Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4125/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovadan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı (digər iddiaçının nümayəndəsi) İddiaçı1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2-1(112)-6373/2024 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Vişnovka Bağ sahələri ərazisində yerləşən, onlara məxsus 496“a” saylı Bağ sahəsi və onunla həmsərhəd olan bağ sahələrində əlavə torpaq ölçü və sərhədlərin dəqiqləşdirilməsi işləri aparılmaqla, bəzim bağ sahəsinin tamlığının təmin edilməsini vəzifəsinin cavabdeh Azrəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2-1(112)-6373/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2-1(112)-6373/2024 saylı qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Vişnovka Bağ sahələri ərazisində yerləşən, onlara məxsus 496“a” saylı Bağ sahəsi və onunla həmsərhəd olan bağ sahələrində əlavə torpaq ölçü və sərhədlərin dəqiqləşdirilməsi işləri aparılmaqla, iddiaçıların bağ sahəsinin tamlığının təmin edilməsi cavabdehin vəzifəsidir, lakin cavabdeh vəzifəsini icra etmir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının sualına cavab olaraq bağ sahəsinə çıxarışın verilməsi tələbi ilə bağlı cavabdehə dəfələrlə şifahi müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının sualına cavab olaraq bağ sahəsinə çıxarışın verilməsi tələbi ilə bağlı cavabdehə müraciət edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********32 nömrəli məktubu ilə təqdim olunmuş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi ünvanında yerləşən “496a” saylı bağ sahəsinə dair müvafiq sənədlərdən görünür ki: -Bağın icarəyə verilməsi haqqında xx.xx.1993-cü il tarixli 26109 nömrəli müqaviləyə əsasən Vişnyovka qəsəbəsində yerləşən 0.12 ha ölçüdə 496 a saylı bağ sahəsi 19.88 kv.m olan 1 otaqdan ibarət bağ evi icarədar X2 icarəsinə verilir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 42.34 kv.m olan 496a saylı bağ evi İddiaçı1 adına xx.xx.2016-cı il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-M-2000-8/2023 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivi ünvanında yerləşən "496a” saylı bağ sahəsinin sərhədlərinin naturada təyin edilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə daxil olmuş 1 oktyabr 2023-cü il tarixli müraciətinizə (daxilolma qeydiyyatı: 3-21/1 -M-64xx-xx/2023, xx.xx.2023-cü il) aidiyyəti üzrə baxılmışdır. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilmiş və 6ağ sahəsinin faktiki olaraq 0,1084 ha olduğu müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən sahənin bir hissəsi digər fiziki şəxsin mülkiyyətində olan bağ sahəsi ilə üst-üstə düşür. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən, rayonların, (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli **********82 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi ünvanında yerləşən “496a” nömrəli torpaq sahələri arasında sərhədlərin dəqiqləşməsi ilə bağlı ********** nömrəli, xx.xx.2023- cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Qonşu “493” saylı torpaq sahəsinə baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır. Həmçinin torpaq sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından və həmçinin torpaq sahəsi koordinat sistemində verilmədiyindən dəqiq koordinatları təyin etmək tərəfimizdən mümkün olmamışdır. Müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi ünvanında yerləşən üzərində ümumi sahəsi 42.34 kv.m olan 496a saylı bağ evi İddiaçı1 adına xüsusi mülkiyyətdədir, bağ torpaq sahəsi özəlləşməmişdir. İddiaçı tərəf 496a saylı bağ torpaq sahəsinin xx.xx.1993-cü il tarixli 26109 nömrəli müqaviləsinə əsasən 0.12 ha ölçüdə olsa da faktiki olaraq 0.1024 ha olduğunu, qalan hissənin qonşu bağ sahəsinin mülkiyyətçiləri tərəfindən pozulduğunu əsas gətirərək bağ torpaq sahəsinin tamlığının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiqinzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Eyni Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Eyni Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Eyni Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərti kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin iddia etdikləri faktiki istifadələrində olan 496a saylı bağ torpaq sahəsi qeydiyyata alınmadığınından və 0.12 ha ölçüdən əksik qalan hissənin üçüncü şəxsin adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyündən hazırkı halda iddiaçı tərəfin hüquqi marağı iddia etdikləri torpaq sahəsinə üçüncü şəxsin adına aparılmış mülkiyyət hüququ qeydinin ləğv edilməsi və 0.12 ha ölçüdə 496a saylı bağ torpaq sahəsinə mülkiyyət hüuqunun qeydiyyata alınmasının tələb edilməsidir. İşin hallarından müəyyən olunur ki, iddiaçı hüquqi marağına xidmət edən tələblə deyil, 496a saylı bağ torpaq sahəsinin sərhədlərinin naturada təyin edilməsi ilə bağlı müraciət etmişdir. Bu müraciət isə yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfin hüquqi marağına xidmət edən hüquqi nəticəyə-0.12 ha ölçüdə bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması tələbi ilə uzlaşmır. Başqa sözlə, iddiaçının iddia tələbi üzrə məhkəməyəqədər cavabdeh inzibati orqanda müvafiq inzibati icraat aparılmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, hazırkı iddianın inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan hüquqi marağa xidmət edən ilkin müraciətə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkünsüz sayılmalıdır. İddiaçı apellyasiya şikayətini işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Vişnovka Bağ sahələri ərazisində yerləşən, onlara məxsus 496“a” saylı Bağ sahəsi və onunla həmsərhəd olan bağ sahələrində əlavə torpaq ölçü və sərhədlərin dəqiqləşdirilməsi işləri aparılmaqla, iddiaçıların bağ sahəsinin tamlığının təmin edilməsi cavabdehin vəzifəsidir, lakin cavabdeh vəzifəsini icra etmir. Apellyasiya şikayətinə münasibətdə məhkəmə Kollegiyası bir daha qeyd edir ki, iddiaçı hüquqi marağına xidmət edən tələblə deyil, 496a saylı bağ torpaq sahəsinin sərhədlərinin naturada təyin edilməsi ilə bağlı müraciət etmişdir.Bu müraciət isə yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfin hüquqi marağına xidmət edən hüquqi nəticəyə-0.12 ha ölçüdə bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması tələbi ilə uzlaşmır.Yəni iddiaçının iddia tələbi üzrə məhkəməyəqədər cavabdeh inzibati orqanda müvafiq inzibati icraat aparılmamışdır. Məhkəmə iclasında məhkəmə Kollegiyasının sualına cavab olaraq iddiaçı bağ sahəsinə çıxarışın verilməsi tələbi ilə bağlı cavabdehə dəfələrlə şifahi müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə məhkəmə Kollegiyasının sualına cavab olaraq bağ sahəsinə çıxarışın verilməsi tələbi ilə bağlı cavabdehə müraciət edilmədiyini bildirmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. İPM: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının iddiasının dəlilləri işin faktiki halları baxımından apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunlu olmaqla, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas təşkil etmir. Belə ki, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla işin yuxarıda qeyd edilən faktiki halları üzrə düzgün nəticəyə gələrək maddi və prosessual hüquqa uyğun olmaqla mübahisələndirilən qərardadı qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2-1(112)-6373/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2-1(112)-6373/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4125/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4125/2024
17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver