Məhkəmə qərarları › İş №2-1(103)-412/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-412/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-412/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(112)-6947/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun xx.xx.2019-cu il taixdən tanınaraq təyin edilməsi, eləcə də, müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, ona yaşa görə 57 yaşdan əmək pensiyası təyin edilməli idi. Ona görə də o, yenidən xx.xx.2022-ci il tarxdə güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyası təyin ediməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş və müraciətindən imtina edilmişdir. İmtinaya əsas kimi bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixədək ümumi stajı 25 ildən az (23 il 11 ay (xx.xx.1980-xx-xx.1983-cü il və xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona 60 yaşının tamam olduğu tarixdən təyin edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu tarixdən yenidən hesablanması qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. O, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. xx.xx.1979-cu il tarixdə Bakı Dəniz məktəbinə 1-ci dərəcə motorist ixtisası üzrə kursant qəbul edilmiş və xx.xx.1980-cı il tarixdə məktəbi bitirdikdən sonra təhsilinin davamı üçün Bakı Dənizçilik məktəbinə təyinatlanmışdır. xx.xx.1980-xx.xx.1983-cü illərdə Bakı Dənizçilik Məktəbində təhsil almışdır (3 il 3 ay 25 gün). Məktəbi bitirməsinə baxmayaraq, hərbi xidmətinin tamamlanmadığı üçün 04 aprel 1984-cü il tarixədək, yəni SSRİ müdafiə nazirinin 66 saylı əmri ilə kiçik leytenant hərbi rütbəsi verilədək hərbi xidmətçi kimi təlimlərə cəlb olunmuşdur (xx.xx.1983xx.xx.1984-cü dövrlər - 1 ay xidmət dövrü) xx.xx.1984-cü il tarixdə Bakı dənizçilik məktəbini bitirdikdən sonra nəqliyyat donanmasının gəmilərinə matros vəzifəsinə qəbul edilmişdir. xx.xx.1987-ci il tarixdə rəhbər heyətə daxil edilmiş və nəqliyyat donanması gəmilərində kapitanın 3cü köməkçisi təyin edilmişdir. xx.xx.1991-ci il tarixdə Nəqliyyat donanması gəmilərində kapitanın 2ci köməkçisi təyin edilmişdir. xx.xx.1996-cı il tarixdə kapitanın 3-cü köməkçisi təyin edilmişdir. xx.xx.1997-ci tarixdə Kaspmorputa köçürməklə işdən azad edilmişdir (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 31-ci maddəsinə əsasən). xx.xx.1997-ci il tarixdə Xəzər dəniz yolları “Ştorm” gəmisinə kapitanın növ. köməkçisi, növ.mexaniki vəzifəsinə təyin edilmişdir. xx.xx.1998-ci il tarixdə “Müh.B.Məmmədov gəmisinə kapitanın İİİ köməkçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1999-cu il tarixdə “Narva” gəmisinə kapitanın böyük köməkçisi vəsifəsinə təyin edilmiş və xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir (20 il 7 ay 05 gün). Beləliklə, onun ümumi iş stajı 25 il və xüsusi stajı isə 20 il 07 ay 03 gündür. Cavabdeh isə xx.xx.1979-xx.xx.1980-ci illər arasındakı (1 il) dövrü, eləcə də, Bakı Dənizçilik Məktəbində təhsil almaqla bərabər hərbi xidmət keçdiyi üçün hərbi rütbəsinin alındığı tarixədək hərbi kafedrada təlimlərə cəlb olunduğu müddətin 1 ayı nəzərə alınmamışdır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12,6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 57 yaş müəyyən edilmişdir. İddiaçının çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda XXYİİİ bölməsinin 3-cü bəndinin 23003000 koduna əsasən Dəniz və su donanması, 1-ci yarımbəndində 23003010 koduna uyğun üzən heyət göstərilmişdir. Onun 1979-2004 illərdə işlədiyi zaman həm ümumi, həm də xüsusi iş stajı olduğu üçün güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunla nizama salınmalıdır. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın Dəniz və su donanması bölməsindəki 23003000 koduna və 23003010 koduna uyğun peşələrində işləməklə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd etmək istəyir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşı bitən gündən, yəni xx.xx.2019-cu il tarixdən yaranmışdır. Odur ki, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsində hər hansı bir maneə yoxdur. Belə ki, onun pensiya almaq hüququ xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunla nizama salınmalı olduğu üçün cavabdeh ona ünvanladığı imtina məktubunda imtina üçün səbəb gətirilən şərtlərin ona heç bir aidiyyəti yoxdur. Eləcə də, onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ 57 yaşının tamam olduğu gündən yəni, xx.xx.2019-cu il tarixdən yarandığı üçün qanunvericiliyə əsasən ona pensiya həmin tarixdən verilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (23 il 11 ay (xx.xx.1980xx.xx.1983-cü il və xx.xx.1984-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-cı il tarixədək işlədiyi dövrlərin sığorta stajına əlavə edilməsini tələb edir. İddiaçının Bakı Dənizçilik məktəbində təhsil aldığı dövrlərin qanunvericiliyin tələbləri baxımından sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Belə ki, iddiaçı əyani təhsil alması ilə bağlı arayışı cavabdeh orqana təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(112)-6947/2023 saylı qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində həmçinin göstərilmişdir ki, xx.xx.2006-cı il tarixədək cavabdeh tərəfindən mübahisələndirilməyən 23 il 11 ay ümumi iş stajı, Bakı Dəniz Məktəbindəki xx.xx.1979-xx.xx.1980-ci illər üzrə təhsil müddəti - 11 ay 9 gün, və 1935-ci il təvəllüdlü atası X3 xx.xx.2005-xx.xx.2006-cı illər arası dövrlərdə qulluq etməsi vardır. Bu barədə məhkəməyə Mənzil İstismar İdarəsinin nümayəndəsi X2 və qonşuların iştirakı ilə tərtib edilmiş aktı da təqdim etmiş, lakin bütün bunlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh tərəfindən apelyasiya şikayətinə etiraz verilərək şikayətin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(112)-6947/2023 saylı qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”na dair ərizəsinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən yenidən baxılmış və məsələ müsbət həllini tapmışdır. Bu səbəbdən qeyd olunan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddiaçıya 57 yaşdan pensiya təyin olunduğundan, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun xx.xx.2019-cu il taixdən tanınaraq təyin edilməsi, eləcə də, müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3555/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə İddiaçı xx.xx.1979-xx.xx.1980-ci illərdə təhsil alması, o cümlədən 2005-ci ilin yanvar ayından sentyabr ayına kimi xəstə atasına qulluqla bağlı hallar nəzərə alınmaqla “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”na dair ərizəsinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən yenidən baxılması üçün 1 (bir) ay müddət təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı pensiyası 57 yaşdan yenidən hesablanmışdır. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya pensiyanın 57 yaşdan yenidən hesablanması barədə qərar qəbul edilməsi təsdiqini tapdığı müəyyən edilmiş, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar