Məhkəmə qərarları › İş №2-1(103)-4136/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4136/2024

22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4136/2024 22.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş məzuniyyət pullarının və maddi yardımın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9650/N24 nömrəli, xx.xx.N24-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə N17-N22-ci illər üçün istifadə edilməmiş məzuniyyət pullarının və 13 və 14-cü maddi yardımların ona verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1986-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. O, N04-N06-cı illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. N14-cü ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində xidmət etmişdir. N17-ci ilin may ayında Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda şərti adı “Tərtər işi” olan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı İddiaçı 19 may N17-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və digər maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli Qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Barəsində həbsdə saxlanılma müddəti bir neçə dəfə uzadılmışdır. 14 mart N18-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmənin 9 iyul N18-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 332.3, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.N22-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev İddiaçı və həmin cinayət işi üzrə məhkum edilmiş qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 11 aprel N19-cu il tarixli qərarının ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təqdim edilməsi haqqında 21 sentyabr N18-ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 oktyabr N18-ci il tarixli yekun qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr N22-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 9 iyul N18-ci il tarixli hökmünə əsasən İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasının 30 aprel N18-ci il tarixli qəranna, Tərtər Hərbi Məhkəməsinin 9 iyul N18-ci il tarixli hökmünə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 21 sentyabr N18-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 oktyabr N18-ci il tarixli yekun qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 11 aprel N19-cu il tarixli qərarına yeni açılmış hallar üzrə baxılmasına dair Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən verilmiş ərizə təmin edilərək qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr N22-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 9 iyul N18-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 30 aprel N18-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 10 noyabr N22-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 12 noyabr N22-ci il tarixdə iş Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilmiş, ibtidai istintaqın davam etdirilməsi İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Qasım Məmmədova tapşırıldığından həmin tarixdə onun icraatına qəbul olunmaqla istintaq aparılmışdır. Aparılmış istintaqın nəticəsində 06 dekabr N22-ci il tarixdə cinayət işi üzrə icraata İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmişdir. Nəsimi rayon Məhkəməsinin 23 iyun N23-cü il tarixli qətnaməsi ilə ona vurulmuş maddi ziyana görə 57024 manat (aylıq 864 manat maaş 66 ay üçün hesablanıb) və mənəvi ziyana görə 66000 manat verilməsi qət edilib. Ancaq əlavə ediləcək məhkəmə qətnaməsindən də görəcəyiniz kimi ona məzuniyyət pullan qətnamədə öz əksini tapmayıb. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) 03 aprel N24-cü il tarixində ərizə ilə müraciət etmiş və xahiş etmişdir ki, N17-N22-ci il tarixləri üçün nəzərdə tutulmuş və istifadə edilməmiş məzuniyyətlərə görə ödənişləri və eyni zamanda 13 və 14-cü maddi yardımları ödənilsin. Müraciətə cavab verilmədiyi üçün aşağıdakılara əsasən hesab edir ki, məhkəmə qaydasında cavabdehin üzərinə istifadə edilməmiş məzuniyyət pullarının və maddi yardımın verilməsi öhdəliyi qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9650/N24 nömrəli, xx.xx.N24-cü il tarixli nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmənin 9 iyul N18-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3. 332.3. 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 06 dekabr N22ci il tarixində bəraət alaraq azadlığa çıxmışdır. Bundan sonra məhkəməyə müraciət edərək qanunsuz həbs olunduğu üçün ona kompensasiya ödənilməsini tələb etmişdir. Məhkəmədə iddia qaldıran zaman o yalnız əmək haqqının ödənilməsini istəyib. Çünki cavabdeh olaraq Azərbaycan Respublikası adından Maliyyə Nazirliyi qoyulduğu üçün iddiaçı maddi ziyan olaraq ancaq əmək haqqısını istəyib. Nəsimi rayon məhkəməsinin 23 iyun N23- cü il tarixli qətnaməsi ilə ona vurulmuş maddi ziyana görə 57024 manat (aylıq 864 manat maaş 66 ay üçün hesablanıb) və mənəvi ziyana görə 66000 manat verilməsi qət edilib. Ancaq əlavə ediləcək məhkəmə qətnaməsindən də görünür ki, ona məzuniyyət pulları qətnamədə öz əksini tapmayıb. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “...iddiaçının tələbinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2367/N23 nömrəli xx.xx.N23-cü il tarixli qətnaməsi çərçivəsində baxılmış və ona münasibət bildirilmişdir. İddiaçı maddi yardıma daxil olan hesablaşmalar ilə razılaşmış, həmin qətnamədən apelyasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəsini almışdır. İddiaçıya maddi zərər hesablanmış və ödənilmişdir. Bu səbəbdən də iddiaçının yenidən maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ tükənmişdir.” Göründüyü kimi, birinci instansiya məhkəməsi mövcud olan qətnaməyə istinad edərək iddiaçının hazırkı tələbinə sözügedən məhkəmə qətnaməsi çərçivəsində baxıldığını hesab edir. Məhkəmənin qeyd edilən mövqeyi ilə razılaşmayan Kollegiya bildirir ki, əgər məhkəmə iddiaçının hazırkı iddiasının predmetini təşkil edən N17-N22-ci illər üçün istifadə edilməmiş məzuniyyət pullarının və 13 və 14-cü maddi yardımların Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2367/N23 nömrəli xx.xx.N23-cü il tarixli qətnaməsi əsasında iddiaçıya ödənildiyini hesab edirsə, belə olan halda məhkəmə həmin işi sorğu ilə aidiyyatı məhkəmədən tələb etməli, daha sonra həmin materiallara baxış keçirərək, iddiaçıya dəymiş maddi ziyana görə ödənilməsi qət edilən məbləğ hesablanarkən N17-N22-ci illər üçün istifadə edilməmiş məzuniyyət pullarının və 13 və 14-cü maddi yardımların nəzərə alınıb-alınmamasını müəyyən etməli, bundan sonra həmin araşdırmanın nəticəsi olaraq iddianın mümkünlüyünə qiymət verməlidir. Çünki hazırkı iş üzrə iddiaçı iddia ərizəsində, apelyasiya şikayətində, eyni zamanda ifadəsində Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən zaman ona həbsdə qaldığı müddət ərzində ödənilməli olan əmək haqqı məbləğlərini tələb etdiyini və məhkəmənin qətnaməsində həmin əmək haqqı məbləğlərini hesablayaraq iddia tələbini həmin hissədə təmin etdiyini bildirir. Hazırkı iş üzrə isə iddiaçının tələbi N17-N22-ci illər üçün istifadə edilməmiş məzuniyyət pullarının və 13 və 14-cü maddi yardımların ona ödənilməsi ilə bağlı olduğundan, məhkəmə iddia tələblərinin eyni olması nəticəsinə işin hallarını ətraflı araşdırmadan gəlmişdir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9650/N24 nömrəli, xx.xx.N24-cü il tarixli nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş məzuniyyət pullarının və maddi yardımın ödənilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar