Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-412/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1557/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təhsildə Keyfıyyət Təminatı Agentliyinin xx.xx.2021-ci il, №-973/03-TKTA qəbul etdiyi imtina qərarını ləğv edərək, təhsil aldığı Tolyatti Dövlət Universitetində hüquq ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-2001-ci il tarixdə Sumqayıt Dövlət Universitetinin mexanika və riyaziyyat fakültəsində təhsil almışdır. 2011-2013-cü ildə İqtisad Universitetinin maliyyə fakültəsində təhsil almışdır. 2015-2017-ci il tarixədək Rusiya Federasiyasının Tolyatti Dövlət Universitetinin hüquq üzrə magistratura pilləsində əyani formada təhsil almışdır. Hal-hazırda Tolyatti Dövlət Universitetinin hüquq üzrə doktorantura pilləsində təhsil alır. xx.xx.2021-ci il tarixdə Təhsildə Keyfıyyət Təminatı Agentliyi növbəti müraciətinə imtina vermişdir. İmtihanın əsas səbəbi bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxs magistratura səviyyəsinin digər ixtisaslarının ixtisaslaşmaları üzrə təhsil ala bilməz. O, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Xüsusi olaraq vurğulamaq istəyir ki, ilkin təhsil forması qiyabi olmuş, sonra isə əyani formaya keçmişdir. Bu səbəbdən diplom əlavəsində göstərilən normativ müddət ümumi əyani təhsil tələb müddətindən azdır. Təhsilin qiyabidən əyaniyə keçməsi faktını təhsil aldığı universitetə sorğu göndərərək yoxlaya bilərlər. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - getməyib, İİ il - 3 ay 10 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyrimümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vl.l-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarına” əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.4 İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240- 300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90,2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3. təcrübələrdə iştirak etməsi; 3.2.7.4. laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6. imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7. buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1.məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2 məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. 3.2.9. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas yoxdur. Sonda iddianın rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1557/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-412/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə İddiaçı müraciətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı, 3 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın müddəalarına uyğun dəyərləndirib, müvafiq inzibati aktı qəbul etmək üçün cavabdeh inzibati orqana 2 (iki) ay müddət təyin olunması və bunun nəticəsi barəsində həmin müddət ərzində cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə məlumat verilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli qərardadının icrası məqsədi ilə İddiaçı DİM tərəfindən təşkil olunmuş sınaq imtahanında iştirak etmədiyi üçün onun Rusiya Federasiyası Tolyatti Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, № 106305 ******* nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın akademik tanınması barədə qərar qəbul edildiyini, tanınma haqqında elektron şəhadətnamənin ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunduğunu bildirmiş, bu səbəbdən qeyd olunan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı akademik tanınma haqqında elektron şəhadətnamənin şəxsi kabineti vasitəsi ilə ona təqdim olunduğundan, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təhsildə Keyfıyyət Təminatı Agentliyinin xx.xx.2021-ci il, №- 973/03-TKTA qəbul etdiyi imtina qərarını ləğv edərək, təhsil aldığı Tolyatti Dövlət Universitetində hüquq ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-412/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə İddiaçı müraciətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı, 3 fevral 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın müddəalarına uyğun dəyərləndirib, müvafiq inzibati aktı qəbul etmək üçün cavabdeh inzibati orqana 2 (iki) ay müddət təyin olunması və bunun nəticəsi barəsində həmin müddət ərzində cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə məlumat verməsi qərara alınmışdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli qərardadının icrası məqsədi ilə iddiaçı İddiaçı DİM tərəfindən təşkil olunmuş sınaq imtahanında iştirak etmədiyi üçün onun Rusiya Federasiyası Tolyatti Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, № 106305 ******* nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın akademik tanınması barədə qərar qəbul edildiyini, tanınma haqqında elektron şəhadətnamənin ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunduğunu bildirilmiş və nəzərə alınması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının diplom üzrə əldə etdiyi kvalifikasiyanın akademik tanınması barədə qərar qəbul edilməsi təsdiqini tapdığı müəyyən edilmiş, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cаvаbdеh Təhsildə X1rşı “diplom üzrə verilən ixtisasının tanınması ilə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-412/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-412/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver