Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-413/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndələri vəkil X3 və X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) «mənzilin iddiaçının adına ilkin hüquqi qeydiyyata alınması və mənzilə dair reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5835/2021 saylı 20.08.2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilinin İddiaçı adına ilkin hüquqi qeydiyyata alınması və mənzilə dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində şərh olunan faktiki halları aşağıdakılardan ibarətdir: «…İddiaçı ilə “STS” şirkəti arasında bağlanmış 8 sentyabr 2007-ci il tarixli 104 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzili alıcı olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Şirkət tərəfindən verilmiş 27 avqust 2008-ci il tarixli “maliyyə arayışı”na əsasən iddiaçı mənzilin dəyəri tam ödənilmiş, borcu yoxdur. Bundan sonra "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 10 iyun 2014-cü il tarixli 49 saylı müqaviləyə əsasən MMC ona 8 sentyabr 2007-ci il tarixli 104 saylı müqaviləyə əsasən satdığı 3 otaqlı 13 nömrəli mənzili tikinti normalarına uyğun şəkildə təhvil verməyi öhdəsinə götürmüş, lakin təhvil verməmiş, iddiaçı "xxxx" MMC və digərlərinə qarşı «mənzilin sahibliyə və istifadəyə verilməsi» tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Xərai Rayon Məhkəməsinin 29 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, sözügedən mənzilə iddiaçının sahiblik və istifadə hüququ tanınmış, mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsi “STS” şirkəti və "xxxx" MMC-yə həvalə edilmişdir. Qeyd edilməlidir ki, bundan əvvəl X5 İddiaçı, “STS” şirkəti və "xxxx" MMC-yə qarşı qaldırdığı «müqavilənin etibarsız sayılması və s.» tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli qətnaməsinə əsasən rədd edilmişdir. Məhkəmənin həmin qətnamələrindən verilmiş apellyasiya şikayətləri üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən vahid icraatda birləşdirilmiş və Mülki Kollegiyanın 2(103)-860/2018 saylı iş üzrə 7 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, onun ünvan 2 ünvanında 2 saylı yaşayış binasının 5ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilə sahiblik və istifadə hüququ tanınmış, həmin mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsi “STS” şirkəti və "xxxx" MMC-nin üzərinə qoyulmuş və bu qətnamə ilə də «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia rədd edilmiş, eyni zamanda X5 İddiaçı, “STS” şirkətinə və "xxxx" MMC-yə qarşı «müqavilənin etibarsız sayılması və s.» tələbinə dair iddiasının rədd edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4328/2019 saylı iş üzrə 24 iyun 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 7 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən 26 fevral 2020-ci il tarixdə tam icra edilmiş və bununla bağlı müvafiq akt da tərtib edilmişdir. Həmin aktla ünvan 2 ünvanında 2 saylı yaşayış binasının 13 nömrəli mənzili "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilmişdir. Bundan başqa, İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə, 3-cü şəxs X7 qarşı «qeydiyyatın ləğv edilməsi və qeydiyyatın ləğvi ilə bağlı reyestrdə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3033/2018 saylı iş üzrə 31 iyul 2018-ci il tarixli qərarı ilə təmin edilmiş, ünvan 1 ünvanında 2 saylı yaşayış binasının 13 nömrəli mənzilinə dair X5 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı ləğv edilmiş və həmin qeydiyyatın ləğvi ilə bağlı reyestrdə düzəliş edilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-367/2019 saylı iş üzrə 15 oktyabr 2019-cu il tarixli qərarı ilə X5 apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin sözügedən 31 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərarı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilmiş və X5 adına verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarış 8 may 2020-ci il tarixdə İdarə tərəfindən ləğv edilmişdir. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 336 saylı 14 fevral 2020-ci il tarixli qərarına əsasən iddiaçıya məxsus mənzilin yerləşdiyi ünvan 1 ünvanında yerləşən yaşayış binasının istismarına icazə verilmişdir. Üçüncü şəxs "xxxx" MMC 21 oktyabr 2020-ci il tarixli 113 saylı cavab məktubu ilə təsdiq etmişdir ki, ünvan 1 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 13 nömrəli mənzilin sahibi İddiaçıdır. Bundan sonra, iddiaçı həmin mənzilin onun adına ilkin qeydiyyata alınması və mənzilə dair reyestrdən çıxarışın verilməsi ilə bağlı, mənzilin iddiaçıya məxsus olmasını təsdiq edən bütün hüquq müəyyənedici sənədlər, həm "STS" şirkəti, həm də "xxxx" MMC şirkəti ilə bağlanmış müqavilələr, arayışlar, məktublar və bütün məhkəmə qərarları da əlavə edilməklə, cavabdehə müraciət etmiş, lakin iddiaçının 1 aprel 2021-ci il tarixdə əldə etdiyi cavabında sonuncu imtina edərək buna əsas kimi qeyd edilən ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı "xxxx" MMC tərəfindən təsdiq edilmiş hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi və bu sənədlər təqdim ediləcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağı göstərilmişdir. Halbuki, İddiaçı tərəfindən imtinaya əsas kimi qeyd edilmiş bütün sənədlər müraciətə əlavə edilmişdir. Şərh olunan hadisələrin səbəbi ondan irəli gəlmişdir ki, həm “STS” şirkətinin, həm də "xxxx" MMC-nin direktoru X4 olmuş, sonuncu öz qulluq mövqeyindən istifadə edərək vəzifə saxtakarlığı edərək tamah niyyəti ilə müqavilələrə bilə-bilə yalan məlumatlar daxil etməklə aldatma və etibardan suiistifadə etməklə özgənin əmlakını vahid qəsdlə ələ keçirmə məqsədi ilə Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında inşasına başladığı 4 ədəd 1 girişli 24 mərtəbəli binalardakı müqavilələr əsasında satmış və tam ödənişi aparılmış mənzilləri ona olan etibardan və inamdan istifadə edib saxta rəsmi sənədlər tərtib etməklə, yenidən ayrı-ayrı şəxslərə sataraq əldə olunan vəsaitləri öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxlərə külli miqdarda ziyan vurmaqla dələduzluq etdiyindən AR Cinayət Məcəlləsinin 178.3.2 və 313- cü maddələri ilə təqsirləndirilmiş, barəsində cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış və cinayət işinin məhkəmədə baxılması gedişində öldüyündən, M.İ.Cəfərov barəsində cinayət təqibinə xitam verilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin mübahisəli mənzilin onun adına qeydə alınıb reyestrdən çıxarış verməkdən imtina etməsi qanunsuz və əsassızdır…» Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, imtina məktubuna uyğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5835/2021 saylı 20.08.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı ünvan 1 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı yaşayış sahəsi olan 13 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının idarəyə müraciəti ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin ünvanda (4 ədəd 1 girişli, zirzəmili, 24 mərtəbəli) yerləşən yaşayış binasına dair AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron qaydada göndərilmiş 336 saylı 14 fevral 2020-ci il tarixli istismara icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Həmin istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) “İSR Holding” Şirkətlər Qrupu ("xxxx" MMC) göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun "xxxx" MMC tərəfindən təsdiq edilmiş hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə baxılacağı barədə iddiaçıya 31 mart 2021-ci il tarixli məktub ünvanlanmışdır Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı məlum olmuşdur ki. mənzilin sahəsi sənəd üzrə 157,6 kv m olsa da, faktiki olaraq 140.5 kv.m təşkil edir. Məhkəmə tərəfindən iş dəqiq və düzgün araşdırılmmış, qanunsuz nəticəyə gəlinmişdir. Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətində mübahisələndirmişdir ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı mənzili Sahil-D Kompani” MMC–dən almamış, dəyərini ona ödəməmişdir. Müqavilə «STS» şirkəti ilə bağlanmış, binanın tikintisinə razılıq sərəncamı şirkətə verilməmiş mənzil tikintisini aparmamışdır. Şirkətin mənzil satmaq səlahiyyəti olmamışdır. Bakı şəhər İHB-nın 29.05.2004-cü il tarixli 115 saylı sərəncamı ilə İSR Holdinq Şirkətlər qrupuna ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha hissəsində yaşayış binasının tikintisinə icazə verilmişdir. Sonuncu ilə Sahil-D Kompani” MMC arasında 2007-ci ilin fevral ayında birgə fəaliyyət barədə müqavilə bağlanmış və Bakı şəhər İHB-nın 12.10.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binasının layihələndirilməsi və inşası "xxxx" MMC-nin vəsaitləri hesabına həyata keçirilmişdir. İddiaçı ilə şirkət arasında müqavilə qanunvericiliyin tələblərinə riayət etməkdən, formal bağlanmışdır. Ona görə də bağlandığı andan etibarsızdır. Qanunla iddiaçıya həmin mənzilə çıxarış verilə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə və üçüncü şəxsin nümayəndələri T.Qədirova və A.Hüseynov apellyasiya şikayətlərini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 məhkəməyə təqdim etdiyi sənədlər və qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisəli mənzilin iddiaçının mülkiyyətinə verildiyini və faktiki olaraq hal-hazırda mənzil onun istifadəsində olduğunu bildirərək cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri ilə razılaşmamış, eyni zamanda, iddia tələbinə aydınlıq gətirərək qeyd etmişdir ki, iddia ərizəsində mənzilin müqavilədə əks olunan ümumi sahəsinin 157,6 kv. m olduğu göstərilsə də, mənzilin faktiki ölçülərinə uyğun qeydə alınaraq reyestrdən çıxarış verilməsi iddiaçının marağına uyğundur, Odur ki, iddia tələbini mənzilin sahəsi göstərilmədiyi məzmunda müdafiə edir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına, o cümlədən, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə, habelə, işdə iştirak edən şəxslərin nümayəndələrinin izahatlarına (və s.) əsasən aşağıdakılar işin mübahisələndirilməyən hallarını təşkil edir: 1) İddiaçı ilə “STS” şirkəti arasında bağlanmış 8 sentyabr 2007-ci il tarixli 104 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzili alıcı olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Şirkət tərəfindən verilmiş 27 avqust 2008-ci il tarixli “maliyyə arayışı”na əsasən iddiaçı mənzilin dəyəri tam ödənilmişdir. 2) Üçüncü şəxs "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 iyun 2014-cü il tarixli 49 saylı müqaviləyə əsasən "xxxx" MMC “STS” şirkətinin İddiaçı 8 sentyabr 2007-ci il tarixli 104 saylı müqaviləyə əsasən satdığı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür (Hər iki müqavilə “STS” şirkətinin, həm də "xxxx" MMC-nin direktoru olmuş X4 tərəifndən imzalanmışdır. Sonradan "xxxx" MMC cavabdeh idarəyə ünvanladığı A.M Hysenov tərəfinjən imzalanmış 21 oktyabr 2020-ci il tarixli 113 saylı məktubunda təsdiq etmişdir ki, ünvan 1 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilin sahibinin İddiaçıdır). 3) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Mülki Kollegiyanın qanuni qüvvəsini almış 2(103)-860/2018 saylı 7 dekabr 2018-ci il tarixli qətnaməsi ilə qeyd olunan hər iki müqavilənin, o cümlədən: İddiaçı ilə STS şirkəti ilə bağlanmış sentyabr 2007-ci il tarixli 104 saylı, habelə, üçüncü şəxs "xxxx" MMC ilə bağlanmış 10 iyun 2014-cü il tarixli 49 saylı müqavilələrinin – etibarlı müqavilələr olduğu müəyyən edilmiş, iddiaçının mübahisəli mənzilə sahiblik və istifadə hüququ tanınmış, həmin mənzildə təmir işlərinin aparılmasına maneçilik törədilməməsi vəzifəsi “STS” şirkəti və "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi 26 fevral 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən tam icra edilmiş və bununla bağlı müvafiq akt da tərtib edilmişdir. Həmin aktla ünvan 2 ünvanında 2 saylı yaşayış binasının 13 nömrəli mənzili "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilmişdir. Eyni zamanda, qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)- 3033/2018 saylı 31 iyul 2018-ci il tarixli qərarı ilə mübahisəli mənzilə dair X5 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmiş və bununla bağlı reyestrdə düzəliş edilməsi öhdəliyi cavabdeh DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qətnamə də 8 may 2020-ci il tarixdə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilmiş, X5 adına verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarış ləğv edilmişdir. 4) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 336 saylı 14 fevral 2020-ci il tarixli qərarına əsasən iddiaçıya məxsus mənzilin yerləşdiyi ünvan 1 ünvanında yerləşən yaşayış binasının istismarına icazə verilmişdir. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli mənzil dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmiş və onun qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmin mənzilə olan sahiblik və istifadə hüququ tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qeyd olunanlar onu demyə əsas verir ki, mübahisəli mənzilin daşınmaz əmlaknı dövlət reyestrində onun adına mülkiyyət hüququ ilə qeydə alınmasını zəruri edən bütün faktiki şərtlər mövcuddur (İPM. M.14.3). Belə olan halda, İPM-in 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmənin gəldiyi nəticə işin sübutlarla müəyyən edilən hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulduğunu, üçüncü şəxsin apellyasiya şikayətinin iddiaçı ilə bağlanmış müqavilələrin etibarsız və məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Beləliklə də qeyd edilənləri, eləcə də, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatında, mübahisə yaranacağından ehtiyatlanaraq, qərarda mənzilin ümumi sahəsinin göstərilməsinin onun hüquqi marağına uyğun olmadığını nəzərə alaraq, məhkəmə kollegiyası, yekunda belə qənaətə gəlir ki, cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5835/2021 saylı 20.08.2021-ci il tarixli qərarı - nəticə hissəsində “ümumi sahəsi 157,6 kv.m” sözləri çıxarılmaqla, “İddiaçı ünvan 1 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində olan 13 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun” ifadəsində dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5835/2021 saylı 20.08.2021-ci il tarixli qərarı, nəticə hissəsində “ümumi sahəsi 157,6 kv.m” sözləri çıxarılmaqla, “İddiaçı ünvan 1 ünvanında 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində olan, 13 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun” ifadəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-413/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-413/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver