Məhkəmə qərarları › İş №2-1(103)-4129/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4129/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4129/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X27, X32, X28 və X29) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11829/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı X27, X32, X28 və X29 üçüncü şəxslər qismində göstərilməklə “X27, X32, X28, X10 onun qanuni xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.M.Əbilov küçəsi, 111 saylı yaşayış evindən qeydiyyatdan çıxarılmaları” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.M.Əbilov küçəsi, 111 saylı yaşayış evinin qanuni mülkiyyətçisidir. Bununla əlaqədar ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı. ******* nömrəli mülkiyyət hüquqlarını təsdiq edən çıxarış verilmişdir. Həmin yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. Hazırkı üçünçü şəxslər isə onun xüsusi mülkiyyəti olan yaşayış evində yaşamırlar. Onun evində sadəcə formal olaraq qeydiyyatda qalmışlar. Üçüncü şəxslər məhkəməyə müraciət edərək evə köçürülmə tələbini irəli sürmüşlər. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin yekun qanuni qüvvəyə minmiş 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə. iddia tələbləri təmin edilməyərək rədd edilmişdir. Üçüncü şəxslərin istifadə hüquqları mövcud olmadığından qeydiyyatdan çıxarılmaları ilə bağlı məhkəməyə müraciət edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X26, X32, X28 və X29 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11829/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışlara əsasən X26, X32, X28 və X29 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6278/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2021 saylı 02 iyun 2021-cı il tarixli qətnaməsi qismən, yəni X29, X26, X28, X16 qeydiyyatda olduqları Bakı şəhəri Nəsimi rayonu Əbilov küçəsi 111 saylı, ümumi sahəsi 47.7 kv.m olan evin bir otağına köçürülmələri hissəsində ləğv edilmiş və iddia həmin hissədə də təmin edilməmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu M.M.Əbilov küçəsində yerləşən 111 saylı evdə 3 otaq (47,7 kv.m) İddiaçı (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2009-cu il), 1 otaq (14,0 kv.m) X5 (qeydiyyat tarixi xx.xx.2009-cu il), 1 otaq (18,2 kv.m) X17 (qeydiyyat tarixi xx.xx.2009-cu il), 1 otaq (8,7 kv.m) X11 (qeydiyyat tarixi xx.xx.2009-cu il) və 1 otaq (18,2 kv.m) X2 (qeydiyyat tarixi xx.xx.2009-cu il) mülkiyyətindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-24532/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X26 xx.xx.2005-ci il tarixdən, X32 xx.xx.2005-ci il tarixdən, X28 xx.xx.2009-cu il tarixdən və X29 xx.xx.2011-ci il tarixdən azyaşlı kimi valideynlərinin ünvanı üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişlər. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edildiyindən göndərilməsi mümkün deyil. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-30365/2023 **********65 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, X8, X16, X12 və X10 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş FM seriyalı 037291 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Əbilov küçəsində yerləşən 7 (yeddi otaq) 106,8 kv.m yaşayış sahəsi 187,6 kv.m ümumi sahəsi olan 111 saylı fərdi yaşayış evi İddiaçı adına 1 otaq 10,2 kv.m payda, digər paylar üzrə X30 1 otaq 8,7 kv.m, X22 1 otaq 14,0 kv.m, X33 1 otaq 18,2 kv.m, X3 1 otaq 18,2 kv.m olaraq xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 181 saylı reyestr kitabında 8682-cı səhifədə (qeydəalma nömrəsi 30/14935) xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. - X7 və İddiaçı arasında bağlanılmış xx.xx.2009-cu il tarixli mənzil bağışlama müqaviləsinə əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 118 nömrəli reyestr kitabının 10687 nömrəli vərəqində qeydiyyatı ********** №-si ilə aparılmış, reyestr nömrəsi **********07-10301 olan MH ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Bakı şəhəri M.M.Əbilov küçəsindəki 111 saylı fərdi yaşayış evində X4 məxsus, y/s 37.5 kv.m-dən ibarət 2 otaq oğlu İddiaçı bağışlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1834/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı, X1, X23, X24, X13, X14, X6 və X11, X15, X25, X19 və X20 qarşı evdən istifadə hüququnun it irilməsi və mülkiyyətdə olan otaqların boşaldılaraq oradan cavabdehlərə məxsus ev avadanlıqlarının və əmlaklarının çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3410/13 saylı xx.xx.2013-cü il tarixli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2013-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-839/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçılar İddiaçı və qeyrilərinin cavabdehlər X15, X25, X19 və X20 qarşı evdən istifadə hüququnun itirilməsi və mülkiyyətdə olan otaqların boşaldılaraq oradan cavabdehlərə məxsus ev avadanlıqlarının və əmlaklarının çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2254/14 saylı xx.xx.2014-cü il tarixli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 06 fevral 2014-cü il tarixli qətnaməsi ləğv edilmişdir. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4905/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iş üzrə cavabdeh X26 və qeyrilərinin apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə olan 30 oktyabr 2012-ci il tarixli 2(006)-3434/2012 saylı qətnaməsi ləğv edilmişdir. İddiaçı və qeyrilərinin cavabdeh X26 və qeyrilərinə qarşı Bakı şəhəri, Nəsimi rayonu M.M.Əbilov küçəsində yerləşən 111 saylı evin iddiaçıya məxsus yaşayış sahəsi 47,7 kv.m olan üç otaqlı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərə məxsus əmlakın oradan çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-573 saylı xx.xx.2015-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4905 saylı 09 oktyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3822/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2022-cu il tarixli 2(103)-1984/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşin faktiki hallarından müəyyən edilir ki, sözügedən ev ümumi paylı mülkiyyətdədədir. İddiaçı həmin mülkiyyətçilərdən biri olmaqla üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının evin öz mülkiyyətində olan hissəsinə dair hazırki iddianı irəli sürməyə hüquqi marağı mövcuddur. Buna baxmayaraq məhkəməm kollegiyası hesab edir ki, hazırkı iddia tələbi düzgün qaldırılmamışdır. Belə ki, üçüncü şəxslər Nəsimi rayonu, Əbilov küçəsi ev 111 ünvanında (yalnız iddiaçının mülkiyyətində olan hissədə deyil, ümumi mülkiyyətdə olan ev ünvanında) qeydiyyatdadırlar. Belə olan halda, iddia lazımi qaydada qaldırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçılara Azərbaycan Respublikası İPMnin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq hüquqi yardım məktubu ünvanlansa da, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nə işin birinci instansiya icraatı, nə də apellyasiya icraatı zamanı təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia qanunvericiliklə nəzərdə tutulmuş mümkünlük şərtlərini ödəmədiyindən inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11829/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar