Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4118/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “kompensasiyanın ödənilməsi; iddia müddəti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və X7 ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3056/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. X3 (bundan sonra – cavabdeh) xx.xx.2005-ci il tarixli 1508/1 saylı sərəncamından görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 300 m2 boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X4 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır.
2. X3 xx.xx.2006-cı il tarixli 2030 nömrəli sərəncamından görünür ki, X3 ərazi hüdudlarında Bakı şəhər sakinləri X4 və İddiaçı (bundan sonra – iddiaçı) razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 m2 torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu X3 yeni qərarı ilə Bələdiyyənin istifadəsində olan torpaq sahələrindən eyni ölçüdə yeni torpaq sahəsi ilə təmin edilməsi və ya həmin torpağın hazırki bazar dəyərinin, mənəvi zərərə görə ziyanın əvəzinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, mübahisələndirilən, fərdi ev tikintisi məqsədilə ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşdiyi ərazidə yerləşən eyni ölçüdə torpağın hazırki bazar dəyərinin və mənəvi zərərə görə 15000 manat məbləğində ziyanın əvəzinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsindən tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən (Bakı şəhəri Binəqədi rayonu X3 Torpaq Daimi Komissiyasının xx.xx.2005-ci il tarixli 1508/1 nömrəli qərarı) X6 fərdi ev tikintisi məqsədilə 300 kvm torpaq sahəsi ayırılmışdır. Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2006-cı il tarixdə 2030 nömrəli sərəncamla həmin şəxsdən razılıq ərizəsi alınaraq həmin torpaq sahəsi İddiaçı adına keçirilmişdir. (xx.xx.2006-cı il tarixli 18 saylı Protokoldan çıxarış). Lakin Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4293/2019, xx.xx.2021-ci il tarixli 2(001)- 176/2021 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-4694/2021 saylı qətnamələrindən, eləcə də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1741 saylı rəyindən məlum olur ki, “X18” şirkətinin, X11, X1 və İddiaçı arasında uzun sürən məhkəmə çəkişmələrinin nəticəsi olaraq mübahisəli torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, ərazinin boşaldılaraq “X18” şirkətinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2006-cı il tarixdə 2030 nömrəli sərəncamla İddiaçı ayırmış olduğu torpaq sahəsi dövlət mülkiyyətində olmaqla sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına daxildir və bu torpaq sahəsi X18 şirkətinin istifadəsinə verilmişdir. Ərizəçi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən aldadılmış, buna görə şəxsi vəsaiti hesabına əldə etmiş olduğu torpaq sahəsi onun əlindən alınmış, uzun sürən məhkəmə çəkişmələrinə xeyli miqdarda pul vəsaiti xərcləmiş, vaxt itirmiş, nəticədə yenə də torpaq sahəsindən məhrum edilmişdir. Bələdiyyə tərəfindən əmlak, o cümlədən torpaq sahəsi ilə bağlı sərəncam verilməsi üçün ilk növbədə həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim edərək göstərmişdir ki, vətəndaşlara şəxsi məqsədləri üçün torpaq sahəsinin ayrılması vətəndaşla bələdiyyə arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında həyata keçirilmişdir. Binəqədi qəsəbə Bələdiyyəsi ilə İddiaçı arasında belə bir müqavilə bağlanmadığından onun adına torpaq sahəsinin ayrılması barədə hər hansı şəkildə qərar qəbul edilməmişdir. İddiaçı iddia etdiyi torpaq sahəsini vətəndaş X4 mülkiyyətinə ayrılmış torpaq sahəsinin sövdələşmə yolu ilə almışdır. Belə ki, İddiaçı bilərək ki, özəlləşdirmədən torpaq sahəsinin özgəninkiləşdirilməsinin mümkünsüzlüyünün yolverilməzliyinə baxmayaraq belə bir sövdələşməyə razılıq verilməsi onun yarana biləcək bütün məsuliyyəti öz üzərinə götürülməsi kimi qiymətləndirilməlidir. Binəqədi qəsəbə Bələdiyyəsi satıcının və alıcının razılıq ərizələrini nəzərə alaraq 2006-cı il xx.xx.2006-cı il tarixli 2030 nömrəli sərəncamla ikincinin adına sənədləşdirilmişdir. Keçən 18 il ərzində şikayət müddəti bitmiş, işin yeni halları olmadan yenidən iddia qaldıraraq kompensasiya istənilməsi, əsassızdır və iddia rədd edilərək təmin edilməməlidir. İddiaçı Binəqədi qəsəbə Bələdiyyəsi ilə deyil vətəndaş X12 ilə müqavilə bağlayaraq özəlləşdirilməmiş torpaq sahəsini almaqla bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Başqa bir hal isə nəzarətsiz qalmış mübahisəli torpaq sahəsini 3cü şəxs X9 zəbt etmiş və bu barədə Binəqədi rayon Məhkəməsində İddiaçı “ torpaq sahəsinin boşaldılması” barədə iddia qaldırmış iddia təmin olunmadığını görən İddiaçı Binəqədi rayon Məhkəməsinin 2(001)-176/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qətnaməsindən apellyasiya şikayəti vermişdir. Müsbət nəticə əldə etməyən İddiaçı kompensasiya tələbini tam əsassız hesab edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3056/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.
9. İşdən görünür ki, müvafiq qərar qəbul edilsə də, istifadə hüququna dair akt tərtib edilməmiş, iddiaçı torpağın dəyərini cavabdehə ödəməmiş, torpaqayırma baş verməmişdir.
10. Həmçinin işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-176/2021 nömrəli qətnaməsindən də görünür ki, İddiaçı X5 qarşı X3 xx.xx.2006- cı il tarixli 2030 nömrəli sərəncamı ilə onun sahibliyinə və istifadəsinə verilmiş 300 m2 torpaq sahəsindən və onun üzərində inşa edilmiş yarımtikilidən çıxarılmasına, yarımtikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin ona təhvil verilməsinə dair iddia ərizəsi təmin edilməmişdir.
11. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin dəyərini cavabdehə ödəməmiş, onun naturada iddia etdiyi torpaq sahəsi digər şəxslərin sahibliyində və istifadəsində olmuş, iddiaçı inzibati akt qəbul edildikdən 19 il sonra onun icra edilməməsinə görə dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmışdır.
12. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3056/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, hüquqlarının pozulduğunu bildiyi andan məhkəməyə müraciət etmiş, tərəflər arasında uzun sürən məhkəmə çəkişmələri olmuşdur. Torpaq sahəsinin iddiaçının sahibliyinə verilməsi ilə bağlı sərəncam qəbul edildikdən sonra həmin torpaq sahəsi naturada iddiaçıya təhvil verilmiş, iddiaçı həmin torpaq sahəsinə tikinti daşları (kubik), qum və çınqıl tökmüş, fərdi yaşayış evinin tikilməsi məqsədilə bünövrə tökdürmüş, 5 daş üzərində hasar çəkdirmişdir. Lakin sonradan maddi vəziyyətinin pisləşməsi səbəbilə işləmək məqsədilə Rusiya Federasiyasına yollanmış, qayıtdıqda isə onun torpaq sahəsindəki tikinti materiallarının istifadə edildiyini və fərdi yaşayış evinin ucaldığını görmüş və aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmişdir. “müvafiq qərar qəbul edilsə də, istifadə hüququna dair akt tərtib edilməmiş, iddiaçı torpağın dəyərini cavabdehə ödəməmiş, torpaqayırma baş verməmişdir” deyərkən məhkəmənin işə yanaşma tərzi ziddiyyət təşkil etmişdir. Belə ki, ikinci əsaslandırmada “mübahisəli torpaq sahəsinin iddiaçının sahibliyinə verilməsi ilə bağlı sərəncam qəbul edildikdən sonra” qeyd edən məhkəmə 3-cü əsaslandırmada “müvafiq qərar qəbul edilsə də, istifadə hüququna dair akt tərtib edilməmiş, iddiaçı torpağın dəyərini cavabdehə ödəməmiş, torpaqayırma baş verməmişdir” qeyd etmişdir. Əvvəla yuxarıda da qeyd edildiyi kimi Bakı şəhəri Binəqədirayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixdə 2030 nömrəli sərəncamla həmin şəxsdən razılıq ərizəsi alınaraq həmin torpaq sahəsi İddiaçı adına keçirilmişdir. (xx.xx.2006-cı il tarixli 18 saylı Protokoldan çıxarışla təsdiq edilir). həmin sərəncamı qəbul edən məhkəmə bununla bağlı torpaqayırma baş verməmişdir qənaətinə gələ bilməz. Bundan əlavə olaraq torpaq sahəsinin iddiaçıya verilməsi işin təkzibedilməz halıdır (digər məhkəmə qətnamələri ilə təsdiq edilir.) həmin qətnamələrdə cavabdeh Bələdiyyə tərəfindən arayışla torpa qsahəsinin İddiaçı ayırıldığı təsdiq edilir. Torpaq sahəsinin dəyəri digər şəxs tərəfindən iddiaçının əvəzinə ödənilmiş, bununla bağlı 3 tərəfli razılaşma protokol qaydasında əks olunmuşdur. əgər belə olmasaydı digər şəxsin pulu qaytarılar, iddiaçıya da torpaq sahəsi ayırılmazdır. 19 il sonra sərəncamın icra edilməməsinə görə yox, qanunsuz torpaq ayırılması ilə bağlı sərəncamverilməsi məhkəmə qətnamələri ilə sübuta yetirildikdən sonra baş vermişdir. 19 il nəzərdə tutan məhkəmə 2006-cı ildən hesablama aparsa da iddia ərizəsi və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı hüququnun pozulduğunu bildiyi vaxt yəni təxminən 2021-ci ildə (torpaq sahəsi 2019-cu ildə zəbt edilmişdir, həmin vaxtadək iddiaçının sahibliyində və istifadəsində olmuşdur). Məhkəmə tərəfindən 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298cimaddəsinə istinad edilməsi yolverilməzdir, belə ki, iddiaçı hüququnun pozulduğunu 2021-ci ildə müəyyən etmişdir. Həmin vaxt qüvvədə olmayan qanunvericiyə istinad edilməsi yolverilməzdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən, yəni birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi hissəsində əsaslıdır. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də, iş təkrar birinci instansiya məhkəməsinə göndərilməlidir.
22. İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır.
23. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir.
25. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.
26. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
27. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
28. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
29. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır.
31. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”.
32. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, məhkəmə iddianın mümkün sayılmaması nəticəsinə gələrkən – iddiaçının mübahisəli torpaq sahəsinin dəyərini cavabdehə ödəməməsi, onun naturada iddia etdiyi torpaq sahəsinin digər şəxslərin sahibliyində və istifadəsində olması, iddiaçının inzibati akt qəbul edildikdən 19 il sonra dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmasına əsaslanmışdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələni tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
34. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
35. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
36. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir.
37. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
38. İş materiallarında olan X3 xx.xx.2005-ci il tarixli 1508/1 saylı sərəncamından görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 300 m2 boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X4 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır.
39. X3 xx.xx.2006-cı il tarixli 2030 nömrəli sərəncamından görünür ki, X3 ərazi hüdudlarında Bakı şəhər sakinləri X4 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 m2 torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilmişdir.
40. İddiaçının inzibati akt qəbul edildikdən 19 il sonra dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmasına əsaslanmış məhkəmə 2006-cı ildən hesablama aparsa da iddia ərizəsi və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı hüququnun pozulduğunu bildiyi vaxt yəni təxminən 2019-2021-ci illər (2019-2021-ci illərdə məhkəmə çəkişmələri nəticəsində torpaq sahəsinin “X18” şirkətinə təhvil verilməsi qərara alınmışdır) olmuşdur. Həmin vaxtdan əvvəl də bilmiş olsa belə, hazırda qüvvədə olan iddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati akt və onun əsasında verilmiş yerləşmə cizgisi mövcuddur.
41. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi 2005-ci ildə ayrılsa da hüquqlarının pozulduğu 2019-cu ildən sonra müəyyən olunmuşdur.
42. Birinci instansiya məhkəməsi iddia tələbini mümkünsüz edərəkən “iddiaçı tərəfindən torpaq dəyərinin cavabdehə ödənilməməsi, müvafiq müqavilə bağlanılmaması və torpaq sahəsinin iddiaçının faktiki sahibliyinə verilməməsi”nə istinad etmişdir. Bununla bağlı Kollegiya qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, torpaq sahəsinin ayrılması barədə müvafiq inzibati akt mövcuddur və həmin inzibati akt ləğv edilməmiş, geri çağrılmamış və etibarsız hesab edilməmişdir. Həmçinin, iş materiallarının 10-cu səhifəsində olan və Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən verilmiş 1337 nömrəli, 19 noyabr 2019-cu il tarixli Arayışa əsasən İddiaçı 300 kvadratmetr torpaq sahəsinin ayrıldığı təsdiq edilir.
43. Beləliklə, Kollegiya qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə müvafiq inzibati aktın hazırda qüvvədə olmasına baxmayaraq, daha sonra yəni 2019-cu ildən sonra hüquqularının pozulması nəzərə alınmadan hazırkı tələbə iddia müddəti institunun tətbiq edilməsi yolverilməzdir.
44. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə istinad edilməsi yolverilməzdir.
45. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin, inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
46. Hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, öhdəliyin icrası haqqında iddialarda iddianın verilməsi üçün müddət müəyyən edilməmişdir.
47. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sair) də mövcudluğu yoxlanılmalıdır. Yəni, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən öhdəliyin icrası haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır.
48. Hazırkı iş üzrə iddia tələbinin mümkün sayılmaması üçün hazırkı şərtlərdə əsaslar mövcud deyil. Belə ki, iddiaçı tərəfindən müvafiq olaraq cavabdeh inzibati orqana müraciət edilmiş, imtina məktubu alınmışdır.
49. Göründüyü kimi, hazırkı mübahisə üzrə iddiaçı inzibati akt qəbul edildikdən sonra dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldıran zaman qanunvericilikdə öz əksini tapmış iddianın qaldırılma müddətini ötürməmişdir.
50. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
51. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi yaxud təsdiq edilməsi məqsədilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun.
52. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
53. Prosessual qanunvericiliyin tələblərinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin təkrar baxılmaq üçün birinci instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
54. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
55. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
56. Avropa İnsan Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarında qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: - qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; - məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; - müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması.
57. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir».
58. İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda (inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə) apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
59. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hər bir inzibati iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddiaların yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Lakin, qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin göstərilən halları tam və ətraflı araşdırmadan iddianın mümkün sayılmaması nəticəsinə gəlməsi əsaslı sayıla bilməz. Buna baxmayaraq, işə yenidən baxılarkən, sonradan iddianın mümkünlüyünə (bu hal dəyişdirilmiş iddiaya münasibətdə də qüvvədədir) təsir edə biləcək, qanunvericilikdə nəzərdə tutulmuş halların (əsasların) müəyyən olunması mümkünlük əsaslarının yoxlanılmasını istisna etmir.
60. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları tam və ətraflı araşdırmadan, onlara düzgün hüquqi qiymət vermədən iddianı mümkün saymamaqda haqlı olmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən də şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin e-2-1(112)-3056/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3056/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.