Məhkəmə qərarları › İş №2-1(103)-412/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-412/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-412/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı (xx.xx.1961-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-432/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 25.10.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək kitabçası əsasında 02.03.1979-cu il tarixindən əmək fəaliyyətinə başlamış, 1979-1981-ci illərdə ordu sıralarında olmuş, X6 İdarəsində kranmeyster vəzifəsində çalışır. 25.02.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-432/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 17.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-432/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 01.01.2006-cı il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla birlikdə ümumi iş stajı Qanunvericiliklə müəyyən edilmiş 25 ildən az, yəni 24 il 06 ay 17 gün olmuşdur.İddaçının təqdim etdiyi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən 29.04.2019-cu il tarixdə tərtib edilmiş arxiv arayışından göründüyü kimi iddiaçı 26.02.2004-cü il tarixdən – Üzən kapyora altıncı dərəcəli kranmeyster peşəsində işə qəbul edilmiş, 08.08.2007-ci ildən ikinci peşə-üçüncü dərəcəli portal kran maşinisti peşəsi verilmiş, 01.10.2007-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (3 il 07 ay) Həmin arayışda qeyd edilən peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələr olması qeyd edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçı xx.xx.1961-ci il tarixdə Salyan rayonu Xalac kəndində anadan olmuşdur. (AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi) - notarial qaydada təsdiq edilmiş NZ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı 06.05.1979-cu il tarixdən 11.05.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur - notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş ******* nömrəli Əmək Kitabçasına əsasən İddiaçı 01.03.1979-cu il tarixdən 27.04.1979-cu il tarixədək Azərnəqliyyattikinti trestinin İTQB-3 1 dərəcəli fəhlə, 02.08.1981-ci il tarixdən 01.04.1983-cü il tarixədək TPB obyektinə fəhlə, betonçu 3-cü dərəcə, 01.04.1983-cü il tarixdən 27.10.1983-cü il tarixə kimi Azərnəqliyyattikinti trestin 518 –SMV PS MO-3 3-cü dərəcəli betonçu, 09.11.1983-cü il tarixdən 10.12.1985ci il tarixə kimi 3-cü dərəcəli, 4-cü dərəcəli avtoçilingər, 5-ci dərəcəli motorçu çilingər, 5-cü dərəcəli maş. Qreyderi, 5-ci dərəcəli qaya kəsici, 10.12.1985-ci il tarixdən 01.03.1990-cı il tarixədək kran maş. köməkçisi, 01.03.1990-cı il tarixdən 01.09.1991-ci il tarixədək kran maşinisti, 01.09.1991-ci il tarixdən 08.11.1997-ci il tarixədək Üzən Tikinti Montaj Dəstəsinə kran maşinisti, 08.11.1997-ci il tarixdən 01.01.1998-ci il tarixədək “DRAVO” gəmisində krançı; 01.01.1998- ci il tarixdən 18.02.2002-ci il tarixədək və 30.12.2002- ci il tarixdən 22.06.2004-cü il tarixədək “ÜK-315” gəmisində krançı, 26.06.2004-cü il tarixdən 01.10.2007-ci il tarixədək “X6” İB-də Üzən kapyora kranmeyster, 11.07.2011-ci il tarixdən 31.07.2015-ci il tarixədək Azərbaycan X6 “Üzən kopyor-315” gəmisinə krançı vəzifəsində işləmişdir, 29.01.2015-ci il tarixdən hal-hazıradək “Azərbaycan X6” QSC X8 Donanması kranmeyster vəzifəsində işləyir. - 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin 28.02.2019-cu il tarixli 02 nömrəli Arayışında göstərilmişdir: “ Bağmanəli Süleyman oğlunun 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin “ÜK-315” və “DRAVO” gəmilərində iş stajı aşağıdakı kimidir: 01.09.1991 (əmr N 99, 01.09.1991) - 08.11.1997 (əmr N 53, 08.11.1997) - “ÜK- 315” gəmisində krançı; 08.11.1997- 01.01.1998 (əmr N 1, 04.01.1998) - “DRAVO” gəmisində krançı; 01.01.1998-18.02.2002 (əmr N 62, 19.09.2002), 30.12.2002 (Əmr N 85, 30.02.2002)-22.06.2004 (Əmr N 32/k, 22.06.2004) - “ÜK- 315” gəmisində krançı. Yuxarıda göstərilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhər ətrafı və şəhər daxili yol gəmilərinə aid deyildir və dəniz gəmiləri sinfinə aiddir. Krançı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 21.2 maddəsinin “b” bəndinə əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” daxildir. Azərbaycan Respublikası Prezidentinin 614 saylı 20.05.1993-cü il tarixli fərmanı ilə “xxxx” Layihə Sənaye Tikinti Birliyi “xxxx” Dövlət şirkətinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16.07.1998-ci il tarixli 851 saylı sərəncamı ilə “xxxx” Dövlət Şirkəti “xxxx” Səhmdar Cəmiyyətinə çevrilmişdir.” - “Azərbaycan X6” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 29.04.2019-cu il tarixli Arxiv Arayışında göstərilmişdir: “Verilir İddiaçı-(xx.xx.1961-ci il təvəllüdlü) ondan ötəri ki, həqiqətən keçmiş Baş İstehsalat Vahidi “Paris Kommunası”adına Gəmi Təmiri İstehsalat Birliyi “X4” işləmişdir 26.06.2004-cü ildən-Üzən kapyora altıncı dərəcəli kranmeyster peşəsinə işə qəbul edilib. (K-182. 25.06.2004) 08.08.2007-ci ildənİkinci peşə -üçüncü dərəcəli portal kran maşinist peşəsi verilmişdi. (əmr TK-12. 08.08.2007) 01.10.2007-ci ildən- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. (K-372. 01.10.2007) 23.09.2011-ci il tarixli əmrə əsasən zavodun adı 01.10.2011-ci il tarixindən ADXDG “Gəmi təmiri və Gəmiqayırma” İB-nin Gəmi Təmiri İstehsalat Bazası adlandırılıb. Nazirlər Kabinetinin 24 yanvar 2014cü il tarixli 18 N-li qərarı ilə Cəmiyyətin Strukturunun qurumlarının siyahısı təsdiq edilmişdir. AXDG “QSC” 31.01.2014-cü tarixli 08 saylı əmri ilə ADXDG-nın “Zaqfederasiya”adına Gəmi Təmiri zavodu və “Gəmi Təmiri İstehsalat Bazası”yenidən təşkil olunaraq əmlakı ötürülməklə “Zığ”xxxx“QSC”- nin 06.09.2017-ci il tarixli 151 nömrəli əmri ilə “Zığ”Gəmi Təmiri və Tikintisi Zavodu adlandırılmışdır. ƏSAS: Şəxsi vərəqə (Forma NsT-2)” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək 10.09.2019-cu il tarixli **********3 nömrəli məktubla bildirmişdir: “İdarə tərəfindən 20 iyul 2019-cu il tarixli **********4 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu müraciətinizə əlavə olaraq bir daha bildiririk ki, İdarəyə təqdim etdiyiniz sənədlərdə qeyd olunan 26.06.2004- 01.06.2007-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan X6’’ QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda işlədiyiniz kranmeyster peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 01.03.1979-cu il tarixdən 27.04.1979-cu il tarixədək Azərnəqliyyattikinti trestinin İTQB-3 1 dərəcəli fəhlə, 02.08.1981-ci il tarixdən 01.04.1983-cü il tarixədək TPB obyektinə fəhlə, betonçu 3-cü dərəcə, 01.04.1983-cü il tarixdən 27.10.1983-cü il tarixə kimi Azərnəqliyyattikinti trestinin 518 –SMV PS MO-3 3-cü dərəcəli betonçu, 09.11.1983-cü il tarixdən 10.12.1985-ci il tarixə kimi 3-cü dərəcəli, 4-cü dərəcəli avtoçilingər, 5-ci dərəcəli motorçu çilingər, 5-cü dərəcəli maş. Qreyderi, 5-ci dərəcəli qaya kəsici, 10.12.1985-ci il tarixdən 01.03.1990-cı il tarixədək kran maş. köməkçisi, 01.03.1990-cı il tarixdən 01.09.1991-ci il tarixədək kran maşinisti, 01.09.1991ci il tarixdən 08.11.1997-ci il tarixədək Üzən Tikinti Montaj Dəstəsinə kran maşinisti, 08.11.1997-ci il tarixdən 01.01.1998-ci il tarixədək “DRAVO” gəmisində krançı; 01.01.1998- ci il tarixdən 18.02.2002-ci il tarixədək və 30.12.2002- ci il tarixdən 22.06.2004-cü il tarixədək “ÜK-315” gəmisində krançı, 26.06.2004-cü il tarixdən 01.10.2007-ci il tarixədək “X6” İB-də Üzən kapyora kranmeyster peşələrində çalışmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 10.12.1985-ci il tarixdən 01.03.1990-cı il tarixədək, 08.11.1997-ci il tarixdən 01.01.1998-ci il tarixədək; 01.01.1998- ci il tarixdən 18.02.2002-ci il tarixədək və 30.12.2002- ci il tarixdən 22.06.2004-cü il tarixədək, 26.06.2004-cü il tarixdən 01.10.2007-ci il tarixədək kran maş. köməkçisi, krançı və kranmeyster peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin ” 2 nömrəli Siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli , 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahıda öz əksini tapmamışdır. Göründüyü kimi iddiaçının yuxarıda qeyd edilən peşələr üzrə işlədiyi dövr güzəştli iş stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında olan 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin 28.02.2019-cu il tarixli 02 nömrəli Arayışında iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 21.2 maddəsinin “b” bəndinə aid olduğu, “Azərbaycan X6” QSC-nin X1 AM03102-432 seriya və nömrəli, 23 aprel 2019-cu il tarixli arayışına əsasən iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 29-cu bəndinin “a” yarımbəndinə həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahısının XXVİİ hissəsinin “a” bəndinə (kod 2290000a-13121) uyğun olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarında isə iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “ 3.Dəniz və çay donanması Üzən heyət – Dəniz,çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri,xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” (kod – ********) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının “21. Nəqliyyat” bölməsində “21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz , çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri,xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla”) nəzərdə tutulduğu qeyd edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş arayışlarda və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə müvafiq qərarında iddiaçının işlədiyi peşələr ilə bağlı Nazirlər Kabinetinin müvafiq Siyahısında müxtəlif kodlara istinad edilmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında olan notarial qaydada (18.12.2019-cu il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin notariusu X3 tərəfindən) təsdiq edilmiş və tərcümə edilmiş ******* nömrəli Əmək Kitabçasının ilk vərəqində iddiaçının adının üzərindən xətt çəkilərək, latın qrafikası ilə “Bağmanəli” yazılmış, iş materiallarında olan əmək kitabçasının iş yerindən təsdiq edilmiş surətində isə belə bir düzəlişin olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, notarial qaydada təsdiq edilmiş surətdə belə bir düzəlişin hansı səbəbdən aparılması göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının 01.01.2006-cı il tarixədək 12 il 06 ay güzəştli iş stajı olmadığından onun 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-432/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-432/2020 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar