Məhkəmə qərarları › İş №2-1(103)-4126/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4126/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4126/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadə və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən verilmiş ərizəyə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3467/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Şəki rayonu üzrə Məşğulluq Mərkəzinə, Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏƏSMN yanında DMX-nın, Şəki rayonu üzrə MM-nin ona 190 manat birdəfəlik ödəmənin 2020-ci ilin aprel, may və iyul ayları üçün ödənilməsinə imtinanın əsassızlığına və həmin ödəmənin yerinə yetirilməsi öhdəliyinin ƏƏSMN yanında DSMF-nun və DMX-nın Şəki rayonu uzrə MM-nın üzərinə qoyulmasına dair qərar qəbul edilməsi barədə iddia tələbini irəli sürmüşdür. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxs olaraq ona 2020-ci ilin aprel, may və iyul aylarında işsiz (gəlirsiz) vətəndaşlar üçün nəzərdə tutulmuş 190 azn məbləğində birdəfəlik yardımın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3467/2022 saylı 27 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin aprel, may, iyul ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-3171/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3467/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(102)-836/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-3171/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş Bakı İnzibati Məhkəməsinə 22 iyun 2023-cü il tarixdə qaytarıldıqdan sonra, məhkəmə qərarı 15 gün müddətində icra olunması üçün 22 iyun 2023-cü il tarixdə cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdehin məhkəmə qərarının icrası ilə bağlı "xxxx" ASC-yə və məlumat üçün məhkəməyə ünvanlanmış 01 avqust 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üçün 2020-ci ilin aprel, may və iyul ayları üzrə cəmi 570 (beş yüz yetmiş) manat birdəfəlik ödəmə verilməlidir. Qeyd edilən məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə bu təyinat üzrə hesablaşma hesabınızda qalan sərbəst vəsaitdən 570 (beş yüz yetmiş) manat birdəfəlik ödəmənin İddiaçı verilməsi xahiş edilmişdir. Hazırda iddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Şəki şəhərində tətbiq edilmiş karantin rejimi üzrə, 3 ay deyil, birdəflik “190 manat” ödəniş edilmiş 5 ay üzrə (aprel, may, iyun, iyul və sentyabr) ödənilməsinə dair iş üzrə əlavə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3467/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim M.Qarayeva) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” tələbi barədə inzibati iş üzrə əlavə qətnamənin qəbul edilməsi barədə ərizəsi təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3467/2022 saylı 27 iyul 2022-ci il tarixli qərarının icra icraatına xitam verilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin 2-1(102)-836/2023 saylı işi üzrə; - “İşin Apelyasiya Məhkəməsinə qaytarılması”- Məhkəmə aktı xx.xx.2023-cü il tarixində imzalanmış, yəni iddiaçı əlavə qətnamənin qəbulu ilə bağlı, Bakı İnzibati Məhkəməsinə müraciət etdiyində, hələ icra üzrə məhkəmə aktı imzalanmamışdı. xx.xx.2023-cü il tarixində Bakı İnzibati Məhkəməsində (hakim: M.Qarayeva), 2-1(112)- 3467/2022 saylı iş üzrə yekun məhkəmə aktı çıxarılmışdır (iş üzrə ilk ərizənin verilməsindən 21 gün sonra). İddiaçının Bakı İnzibati Məhkəməsinə, elektron kabinet və kağız daşıyıcıda çoxsaylı ərizə və müraciətlərindən sonra, Bakı İnzibati Məhkəməsi (hakim: M.Qarayeva), 2-1(112)-3467/2022 saylı, xx.xx.2023-cü İl tarixli qərardadı ilə iddiaçının “Şəki şəhərində tətbiq edilmiş karantin rejimi üzrə, 3 ay deyil, birdəflik “190 manat” ödəniş edilmiş 5 ay üzrə (aprel, may, iyun, iyul və sentyabr) ödənilməsinə dair iş üzrə əlavə Qətnamənin qəbul edilməsi ilə bağlı”- ərizəsinin təmin edilməməsinə dair qərardad qəbul etmişdir. Qərardadla, iddiaçı, İddiaçı, qanunvericiliklə nəzərdə tutulmuş mülki hüquqlarının müdafiəsi hüquqlarına xitam verilmişdir. Qərardadla iddaçı İddiaçı Şəkidə yataq xəstəsi (beyin infarktı- xx.xx.2021) olması ilə, məhkəmədə iştirak etməməsi və buna görə də öz hüquqlarını əyani şəkildə müdafiə edə bilməməsi nəzərə alınmamışdır. Elektron Məhkəmə portalında məsələ ilə bağlı iddiaçının ilk müraciəti xx.xx.2023-cü il tarixində (elektron məhkəmə portalı vasitəsi ilə), 2-ci müraciəti xx.xx.2023cü il tarixində (kağız daşıyıcıda) qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin işin baxıldıqdan sonra Bakı İnzibati Məhkəməsinə qaytarılması ilə bağlı məktubu, Elektron Məhkəmə portalında, xx.xx.2023-cü ildə qeydə alınmışdır. Deməli, iddiaçı qətnamə icra edilənədək müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3467/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanunazidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir (İPM-nin 116.2, 117.1.1, 120.1-ci maddələri). “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı 10 nömrəli 19 noyabr 2021-ci il tarixli Qərarının 6-cı bəndində göstərilmişdir ki, İPM-in 3.1 və 3.2-ci maddələrinə görə inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ- İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 116.2 və 118.2-ci maddələrində isə təsbit edilmişdir ki, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Sözügedən normaların mənasına əsasən məhkəmə qərarlarının icrası məhz birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir. Qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir. İşin faktiki hallarından da göründüyü kimi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3467/2022 saylı 27 iyul 2022-ci il tarixli qərarının icrası ilə əlaqədar cavabdeh məhkəmə qərarının tam icra olunduğu ilə bağlı məhkəməyə 01 avqust 2023-cü il tarixli məktub ünvanlamışdır. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədinə xitam verilir. Qanunvericiliyin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3467/2022 saylı 27 iyul 2022-ci il tarixli qərarının icrası təmin olunduğundan, icra icraatına xitam verilməlidir. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının ilk müraciəti xx.xx.2023-cü il tarixində (elektron məhkəmə portalı vasitəsi ilə), 2ci müraciəti xx.xx.2023-cü il tarixində (kağız daşıyıcıda) qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi işə baxdıqdan sonra, Bakı İnzibati Məhkəməsinə qaytarılması ilə bağlı məktubu Elektron Məhkəmə portalında xx.xx.2023-cü ildə qeydə alınmışdır. Deməli, iddiaçı qətnamə icra edilənədək müraciət etmişdir. Halbukı, Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. MPM-nin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Qanunvericiliyin tələbinə görə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri hazırkı iş üzrə ödənilmir. Belə ki, iddiaçı “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxs kimi ona 2020-ci ilin aprel, may və iyul aylarında işsiz (gəlirsiz) vətəndaşlar üçün nəzərdə tutulmuş 190 azn məbləğində birdəfəlik yardımın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3467/2022 saylı 27 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin aprel, may, iyul ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-3171/2022 nömrəli qərarı ilə və sonuncu qərar da Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(102)-836/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3467/2022 saylı 27 iyul 2022-ci il tarixli qərarı 18 aprel 2023-cü il tarixdə qüvvəyə mindiyindən və icra olunduğundan əlavə qətnamənin qəbul edilməsi barədə ərizənin əsassız olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3467/2022 saylı, 27 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar