacısı ilə birlikdə) mənzil növbəsinin bərpa edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

31. İddia tələbinin və dəqiqləşmə ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia edir ki, bir nəfər şəxs olaraq 03 mart 2022-ci il tarixli sərəncam əsasında əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil növbəsində olsa da, mənzil növbəsinə götürülərkən onun qulluğa ehtiyacı olması və bacısı Y.Smolyaninovanın ona qulluq etməsi və onunla yaşamalı olması nəzərə alınmamış, sərəncamda iki nəfər şəxs olma göstərilməmişdir. İddiaçı uşaqlıqdan əlilliyi müəyyən edilmiş şəxsdir. Onun adına hər hansı mənzil və s yoxdur. Onun yaşadığı 12 A saylı mənzil qəzalı vəziyyətdədir.

32. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8169/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

33. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Qanunvericiliyin tələbindən göründüyü kimi aztəminatlı şəxslərə, mənzillə təmin edilməsinə ehtiyacı olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması dövlətin məqsədidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin tələbinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu zaman mənzil şəraitinin yaxşılaşdırılması da layiqli həyat səviyyəsini təmin edilməsinə xidmət edir. Hazırkı iş üzrə isə iddiaçının layiqli həyat səviyyəsi dövlət tərəfindən yetəri dərəcədə təmin edilmişdir ki, işin yuxarıda adıçəkilən faktiki hallarından, həmin faktiki halları təsdiq edən sənədlərdən görünür ki, iddiaçı mənzil şəraitinə ehtiyacı olmayan şəxsdir və onun mənzil növbəsinə alınması cavabdeh tərəfindən düzgün həyata keçirilməmişdir ki, bu səbəbdən də mənzil növbəsindən çıxarılma barədə sərəncam qanuni və əsaslı hesab edilməlidir.

34. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 50, 51 və 55-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

35. Qərardan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8169/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

36. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 8169/2023 saylı qərarı ilə razı deyildir. Həmin qərar iddiaçının uşaqlıqdan ömürlük İ (birinci) qrup əlil (xx.xx.2007ci il tarixli TSE-01 seriyalı 276269 saylı HƏEK surəti) kimi konstitusiya hüquqlarını pozur. Qanunsuz olan xx.xx.2023-cü il tarixli 2-1(112)-8169/2023 saylı məhkəmə qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş edir. Doğulduğu andan heç bir mülkiyyəti olmayıb (07.03.23-cü il tarixli 3- 213-30/2-S0126/2023 nömrəli arayış, **********13, xx.xx.2023-cü il) və heç bir vaxt mənzil icarəçisi olmamışdır (Bakı şəhəri Sabunçu rayonu 69 saylı MİS-dən 341 saylı 17.08.23-cü il tarixli arayış). xx.xx.2023-cü il tarixli məhkəmə Qərarında sadalanmış bütün mənzillərin iddiaçıya heç bir aidiyyatı yoxdur, sadalanmış mənzillərin öz mülkiyyətçisi və çıxarışı var. Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsindəki 12A saylı mənzil FHN-nin xx.xx.2017-ci il tarixli Aktı ilə qəzalıdır, orada yaşamaq mümkün deyil, sakinlərin həyatı üçün təhlükə var (xx.xx.2017-ci il tarixli FHN Aktını və 24 (iyirmi dörd) ədəd fotoşəkili əlavə edirəm). Bütün sadalanan mənzillər mirasdır (11.2009-cu il tarixli 2-V-1/19 saylı, AN1 ******* saylı miras işi) 12 saylı mənzilə (xx.xx.2022-ci il tarixli 2-V-9091 saylı miras işi, 4 saylı ASAN, Bakı ş.). Beləliklə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 8169/2023 saylı Qərarı ləğv olunmalı və yeni qərar qəbul edilməlidir, çünki qərar məhkəmə tərəfindən araşdırılma aparılmadan qəbul edilib.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

38. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi, həmçinin, iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8169/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər.

39. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh və 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin : 1.1.–ci maddəsinə əsasən Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək. 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə.

41. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ərarvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.

42. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır;

43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

46. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmə Kollegiyası qeyd edir ki, iş üzrə tətbiq edilən Qanunvericiliyin tələbindən (bu qərarın 40-41-ci bəndi) göründüyü kimi aztəminatlı şəxslərin, mənzillə təmin edilməsinə ehtiyacı olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması dövlətin məqsədidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin tələbinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu zaman mənzil şəraitinin yaxşılaşdırılması da layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət edir.

47. Hazırkı iş üzrə isə iddiaçının layiqli həyat səviyyəsi dövlət tərəfindən yetəri dərəcədə təmin edilmişdir ki, işin yuxarıda adıçəkilən faktiki hallarından, həmin faktiki halları təsdiq edən sənədlərdən görünür ki, iddiaçı mənzil şəraitinə ehtiyacı olmayan şəxsdir və onun mənzil növbəsinə alınması cavabdeh tərəfindən düzgün həyata keçirilməmişdir ki, bu səbəbdən də mənzil növbəsindən çıxarılma barədə sərəncam qanuni və əsaslı hesab edilməlidir.

48. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı nəticəyə gələrkən iddiaçının layiqli həyat səviyyəsinin dövlət tərəfindən yetəri dərəcədə təmin edilməsini təsdiq edən işin yuxarıda istinad edilən faktiki hallarına, həmin faktiki halları təsdiq edən sənədlərə əsaslanaraq hesab etmişdir ki, iddiaçı mənzil şəraitinə ehtiyacı olmayan şəxsdir.

49. İddiaçı isə apellyasiya şikayətində bildirir ki, doğulduğu andan heç bir mülkiyyəti olmayıb və heç bir vaxt mənzil icarəçisi olmamışdır, bunun təsdiqi kimi isə Mənzil istismar sahəsinin, o cümlədən Bakı şəhəri Sabunçu rayonu 69 saylı MİS-in arayışına istinad edir.

50. İddiaçı daha sonra apellyasiya şikayətində bildirir ki, məhkəmə Qərarında sadalanmış bütün mənzillərin iddiaçıya heç bir aidiyyatı yoxdur, sadalanmış mənzillərin öz mülkiyyətçisi və çıxarışı var. Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsindəki 12A saylı mənzil FHN-nin xx.xx.2017-ci il tarixli Aktı ilə qəzalıdır, orada yaşamaq mümkün deyil, sakinlərin həyatı üçün təhlükə var. (xx.xx.2017-ci il tarixli FHN Aktını və 24 (iyirmi dörd) ədəd fotoşəkili əlavə edirəm). Bütün sadalanan mənzillər mirasdır (11.2009-cu il tarixli 2-V- 1/19 saylı, AN1 ******* saylı miras işi) 12 saylı mənzilə (xx.xx.2022-ci il tarixli 2-V-9091 saylı miras işi, 4 saylı ASAN, Bakı ş.).

51. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının anası L.Smolyaninovaya ünvan 5 küçəsi, 11 saylı evin 3 otaqlı mənzili həmin şəxsə ayrılarkən ailə üzvlərinin sayı, həmçinin hazırkı iş üzrə iddiaçı olan oğlunun əlilliyi müəyyən olunmuş şəxs kimi vəziyyəti nəzərə alınmış və ona növbədənkənar 3 otaqlı mənzil verilmişdir.

52. Bundan əlavə, məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının qeydiyyatda olduğu, iddiaçının mənzil növbəsində olduğu nənəsi A.Smolyaninovanın mülkiyyətində, daha sonra biri iddiaçının anası olan qızlarının mülkiyyətində C.Şərifov küçəsi, ev 50, mənzil 12 və mənzil 12 A nömrəli mənzillər də olmuşdur.Doğrudur ki, mənzil 12 A ünvanında yerləşən mənzilin kommunal şəraitinin olmadığı müəyyən edilsə də, eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, iddiaçının valideyni, dolayısı ilə də onun övladları yeni mənzillə təmin edilərkən köhnə, yəni 12A ünvanında yerləşən mənzildən çıxma barədə razılıq vermişdir ki, həmin razılığın şərtinə əməl edilməmiş, iddiaçının da daxil olmaqla ailə üzvləri yeni mənzilə mülkiyyət hüququ qazandıqdan sonra 12A saylı yaşamadıqları mənzilə hüquqlarından imtina etməmişdir ki, indi isə iddiaçı həmin mənzilin şəraitsiz olmasına əsaslanmaqla yeni mənzil əldə etməyə cəhd edir.

53. Daha sonra o da nəzərə alınmalıdır ki, iddiaçının anası ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 43 kv.m olan yaşayış sahəsinin mülkiyyətçisidir.

54. Məhkəmə Kollegiyası diqqətə alır ki, göründüyü kimi iddiaçının valideyni həm iddiaçının əlilliyi müəyyən edilmiş şəxs statusuna əsaslanmaqla ailə üzvü kimi növbədəkənar ünvan 5 küçəsi, 11 saylı ev ünvanda 3 otaqlı mənzillə təmin edilmiş, eyni zamanda ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi olmuşdur. Bundan əlavə, istifadə etmədiyi C.Şərifov küçəsi, ev 50, mənzil 12 A ünvanında yerləşən yaşayış sahəsinə də mülkiyyət hüququna malikdir.

55. Məhkəmə Kollegiyası vurğulayır ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ərarvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 2.2.-ci və 80.1.-ci maddəsi).

56. Göründüyü kimi, əmək qabiliyyəti olmayan, maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladları saxlamaq valideynin borcudur.

57. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə istər iddiaçının ailə üzvü kimi ona və ailənin digər üzvlərinə verilmiş ünvan 5 küçəsi, 11 saylı evin 3 otaqlı mənzilində yaşamaq hüququnu, eləcə də anasının mülkiyyətində olan digər mənzillərdə yaşamaq hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən edilməmiş, tərəflər arasında həmin hallarla bağlı hər hansı mübahisə mövcud olmamışdır.

58. İşin faktiki halından görünür ki, iddiaçı Bakı şəhəri, Nizami rayonunda yerləşən 3 otaqlı mənzilin istifadəçisidir və həmin mənzil digər bir yerli icra hakimiyyəti orqanı, yəni məhz dövlət tərəfindən, digər hallarla yanaşı məhz iddiaçının əlilliyinin müəyyən olunması nəzərə alınmaqla növbədənkənar verilmişdir.

59. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, iddiaçının anasının mülkiyyətində olan digər mənzillərə münasibətdə isə iddiaçının birinci qrup əlilliyi müəyyən edilmiş şəxs kimi ən azı istifadə hüququ mövcuddur ki, istifadə hüququna mane olan hər hansı hal müəyyən edilmir.

60. Beləliklə də iddiaçının aztəminatlı olması, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olması dəlili nəinki təsdiqini tapmır, iş üzrə yuxarıda sadalanan mötəbər sübutlarla təkzib olunur.

61. Digər tərəfdən iddiaçının qeydiyyatda olduğu 12A saylı mənzil kommunal şəraitsiz olsa da qonşuluqda yerləşən eyni binada olan 27 mənzil kommunal şəraitlidir ki, məhkəmə hesab edir ki, iddiaçı və ya ona qulluq edən şəxslər həmin mənzilin kommunal şəraitin yaxşılaşdırmaq və ya yaxşılaşdırma ilə bağlı aidiyyəti orqanlara müraciət etmək hüququna malikdir ki, həmin hüquqlar realizə edilməməklə yanaşı eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, iddiaçı (valideyni), dolayısı ilə də onun övladları yeni mənzillə təmin edilərkən köhnə, yəni 12A ünvanında yerləşən mənzildən çıxma barədə razılıq vermişdir ki, həmin razılığın şərtinə əməl edilməmiş, iddiaçının da daxil olmaqla ailə üzvləri yeni mənzilə mülkiyyət hüququ qazandıqdan sonra 12A saylı yaşamadıqları mənzilə hüquqlarından imtina etməmişdirlər.

62. Məhkəmə Kollegiyası nəticəyə gəlir ki, hazırkı iş üzrə isə iddiaçının layiqli həyat səviyyəsi dövlət tərəfindən yetəri dərəcədə təmin edilmişdir ki, işin yuxarıda adıçəkilən faktiki hallarından, həmin faktiki halları təsdiq edən sənədlərdən görünür ki, iddiaçı mənzil şəraitinə ehtiyacı olmayan şəxsdir və onun mənzil növbəsinə alınması cavabdeh tərəfindən düzgün həyata keçirilməmişdir ki, bu səbəbdən də mənzil növbəsindən çıxarılma barədə sərəncam qanuni və əsaslı hesab edilməlidir.

63. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu müəyyən edilmir.

64. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1.-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

65. Məhkəmə Kollegiyası əlavə olaraq onu da qeyd edir ki, məhkəmə araşdırması zamanı, nə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallar da müəyyən edilməmişdir. (İPM-in 70.1-ci maddəsinin ikinci cümləsi baxımından).

66. Nəhayət, məhkəmə Kollegiyası nəzərə alır ki, iddia tələbinin iddiaçının bacısının da ona qulluq edən şəxs kimi mənzil növbəsinə daxil edilməsi hissəsində iddiaya münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia sərəncamın ləğv edilməsinə və mənzil növbəsinin bərpasına münasibətdə asılı tələb olduğundan sərəncamın qanuni və əsaslı sayılaraq iddiaçının mənzil növbəsindən çıxarılmalı olması, ona aid digər tələblərin də rədd edilməsinə əsas verir. Odur ki, iddia bütün hissələrdə rədd edilməlidir.

67. Qeyd edilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8169/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8169/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar