Məhkəmə qərarları › İş №2-1(103)-412/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-412/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-412/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə aldığı ixtisasın tanınması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6798/2021 saylı 13.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikası “Odessa Milli Dəniz Universiteti” tərəfindən İddiaçı adına verilmiş B20 № 272673 nömrəli 21 dekabr 2020-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, Ukrayna Respublikası “Odessa Milli Dəniz Universiteti” ilə onun arasında bağlanılmış 607-1-07-16/iy nömrəli 18.08.2016-cı il tarixli Müqavilə əsasında, 01.09.2016-cı il tarixində qiyabi əsaslarla təhsil almağa başlamış və 21.12.2020-ci il tarixində ona B 20 № 272673 nömrəli 21.12.2020-ci il tarixli bakalavr diplomu və B 752/2020 nömrəli 21.12.2020-ci il tarixli həmin diploma əlavə verilmiş və həmin sənədlər leqallaşdırılmışdır. Təhsil aldığı dövründə bütün sessiyalarda iştirak etmiş və imtahan dövrlərində imtahanları uğurla vermişdir. Təhsilini başa vurduqdan sonra, diplom üzrə ixtisasın tanınması üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, Agentlik tərəfindən müvafiq yoxlama aparıldıqdan sonra Ekspert qrupunun rəyinə əsasən tədris dili üzrə bilik səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş olmadığı səbəb gətirələrək Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 64 nömrəli Qaydaların 3.7-ci bəndinə istinadən diplom üzrə ixtisasın tanınmasından imtina olunması barədə ona 29.04.2021-ci il tarixdə cavab ünvanlanmışdır. İddiaçı hesab edir ki, cavabdeh onun Qaydaların 1.6-cı bəndi ilə müəyən edilən hüququ məhdudlaşdırır onun əmək hüququna da zərər yetirir. Belə ki, diplomun tanınmasından imtina edilməsi iddiaçının mütəxəssis formasında əmək fəaliyyətinə davam etməsinə ali təhsilinə münasibətdə daha artıq imtiyazlardan istifadə etməsinə məhdudiyyətlər yaradır. Odur ki, cavabdehin imtinası əsassızdır və heç bir hüquqi əsası yoxdur. Cavabdehin həmin imtinasından narazı qalan iddiaçı, İPM-in 2.2.3-cü maddəsinə müvafiq olaraq öhdəliyin icrası haqqında diplom üzrə ixtisasının tanınmasına dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia İPM-in 35-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, imtina qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6798/2021 saylı 13.08.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı ədalətsizdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd edilən 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ın 1.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmada ekvivalentlik müəyən ediliblsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. Normativ-hüquqi aktlar sitemiqdə diplomun tanınmasında ekspertiza keçirilməsi proseduru öz əksini tapmamışdır. «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında» Sazişin 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Cavabdeh tərəfindən iddiaçının tədris dilinin səviyyəsinin hansı meyarlarla yoxlanılmasına, bu zaman müvafiq ixtisas üzrə mütəxəssislərin cəlb olunmasına, aparılmış sual-cavabların sənədləşdirilməsinə ıə bu zaman iddiaçıya bu sənədlə tanış olmaq imkanının yaradılmasına dair hər hansı bir sübut təqdim edilməmişdir. Daha sonra, Azərbaycan Respublikasının 30.09.1997-ci il, 367-İQ №-li Qanunu ilə «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6-cı bölməsinə istinadən qeyd edir ki, iddiaçının diplomunun tanınmasından imtina üçün gətrilən hallar maddi hüquq normaları ilə nəzərədə tutulmuş hallardan fərqli olduğundan, bu normalarla nəzərdə tutulmadığından, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Onun tərəfindən cavabdeh hansı normativhüquqi akt əsasında ekspertiza təşkil etdiyi və keçirildiyi sorğu edilsə də, belə aktın olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, məhkəmə tərəfindən iddiaçının ədalətli araşdırma hüququ təmin edilməmiş, çəkişmə prinspi pozulmuşdur. Ona görə də qərar ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Sultanlı iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, iddia ərizəsinə etirazında göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı 01.09.2016-21.12.2020-ci illərdə qiyabi təhsilalma formasında Ukrayna Respublikası “Odessa Milli Dəniz Universiteti”ndə “Bakalavr - Çay və Dəniz Nəqliyyatı: X3 istimarı və təmiri” ixtisası üzrə təhsil almış və 21.12.2020-ci il tarixində ona B 20 № 272673 nömrəli 21.12.2020-ci il tarixli bakalavr diplomu və həmin doplama əlavə verilmişdir və bu işin mübahisələndirilməyən hallarını təşkil edir. İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, iddiaçı diplom üzrə ixtisasının tanınması və ekvivaltlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən onunla aparılmış müsahibə ekspert qrupu tərəfindən qiymətləndirilən nəticələrinə görə tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmaması, yəni rus dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsəməsini şmümkünsüz etdiyni əsas gətirilməklə ona imtina cavabı verilmişdir. İddiaçı, apellyasiya şikayətində cavabdehin həmin imtinası ilə razılaşmayaraq, beynəlxalq qanunvericiliyə, o cümlədən, Ukrayna və Azərbaycan hökumətləri arasında bağlanmış ikitərəfli Sazişə, habelə, Azərbaycan Respublikasının 30.09.1997-ci il, 367-İQ №-li Qanunu ilə «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6-cı bölməsinə və «Nazirlər Kabinetinin qeyd edilən 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ının 1.6-cı bəndinə istinadən hesab edir ki, cavabdeh tərəfindən ona münasibətdə ekspertiza keçirilmədən, diplomu üzrə ixtisası tanınaraq ekvivalentlik şəhadətnaməsi verilməli idi. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmayaraq hesab edir ki, cavabdeh iddiaçının diplom üzrə ixtisasını tanımaqdan imtina etməkdə haqlıdır. Birincisi, Azərbaycan Respublikasının 30.09.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsi ilə razılığa gələn Tərəfə diskresion səlahiyyət verilir ki, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. İddiaçının isə diplom üzrə ixtisasının məzmunu ilk öncə onunla şərtləndirilir ki, onun həmin ixtasası mənimsəməsi üçün, ən azından tədris dilini qənaətbəxş səviyyədə bilməlidir. Lakin cavabdeh qürumun işə əlavə olunmuş ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçının rus dilini bilmə səviyyəsi onun aldığı ixtisası mənimsəməsi üçün lazımi səvəiyyədə deyil və bu işə əlavə olunmuş iddiaçı ilə aparılan müsahibənin elektron daşıyğıcıda (DVD diskdə) məhkəməyə təqdim olunmuş audio-video yazısından da aydın görünür. İddiaçının aldığı ixtisası mənimsəməsinə imkan verən səviyyədə tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı halda isə onun “Odessa Milli Dəniz Universiteti”ndə aldığı qiyabi təhsilin məzmununa uyğun hesab edilməsi də istisna edilir. Bu hal isə Konvensiyanın qeyd olunan normasına görə onun diplom üzrə ixtisasın tanınmasından imtinaya əsas verir. Digər tərəfdən, iddiaçının özünün də istinad etdiyi hökumətlərarası Sazişin 5-ci maddəsi də nəzərdə tutur ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Göründüyü kimi, Ukrayna Respublikasında verilmiş diplom təhsilin məzmununa uyğun gəlmədiyi halda, Azərbaycan Respublikası ərazisində tanınmasından söhbət gedə bilməz. Konkret halda da, məhz, cavabdehin ekspert qrupu tərəfindən iddiaçının tədris dilini qənaətbəxş səfiyyədə bilməməsi onu deməyə əsas verir ki, diploma əlavədə göstərilən tədris yükünün tam kursunu mənimsəməsinin qarşısını alır ki, bu da onun aldığı diplomun təhsilin məzmununa uyğun gəlmədiyini deməyə əsas verir. Beləliklə də, qeyd olunanlar baxımından, iddiaçının Konvensiyaya və Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında “Elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında» Sazişə istinad olunan dəlilləri əsassızdır. Bu baxımdan, cavabdeh tərəfindən ekspertiza keçirilməklə iddiaçının diplom üxrə ixtisasının tanınmasına qiymət verilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ının 3.6-cı bəndi isə nəzərdə tutur ki, ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin “Qaydaların 3.7-ci bəndinə əsasən isə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Beləliklə də cavabdehin ekspertin mənfi rəyini əsas götürməklə, iddiaçının diplomu üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina olunması ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğundur Bu baxımdan həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasmından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Eyni zamanda, qeyd olunmalıdır ki, Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İddiaçının diplomu üzrə ixtisasını tanımaq, beynəlxalq qanunvericiliyin və sözügedən “Qaydalar”ın tələbləri baxımından cavabdeh orqanın diskresion sələhiyyətidir. Yuxarıda qeyd olunanlardan isə göründüyü kimi cavabdeh tərəfindən həmin səlahiyyətlər qanunvericiliklə üzərinə düşən öhdəliyinə uyğun qayda həyata keçirilmişdir. Ona görə də iddiaçının apellyasiya şikayətinin, onun diplom üzrə ixtisasının ekspertiza keçirilmədən tanınmalı olduğunu mübahisələndirən dəlillərini əsassız hesab edilməlidir. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına, maddi və prosessual hüquq normaları uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının ədalətsiz, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6798/2021 saylı 13.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6798/2021 saylı 13.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar