Məhkəmə qərarları › İş №2-1(103)-4120/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4120/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4120/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Bakı şəhəri Binəqədi rayonu X5 (üçüncü şəxs: X7) qarşı “sərəncamın qanunsuzluğunun tanınması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9820/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. "X10" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Bakı şəhəri Binəqədi rayonu X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Binəqədi qəsəbə X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 934 saylı 07 iyul 2006-cı il tarixli sərəncamının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...Cavabdehin 934 saylı 07 iyul 2006-cı il tarixli sərəncamı ilə X4 istifadəsinə dövlətin müstəsna istifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, 1 saylı mədənin 4-cü sahəsində 250 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 908 saylı 26 sentyabr 2000-ci il tarixli Sərəncamı ilə, həmin sərəncama əlavə edilmiş xəritədə göstərilən ərazilər cavabdehə ayrılmış və həmin torpaq sahələri 23 oktyabr 2000-ci il tarixli protokolla cavabdehə təhvil verilmişdir. Qeyd edilən xəritədə göstərilmiş və cavabdehə ayrılmış torpaq sahəsi əslində Şirkətin Saziş ərazisinin hüdudlarından kənarda yerləşir. Lakin cavabdeh səlahiyyət hədlərini aşaraq, Bakı səhər İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaqlarla kifayətlənməyərək, özünün ərazisindən kənarda olan və Şirkətin Saziş ərazisinin hüdudları daxilində yerləşən torpaqları da müxtəlif nömrəli və tarixli qərarlarla vətəndaşların istifadəsinə ayırmışdır. Həmçinin cavabdeh qanunsuz olaraq, Bakı səhər İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsindən kənarda, Şirkətin Saziş ərazisinin hüdudları daxilində, 1 saylı mədənin 4-cü sahəsində vətəndaşın istifadəsinə 250 kv.metr torpaq sahəsi ayırmışdır. Qeyd edilən torpaq sahələri İddiaçı şirkətinin (“Şirkət”) müstəsna istifadəsinə verilmiş saziş ərazisinin hüdudları daxilində yerləşdiyindən, Şirkətin qanunla qorunan hüquqlarını və dövlət tərəfindən verilmiş təminatlarını kobud surətdə pozduğundan, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən X5 ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşdiyindən və Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneəçilik törətdiyindən, Bakı şəhər Binəqədi qəsəbə Bələdiyyəsinin sözügedən sərəncamı qanunsuzdur. Üçüncü şəxs tərəfindən həmin bələdiyyə sərəncamına istinad edilərək saziş ərazisinin bir hissəsi istifadə edildiyindən, bələdiyyə sərəncamının qanunsuzluğu məhkəmə qaydasında tanınmalı və ləğv edilməlidir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9820/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9820/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərərək işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla, qanunsuz qərardad qəbul etmişdir. Belə ki, iddia tələbi tanınma və müəyyənetmə barədə iddia növündə olduğuna görə, eyni zamanda bələdiyyə orqanının və ya onun vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə Şirkətin hüquqlarını pozmuş aktının etibarsız sayılması nə MPM-nin, nə də ki, İPM-nin prosessual müddətlərlə bağlı müddəaları Şirkətin hazırki iddia tələbinə tətbiq edilə bilməz. Bundan başqa, Şirkət Saziş əsasında onun istifadəsinə verilmiş kontrakt sahəsinintorpaqları barəsində 2 ayrı şəxsin, yəni Bələdiyyə və vətəndaşın arasında hər hansı razılaşmanın, qərar və ya sərəncamın mövcud olmasından necə məlumatlı ola bilərdi ki, Hər kəsə bəllidir ki, bu günə kimi istənilən Bələdiyyə qurumu tərəfindən vətəndaşa torpaq sahəsinin ayrılması barədə verilmiş qərar və sərəncamlar heç bir dövlət orqanında, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində eydiyyata alınmamış və bu gün də belə bir hal mümkün deyildir. Torpaq sahəsinin mülkiyyətçisi barədə məlumatlarisə istərəvvəlkizamanda, istərsə də hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı vəReyestri Publik Hüquqi şəxsin təsdiqlənmiş bazasında mövcud olmalıdır. Lakin göründüyü ki, Binəqədi qəsəbə Bələdiyyəsinin vətəndaşa torpaq ayırma barədə sərəncamı adı çəkilən orqanda qeydiyyata alınmamış və bu barədə məlumat da həmin orqanın bazasında mövcud deyildir. Cavabdehin nümayəndəsi özü məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir (bu barədə qərardadda qeyd olunub), Çünki onların özündə də həmin sərəncam barəsində heç bir məlumat aşkar olunmayıb. Məhkəmə isə bunu da nəzərə almamışdır. Belə olan halda, Şirkətin həmin sərəncamın mövcudluğundan xəbərdar olması tamamilə yalnış və absurd bir fikirdir. Bu səbəbdən də məhkəmə kollegiyasının həmin fikrini də əsassızdır. Göstərilənlərdən əlavə olaraq məhkəmə Kollegiyasının nəzərinə çatdırırıq ki, birinci instansiya məhkəməsi həmçinin, Bələdiyyə tərəfindən Qanunvericiliyin tələblərinin kobud surətdə pozularaq cavabdehin özbaşınalıq etməsinə, səlahiyyət hədlərini aşaraq, özünə aid olmayan, Şirkətin Saziş ərazisinin hüdudları daxilində (Sazişdən öncə ARDNŞ-nin və hazırda Şirkətin istifadəsində olan) müvafiq sərəncamla iş üzrə İİİ şəxsin istifadəsinə torpaq sahəsini ayırmasına göz yummuş, Şirkətin iddiasına mahiyyəti üzrə baxmamış, cavabdehin nümayəndəsinin həmin sərəncam barədə dediklərini belə nəzərə almayaraq, iddiaya prosessual müddət tətbiq etməklə iddia tələbinin mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. Lakin, göründüyü kimi, Şirkətin analoji iddia tələbləri üzrə yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlarda məhkəmələrin (məhkəmə tərkiblərinin) mövqeyi, habelə, Şirkətin iddialarının təmin edilməsi və ya iddia ərizələrinin hansı əsaslarla qeyri-mümkün hesab edilməsi ilə bağlı məhkəmə təcrübələri birinci instansiya məhkəmələri tərəfindən nəzərə alınmır, həmin məhkəmələr istədikləri kimi, müxtəlif əsaslarla Şirkətin iddialarını qeyri-mümkün hesab edirlər. Halbuki, həm apellyasiya instansiyası məhkəməsi, həm də kassasiya instansiyası məhkəməsi Şirkətin iddialarını mümküsüz hesab edərkən belə, onlar Qanun statusu almış 29 sentyabr 2004-cü il tarixli Sazişin (Qanunun) 4 və 5-ci bəndinə əsaslanaraq müvafiq qərar qəbul edirlər (2-1(102)- 1233/15 saylı, xx.xx.2015-ci il tarixli qərarın surəti əlavə olunur). Hazırki iş üzrə də Bakı İnzibati Məhkəməsiqərardad qəbul edərkən, Qanunun 4 və 5-ci bəndlərinin tələbinə deyil, iddia tələbinə aidiyyəti olmayan İPM-nin və MPM-nin qüvvədən düşmüş müddəalarına istinad edərək Şirkətin iddiasını mümkünsüz saymışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, İPM-in 62ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlük şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X11 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar") arasında Saziş ("Saziş") imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış və 15 may 2005-ci il tarixindən qüvvəyə minmiş 901 saylı Qanunun tələbləri aşağıdakıları nəzərdə tutur: “...4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. 5.Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, «Saziş, istər 15 may 2005-ci il tarixində qüvvəyə minməsinə qədər, istərsə də qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının hər hansı başqa bir mövcud olmuş və ya qəbul oluna biləcək qanunlarının, və fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur və 15 may 2005-ci il tarixindən əvvəl və bundan sonra Kontrakt ərazisi barəsində qəbul olunmuş bütün sənədlər ləğv edilir və hüquqi qüvvəyə malik ola bilməz. Konkret halda da məhz, cavabdehin mübahisələndirilən 23 oktyabr 2000-ci il tarixli sərəncamı Sazişdən əvvəl qəbul olunmuşdur. Belə olan halda, Sazişin qeyd olunan müddaları baxımından, qəbul olunduğu gündən heç bir hüquqi qüvvəyə malik deyil. Odur ki, iddiaçının hazırkı tələbi üzrə qaldırılan iddiası İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərardadının qanunsuz olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9820/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9820/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar