Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4130/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2nin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Arzu israfil qızı Hüseynovanın katibliyi, cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8948/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 03 aprel 2024-cü il tarixli, İQ-23/2 nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətlərinin təmin edilməsi və onlara “qaçqın vəsiqəsi”nin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşlər.
2. İddiaçılar bildirir ki, ər-arvad olan Pakistan İslam Respublikasının vətəndaşları “Qaçqın statusu verilməsi haqqında” vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək vətəndaşları olduğu Pakistan İslam Respublikasında həyatı təhlükəsizliyinin təminatının inamsız olduğunu bildirmiş və göstərmişlər ki, uzun müddətdir ki, “Tabliğhi Jamaat” adlı dini təşilat tərəfindən bütün ailə olaraq təqib edilirlər. Pakistanın bir neçə şəhərinə getməklə ünvanlarını dəyişərək təqibdən uzaq olmağa çalışsalar da yaxa qurtara bilməmişlər. Pakistan polisi isə dini rejimə münasibətdə hər-hansı müqavimət göstərə bilmir və bu aşkar etiraf olunur. Ona görə də həyati təhlükəsizliklərinin təmin olunması üçün qardaş Azərbaycan dövlətinə sığınmışlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində isə vəsatətləri təmin edilməmiş və bu barədə 03 aprel 2024-cü il tarixli İQ-23/2 №-li qərar qəbul edilmişdir. Qərar belə əsaslandırılmışdır ki, təqibinə məruz qaldıqları “Tabliğhi Jamaat” adlı dini təşkilatın dini maarifləndirici təşkilat olduğu müəyyən edilmişdir. Halbuki sözügedən təşkilat Pakistanda hamı tərəfindən öz qəddarlığı ilə tanınır.
3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı ailəsi ilə birlikdə onlara qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-23/2 nömrəli qərar qəbul edilmişdir. Hesab edirik ki, Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Azərbaycan Respublikasına gələnədək dövlət hər hansı təqibə və təhdidə məruz qalmamış; 2. Müsahibə zamanı iddiaçıların ifadələri arasında ziddiyyətli məqamlar aşkar edilmiş;
3. Təqibə məruz qaldıqlarını iddia etdikləri dini təşkilatın əslində təqib və təhdiddən istifadə etmədikləri internet resursları ilə müəyyən olunmuş; 4. İddiaçılar iddia etdikləri kimi onlara edilmiş “hücumlarla” bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişlər. X4 Xidmətinə təqdim etdiyi vəsatətindən görünür ki, onun Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Odur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-23/2 saylı xx.xx.2024-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərara əsasən Pakistan İslam Respublikasının vətəndaşı X6 Sadiqə və ailə üzvünə - arvadı Dominic Jerry’ə qaçqın statusu verilməsindən imtina edilmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8948/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ b) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunan sənədlərdən iddiaçıların həyatının hər an təhlükədə olduğu, azadlıqlarının olmadığı, hüquqlarının pozulduğu aydın şəkildə görünür. Lakin, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmamış, eyni zamanda iddiaçıların məhkəmə iclasında öz fikirlərini bildirməsi üçün onları tərcüməçi ilə təmin etməmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdi.
9. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçılar iclasda iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçıların iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
11. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
18. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Pakistan İslam Respublikasının vətəndaşlarıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, onlara qaçqın statusunun verilməsini tələb edirlər.
19. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti isə İQ-23/2 saylı xx.xx.2024-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarına əsasən Pakistan İslam Respublikasının vətəndaşı X6 Sadiqə və ailə üzvünə - arvadı Dominic Jerry’ə qaçqın statusu verilməsindən imtina etmişdir.
20. Belə ki, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
21. İnternet resursları üzərindən “Tabliğhi Jamaat” beynalxalq dini hərəkatın fəaliyyəti ilə bağlı olan məlumatlara nəzər salınmış və müəyyən edilmişdir ki, qeyd olunan hərəkatın əsas misiyası islam dinində maarifləndirmə, yəni dini qaydalara riayət etmə, o cümlədən tək allahlığa inanmayan dini cərayənları islam dininin qəbul edilməsinə dəvət edilməsi ilə əlaqədardır. Qeyd olunan hərəkatın 7 ölkə ərazisində fəaliyyətinə qadağa qoyulsada Pakistan İslam Respublikası ərazisində həmin dini hərəkatın fəaliyyətinə qadağa qoyulmamışdır. Başqa sözlə desək həmin hərəkatın üzvlüyünə məcburi şəkildə qoşulması və xrtistian dininə qarşı mübarizəsi ilə bağlı hər hansı bir halı internet resurslar üzərindən müəyyən etmək mümkün olmadı.
22. İddiaçılar 2023-cü ildə Azərbaycan Respublikasına gəlmişlər və Pakistan İslam Respublikasında qeyd olunan təşkilat tərəfindən təqibə məruz qalması ilə bağlı hər hansı bir əsaslı dəlillərini məhkəməyə təqdim etməmişdilər. Belə ki, qeyd olunan dəlillərin məhkəmə tərəfindən araşdırılması mümkün deyil. Çünki təqibə məruz qalması ilə bağlı onların Pakistan İslam Respublikasının polis və ya digər qurumlarına müraciətləri, o cümlədən 2016-cı ildən 2023-cü ilə qədər qeyd elədikləri təqiblərin fəsadları ilə bağlı dəlillər yalnız onların özlərində ola bilər. Nəzərə alınmalıdır ki, iddiaçılar dünyavi və tək allahlığa inanan xristian dininə etiqad göstərirlər və Pakistan İslam Respublikasının ərazisində 2,4 milion insan xristian dininə etiqad edir.
23. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların istinad etdiyi ümumi narahatçılıq özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmədiyindən cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur.
24. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Miqarsiya Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etməmişdirlər.
25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
26. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
27. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8948/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8948/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.