Məhkəmə qərarları › İş №2-1(103)-413/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-413/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-413/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1945-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və alınmamış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4352/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 28.04.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona (iddiaçıya) sabiq hakim kimi əmək pensiyasının hakimlərə 1 sentyabr 2019-cu il tarixdən vəzifə maaşı həcmində vəzifə maaşına ödənilən əlavə nəzərə alınmaqla yenidən hesablanması və alınmamış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 dekabr 2009-cu il tarixli qərarı ilə onun (iddiaçının) əmək pensiyasının hazırda işləyən rayon (şəhər) məhkəməsi hakiminin əmək haqqına müvafiq 80 faiz miqdarında müəyyən edilməklə hesablanması DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sabiq hakim kimi hal-hazırda işləyən rayon (şəhər) məhkəməsi hakiminin əmək haqqına müvafiq (80% miqdarında) müəyyən edilməklə hesablanaraq ona əmək pensiyası ödənilmişdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Qanunu ilə Qanunun 106-cı maddəsinin birinci hissəsində edilmiş dəyişikliyə əsasən hakimlərin aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Bu Qanunun 2019cu ilin sentyabr ayının 1-dən qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2019-cu il tarixli Fərmanının icrasının tətbiqi zamanı «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsində hakimlərə verilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən məhdudiyyət qoyularaq, onun müraciəti ilə bağlı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə istinad olunmaqla cavab məktubunda bildirilmişdir ki, əmək pensiyası bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi olduğundan «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci abzasında qeyd edilən vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin qanunvericiliyin tələbləri baxımından ona münasibətdə tətbiq edilməsi mümkün hesab edilmir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən məhdudiyyət qoyularaq sabiq hakim kimi bir aylıq vəzifə maaşına ödənilən əlavənin qanunvericiliyin tələbləri baxımından ona münasibətdə əmək haqqı kimi əmək pensiyasına hesablanmaması «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106–109-cu maddələrinin və yuxarıda qeyd edilən fərmanın tələblərinə ziddir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 5 və 6-cı bəndlərinə əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin 5-ci hissəsinin müddəaları bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsində edilmiş dəyişikliyə əsasən hakimlərin aylıq vəzifə maaşları müəyyən edilmiş və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına ödənilən əlavə hazırda fəaliyyət göstərən bütün hakimlərə şamil edilərək 1 sentyabr 2019-cu il tarixdən ödənildiyi halda, rayon məhkəməsinin sabiq hakimi kimi bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına ödənilən əlavənin onun (iddiaçının) əmək pensiyasına hesablanmaması yuxarıda göstərilən qanunvericilik aktlarının, eləcə də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4, 20.7, 20.7.1, 29.3-cü maddələrinin, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.1, 12.2, 14.1-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3462/09 nömrəli 3 dekabr 2009-cu il tarixli qərarının icrasından imtina etməsi birbaşa Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinə zidd olmuşdur. Ali Məhkəmənin həmin qərarı qanuni qüvvəsini almış və hal-hazırda da qüvvədədir. Bundan əlavə «Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 dekabr 2019-cu il tarixli 468 nömrəli qərarının tələblərinə görə «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2019-cu il tarixli 795 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının 3.1-ci bəndinə əsasən məzuniyyət vaxtı orta əmək haqqının hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınır: faktiki işlənmiş vaxt üzrə vəzifə maaşı, vəzifə maaşına ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə və s. Beləliklə göstərilənlərə əsasən hesab olunur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1 – 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Onun (iddiaçının) əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun və «Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 dekabr 2019-cu il tarixli 468 saylı qərarının tələblərinə uyğun olaraq, yenidən hesablanmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sabiq hakimi kimi, hal-hazırda fəaliyyət göstərən hakimin aldığı aylıq əmək haqqına müvafiq olaraq 80 faizi miqdarında ona əmək pensiyası təyin edilərək ödənildiyini nəzərə alaraq, onun əmək pensiyası hal hazırda işləyən həmin məhkəmənin hakiminin aldığı əmək haqqının 80 faizi miqdarında əmək pensiyasına əlavələr tam hesablanmalıdır. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4352/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «iddiaçıya əmək pensiyasının yenidən hesablanması və alınmamış fərqin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 10.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4352/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: 01.07.2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İşin faktiki hallarından görünür ki, İddiaçı 5 il hakim vəzifəsində işləmiş sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 106-cı maddəsinə dəyişiklik edilərək, hakimlərin bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir və bu dəyişiklik 2019-cu ilin 1 sentyabr tarixindən qüvvəyə minmişdir. İddiaçı həmin dəyişikliyə əsasən hakimlərin əmək haqqındakı sözügedən artım ona təyin olunmuş pensiyada nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması ilə bağlı aidiyyəti səlahiyyətli orqan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırır ki, qanunvericilikdə edilən həmin dəyişiklik ona münasibətdə tətbiq edilə bilməz. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ümumi əsaslarla hesablanmış pensiyanın artırılması Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş və sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4352/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4352/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar