Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4138/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarş “texniki pasportda və çıxarışda düzəlişlərin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Ramiz Vüqar oğlu Əsgərlinin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5975/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi – 110.30 kv.m, Torpaq sahəsinin ölçüsü – 0.097530 ha) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.20230-cü il tarixli, **********40 nömrəli məktubuna əsasən Bakı şəhəri, Şüvəlan qəsəbəsi, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi (vahid əmlak) üzərində mülkiyyət hüququnu tanınmış və adına xx.xx.2023cü il tarixdə dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır.
3. xx.xx.2023-cü il tarixli, **********38 nömrəli məktubdan görünür ki, fərdi yaşayış evinə dair verilmiş sənədlər qanunamüvafiq qaydada icra edilmişdir. Məlumat üçün bildirilmişdir ki, faktiki iddia olunan torpaq sahəsi əlavə sahədir. Həmin sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-N-0434-8/2023 nömrəli məktubun surətindən görünür ki, araşdırma zamanı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”da və texniki pasportda göstərilən torpaq sahəsinin ölçüsünün (975 kv.m) torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd əsasında verildiyi, eləcə də faktiki istifadə kimi qeyd etdiyi torpaq sahəsinin əlavə sahə olduğu və həmin sahəyə dair hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi müəyyən edilmişdir.
5. Bakı şəhər Xəzər rayon Şüvəlan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 95 nömrəli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi faktiki 0.16453 ha təşkil edir. Nəcəfovaya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanın torpaq sahəsinin faktiki ölçü ilə çıxarışda qeyd edilən ölçü vahidləri arasındakı fərqi yalnız məhkəmə qaydasında mübahisələndirilə bilər.
6. Xəzər RİHB-nın Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-ci il tarixli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məktubda ünvanlanan sualların 1969-cu ildən bügünə qədər faktiki artırma və alqı-satqı və ya hasarların yerinin dəyişməsi barədə qəsəbə nümayəndəliyində heç bir məlumat yoxdur. 2- ci məsələyə gəldikdə vətəndaş İddiaçı torpaq sahəsinin ölçüsünün nə qədər olması barədə Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş çıxarışda bütün məlumatlar qeyd olunmuşdur.
7. Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin 24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi sakini Nəcəfova X1. Tərəflərindən sözügedən torpaq sahəsinə baxış keçirilib, torpaq sahəsi sənəd üzrə olandan çoxdur. Faktiki 0.17 hektara yaxın torpaq sahəsidir.
a) Birinci instansiya məhkəməsində icraat.
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “daşınmaz əmlakın reyestr nömrəsi **********70-1301 olan qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və xx.xx.2023-cü il tarixli reyestr nömrəsi **********70- 1301 olan fərdi yaşayış evi texniki pasportuna düzəliş edilərək, müvafiq olaraq çıxarışda “torpaq sahəsinin ölçüsü(hektarla)”, texniki pasportda isə “sənəd üzrə torpaq sahəsinin ölçüsü” qrafalarında düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0.16453 ha qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı bildirir ki, onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində yalnış olaraq göstərilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli Çıxarışda istifadədə olan torpaq sahəsi 15 sot qeyd edilmişdir. Lakin xx.xx.2023-cü il tarixli Çıxarışda isə mülkiyyətə verilən torpaq sahəsi kimi yalnız 9 sot ərazi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Texniki pasportda faktiki torpaq sahəsi kimi 16 sot qeyd edilsə də, sənəddə isə yalnız 9 sot torpaq sahəsi qeyd edilmişdir. Hətta Xidmətin əməkdaşları əraziyə ölçüyə gələrkən, faktiki ərazinin 17 sot olduğunu qeyd etmişlər, lakin sənədə torpaq sahəsi üzrə qeydiyyatı daha az ölçü ilə aparmışdılar. O, heç bir torpaq sahəsini zəbt etməmiş, onun istifadəsində olan torpaq sahəsi digər şəxslərin mülkiyyət hüquqlarını pozmamışdır. Dəfələrlə yaranmış problemin aradan qaldırılması üçün müxtəlif dövlət orqanlarına müraciət etsə də, həmin qurumlar problemin aradan qaldırılması üçün heç bir səy göstərməmişlər. Cari məsələyə aydınlıq gətirmək üçün tərəfindən dövlət və bələdiyyə orqanlarına müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq, Xəzər Rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş 01.11 2023-cü il tarixli 95 saylı cavab məktubunda qeyd edilmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsi faktiki olaraq 0.16 ha təşkil edir. Bakı şəhəri Xəzər RİHB X5 Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 5-12-212-360/2023 saylı cavab məktubunda isə qeyd edilmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsinə 1969-cu ildən bugünə qədər heç bir artırma edilməsi barədə nümayəndəlikdə məlumat yoxdur. 1 saylı Bakı Ərazi İdarəsinə sorğuya cavab olaraq, ona xx.xx.2023-cü il tarixdə təqdim edilmiş xx.xx.1991-ci il tarixli qərarda isə torpaq sahəsi texniki yanlışlıqda 975.3 kv.m göstərilmişdir. Çünki, İcra Nümayəndəliyi tərəfindən də verilmiş sənəd də qeyd edilir ki, 1969-cu ildən həmin sahəyə heç bir artırılma olmamışdır. 1 saylı Bakı Ərazi İdarəsinin sorğudan sonra təqdim etdiyi arxiv sənədinin mövcüdluğundan isə heç zaman xəbəri olmamışdır. Bundan başqa o, məhz 16 sot ərazi üçün vergi ödəyir. Belə ki, bu ərizəyə nümunə kimi əlavə edilmiş tədiyyə bildirişində də onun 9.87 azn vergi ödəməli olduğu bildirilmişdir. Vergilər Məcəlləsinin 206.3-cü maddəsinə əsasən torpaq sahəsi 10000 m2 - dək olduqda, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq sahəsinə görə 0.6 misli vergi ödənilir. Onun ödədiyi 9.87 azn vergini 0.6-ya böldükdə isə 16.45 alınır. Heç bir zəbt olunma, heç bir artırma olmadığı təqdirdə faktiki olaraq, 16.45 ha olan torpaq sahəsinə texniki olaraq yalnışlıqla 9 sot qeyd edildiyi üçün, həqiqəti görməzdən gələrək, torpaq sahəsinin ölçüsünün həqiqətə uyğun olmayan rəqəmlərlə göstərilməsi kobud şəkildə qanunvericiliyin və insan hüquqlarının pozulmasıdır. Belə ki, cavabdeh orqan ona məxsus torpaq sahəsinin bir qisminə əlavə sahə desə də, həmin sahənin əslində kimə məxsus olması, onun nə vaxt həmin sahəni zəbt etməsi barədə heç bir dəlil göstərməmişdir.
10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə ərizələrlə ilə İdarəyə müraciətlər etmiş və xx.xx.2022-ci il,xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı Şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsində yerləşən və reyestr nömrəsi **********70- 10301 olan 8 saylı fərdi yaşayış evi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı xx.xx.2023-cü il tarixdə ********** ərizə nömrəsi ilə İdarəyə müraciət edərək yuxarıda adıçəkilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi qeydiyyata alınmasını xahiş etmişdir. Vətəndaşın müraciəti İdarə tərəfindən icra edilərək xx.xx.2023-cü il tarixində iddiaçıya elektron çıxarış təqdim edilmişdir. Təqdim edilmiş elektron çıxarışda özəlləşdirilmiş torpaq sahəsinin ölçüsü 0.0975 ha göstərilmişdir. Bunun səbəbi onunla əlaqədardır ki, iddiaçının İdarəyə xx.xx.2023-cü il tarixli müraciəti zamanı Bakı Şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 2 fərdi yaşayış evinə məxsus Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş texniki pasport qanunvericiliyin tələbinə uyğun olaraq İdarə tərəfindən nəzərə alınmışdır. Həmin texniki pasportda isə torpaq sahəsinin ölçüsü 0.0975 ha olaraq göstərilmişdir. İddiaçı hazırda özəlləşdirilməli torpaq sahəsinin ölçüsünün 0.16453 ha olduğunu qeyd etsə də, əlavə 0.06703 ha torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Göründüyü kimi, müvafiq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi zamanı İdarənin hərəkətləri tam qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların əldə edilməsinə əsas hesab olunan sənəd hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri təqdim edildiyi təqdirdə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh orqan göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
11. İddiaçı tərəfindən cavabdeh orqanın iddia tələbinə dair yazılı etirazına dair etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci tarixli 439 saylı Fərmanının 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış qeyd edilmişdir. Həmin ərazidə heç vaxt sovxozla kolxoz olmadığından, sovxoz və kolxozun təqdim edəcəyi hər hansı sənəddən söz gedə bilməz. Bundan başqa İnzibati İcraat Haqqında qanunun müddəalarına əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur (maddə 32.2-1). Bu maddədən də görsəndiyi kimi inzibati orqan vətəndaşdan özü əldə edə biləcəyi məlumatı tələb edə bilməz. İndiki halda inzibati orqan qaytanlanmış torpaq kitabından həmin məlumatı götürə bilər. Bir daha xüsusi vurğulamaq lazımdır ki, həmin torpaq sahəsi uzun müddətdir ki onun istifadəsindədir. Hətta o, doğulandan həmin torpaq sahəsində yaşamışdır. İddiaçı uzun illərdir yalnış aparılmış ölçünün düzəldilməsini xahiş edir, özünə hər hansı artıq torpaq sahəsi istəmir. Təqdim etdiyi sənədlərdən də onun hər hansı torpağı zəbt etmədiyi, uzun illərdir həmin torpaqlarda yaşadığı təsdiq olunur. Eyni zamanda iddiaçı uzun illərdir məhz 16.5 sot torpaq ərazisi üçün vergi ödəyir. Bu o deməkdir ki, dövlət də onun məhz 16.5 ha torpaq sahəsi olmasını qəbul edir. İndiki halda çıxarışa düzəliş edilməməsi üçün heç bir qanuni əsas yoxdur, əksinə çıxarışın yanlış məlumatlarla saxlanılması qeyri-qanuni və qeyriinsanidir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5975/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildildirilmişdir ki, cavabdeh orqan tərəfindən qanunvericiliyin müddəasında qeyd olunan qaytanlanmış torpaq kitabı təqdim olunmamış, həmçinin, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsinin zəbt edilməsini yoxlamaq üçün müvafiq tədbirlər görülməmişdir. Odur ki, birinci instansiya məhkəməsi qeyd olunan faktiki hallara hüquqi qiymət verməmiş və tam araşdırma aparmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
16. Məhkəmədə İddiaçı apellyasiya şikayətində qeyd olunanlara uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini, cavabdehin nümayəndəsi Nuriyev Rəşad isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
18. «Daşınmaz«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
24. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanda yerləşən 0.16453 ha (0.0975 ha torpaq sahəsi daxildir) torpaq sahasinə mülkiyyət hüquqlarının təsdiq edilməsini tələb edir.
25. Cavabdeh orqan isə bildirir ki, iddiaçı tərəfindən əlavə 0.06703 ha torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.
26. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.
27. Belə ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 05 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanda yerləşən 0.0151 ha torpaq sahəsi dövlətin istifadədə olan torpaq sahəsi kimi qeyd edilmiş, lakin sonradan onun təqdim etdiyi 1969-cu il tarixli texniki pasportda və atası Nəcəfqulu Rzaqulu oğlunun adına verilmiş ilkin hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin 0.0975 ha olması nəzərə alınaraq İddiaçı adına 0.0975 ha ölçüsü olan torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli dövlət reyesterindən elektron çıxarış tərtib edilmişdir.
28. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il 226 saylı Fərmanı ilə təstiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnaməsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir. Məhkəmədə iştrak edən cavabdeh təşkilatın nümayəndəsi izahatında bildirmişdir ki, məhkəmənin ƏMDK-nə göndərdiyi sorğusuna 05 dekabr 2024-cü il tarixli məktubla verilən cavabda torpaq sahəsinin dövlət registerində qeydə alınıb alınmaması ilə bağlı cavab verilməsədə, onlar tərəfindən aparılan sonrakı araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, həmin torpağın dövlət reqisterində qeydiyyatı mövcud deyil. İddiaçının məhkəməyə təqdim etdiyi 2024-cü il tarixli tədiyə bildirişindən müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi ilə bağlı əmlak və torpaq vergisi Şüvalan bələdiyyəsinə ödənilmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, qeyd olunan torpaq sahəsi dövlətin deyil, müvafiq bələdiyyənin inzibati ərazisində yerləşir.
29. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən şəhadətnamə verilən miras əmlak kütləsi X7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 110,3 kv/m olan, 3 otaqlı fərdi yaşayış evindən mərhum X7 məxsus 3/5 hissədən ibarətdir.
30. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi – 110.30 kv.m, Torpaq sahəsinin ölçüsü – 0.0151 ha) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
31. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş texniki pasporta Bakı Şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 2 fərdi yaşayış evinə məxsus torpaq sahəsinin ölçüsü 0.0975 ha göstərilmişdir.
32. Bununla bağlı kollegiya qeyd edir ki, Bakı Şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 2 fərdi yaşayış evinə məxsus Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş texniki pasport qanunvericiliyin tələbinə uyğun olaraq İdarə tərəfindən nəzərə alınmış və həmin texniki pasportda torpaq sahəsinin ölçüsü 0.0975 ha olaraq göstərilmişdir.
33. İş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən İddiaçı miras əmlak kütləsinə malik olan yeganə vərəsədir.
34. Nəzərə alınmalıdır ki, 24.02.202-ci ildə İddiaçı adına verilmiş çıxarışda göstərilmiş torpaq sahəsinin onun adına qeydiyyata alınması ilə bağlı hər hansı bir qeyd yox idi. Yəni sonrdan verilmiş xx.xx.2023-ci il tarixli mülkiyyət hüququna dair çıxarışda 975 kv.m torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeyd olunmasına əsas mərhum atasının adına Əzizbəyov rayon X6 07 noyabr 1991-ci il tarixli qərarı olmuşdur. Belə ki, həmin qərara əsasən mərhum Nəcəfqulu Rzaqulu oğlunun sahibliyində olan 3 otaqlı evin 975 kv.m torpaq sahəsinin üzərində yerləşməsi və mənzilin dövlət qeydiyyatına alınmasına razılıq verilmişdir. Bundan başqa mərhum Nəcəqulu Rzaqulu oğlunun sahibliyində olan fərdi yaşayış evinə tərtib edilmiş 1969-cu il tarixli texniki pasportun surətindən görünür ki, torpaq sahəsinin ölçüsü 975 kv.m təşkil edir. Hal-hazırda İddiaçı faktiki sahibliyində torpaq sahəsinin ölçüsünün 0.16453 ha olması mübahisə predmeti deyil, lakin, torpağın 975 kv.m hissəsindən kənarda qalan hissəsinə (974,83547 ha) mülkiyyət hüququnun yaranması üçün hər hansı bir hüquqi əsas mövcud deyil.
35. Bu baxımdan kolleqiya hesab edir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən iddiaçıya məxsus pay hüququ yalnız Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 110,3 kv/m olan, 3 otaqlı fərdi yaşayış evinə aid olduğundan və həmin fərdi yaşayış evinə məxsus torpaq sahəsinin ölçüsünün 975 kv.m olduğundan cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin ölçüsünün 0.16453 ha qeyd edilməsindən haqlı olaraq imtina edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
37. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
38. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5975/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5975/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.